Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-206/2023 22.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkənin nümayəndəsi Nümayəndə,Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 avqust 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 20 sentyabr 2022-ci il tarixdə saat 22:05-də Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazaya müştəri kimi daxil olub spirtli içkilərin satıldığı şöbəyə gedərək orada 1 litr həcmli şüşə butulkalarda satışı həyata keçirilən, 1 ədədinin dəyəri 85 manat olan 6 (altı) ədəd "Jack Daniels” markalı və 1 ədədinin dəyəri 120 manat olan 2 (iki) ədəd “Chivas” markalı viskiləri əl səbətinə yığıb gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 750 (yeddi yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, evlidir və himayəsində 2 azyaşlı uşağı var. Əvvəllər dələduzluq və oğurluq cinayətləri törətdiyi üçün məhkum olunmuşdur. Sonuncu dəfə 01 dekabr 2021- ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər günü” ilə əlaqədar amnistiya haqqında qərarına əsasən həbsdən azad edilmiş, bundan sonra heç bir işlə məşğul olmamışdır. Buna görə də maddi durumu çox aşağı səviyyədə olmuşdur. 20 sentyabr 2022-ci il tarixdə spirtli içkilər oğurlayıb sataraq gəlir əldə etmək məqsədilə mağazalardan birinə daxil olmaq qərarına gəlmişdir. Bu niyyətlə Abşeron rayonu Masazır qəsəbəsinə yollanmış, həmin gün saat 22:00 radələrində “Araz” supermarketlər şəbəkəsinə məxsus mağazaya daxil olaraq orta ölçülü əl səbətlərindən birini götürmüşdür. Daha sonra mağazanın içkilər satılan şöbəsinə gedib oradan 1 litr həcmli butulkalarda olan 6 ədəd “Jack Daniels” markalı və 1 litr həcmli butulkalarda olan 2 ədəd “Chivas” markalı spirtli içki olan viskiləri bir-bir götürüb əl səbətinin içərisinə yığmış və içkilərlə dolu səbətlə birlikdə mağazanın “Giriş” qapısından çölə çıxmışdır. Həmin içkiləri oğurlayan zaman onların konkret dəyərini bilməmişdir. Hadisə zamanı əynində ağ rəngli, damalı, üzərində qara rəngli nöqtəvari naxışları olan uzunqol köynək və göy rəngli cins şalvar olmuşdur. Mağazadan çölə çıxdıqdan sonra oğurladığı içkiləri böyük ölçülü sellofan torbanın içərisinə yığmış, əl səbətini mağazaya qoyduqdan sonra oradan uzaqlaşmışdır. Bundan sonra həmin gün gecə saatlarında Bakı şəhərinə gedərək oğurladığı içkiləri “20 Yanvar” metrostansiyasının yaxınlığında və “Üçün kruqu” deyilən ərazidə tanımadığı şəxslərə satmışdır. Belə ki, bir nəfər şəxsə 90 manata 3 ədəd “Jack Daniels” markalı viski, bir nəfər şəxsə 100 manata 3 ədəd “Jack Daniels” markalı viski, bir nəfər şəxsə isə 50 manata 1 ədəd “Chivas” markalı viski satmaqla cəmi 240 manat qazanc əldə etmiş və şəxsi ehtiyaclarına xərcləmişdir. Yerdə qalan 1 ədəd “Chivas” markalı viskini isə özü içib butulkasını tullamışdır. Lakin spirtli içkiləri satdığı şəxslərin onların oğurluq yolu ilə əldə edilməsindən məlumatları olmamışdır. Sonda o, etdiyi əməldən peşman olması əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, o rəsmi olaraq 18 oktyabr 2022-ci tarixdən "xxxx" MMCdə hüquqşünas işləyir. 25 oktyabr 2022-ci il tarixli etibarnamə ilə ona 1 il müddətinə VÖEN********** olan cəmiyyəti fiziki şəxslər, o cümlədən prokurorluq və istintaq orqanlarında, bütün instansiya məhkəmələrində təmsil etmək, qanunla zərərçəkmiş şəxsə verilmiş hüquqlardan istifadə etmək, o cümlədən cəmiyyətin adından ərizə və şikayətləri imzalamaq, iddianın predmetinin və əsasının dəyişdirilməsi, məhkəmə və istintaq orqanının aktlarından şikayət verilməsi və bununla bağlı sənədlərin imzalanması səlahiyyətləri verilmişdir. 20 sentyabr 2022-ci il tarixdə saat 22:05-də cəmiyyətin Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən mağazasından 1 ədədinin dəyəri 85 manat olan 6 ədəd “Jack Daniels” markalı və 1 ədədinin dəyəri 120 manat olan 2 ədəd “Chivas” markalı viskilərin oğurlanması nəticəsində "xxxx" MMC-yə ümumilikdə 750 manat dəyərində maddi ziyan dəymişdir. Belə ki, qeyd edilən tarixdə və saatda naməlum şəxs müştəri kimi mağazaya daxil olub orta ölçülü əl səbətlərindən birini götürərək spirtli içkilər satılan şöbəyə getmiş və oradan oğurluq etmişdir. Sonda o, hüquqi şəxs olaraq təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını və sonuncu tərəfindən dəymiş maddi ziyan ödənilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2021-ci ilin iyun ayından "xxxx" MMC-nin Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən mağazasında müdir işləyir. Onun vəzifəsi mağazada işin təşkilinə ümumi rəhbərliyi həyata keçirmək, işçilərin vaxtlı-vaxtında işə gəlib-getmələrinə, tam maddi məsul şəxs kimi mağazaya gətirilən bütün ərzaq və digər məhsullların yerli-yerində olmasına cavabdehlik daşımaqdır. 20 sentyabr 2022-ci il tarixdə saat 08:00-dan 19:00-dək işdə olmuş, qeyd edilən saatda işdən çıxıb yaşadığı evə getmişdir. Həmin gün saat 22:00 radələrində Şahid2 mobil telefon vasitəsilə ona zəng edərək mağazadan oğurluq edilməsi barədə məlumat vermişdir. Amidə dərhal polisə məlumat verilməsini bildirmiş, ertəsi gün, yəni 21 sentyabr 2022-ci il tarixdə işə gedib mağazadan 1 ədədinin dəyəri 85 manat olan 6 ədəd “Jack Daniels” markalı və 1 ədədinin dəyəri 120 manat olan 2 ədəd “Chivas” markalı viskilərin oğurlandığını və mağazaya ümumilikdə 750 manat dəyərində ziyan dəydiyini müəyyən etmişdir. Daha sonra təhlükəsizlik otağına daxil olub mağazanın içərisində quraşdırılmış kameraların hadisə baş verən saatda qeydə aldıqları videogörüntüləri izləmişdir. Bu zaman əynində ağ rəngli, damalı, qara rəngli nöqtəvari naxışları olan uzunqol köynək və göy rəngli cins şalvar olan bir nəfər tanımadığı şəxsin saat 22:05-də müştəri kimi mağazaya daxil olub ortaölçülü əl səbətlərindən birini götürərək spirtli içkilər satılan şöbəyə gedib oradan 1 litr həcmli butulkalarda olan 6 ədəd “Jack Daniels” markalı və 1 litr həcmli butulkalarda olan 2 ədəd “Chivas” markalı viskiləri bir-bir götürməklə əl səbətinin içərisinə yığdığını və saat 22:08-də içərisi içkilərlə dolu səbətlə birlikdə mağazanın giriş qapısından çölə çıxdığını görmüşdür. Bundan sonra baş verənlərlə bağlı şirkətin rəhbərliyinə məlumat vermiş və şirkətə ümumilikdə 750 manat dəyərində maddi ziyan dəydiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən mağazasında baş satıcı işləyir. İşə adətən saat 09:00 və 11:00-da gələrək gecə növbəsində işləyən əməkdaşları əvəzləyir. 20 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində işə gəlmiş və saat 01:00 radələrinədək işdə olmuşdur. Həmin gün saat 22:08-də mağazanın zirzəmisində yerləşən baş kassirin otağından şöbə kassirləri üçün xırda pul gətirərkən tanımadığı bir nəfər şəxsin əlindəki səbətlə iri addımlarla mağazanın giriş qapısından qaçmağa başladığını görmüşdür. Bu barədə mühafizəçilərə bildirmiş, onlar qaçan şəxsin arxasınca gedib saxlamaq istəsələr də, şəxs oğurladıqları ilə qaçmağı bacarmışdır. Bundan sonra onlar təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntülərə baxmış və naməlum şəxsin mağazadan hər birinin dəyəri 85 manat olan 6 ədəd “Jack Daniels” markalı və hər birinin dəyəri 120 manat olan 2 ədəd “Chivas” markalı viskiləri oğurladığını görmüşlər. Baş verənlər nəticəsində mağazaya 750 manat dəyərində maddi ziyan dəymişdir. Daha sonra o, mağazanın rəhbərliyinə, ardınca isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2022-ci ilin avqust ayının sonundan 08 oktyabr 2022-ci il tarixədək "xxxx" MMC-nin Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən mağazasında mühafizəçi işləmişdir. Hazırda adı çəkilən qəsəbədə “Masazırın kruqu” deyilən yerin yaxınlığında yerləşən mağazada mühafizəçi işləyir. Onun vəzifəsi iş vaxtı ərzində mağazanın işçilərinin, eyni zamanda müştərilərin və mağazada olan ərzaq və digər şeylərin təhlükəsizliyini təmin etməkdən, narahatlığa səbəb olan hər hansı müştəri ilə rastlaşdıqda tədbir görərək rəhbərliyi məlumatlandırmaqdan ibarətdir. 20 sentyabr 2022-ci il tarixdə saat 22:00-da işə gedərək gecə növbəsində mağazanın mühafizəsini təşkil etməyə başlamışdır. İşə başladıqdan təxminən 5 dəqiqə sonra əynində ağ rəngli, damalı, qara rəngli nöqtəvari naxışlı uzunqol köynək və göy rəngli cins şalvar olan tanımadığı müştəri mağazaya daxil olub orta ölçülü əl səbətlərindən birini götürmüş və spirtli içkilər satılan şöbəyə yollanmışdır. Bir neçə dəqiqə sonra baş satıcı Amid ona bir nəfər şəxsin iri addımlarla içərisi dolu səbətlə giriş qapısından çölə çıxdığını və həmin şəxsin ardınca gedərək saxlamasını bildirmişdir. O, həmin şəxsin arxasınca qaçsa da, mağazadan çölə çıxarkən orada heç kimin olmadığını görmüşdür. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Diskə baxış keçirilməsi haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 01 dəqiqə 30 saniyəlik anı fiksə edən videogörüntülərdə Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə saat 22:05-də "xxxx" MMC-nin Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən mağazasından 1 litr həcmli butulkalarda olan 6 ədəd “Jack Daniels” markalı və 1 litr həcmli butulkalarda olan 2 ədəd “Chivas” markalı viskiləri bir-bir götürməklə əl səbətinin içərisinə yığmaqla mağazadan çıxararaq gizli yolla talaması öz əksini tapmışdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə saat 22:05-də "xxxx" MMC-nin Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən mağazasından oğurluq etməsini özündə əks etdirən videogörüntülərin olduğu 01 ədəd "DVD” diskin cinayət işi materiallarına əlavə olunması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən Sumqayıt şəhəri üzrə İcra idarəsinin 07 aprel 2017-ci il tarixli 5388 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə cəzasına məhkum edilmiş və cərimə cəzası dövlət büdcəsinə tam ödənilmişdir, daha sonra o, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 07 (yeddi) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Daha sonra o, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edildiyi üçün məhkumluğu götürülmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdə axtarış elan olunmuş və o, xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günə bir gün bərabər tutulmaqla hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı mülki qaydada müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-206/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-206/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver