Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-210/2022 04.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1972-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Məmmədli kəndində qеydiyyаtdа оlan, Аbşеrоn rayonu, Məmmədli kəndi, M.Zeynalov küçəsi, ev 84-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01.02.2022-ci il tаriхdə, saat 08 radələrində, Abşeron rayonu, Məmmədli qəsəbəsi, M.Zeynalov küçəsində, yaşadığı evin qarşısında, evin qarşısına yığdığı daşları götürüb kənara atmasına görə aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs sifət nahiyyəsindən yumruq və təpiklə qəsdən vuraraq, ona başın təpə nahiyəsinin dərialtı hematoması, burun nahiyəsinin şişkinlikli qançırı və sıyrığı, üzün sol yanaq nahiyəsinin sıyrığı, alt dodağın əzilmiş yarası, dodağın selikli qişasına qansızma, bal nahiyəsinin qançırından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Lakin bir müddət əvvəl o, həyətində toyuq hini tikdirib cücə bəsləməyə başladığından Xıdır buna narazılığını bildirmiş və həmin vaxtdan da onların münasibətləri korlanmışdır. Hazırkı vaxta qədər də onlar bir-birləri ilə danışmırlar. Bundan əlavə Xıdır öz avtomobili ilə tez-tez onun qapısının qarşısında manevr edib döndüyündən bir neçə dəfə oraya yığdığı xırda daşları dağıtmışdır. Buna görə də o, oraya daha iri daşlar yığmış, Xıdır isə həmin daşları götürüb kənara atmışdır. 01.02.2022-ci il tarixdə, saat 08 radələrində o, küçəyə çıxan zaman yenə də həmin daşların yerində olmadığını görmüş və oraya başqa daşlar gətirib düzərək evə qayıtmışdır. Bir neçə dəqiqədən sonra isə Xıdırın küçədə nalayiq ifadələr işlətdiyini eşidib həyətdən çıxmış və söyüşlərini kimə ünvanladığını soruşmuşdur. Bu zaman Xıdır onu söyərək üzərinə gəlmiş və əlindəki mobil telefonla onun baş nahiyəsinə zərbə vurmuşdur. O isə qarşılığında Xıdırın sifət və baş nahiyələrinə əli ilə bir neçə dəfə zərbələr vurmuşdur. Həmin vaxt onun arvadı Naibə onlara yaxınlaşaraq onu tutub geri çəkən zaman Xıdır təpiklə onun ayağına, o isə təpiklə Xıdır belinə vurmuşdur. Bundan sonra arvadı Naibə onu çəkib yaşadıqları evin həyətinə salmışdır. Dava-dalaş zamanı arvadı Naibə sadəcə olaraq onları ayırlamış və Xıdıra taxta ilə və ya hər hansı bir başqa formada fiziki zor tətbiq etməmiş, eləcə də yaşadıqları evin qarşısında 2-3 dəqiqə ərzində davam edən bu münaqişə zamanı orada başqa şəxslər olmamışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bir müddət əvvəl Arifin toyuqları onun darvazasının qarşısını çirkləndirdiyinə görə o, Arifə irad bildirmiş və bu səbəbdən də onlar həmin vaxtdan danışmamağa başlamışlar. Bundan əlavə Arifin həyətə düzdüyü daşlar maşınla gələn zaman onun dönməsinə maneə yaratdığından o, həmin daşları götürüb kənara atmış və Arifin özünü də buna görə xəbərdar etmişdir. 01.02.2022-ci il tarixdə, saat 08 radələrində o, evdən çıxıb yaxınlıqdakı marketə getmiş, geri qayıdanda isə həmin daşların yenə də onun evinə aid hasarın dibində olduğunu görmüşdür. Həmin vaxt o, daşları ayağı ilə kənara atan zaman Arif küçəyə çıxaraq bunu görmüş və ünvanına söyüşlü ifadələr işlədərək nə haqla həmin daşları kənara atdığını soruşmuş, davamında isə üzərinə gələrək yumruqla onun sifət nahiyəsinə zərbə vurmuşdur. Bu zaman Arifin arvadı Naibə də küçəyə çıxaraq onlara yaxınlaşmış və əlindəki taxta parçası ilə onun başına zərbə vurmaq istəmişdir. Lakin o, özünü müdafiə etmək üçün qolunu sipər etdiyindən taxta parçası onun əlinə dəyərək əlindəki mobil telefonunu sındırmış, eyni zamanda gözündəki eynəyə dəyərək həmin eynəyi də sındırmışdır. Həmin vaxt Arif də onun belinə və bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurmuşdur. Buna görə də o, DİN-in «102» xidmətizəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Sözügedən münaqişə yaşadıqları evin qarşısında başlayıb, 2-3 dəqiqə davam etmiş, həmin vaxt ətrafda başqa şəxslər olmamış, eləcə də mobil telefonu (110 manat) ilə eynəyinin (25 manat) sındırılması nəticəsində ona ümumilikdə 135 (yüz otuz beş) manat məbləğdə maddi ziyan vurulmuşdur Həmçinin məlum dava-dalaş zamanı nə Arifi, nə də onun arvadı Naibəni vurmamış və onlara hər hansı bir başqa formada fiziki zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onlarla qonşuluqda yaşmaqla yanaşı həm də onun uzaq qohumudur. Bir müddət əvvəl onlar toyuq hini tikdirib orada toyuq saxlamağa başladıqlarından Xıdır buna narazılıq etmiş və həmin vaxtdan da onlarla danışmamağa başlamışdır. Bundan əlavə Xıdır öz avtomobili ilə tez-tez onların qapısının qarşısında manevr edib döndüyündən bir neçə dəfə əri Arifin oraya yığdığı xırda daşları dağıtmışdır. Buna görə də Arif oraya daha iri daşlar yığmış, Xıdır isə həmin daşları götürüb kənara atmışdır. 01.02.2022-ci il tarixdə, saat 08 radələrində o, yaşadıqları evdə çay dəmləyən zaman əri Arifin küçəyə çıxıb qapını bərk çırpdığını pəncərədən görmüş, bundan sonra isə oradan səs-küy gəlməyə başlamışdır. Buna görə də o, dərhal evdən çıxmış və Ariflə Xıdırın dalaşdıqlarını görmüşdür. Bu zaman o, Arifdən yapışaraq onu çəkib yaşadıqları evin həyətinə salmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının 14.02.2022-ci il tarixli 215 nömrəli rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin dərialtı hematoması, burun nahiyəsinin şişkinlikli qançırı və sıyrığı, üzün sol yanaq nahiyəsinin sıyrığı, alt dodağın əzilmiş yarası, dodağın selikli qişasına qansızma, bal nahiyəsinin qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 01.02.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 18.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş yekun protokolun əhatə etdiyi əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, o cümlədən ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi subut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-210/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-210/2022
04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver