Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-21/2023 11.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyib oğlunun iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 12 (on iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yarımtikili fərdi evi göstərərək həmin evdə təmir işlərini görüb qurtardıqdan sonra sonuncuya 20000 manata satacağını vəd verib aldadaraq bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən həmin yarımtikili fərdi evdə görüşərək Zərərçəkmiş şəxs ilkin olaraq evdə təmir işləri aparmaq adı ilə 3000 manat, ustalara zəhmət haqqı vermək adı ilə 600 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs 3600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Heç bir ruhi-əsəb dispanserində qeydiyyatda olmamışdır. O, 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs ilə tanış olmuş və özünə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yarımtikili fərdi yaşayış evi Ruslana satmağa razılaşmışdır. O, evi Ruslana ümumilikdə 20000 manata satmasını bildirib bu məqsədlə Ruslandan ilkin olaraq xx.xx.2021ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yarımtikili fərdi evdə müəyyən təmir işləri görmək üçün 3000 manat pul almışdır. Sonradan həmin gün əlavə olaraq ustalar üçün zəhmət haqqı olaraq Ruslandan 600 manat pul almışdır. O, Ruslandan ümumilikdə 3600 manat pul almışdır. Həmin pulun bir qismində evdə təmir işləri görsə də, qalan hissəsini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra da pulu düzəldib Ruslana verə bilmədiyi üçün Ruslanın telefon zənglərinə cavab verməmişdir. O, tutduğu əməldən peşman olduğunu və 10 gün müddətinə Zərərçəkmiş şəxs aldığı 3600 manat pulu ödəyəcəyini bildirmişdir. Sonda o, etdiyi əməl üzrə səmimi etirafını əsas gətirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, İsmayıllı rayonu, Yenikənd kəndində qeydiyyatda olmasına baxmayaraq ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, 2021-ci ilin iyul-avqust aylarında o, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində özünə ev almaq üçün yaşayış evləri axtarmışdır. Bu zaman o, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yarımçıq həyət evi satan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs evi onun xoşuna gəlmiş və o, həmin evi almaq istəmişdir. Təqsirləndirilən şəxs həmin evi ona 17000 manata satacağını bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan razılaşmaya əsasən o, Vüqara 17 000 manatdan əlavə 3000 manat pul ödəyəckdir ki, Vüqar həmin pula evin təmirə ehtiyacı olan yerlərin təmir etdirəcək və evi bundan sonra ona 17000 manata satacaqdır. O, Təqsirləndirilən şəxs videoçəkiliş ilə 3000 manat pul vermişdir. Həmin gündən 15 gün müddətinə Vüqar evin təmirini qutarıb evi ona təqdim etməli və o, Vüqara 17 000 manat pul ödəyərək evi almalı olmuşdur. O, Təqsirləndirilən şəxs 3000 manat pul ödədikdən sonra Vüqar ustalar üçün ondan 600 manat da əlavə pul istəmişdir. O, həmin pulu da Vüqara yarımçıq tikilidə ödəmişdir. Vüqara pulu ödədiyi tarixdən bir ay sonra öyrənmişdir ki, Vüqar evi ondan aldığı pulla təmir etdirib başqa şəxslərə satmışdır. Bundan sonra Vüqar onun telefonlarına cavab verməməyə başlamışdır. O, dəfələrlə Vüqara verdiyi 3600 manat pulu Vüqardan istəsə də Vüqar hər səfərində onu aldadıb telefonları söndürərək cavab verməmişdir. Hadisə nəticəsində ona ümumilikdə 3600 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona vurulmuş maddi ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. Zərərçəkmiş şəxs 2021-ci ilin iyul avqust aylarında ev almaq istədiyi üçün o, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində fərdi həyət evi tapmışdır. Ruslan həmin evi almaq istəyirdi. Bu zaman Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində yarımçıq həyət evi satan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs həmin evi Zərərçəkmiş şəxs 17 000 manata satacağını bildirmişdir.Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Ruslanın ona 17000 manatdan əlavə 3000 manat pul ödəyəcəyi və onun guya həmin pula evin təmirə ehtiyacı olan yerlərin təmir etdirəcəyini və evi bundan sonra Ruslana 17000 manata satacağı barədə razılaşma əldə olunmuşdur.Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs videoçəkiliş ilə 3000 manat pul verdiyi zaman o də orada olmuşdur. Həmin vaxtı videoçəkiliş ilə Təqsirləndirilən şəxs pulu götürmüşdür. Həmin gündən 15 gün müddətinə Vüqar evin təmirini qurtarıb evi Ruslana təqdim etməli və Ruslan ona 17000 manat pul ödəyərək evi almalı idi. Ruslan Təqsirləndirilən şəxs 3000 manat pul ödədikdən sonra Vüqar ustalar üçün Ruslandan əlavə olaraq 600 manat da əlavə pul istəmişdir. Ruslan həmin pulu da Vüqara yarımçıq tikilidə ödəmişdir. Ruslanın Vüqara pulu ödədiyi tarixdən bir ay sonra onlar Vüqarın evi Ruslandan aldığı pulla təmir etdirib başqa şəxslərə satdığını öyrənmişlər. Bundan sonra Vüqar Ruslanın və onun telefonlarına cavab verməməyə başlamışdır. Ruslan dəfələrlə Vüqara verdiyi 3600 manat pulu ondan istəsə də, o hər səfərində onu aldadıb telefonları söndürərək cavab verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsin yerləşən əvvəllər Təqsirləndirilən şəxs məxsus olan fərdi həyət evi hal-hazırda ona məxsusdur. Həmin həyət evini o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda Təqsirləndirilən şəxs ilə həyat yoldaşı X2 arasında olan müqavilə əsasında 21000 (iyirmi bir min) manat pul müqabilində almışdır. Həmin evi təmir etdirib ona təmirli şəkildə ümumilikdə 21000 manata satması üçün Təqsirləndirilən şəxs ilkin olaraq ondan xx.xx.2021-ci il tarixdə 9000 manat pul almışdır. Bundan sonra Təqsirləndirilən şəxs ondan hissə-hissə evin təmir etdirilməsi adı ilə 14000 manat pul almışdır.O, bir müddət sonra həmin evə gedib baxan zaman evdə heç bir təmir işləri görülmədiyini görmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs verdiyi pulları geri istəmişdir. Təqsirləndirilən şəxs ilə aralarında narazılıq yaranmışdır. Həm də bundan sonra o, Təqsirləndirilən şəxs ondan başqa Zərərçəkmiş şəxs da evin təmir etdirilməsi adı ilə pul aldığını öyrənmişdir. Belə olan halda da o, Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. O, Təqsirləndirilən şəxs verdiyi pulları istədikdə o evi ona satacağını bildirmişdir. O da öz pullarının hesabına evi təmir etdirmiş və əlavə olaraq 7000 manat Təqsirləndirilən şəxs pul ödəyib evi almışdır. Hal-hazırda həmin ev ona məxsusdur. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulu geri ödəyib ödəmədiyindən məlumatı yoxdur. Şahid2 ifadəsində həmin sözügedən mənzilin alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs ilə aralarında sövdələşmə olduqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənzili ona satacağı adı ilə pul aldığını bildirmişdir . Məhkəmə tərəfindən iş materiallarında olan DVD formatlı diskə baxış keçirən zaman müəyyən edildi ki, əynində əynində ağ rəngli mayka göy rəngli cins şalvar və ayağında ağ rəngli ayayaqabı olan şəxs cibindən pul çıxararaq sayıb əynində mavi rəngli üstünə “Corc Armani” firmasının emblemi olan qısaqol idman köynəyi, mavi rəngli cins şalvar ayağında qara rəngli ayaqqabı olan orta boylu şəxsə veri həmi şəxs də pulları alıb sayaraq cibinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, “əynində mavi rəngli üstünə “Corc Armani” firmasının emblemi olan qısaqol idman köynəyi, mavi rəngli cins şalvar ayağında qara rəngli ayaqqabı olan şəxs onun özüdür, əynində əynində əynində ağ rəngli mayka göy rəngli cins şalvar və ayağın ağ rəngli ayayaqabı olan şəxs isə Zərərçəkmiş şəxsdur. Həmin vaxt yəni xx.xx.2021-ci il tarixdə o, özünə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yarımtikili fərdi evi Zərərçəkmiş şəxs satmaq adı ilə Zərərçəkmiş şəxs ona sayaraq verdiyi 3000 manat pulu alıb sayaraq öz cibinə qoyur və Zərərçəkmiş şəxs bildirir ki, 3000 manat pulu ondan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yarımtikili fərdi evi satmaq məqsədi ilə almışdır”. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qərarına əsasən üzərində 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sabunçu rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə 03 ay, 01 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuş və o, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 12 (on iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərindən birincisini 13 aprel 2022-ci il tarixdə törətmişdir, hazırki təqsirləndirildiyi cinayət əməlini Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl 01 avqust 2021-ci il tarixdə törətmişdir. Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Arif adlı bir yetkinlik yaşına çatmayan və xx.xx.2016-cı il təvəllüdlü Yasəmən adlı bir azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cəzasını ağırlaşdıran hal yoxdur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də cinayətlər törətməkdə təqsirli bilinib məhkum edilməsini və istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməyə və ya onlarla başqa cür hər hansı razılıq əldə etməyə belə heç bir cəhd etməməsi onun islaha meylli olmamasından xəbər verir ki, məhkəmə bu halı da onun şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini və təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bu növ cəzanın təyin olunması əsaslı, qanuni və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3cü maddəsinə əsasən 12 (on iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla ona cəza təyin olunmalıdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən həmçinin görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Hazırki halda, məhkəmə hesab edir ki, əvvəlki hökmə əsasən çəkilən cəza Təqsirləndirilən şəxs cəza müddətinə hesablanmaqla, cəzaçəkmə müddətinin əvvəli onun həmin hökm üzrə hazırda çəkdiyi cəzasının əvvəlindən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Həmin tarixdə onun barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, məhkəmənin çağırışlarına gəlmədiyi üçün xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən 6 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda da həmin cəzanı çəkməkdə davam etdiyi üçün hökm qanuni qüvvəyə minənədək barəsində qətimkan tədbirinin seçilməsinə heç bir zərurət yoxdur. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyib oğluna hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 12 (on iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti hazırki hökmlə qismən birləşdirilərək hesablanmaqla, onun üzərində qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 13 (on üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 13 (on üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli onun həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyib oğluna hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-21/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-21/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver