Məhkəmə qərarları › İş №1(012)-208/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-208/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-208/2023 07.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, subay, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 42-ci məhəllə,yat 14, otaq 77-də qeydiyyatda olan, daimi yaşayış yeri olmayan və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 177.2.2 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə barəsində Sumqayıt şəhər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi baxılma mərhələsində olduğu halda, təkarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 iyul 2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 13-cü mikorayon, Niyazi küçəsində yerləşən 27A nömrəli binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Mersedes Benz C-240” markalı 99RB619 dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib salonun qabaq hissəsində yerləşən saxlanc yerindən 1000 manat pulu və dəyəri cəmi 28,8 manat olan 8 qutu “Winston kompakt” markalı siqaretləri gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 1028,8 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 2022-ci ilin sentyabr ayının 20-dən 21-nə keçən gecə ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 məxsus Mersedes Benz markalı 90LR412 dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapının nəfəsliyini sındıraraq salona girib,qoltuqaltı saxlanc yerindən Zərərçəkmiş şəxs2 məxsus mühüm şəxsi sənəd olan şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilə dair qeydiyyat şəhadətnaməsini, 680 manat məzənnəsində olan 400 ABŞ dollar pulu, 70 manat pulu, həmçinin 20 manat dəyərində Nokia markalı mobil telefon və içərisində 5 manat olan ***-***-**-** nömrəli sim kartı gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 775 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 27 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Qalubiyə küçəsində yerləşən «Bizim» marketin qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 «Opel Astra» markalı 90DV551 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək marketə daxil olduğunu görüb həmin avtomobilin qapısını özündə olan açarla açaraq salonda ön oturacağın üzərinə qoyulmuş 7 ədəd sellofan torbada ümumi dəyəri 1935 manat 29 qəpik olan 202 ədəd müxtəlif çeşidli və markalı eynəkləri götürüb uzaqlaşmaq istərkən avtomobilin sahibi Zərərçəkmiş şəxs1 yaxınlaşıb onu saxladığı üçün bilavasitə oğurluq cinayətini törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 29,177.2.2 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 09 iyul 2022-ci il tarixdə təxminən saat 15 radələrində Sumqayıt şəhər Corat qəsəbəsindən evə gedirmiş.Sumqayıt şəhəri 13- cü mikrorayon ərazisində yerləşən Təcili tibbi yardım stansiyasının yaxınlığındakı yeni tikilmiş binanın qarşısından keçərkən qara rəngli Mersedes C clas markalı 99BR619 dövlət nömrə nişanlı avtomobilin qapısının açıq olduğunu görmüş və avtomobildən oğurluq etmək istəmişdir. Ətrafa baxıb kimsənin olmadığına əmin olduqdan sonra avtomobilin qabaq sağ qapını açmış ,ön panelin yük yerini açıb içərisindən 8 ədəd Vinston markalı siqaret qutusu və 1000 manatı götürmüş və tez oradan uzaqlaşmışdır.Bir qədər sonra tanışı Şahnəzərə zəng vurmuş,onunla görüşmüş və Corat qəsəbəsinə getmişdir. Yolda oğurladığı siqaretlərdən bir qutusunu tanışı Şahnəzərə vermişdir. Daha sonra 2022-ci ilin sentyabr ayının 20-dən 21-nə keçən gecə Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivi tərəfdə piyada gəzən vaxtı dəmir yolunun yanında yolun kənarında metalik rəngli Mersedes markalı avtomobil görmüş, ətrafda heç kəsin olmadığından istifadə edib arxa şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırıb maşının içinə daxil olmuş, qabaq oturacaqların arasında olan qoltuq altından bir ədəd pul qabı və bir ədəd Nokia markalı telefon oğurlayıb oradan uzaqlaşmışdır. Pul qabanı baxandan sonra 70 manat və 400 ABŞ dollar olduğunu görmüş, həmçinin pul qabında sürücülük və digər sənədlər vardı.Pulları götürmüş qalan sənədlərlə olan pul qabını dəmir yolunun kənarında tullamışdır. Bir neçə gün sonra yəni 27 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Xırdalan şəhəri,H. Əliyev adma parkın yaxınlığında «Bizim market”in yanından keçəndə boz rəngli Opel Astra markalı maşından bir nəfər şəxsin maşından düşdüyünü və marketə daxil olduğunu görmüşdür. Həmin maşına yaxınlaşmış və maşında qabaq oturacaqda xeyli sayda içərisində nə olduğunu bilmədiyi sellofan torbalar olduğunu görmüşdür. Həmin torbaları oğurlamaq məqsədilə qapıları bir bir yoxlamağa başlamışdır. Sürücü tərəfdə olan qapının bağlı olmadığını görmüşdür. Nə avtomobilin sahibinin nədəki ətrafda kimsənin olmadığını əmin olduqdan sonra maşının qapısının açıb salona daxil olmuş və qabaq oturacaqda olan 7 ədəd sellofanı götürüb maşından düşmüşdür. Maşından bir neçə metr aralaşan kimi yanma arxadan maşının sürücüsü yaxınlaşmış və qolundan tutmuş, o görmüş ki, sürücü artıq onu saxlayıb ona görə də qorxub əlindəkiləri yerə atıb qaçmaq istəmiş lakin yoldan keçən tanımadığı şəxs yaxınlaşıb onu sürücü ilə birlikdə saxlamış və qaçmağına imkan verməmişlər. Maşının sahibi həmin vaxtı polisə zəng vurmuşdur.Bir neçə dəqiqə sonra həmin yerə bir nəfər özünü polis əməkdaşı kimi təqdim edən şəxs yaxınlaşmış, özünü təqdim edəndən sonra polis əməkdaşı onu maşına otuzdurmuş və maşının sahibi həmçinin ona kömək edən başqa bir nəfərlə birlikdə Abşeron rayon polis idarəsinə aparmışlar. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, təxminən bir ilə yaxındır ki, ailəsini dolandırmaq üçün Çindən gətirdiyi eynəkləri mağazalara satmaqla məşquldur. Həmin eynəkləri çox vaxtı maşınında saxlayır. Axşam evə gedəndə də evə aparır.27 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində işlərini qurtarıb evə getmək istəyirmiş buna görə də etibarnamə ilə idarə etdiyi ona məxsus Opel Astra markalı 90DV551 nömrə nişanlı avtomobili Abşeron rayonu Xırdalan şəhəri, H. Əliyev adma parkın yanında olan Qalubiyə küçəsində “Bizim” marketin yanında saxlamış və və alış-veriş etmək üçün marketə daxil olmuşdur. Maşının qapısını isə açarla bağlamışdır. Təxminən 5 dəqiqə sonra marketdən çıxanda görmüş ki, marketin yanında yolun qırağında saxladığı maşının qapısını bir nəfər hansısa açarla açmaq istəyir. Bunu görəndə səsini çıxartmamış və kənardan izləyirmiş ki,həmin şəxs nə etmək istəyir. Adı ona sonradan məlum olan Kamran adlı şəxs qabaq sürücü qapını açıb salona daxil olmuş və qabaq oturacaqda olan ona məxsus 7 ədəd sellofan torbaların içərisində 202 ədəd müxtəlif markalı eynəkləri götürüb maşından aralanmaq istədiyini görən vaxtı ona yaxınlaşmış və onu yaxalamışdır. Həmin oğlan onu saxlayan kimi qaçmağa cəhd etmiş lakin yanlarından keçən adı ona sonradan məlum olan İlqar adlı oğlanın köməkliyi ilə Kamranın qaçmasına imkan verməmişlər. Dərhal 102- yə zəng vurmuş və bir neçə dəqiqə sonra yaxınlıqda olan polis əməkdaşı yaxınlaşıb onları polis idarəsinə aparmışlar.Həmin vaxtı avtomobilə heç bir ziyan vurulmayıb. Oğurlanmış eynəklərin dəyəri 1935 manat 29 qəpik təşkil edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, özünə məxsus olan 1999-cu il buraxılışlı metalik rəngli Mersedes E klass markalı 90LR412 dövlət qeydiyyat nişanlı avtomobili 20 sentyabr 2022-ci il tarixdə axşam saat 23 radələrində avtomobili yaşadığı evinin yanında küçədə saxlayıb qapıları bağlamış və evə getmişdir. 21 sentyabr 2022-ci il tarixdə saat 09:30-da evdən çıxmış və maşına yaxınlaşanda görmüş ki,sağ arxa pəncərənin nəfəsliyi qırılmış və qapı açıq vəziyyətdədir. Maşının içinə baxanda görmüş ki,qabaq hər iki oturacağın arasında olan qoltuq altında pul qabının içində saxladığı avtomobilin texniki pasportu, sürücülük və şəxsiyyət vəsiqələri, pul olmayan maaş kartı və digər dəyəri olmayan kartlar 680 manat məzənnəsində 400 ABŞ dolları, 70 manat pul, həmçinin 20 manat dəyərində Nokia markalı mobil telefon və içərisində 5 manat olan ***-***-**- ** nömrəli sim kartın oğurlandığını aşkar etmişdir. Bunu görən kimi dərhal DİN-nin 102 xidmətinə zəng vurmuşdur.Nəticədə ona 775 manat ziyan vurulmuşdur. Avtomobildən başqa hər hansı bir əşya oğurlanmayıb. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi ev 27A mənzil 90-da yaşayır. Mersedes C Clas markalı 99RB619 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 2 ünvanına gəlmiş və maşını binanın qabağında saxlayıb mənzilinə qalxmışdır.Evə gedərkən maşının qapısını bağlamağı unutmuşdur.Axşam tərəfi evdən çıxıb maşına yaxınlaşdıqda maşının qapısının açıq olduğunu görmüşdür. İçinə baxdıqda yük yerində yəni bardaçokda 1000 manat pulun, 8 qutu Winston kompakt markalı siqaretlərin oğurlandığını aşkar etmiş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Abşeron Siti yaşayış kompleksində ustalıqla məşqul olduğuna görə arada bir qardaşının yaşadığı Xırdalan şəhərindəki evində qalır. 27 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev adma parkın yanından üzü Qalubiyə küçəsinə “Bizim” marketin qarşısından görmüş ki, Opel Astra markalı maşının yanında adı sonradan ona məlum olan Əbil adında şəxs Kamran adında şəxsin əlindən tutub qaçmasına imkan vermir, nə baş verdiyini dərhal öyrənmək istəyib onlara yaxınlaşmış və ona məlum olmuş ki,Kamran adlı şəxs oğurluq edib qaçmaq istəyir, əlindədə bir neçə ədəd sellofan torba var. O və Əbil adlı şəxs Kamranın qaçmasına imkan verməyib onu saxlamışlar.Kamran tez polisə zəng vurmuş və bir neçə dəqiqə sonra adı onlara sonradan məlum olan Ruslan adlı polis əməkdaşı onların olduqları yerə yaxınlaşmışdır. Nəyin baş verdiyini soruşduqda polisin köməkliyi ilə həmin şəxsi maşına mindirib polis idarəsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə axşam saatlarında xidmətdə olduğu zaman ona təhkim olunmuş ərazidə xidmətdə olan vaxtı Zərərçəkmiş şəxs1 adlı şəxsin avtomobilindən oğurluğa cəhd edilməsi ilə bağlı müraciəti ilə bağlı növbətçi hissədən ona məlumat gələn kimi bir neçə dəqiqə sonra həmin yerə yəni Xırdalan şəhəri, Qalubiyə küçəsində yerləşən «Bizim» marketə yaxınlaşmışdır. Yaxınlaşanda görmüş ki, iki nəfər şəxs bir nəfərin əllərindən tutub saxlayıb. Orada ona məlum oldu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Opel markalı avtomobilin qapısını açaraq orada olan içərisindən xeyli sayla eynəkləri oğurlamaq istəyən zaman maşının yiyəsi görüb onu saxlamışdır. Ora tək getdiyi üçün həm maşının sahibi həmdə yanında ona kömək edən şəxsin köməkliyi ilə Təqsirləndirilən şəxs avtomobilə mindirib polis idarəsinə gətirmişlər. Polis idarəsində bu barədə raport tərtib etmişdir. Məlum olmuş ki,gətirilən Təqsirləndirilən şəxs dəfələrlə oğurluq üstündə məhkum olunmuş və hazırda barəsində Sumqayıt şəhər məhkəməsində axtarış elan edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 29 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.1, 29,177.2.2. və 326.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 avqust 2022-ci il tarixli 9-5475 saylı rəydən görünür ki, 8 qutu Winston kompact markalı siqaretin 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 28,8 (08x3,6m) manat müəyyən edilir. Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs1 məxsus Opel markalı avtomobildən oğurladığı eynəklər və Zərərçəkmiş şəxs3 məxsus 8 qutu Winston kompact markalı siqaret iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılmışdır Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 29, 177.2.1, 29,177.2.3-cü maddələri ilə 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması və 2000 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa o, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-48/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(060)-408/2018 saylı hökmü ilə üzərində müəyyən edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 16 günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 07 ay 23 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona hazırki hökmlə təyin olunacaq cəzaya qismən, 2000 (iki min) manat cərimə cəzası tam birləşdirilərək üzərində qəti olaraq 11 ay 02 gün azadlıqdan məhrum etmə və 2000 (iki min) manat cərimə cəzası müəyyən edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə qaldığı 11 ay 02 gün müddətlə kifayətlənərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cərimə cəzasının ödənilməmiş hissəsi 2000 (iki min) manat təşkil edir. "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər cəzadan azad edilirlər. Təqsirləndirilən şəxs "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 2.11 ci bəndinin təsiri altına düşərək cəzadan azad edilmişdir. "8 noyabr -Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndində əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-552/2022 hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 29, 177.2.2-ci və 326.2-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Elcan Əliyev və xx.xx.2014-cü il təvəllüdlü Tunar Əliyev adlı 2 övladı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qəti təyin edilmiş 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs1 məxsus Opel markalı avtomobildən oğurlanan 202 ədəd eynək və Zərərçəkmiş şəxs3 məxsus 8 qutu Winston kompact markalı siqaretlərin sahibinə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Zərərçəkmiş şəxs3 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 177.2.2, 29.177.2.2 və 326.2-ci maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 177.2.2, 29.177.2.2-ci maddəsiylə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-552/2022 hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs3 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs1 məxsus Opel markalı avtomobildən oğurlanan 202 ədəd eynək və Zərərçəkmiş şəxs3 məxsus 8 qutu Winston kompact markalı siqaretlərin sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza xərci 50(əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar