Məhkəmə qərarları › İş №1(012)-208/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-208/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-208/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1980-ci ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri 28 May küçəsi, dalan-1, ev 9-da qeydiyyatda olmaqla Abşeron rayonu Masazır kəndi, Həzi Aslanov küçəsi dalan-1, ev 5-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır kəndi ərazisində inşa edilmiş fərdi yaşayış evinə elektrik sayğacı quraşdıraşdırılmasına və qeyriyaşayış sahəsindəki elektrik sayğacının yük tutumunun artırılmasına köməklik edəcəyini yalandan vəd verərək, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır kəndi, Həzi Aslanov küçəsi, dalan 1-də yerləşən yaşadığı 5 nömrəli evinin qarşısında 1000 manat pulu, sonuncunun həmin günü onun "xxxx" ASC-yə aid 4169 7377 0309 0270 nömrəli plastik kart hesabına Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim market” mağazasındakı “eManat” ödəmə terminalından göndərdiyi 1000 manat pulu, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksindəki “eManat” ödəmə terminalından göndərdiyi 1000 manat pulu, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi “Qaçqınlar” şəhərciyindəki “MilliÖn” ödəmə terminalından göndərdiyi 500 manat pulu və xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi “Zəngilan” şəhərciyindəki “eManat” ödəmə terminalından göndərdiyi 500 manat pulu etibardan sui-istifadə etməklə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin yaşadığı məhəllədəki nəzarətçisi kimi təxminən 5 il olar ki, tanıyır. Təbrizlə münasibəti həmişə yaxşı olub. 2022-ci ilin təxminən iyul ayında o, yaşadığı evin yaxınlığında olan torpaq sahəsinin mişar daşından olan hasarını bir qədər də hündürləşdirmək üçün tikinti işlərinə başlamaq istəyərkən “Azərenerji”nin tanımadığı əməkdaşları həmin yerə gəlib, onun hasarlamaq istədiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında olduğunu deyib, orada tikinti işləri aparılmasına imkan verməmişlər. O da həmin əməkdaşlara yaşadığı evinə ayrıca elektrik sayğacı qoymaq istədiyini və bunun üçün ASAN xidmətə müraciət etdiyini, lakin ona yüksək gərginlikli elektrik xəttinin yaxınlığında sayğac qoyulmasına icazə verilmədiyini bildirdiklərini söyləmiş, Bu zaman həmin əməkdaşlardan biri, özünü Orxan kimi təqdim edən şəxs onun həmin evinə elektrik sayğacı qoyulmasının mümkün olduğunu deyib, buna görə 300 manat pul və şəxsiyyət vəsiqəsonin ksero surətinin lazım olacağını bildirmiş, o da razılaşdıqdan sonra həmin Orxan adlı şəxs təxminən 1 həftə ərzində onun yaşadığı ünvana gəlib elektrik sayğacını quraşdırılacağını bildirmişdir. Bundan 1 gün sonra yaşadığı məhəllədə nəzarətçi işləyən həmin Təbriz zəng edib, yaşadığı məhəllədə onunla görüşüb, məhəllədə yüksək gərginlikli elektrik xəttinin yaxınlığında olan bir evə elektrik sayğacı qoymaq üçün 300 manat, bir obyektdəki elektrik sayğacının kilovatını artırmaq üçün isə 3000 manat pul verən adam olduğunu bildirmiş və bu işdə köməklik etməsini xahiş etmişdir. Həmin vaxtı onun da pula ehtiyacı olduğuna görə Orxan adlı şəxsin bu işi görə biləcəyini deyib, Təbrizin yanında mobil telefonu ilə guya həmin Orxana zəng edirmiş kimi danışdıqdan sonra Təbrizə Orxanın sayğacı 300 manata quraşdıracağını, obyektdəki sayğacın kilovatını isə 2000 manata artıracağını söylədiyini demiş, Təbriz də razılaşmış və ona nağd şəkildə 400 manat pul vermiş, bundan sonra həmin günü, yəni xx.xx.2022-ci il tarixdə axşamüstü Təbrizin mobil telefonuna şəklini göndərdiyi "xxxx" kartının hesabına 1000 manat pul göndərmiş, o da həmin pulu kartından çıxarıb şəxsi ehtiyaclarına xərcləyib, Təbrizə sayğacın 15 günə quraşdırılacağını, kilovatın artırmasının isə ən tezi 1 aya həll edləcəyini bildirmişdir. Bundan sonra Təbriz həmin işlərin görülməsi üçün onun həmin bank kartına xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə isə 500 manat pul göndərmiş, o, həmin pulları da kartından çıxarıb şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan təxminən 1 həftə sonra tanımadığı nomrədən onun mobil telefonuna zəng edən şəxs sayğacın kilovatını artırmaq istəyən obyektin sahibi olduğunu deyib, Təbrizin yanından onunla danışdığını və bir ay əvvəldən obyektindəki sayğacın kilovatını artırmaq üçün Təbrizə pul verdiyini, lakin hələ də onun işinin görülmədiyini söyləmiş, o da həmin işin görülməsi üçün Təbrizin ona bir həftə əvvəl pul verdiyini, həmin pulu da işi görən Orxan adlı şəxsə verdiyini söyləyib, gözləməsini xahiş etmiş və ertəsi günü Təbrizlə görüşüb bu barədə danışmış, sonuncu da pulu ona verdiyini deyib, ondan da ya işim görülməsini, ya da pulu qaytarmasını tələb etmiş, o da Təbrizdən vaxt verməsini xahiş etmişdir. Təbriz razılaşsa da onun maddi imkanı yaxşı olmadığına görə Təbrizdən aldığı pulları qaytara bilməmişdir. 03 mart 2023-cü ildə Təbriz yaşadıqları məhəllədə onunla görüşüb, sayğac quraşdırmaq üçün aldığı pulu və obyekt sahibindən sayğacın kilovatını artırmaq üçün aldığı pulu bankdan kredit götürüb ödədiyini söyləmiş və həmin kreditə görə banka 6600 manat pul ödəyəcəyini bildirib, ondan həmin məbləğdə pul alcağını bildirmişdir. O da razılaşıb, Təbrizə həmin məbləğdə pulu 21 mart 2023-cü il tarixədək ödəyəcəyi barədə qəbz yazıb vermiş, lakin həmin müddətə kimi də pulu qaytara bilməmişdir. Onun elektrik sayğacı quraşdırmaq və sayğacın yük tutumunu artırmaq səlahiyyəti olmamış, pul əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs aldadaraq 3400 manat pulunu almış, həmin puldan heç kimə verməmiş və şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Masazır kəndi ərazisindəki “Rahat Nəfəs” yaşayış kompleksi bina-1, mənzil 443-də yaşayır. 2019-cu ilin may ayından "xxxx" ASC-də nəzarətçi mühəndis vəzifəsində işləyir. 2022-ci ilin iyul ayında nəzarətçisi olduğu Masazır qəsəbəsi, Həzi Aslanov küçəsində yaşayan abonenti Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra sonuncu ona "xxxx" ASC-də tanışı olduğunu və yüksək gərginlik elektrik xəttlərinin mühafizə zonasında yerləşən evlərə və obyektlərə sayğac quraşdıra biləcəyini bildirmiş, o da bununla bağlı ona müraciət edən vətəndaşların olduğunu deyib, həmin şəxslərin evlərinə və obyektlərinə elektrik sayğacı quraşdırılmasında köməklik etməsini xahiş etmiş, Nizaməddin də razılaşıb köməklik edə biləcəyini bildirmiş, sonuncunun bu sözündən sonra o da Masazır qəsəbəsində evləri yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında olan, hazırda adlarını xatırlamdığı 2 nəfərdən evlərinə sayğac quraşdırılması üçün hər birindən 500 manat pul alıb, cəmi 1000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə yaşadığı evin qarşısında Nizaməddinə vermiş, sonuncu da 1000 manat pulu alıb, 1 ay müddətində həmin şəxslərin evlərinə elektrik sayğacı quraşdırılmasını təmin edəcəyini bildirmişdir. Bundan təxminən 20 gün sonra o, yenə Nizaməddinlə görüşüb nəzarətçisi olduğu ərazidə yerləşən obyekt sahibinin həmin obyektinə quraşdırılan elektrik sayğacının enerji yükünü artırmaq istədiyini söyləmiş, sonuncu köməklik edə biləcəyini bildirmiş o da həmin işin neçiyə başa gələcəyini soruşmuş, Nizaməddin də öyrənib deyəcəyini söyləmiş və bir neçə saatdan sonra ona zəng edib, həmin işin həlli üçün 3000 manat pul verilməli olduğunu bildirmiş, bundan sonra o da barədə hazırda adını xatırlamadığı obyekt sahibinə zəng edib, məlumat vermiş, obyekt sahibi də razılaşıb ona 3000 manat pul vermişdir. Bundan sonra o da bu barədə Nizaməddinə məlumat vermiş, sonuncu da "xxxx" kartınn şəklini onun mobil telefonuna göndərib, pulu hissə-hissə olmaqla həmin kart hesabına ödəməklə göndərməsini xahiş etmiş, o da razılaşmış və Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksindəki “Miliön” aparatı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə həmin kart hesabına 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat pul göndərmiş, Nizaməddin də pulları aldığını bildirib, təxminən 2 həftə ərzində həmin obyektin sayğacının enerji yükünü artırılmasını təmin etdirəcəyini söyləmiş, lakin vəd verdiyi müddətdə nə elektrik sayğaclarını quraşdırmamış, nə də obyektdəki sayğacın enerji yükünün artırılmasını təmin etməmişdir. Buna görə də həmin ev sahibləri və obyekt sahibi onunla görüşüb verdikləri pulları geri istəmiş, o da bu barədə Nizaməddinə söyləmiş, sonuncu da müxtəlif bəhanələrlə onu yola verib, verdiyi pulları qaytarmamış, o da məcbur qalıb ev sahiblərindən və obyekt sahibindən aldığı cəmi 4000 manat məbləğində pulu qaytarmaq üçün bankdan kredit götürüb onların pullarını qaytarmış və sonra bu barədə Nizaməddinə söyləyib pulunu geri qaytarmasını tələb etmiş, sonuncu da xx.xx.2023-cü il tarixədək ona 6600 manat pul qaytaracağı barədə yazılı qəbz vermişdir. O, həmin müddətə kimi gözləsə də Nizaməddin yenə vədinə əməl etməyib pulunu qaytarmamış, o da məcbur qalıb polisə bu barədə şikayət etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə bağlı dayandırılmış, xx.xx.2023-cü l tarixdə zərurət aradan qalxdığı üçün cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar