Məhkəmə qərarları › İş №1(012)-207/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-207/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-207/2023 13.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə İsmayıllı rayonu, Qoşakənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 6, ev 30-da qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bağlar adlanan ərazidə nömrəsiz fərdi yaşayış sahəsi yaşayan, barəsində başqa yerə getməmə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun oğlu X3 Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmağa köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs 25 may 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaxınlığında 2100 manat, 10 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Mehdiabad Ticarət Mərkəzinin qarşısında isə sonuncunun taksi fəaliyyəti ilə məşğul olan həmyerlisi Şahid3 vasitəsilə göndərdiyi 1000 manat, ümumilikdə 3100 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs 3100 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacanağının qardaşıdır. O, İsrəfili təxminən 6 ilə yaxındır ki, tanımışdır. İsrəfillə onun arasında heç vaxt hər hansı ədavət və düşmənçilik olmamışdır. Onunla İsrəfil arasında oğlu Emili hərbi liseyə və yaxud da AHM-ə düzəldilməsi barədə danışıq olmuşdur. Hazırda dəymiş ziyan tam ödənilmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşının bacanağıdır və təxminən 3-4 il olar ki, Buğdayı tanıyır. Onunla Buğday arasında heç vaxt heç bir ədavət və düşmənçilik olmamış, bir qohum kimi yaxşı olmuşlar. Hətta münasibətləri çox yaxın olmuşdur. O, dəfələrlə Buğday gildə qonaq olmuş, Buğday da həmçinin onların evində qonaq olmuşdur. Buğday köhnə hərbiçi yəni, MAXE olmuşdur. Qolu sındığı üçün də ordudan tərxis olunmuşdur. X4 onun oğludur və bu il 11-ci sinfi bitirmişdir. Emil məktəbi bitirən ərəfələrdə ona qohumu Buğdayın özünü AHM-ə, yəni ki, Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmağa köməklik edə biləcəyini bildirmişdir. O da oğlunun imtahanlarda çox az bal, yəni ki, hərbi liseyə daxil olmaq üçün keçid balını toplaya bilməyəcəyini düşünüb öz başına hərbi liseyə daxil ola biləcəyinə inanmamışdır. Ona görə də bunu nəzərə alaraq, Buğdayın özü ilə də danışıqda oğlu Emilin dövlət imtahanlarında az bal yığdığını və Emilin yığa biləcəyi balla hərbi liseyə daxil ola bilməyəcəyini bildirsə də, Buğday onu inandırıb arxayın etmişdir ki, bal və sair işləri özü həll edəcək. Bundan sonra o, oğluna cib xərcliyi üçün müəyyən qədər pul vermiş və Bakıya yola salmışdır ki, Buğdayın köməkliyi ilə imtahan qabağı müxtəlif komissiyalardan keçsin. Oğlu Emil Bakı şəhərinə getdikdən 2 gün sonra Beyləqana geri qayıtmış və müəyyən sənədlərin çatmadığını bildirmişdir. Bundan sonra o və oğlu həmin çatışmayan sənədləri düzəltmiş və oğlu ilə birlikdə Bakı şəhərinə gedib Buğdayla görüşmüşlər. Orada onun Buğdayla danışığına əsasən o, oğlunu 6600 manat pul müqabilində Cəmşid Naxçıvanski adına Hərbi liseyə qəbul olmağa köməklik edəcəyini bildirmişdir. Həmin günün sabahı o, Buğday və oğlu Emil ilə birlikdə Cəmşid Naxçıvanski adına Hərbi liseyə getmişlər. Orada Buğday ona bir nəfər kapitanı göstərərək Emilin işini həmin kapitanın düzəldəcəyini bildirmişdir. Lakin Buğday onu həmin kapitanla görüşdürməmişdir. Elə uzaqdan kapitanı göstərmişdir. Elə həmin gün, yəni ki, 25 may 2022-ci il tarixdə o, Zığ qəsəbəsində yerləşən Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaxınlığında Təqsirləndirilən şəxs 2100 manat pul vermişdir. Bundan sonra o, Buğdayın haqqında dost-tanışdan pis fikirlər eşitdiyindən Buğdaya qarşı güvəni azalmışdır. Bu səbəbdən o, Buğdayla görüşüb pulunu geri istəmişdir. X6 ona qarşı öyrədib guya ki, o, Emili hərbi liseydə oxutdurmaq istəmir. O da baxmışdır ki, oğlu Emil həqiqətən də düşünəcək ki, “atam mənim hərbi liseydə oxumağım üçün pulundan keçək istəmir”, ona görə də məcbur olub Buğdaya inanası olmuşdur. Ona pulu geri qaytara biləcəyini bildirmiş, lakin əlavə olaraq 1000 manatda verəcəyi təqdirdə oğlunu AHM-ə qəbul etdirəcəyini demişdir. Həmçinin danışığa əsasən o, 1000 manatı ödədikdən sonra qalan 3500 manat pulu oğlu Emil işə girdikdən sonra verəcəkmiş. Bundan başqa Buğday ona lazım olsa özünə məxsus torpağı satacağını və lazım olsa oğlu Emili öz pulu ilə hərbi liseyə düzəldəcəyini də deyib inam qazanmışdır. O da Buğdayın Emilə belə can yandırdığını və Buğdayın keçmiş hərbiçi olduğunu düşünmüş və içində Buğdaya qarşı inam yaranmışdır. 10 iyun 2022-ci il tarixdə isə o, Beyləqandan taksi vasitəsilə 1000 manat pulu Buğdaya göndərmiş və Buğday da Mehdiabad qəsəbəsində həmin 1000 manat pulu taksi sürücüsündən almışdır. Bundan sonra Buğday ona dərslər açıldıqda oğlunun artıq AHM-ə dərsə gedəcəyini bildirmişdir. Dərslər açılan ərəfələrdə o, Emilə Buğdaya zəng edib dərslərlə maraqlanmasını bildirmişdir. Emildə Buğdayla maraqlandıqdan sonra ona Buğdayın işinin alınmadığını dediyini bildirmişdir. O, Buğdayla əlaqə saxladıqda sonuncu ona oğlunun balının az olmasını və pulu tam verməməsini bəhanə edərək işin alınmadığını demişdir. O, Buğdaya oğlunun balından xəbərdar olduğunu və əvvəldən razılaşmaya əsasən pulun qalan 3500 manatını sonra verəcəyini bildirsə də, Buğday onunla razılaşmamışdır. O, bir müddət Buğdayın pulu qaytaracağını düşünüb gözləsə də, sonuncu vermiş olduğu 3100 manat pulu qaytarmadığından o, polis idarəsinə müraciət etmişdir. Dəymiş ziyan tam ödənilmişdir, şikayəti və tələbi yoxdur, iş üzrə ucraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid X2 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əmisinin bacanağıdır və təxminən 3-4 il olar ki, Buğdayı tanıyır. Onunla Buğday arasında heç vaxt heç bir ədavət və düşmənçilik olmamış, bir qohum kimi yaxşı olmuşlar. Hətta münasibətləri çox yaxın olmuşdur. O, dəfələrlə Buğday gildə qonaq olmuş, Buğday da həmçinin onlara qonaq gəlmişdir. Buğday köhnə hərbiçi MAXE olmuşdur. Qolu sındığı üçün də ordudan tərxis olunmuşdur. 2022-ci ilin aprel ayı ərəflərində o, Buğdayla telefonda danışan zaman Buğday ona onu hərbi liseyə düzəldəcəyini bildirmişdir. Bundan sonra o, atasına bu barədə demiş və atası da razılıq vermişdir. Beləcə o, Bakıya Buğdayın yanına getmişdir. Bundan sonra şəxsiyyət vəsiqəsinin surəti, ağ bileti, doğum haqqında şəhadətnamə və digər müəyyən sənədlər çatışmadığından Beyləqana qayıtmalı olmuş və həmin sənədləri tamamlayıb atası ilə birlikdə Bakıya gəlmişdir. Orada atasının Buğdayla danışığına əsasən Buğday onu 6600 manat pul müqabilində Cəmşid Naxçıvanski adına Hərbi liseyə qəbul olmağa köməklik edəcəkmişdir. Həmin günün sabahı o, Buğday və atası birlikdə Cəmşid Naxçıvanski adına Hərbi liseyə getmişlər. Orada Buğday onlara bir nəfər kapitanı göstərərək onun işini həmin kapitanın düzəldəcəyini bildirmişdir. Lakin həmin kapitanla onu və atasını görüşdürməmişdir. Sadəcə uzaqdan göstərmişdir. Elə həmin gün, təxminən may ayının 25-i ərəfələrində atası Zığ qəsəbəsində yerləşən Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaxınlığında Təqsirləndirilən şəxs 2100 manat pul vermişdir. Bundan sonra atası İsrəfil Buğdayın haqqında dost-tanışdan pis fikirlər eşitdiyindən Buğdaya qarşı güvəni azalmışdır. Bu səbəbdən atası Buğdaydan verdiyi pulu geri istəmişdir. Həmin vaxt Buğday atasına pulu geri qaytara biləcəyini bildirmiş lakin əlavə olaraq 1000 manatda verəcəyi təqdirdə onu AHM-ə qəbul etdirəcəyini demişdir. Həmçinin danışığa əsasən atası 1000 manatı ödədikdən sonra qalan 3500 manat pulu o, dərsə başladıqdan sonra verəcəkmişdir. Bundan başqa Buğday atasına lazım olsa özünə məxsus torpağı satacağını və onu öz pulu ilə hərbi liseyə düzəldəcəyini bildirmişdir. O və atası da Buğdayın onun hərbi liseyə düzəlməyinə belə can yandırdığını və Buğdayın keçmiş hərbiçi olduğunu düşünmüş və daxillərində Buğdaya qarşı inam yaranmışdır. Bundan təxminən bir ay sonra atası Beyləqandan taksi vasitəsilə 1000 manat pulu Buğdaya göndərmiş və Buğdayda Mehdiabad qəsəbəsində həmin 1000 manat pulu taksi sürücüsündən almışdır. Bundan sonra Buğday onlara dərslər açıldıqda onun artıq AHM-ə dərsə gedəcəyini bildirmişdir. Dərslər açılan ərəfələrdə o, Buğdaya zəng edib dərslər barədə maraqlanmışdır. Lakin Buğday ona işin alınmadığını bildirmişdir. X7 əlaqə saxladıqda sonuncu atasına onun balının az olmasını və pulu tam verməməklərini bəhanə edərək işin alınmadığını demişdir. Atası Buğdaya onun balından xəbərdar olduğunu və əvvəldən razılığa əsasən pulun qalan 3500 manatını sonra verəcəklərini bildirsə də, Buğday razılaşmamışdır. Halbuki, Buğdayın onun toplamış olduğu baldan xəbəridə olmuşdur. Onlar bir müddət Buğdayın pulu qaytaracağını düşünüb gözləsələr də, sonuncu almış olduğu 3100 manat pulu qaytarmadığından onlar polis idarəsinə müraciət etmişlər. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun həm yerlisidir. O, İsrəfili uzun müddətdir tanıyır və aralarında bir həmyerli kimi yaxın münasibət olmuşdur. Bir müddət idi onun xəbəri olmuşdur ki, İsrəfil oğlu Emili qohumu Buğday vasitəsilə hərbi liseyə düzəltmək istəyir. Belə ki, o, bunu həm İsrəfil, həm də Emillə danışan zaman özlərindən öyrənmişdir. Hətta bildiyinə görə İsrəfil oğlu Emilin hərbi liseyə düzəldilməsi üçün qohumu Buğday adlı şəxsə 3000 manata yaxın pul vermişdir. İsrəfildə ara-sıra bu işlə bağlı Bakıya gəlmiş və bəzən şəhərdə görüşən zaman İsrəfil ona bu haqda danışırmış. Lakin sonradan məlum olmuşdur ki, Buğday ümumiyyətlə heç bir işi düzəltməmiş və İsrəfilin 3100 manat pulunu mənimsəmişdir. O, İsrəfil Buğdaya pul verən zaman orada olmasa da, tez-tez İsrəfillə bu haqda söhbətlər edirmiş. Buğday İsrəfili aldatdığından sonuncu ona ilk əvvəllər hər şeyin müsbətə doğru getdiyini, belə ki, Emilin müəyyən komisyalardan keçirildiyini, balı az olsa da, Buğdayın hərbi liseyə qəbul etdirə biləcəyini demişdir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 2006-cı ildən tanıyır. Belə ki, İsrəfil onunla qonşu kənddə yaşadığından və həmin vaxtlar cücə satışı ilə məşğul olduğundan tanışlıqları yaranmış və aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təxminən 2021-ci ildən özünə məxsus Mercedes Vito markalı avtomobili ilə rayonlar arası taksi sürücüsü işləyirmiş. Təxminən 2022-ci ilin yay aylarında İsrəfil onunla əlaqə saxlayaraq Mehdiabad qəsəbəsində bir nəfərə 1000 manat pul çatdırılmalı olduğunu demişdir. O da razılaşmış və İsrəfillə Beyləqan rayonunda görüşmüşdür. Həmin vaxt İsrəfil şifahi olaraq həmin 1000 manat pulu oğlunu hərbiyə düzəltməsi üçün Buğday adlı şəxsə verdiyinidə demişdir. Həmçinin İsrəfil ona pulu Buğdaya verdikdən sonra pulla birlikdə şəkilini çəkməyimidə tapşırmışdır. O da İsrəfillə razılaşmış və İsrəfildən 1000 manat pulu alaraq yola düşmüşdür. Elə həmin gün həmin 1000 manat pulu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Araz Marketin yaxınlığında Buğday adlı şəxsə vermişdir. Həmçinin pulu verən zaman İsrəfilin tapşırığı ilə Buğdayın şəklini çəkmiş və daha sonra oradan uzaqlaşmışdır. O, Buğdayla İsrəfilin danışıqları zamanı yanlarında olmamışdır. Lakin İsrəfil 1000 manat pulu ona Buğdaya çatdırması üçün verən zaman demişdir ki, həmin pulu oğlu Emilin hərbi liseyə düzəldilməsi üçün Buğdaya verir. O bir dəfə İsrəfilin telefonla tanımadığı bir nəfərlə oğlunu hərbi liseyə düzəltməsi üçün danışıqlar etdiyini də eşitmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 12 noyabr 2022-ci il tarixdə qərar qəbul edilmiş, lakin, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən, olduğu yer məlum olmadığından ittihamı ona elan etmək mümkün olmamışdır. Bu səbəbdən 12 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 28 noyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Abşeron rayon polis idarəsinin X5 təhvil verilmişdir. 28 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ittiham elan olunmuş və 30 noyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək, Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Cinayət nəticəsində dəymiş ziyan məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 73-1.1, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar