Məhkəmə qərarları › İş №1(012)-209/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-209/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-209/2024 15.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 06 iyun 2023cü il tarixdə saat 02 radələrində ünvan 3 ünvanında yerləşən “Kontakt Home” mağazasına qapının qıfılını sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan 1 ədəd 2.500 manat dəyərində “Oppo” markalı, 1 ədəd 2.000 manat dəyərində “Samsung” markalı və 1 ədəd 1.300 manat dəyərində “Huaweı” markalı mobil telefonları gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MMC-yə ümumilikdə 5.800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 5, mənzil 28də anası ilə birlikdə kirayə yaşamışdır. Əvvəllər RF-da yaşamış, orada olarkən dələduzluq və oğurluq cinayətlərinə görə məhkum olunmuşdur. Rusiya Federasiyasından Bakıya gəldikdən sonra bir qədər taksi fəaliyyəti ilə məşğul olmuş, lakin sonra maşını qaytarmışdır. Heç bir yerdə işləməmiş, gəliri olmamış, buna görə də oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə oğurluq etməmişdən öncə Xırdalan şəhərində yerləşən “Kontakt Home” mağazasına gedib əvvəlcədən oğurlayacağı telefonları seçmişdir. 06 iyun 2023-cü il tarixdə gecə saat 02 radələrində Xırdalan şəhərində yerləşən “Kontakt Home” mağazasından oğurluq etmək üçün yerdən tapdığı dəmir parçası ilə mağazanın qapısının qıfılını sındırmış və qapını gərib açaraq içəri girmiş və mobil telefon vitrinindən 3 ədəd mobil telefonu götürmüş, bu vaxt siqnalizasiya işə düşmüş və qaçaraq mağazadan çıxıb getmişdir. Mağazadan 1 ədəd “Oppo markalı,1 ədəd “Samsung” markalı və 1 ədəd də “Huavei” markalı mobil telefonları oğurlamışdır. “Oppo” markalı telefona özünə məxsus ***- ***-**-** mobil nömrəni salıb istifadə etmiş, “Samsung” markalı və “Huavei” markalı mobil telefonu Yevlax şəhərində avtovağzalda tanımadığı şəxslərə satmışdır. “Samsung” markalı telefonu 500, “Huaevi” markalı mobil telefonu isə 300 manata satmışdır. Telefonu alan şəxslər ondan vəsiqəsini istəmiş, telefonla şəxsiyyət vəsiqəsinin şəklini çəkmişlər. “Oppo” markalı telefonu isə özü istifadə etdikdən sonra Bakı şəhəri, Neftçilər metrosu yaxınlığında lombarda qoyaraq 300 manat pul götürmüşdür. Oğurluq edərkən onu ətrafdan görən kimsə olmamış, yanında kimsə olmamış, tək olmuşdur. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2022-ci ildən "xxxx" MMC-nin hüquqşünası vəzifəsində çalışır. 06 iyun 2023-ü il tarixdə "xxxx" MMC-yə məxsus ünvan 4 ünvanda yerləşən “Kontak Home” mağazasının qapısının kilidini sındırmaqla daxil olmuş şəxs mağazadan telefon rəflərindən 01 ədəd 2.000 (iki min) manat dəyərində **********27491 İMEİ kodlu “Samsung Galaxy Z Flip4 8GB/256GB Graphite (F721)” markalı, 01 ədəd 1.300 (min üç yüz) manat dəyərində **********74136 İMEİ kodlu, “HUAWEİ NOVA 10 8/128 GB Starry Silver” markalı və 01 ədəd 2.500 (iki min beş yüz) manat dəyərində **********08459 İMEİ kodlu “OPPO FİND N2 FLİP 8/256 GB- Black” markalı mobil telefonları oğurlayaraq qaçıb getmişdir. Hadisə vaxtı mağazada qeydə alınmış video görüntülər polisə təqdim edilmişdir. Hadisə nəticəsində şirkətə ümumilikdə 5800 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, ünvan 5 ünvanda yerləşən lombardı işlədir. 06 iyun 2023-cü il tarixdə günorta saatlarında əvvəllər tanımadığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs lombarda gəlib 1 ədəd “OPPO” markalı mobil telefonu girov qoyub 300 manat pul götürmüşdür. Rövşən həmin telefonun Rusiya Federasiyasından dostunun göndərdiyini bildirmişdirş O, Rövşənlə girov müqaviləsi bağlamış və təqdim etdiyi telefonu girov olaraq qəbul edib 300 manat pul vermişdir. Telefonu girov qoyan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb müqaviləyə əlavə etmişdir. Qaydalara uyğun olaraq sabahı gün yəni xx.xx.2023-cü il tarixdə telefonu anbara təhvil vermişdir. Telefonu lombarda girov qoymuş Təqsirləndirilən şəxs ilə bağlanmış müqavilənin və şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yerləşən “Kontakt Home” mağazasının müdiri vəzifəsində işləyir. 06 iyun 2023-cü il tarixdə gecə saat 02 radələrində ona məlumat verilmişdir ki, mağazadan oğurluq olub. Naməlum şəxs mağazanın giriş qapısının kilidini sındıraraq, mağazaya daxil olub oradan 1 ədəd “Oppo” markalı, 1 ədəd “Huavei” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonları oğurlamışdır. Hadisə nəticəsində şirkətə ümumilikdə 5800 manat maddi ziyan dəymişdir. O, hadisə barədə 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 1948 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Abşeron RPİ-in İŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuşdur. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, “OPPO” markalı, mobil telefon məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmiş, videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən verilmiş mülki iddiadan görünür ki "xxxx" MMC-ni iş üzrə mülki iddiaçı qismində tanınmasını və cavabdeh Təqsirləndirilən şəxs 3.300 manat məbləğində pulun və 53 manat məbləğində dövlət rüsumunun tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:17:07-də Hüseynov X4 şəhəri, H.Əliyev küçəsi, 240 saylı ünvanda yerləşən “Kontakt Home” mağazasının şüşədən olan və yana açılan qapılarını əlindəki dəmir alətlə açıb mağazaya daxil olur və mobil telefonlar olan vitrindən telefonları götürür, saat 01:17:27-də mühafizə siqnalizasiyası işə düşərək mühafizə ışıqları yanıb-sönür və bu vaxt Təqsirləndirilən şəxs qaçaraq mağazanın giriş qapısından çıxır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılma növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılma cəzası ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası CPM-nin 89.4.19-cu maddəsinə əsasən mülki iddiaçının cinayət prosesinin istənilən anında iddiadan imtina etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi hökm çıxarılanadək məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı qaldırdığı tələbindən imtina etdiyini bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin iddiadan imtina etməsi qanuna zidd olmadığı üçün məhkəmə tərəfindən qubul edilmişdir. Zərərçəkmiş hüquqi şəxs iddiadan imtina etdiyi üçün həmin mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; “OPPO” markalı, mobil telefon məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alımalıdır, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, qəti olaraq Təqsirləndirilən şəxs 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsə, mülki cavabdehə qarşı qaldırılmış maddi ziyanın ödənilməsi tələbinə dair tələbdən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. “OPPO” markalı, mobil telefon məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar