Məhkəmə qərarları › İş №1(012)-212/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-212/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-212/2021 07.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 10 avqust 1973-cü ildə Yevlax şəhərində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yoli ilə ələ keçirmək məqsədilə, şəxsiyyəti istintaqa məlum olmayan «Yusuf» adlı tanışı ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs özünə məxsus, ümumilikdə 21000 manat dəyərində olan 13,5 ton çəkidə armaturunu və 6,585 ton çəkidə qalın məftilini satılması barədə sosial şəbəkədə verilmiş elanı gördükdən sonra, etibarından sui-istifadə etmə və aldatma yolu ilə həmin materialları satıb pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə aralarında olan rolların bölgüsünə görə 03 oktyabr 2019-cu il tarixdə «Yusuf» adlı şəxs istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş və sonuncuya həmin armaturlarla qalın məftili Abşeron rayonu, Ceyranbatan qəsəbəsində çoxmərtəbəli bina inşa edən şəxslərə satıb pulunu ona göndərəcəyini vəd verib inandırdıqdan sonra, Zərərçəkmiş şəxs 13,5 ton çəkidə armaturunu və 6,585 ton çəkidə qalın məftilini Göranboy rayon sakini Şahid1 idarə etdiyi "xxxx" markalı qoşqulu avtomobilə yükləyərək, Abşeron rayon, Ceyranbatan qəsəbəsinə göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin avtomobili qarşılayıb, 04 oktyabr 2019-cu il tarixdə saat 12 radələrində avtomobildəki 13,5 ton çəkidə armaturu və 6,585 ton çəkidə qalın məftili Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki "xxxx" MTK-ya 17580 manata satıb həmin məbləğdə pulu öz ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda maddi ziyan vurarmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin sentyabr ayının axırlarında tarixini dəqiq xatırlamadığı tarixdə nahar vaxtı Bakı şəhəri, 3-cü mikrorayon dairəsində iş axtaran fəhlələrin dayandıqları yerdə olduğu vaxt əvvəllər bir neçə dəfə fəhlə kimi yükünü boşaltdığı «Yusif müəllim» kimi tanıdığı şəxs ona yaxınlaşıb, hal-əhval tutduqdan sonra iki ədəd qeydiyyatda olmayan mobil telefon nömrəsi tapmasını ondan xahiş etmiş, o, həmin şəxslə razılaşmış, lakin tapa bilmədiyi üçün telefon və mobil nömrə satışı mağazasından öz adına 02 ədəd ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrini alıb, ertəsi günü Bakı şəhəri, 3-cü mikrorayon dairəsindəki həmin yerdə Yusif adlı şəxsə vermişdir. «Yusif» adlı şəxs ona xeyirli bir iş olacağını və yaxşı pul əldə edəcəyini deyib ona zəng vurulacağını söyləyib ***-***-**-** mobil telefon nömrəsini ona qaytarıb ***-***-**-** nömrəsini özünə götürmüş, o, razılaşıb həmin mobil nömrəni alıb öz telefonuna daxil etmişdir. Bir neçə gün sonra, yəni 04.10.2020-ci il tarixdə saat təxminən 15 radələrində onun alıb «Yusif» adlı şəxsə verdiyi ***-***-**-** mobil nömrədən telefonuna zəng gəlmiş, telefonu açdıqda «Yusuf müəllim» ona Goranboy rayonundan gələn və içərisində armaturla qalın məftillər olan qoşqulu yük maşınını Ceyranbatan qəsəbəsində qarşılayıb elə həmin qəsəbədə, Bakı-Sumqayıt avtomobil yolunun kənarındakı “Sah Sarayı” şadlıq evinin arxasındakı çoxmərtəbəli binaların tikinti obyektinə boşaltdırıb pulunu aldıqdan sonra ona zəng edib görüşməsini tapşırmış və armaturu gətirən yük maşının sürücüsünün mobil nömrəsini ona verib sürücü ilə əlaqə saxlamasını söyləmişdir. O, həmin işin «Yusif müəllim»-in ona dediyi xeyirli iş olduğunu hiss edib təxminən saat 16 radələrində həmin yük maşının sürücüsünə zəng etmiş və sürücü yolda olduğunu ona birdirmiş, o, Ceyranbatan qəsəbəsinə çatıb, oradakı piyada körpüsünə yaxınlaşdığı vaxt sürücüyə ona zəng etməsini tapşırmış, sürücü ağ rəngli "xxxx" markalı, göy qoşqusu olan yük maşını ilə gəldiyini və həmin yerə saat təxminən 22:30 radələrində çata biləcəyini söyləmiş, o, saat 22 radələrində taksiyə minib, Ceyranbatan qəsəbəsinə həmin piyada körpüsünün yanına gedib gözləməyə başlamış, təxminən 30-40 dəqiqə keçdikdən sonra həmin sürücü onun mobil telefonuna zəng edib, Ceyranbatan qəsəbəsindəki piyada körpüsünə çatdığını söyləyib, ondan harada olduğunu soruşmuş, o, həmin vaxt yolun kənarında, piyada körpüsünün yaxınlığında durduğu yerdə yanından keçdiyini görüb bu barədə sürücüyə söyləmiş, sürücü dərhal maşını kənara verib saxlamış, o, həmin maşına minmiş və «Yusif müəllim»-in ona dediyi kimi həmin yüklə dolu maşını təxminən 50 metr aralıda yolun kənarındakı tikinti obyektinin həyətinə sürdürüb maşından düşüb həmin obyektə getmiş, orada gözətçidən başqa heç kimin olmadığını görüb geri qayıtmış və maşına minib həmin sürücünün yanında «Yusif müəllim»-ə zəng edib, obyektdə heç kimin olmadığını söyləmiş, «Yusif» adlı şəxs ona səhər tezdən obyekt sahiblərinin gələcəyini və qaldırıcı kranla həmin yükü avtomobildən boşaldıb pulunu da ona verəcəklərini söyləyib ondan sürücünün harada gecələyəcəyini soruşmaq üçün telefonu sürücüyə verməsini xahiş etmiş, o, telefonu yanında olan sürücüyə vermiş, onlar bir neçə kəlmə danışdıqdan sonra sürücü telefonu ona qaytarmış, o, birlikdə maşında gecələmək istədiyini sürücüyə bildirmiş, lakin sürücü buna etiraz etdikdən sonra, həmin yerdən çıxıb getmiş, səhər saat 08 radələrində yenidən həmin yerə qayıdıb, yük maşınındakı armaturları və qalın məftilləri oradakı tikinti obyektinin həyətinə qaldırıcı kranla boşaltdırmış, sonra sürücü maşını obyektin həyətindən yola tərəf çıxarıb, onunla nahar yeməyinə getməyini təklif etmiş, onlar birlikdə yaxınlıqdakı kafeyə gedib yemək sifariş vermişlər. Saat təxminən 12 radələrində o, sürücünü kafedə qoyub armaturların və məftilin pulunu almaq üçün tikinti obyektinin ofisinə getmiş, tikinti obyektinin sahibi kimi tanıdığı və adını hazırda xatırlamadığı cavan oğlan orada hesablama aparmağa başlamış və sonra onun telefonu ilə «Yusif müəllim»-lə danışıb telefonu özünə qaytarmış, «Yusif müəllim» armaturların və məftilin pulunun 17580 manat etdiyini deyib, həmin pulu aldıqdan sonra ona zəng etməsini tapşırmış, o, armaturların və məftilin 17580 manat pulunu almış, elə həmin vaxt «Yusif müəllim» ona zəng etmiş və pulu alıb-almadığını soruşmuş, o, pulu aldığını söylədikdən sonra «Yusif» həmin puldan sürücüyə 50 manat pul verməsini söyləmiş, bu danışıqdan sonra o, telefonu söndürmədiyi üçün «Yusif» adlı şəxsin yanında olan adama bu iş bitdikdən sonra onu “sroka” göndərəcəyini dediyini eşitmiş, bu söhbəti eşitdikdən sonra tikinti obyektindən həmin armatur və məftilə görə aldığı pulları «Yusif» adlı şəxsə verməmək qərarına gəlmiş, ancaq «Yusif» adlı şəxsin həmin vaxtı ona tez-tez zəng edib, harada olmasını soruşmasından, həmin şəxsin kənarda dayanıb, hansısa maşının içərisindən onun obyektdən çıxıb hara getdiyini izlədiyini hiss etmiş, buna görə də «Yusif» adlı şəxslə görüşdükdə üstündə az pul olsun deyə, tikinti obyektindən aldığı pulun 1400 manatını götürüb cibinə qoymuş, qalanını isə sellofana bükülmüş vəziyyətdə Ceyranbatan qəsəbəsində həmin yerə yaxınlıqdakı ağacın dibində basdırıb, telefonunu söndürüb, üstündəki mobil nömrəni çıxarıb, sındırıb tullamış və oradan çıxıb getmiş, gecə saat 02 radələrində yenidən Ceyranbatan qəsəbəsinə həmin pulu basdırdığı yerə getmiş və oradakı ağacın dibini axtarmış, lakin gizlətdiyi pulu tapa bilməyib geri qayıtmışdır. Səhərə yaxın taksi ilə anadan olduğu Yevlax şəhərinə gedib kirayə ev tutmuş və bir müddət orada yaşamış, həmin puldan götürdüyü 1400 manatı da təxminən 1 ay ərzində kirayə puluna və şəxsi ehtiyaclarına xərcləmiş, pulu qurtardıqdan sonra yenidən Bakı şəhərinə qayıtmış, polisin onu axtardığını bildiyi üçün tez-tez gecələdiyi kirayə evləri dəyişmiş, 29 avqust 2020-ci ildə polislər tərəfindən yaxalanaraq Abşeron RPİ-nə gətirilmişdir. Sonda o, himayəsində iki azyaşlı uşağının olmasını əsas gətirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təxminən 2019-cu ilin oktyabr ayında Ramin adlı dostu ilə yaşadıqları qəsəbədə satmaq üçün birlikdə ev tikmək qərarına gəlmiş və bu niyyətlə 04 sot torpaq sahəsi almışlar, bundan sonra tikintiyə başlamaq üçün 15 ton 12 m-lik armatur və 7 tona yaxın qalın məftil alıb həmin torpaq sahəsinə qoymuşlar, lakin tikintiyə icazə ala bilmədikləri üçün bu fikirdən daşınmışlar. O, Raminlə hesablaşdıqdan sonra aldıqları armaturlar onun özünə qalmış, o, həmin armaturları torpaq sahəsindən öz həyətinə gətirmiş və satmaq üçün telefonu ilə internet saytında elan vermiş, bir neçə gündən sonra, sonradan adının Yusif olduğunu bildiyi şəxs ***-***-**-** nömrəsi ilə ona zəng edərək, armaturları və məftili almaq istədiyini bildirmiş, o, həmin armaturları və məftili 21 min manata satmaq barədə Yusiflə telefonda razılaşdıqdan sonra, Yusif həmin materialları Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki tikinti obyektinə göndərməyini və pulunu həmin obyektdən almağını təklif etmişdir. O, Yusifin təklifi ilə razılaşdıqdan sonra 03.10.2019-cu il tarixdə Təyyar adlı yük maşınının sürücüsünə zəng edib bu barədə söyləmiş, Təyyar da yol haqqı olaraq 300 manat pul alacağını ona bildirmiş, o, Təyyarla razılaşmış və elə həmin günü 13500 kq armaturu və 6585 kq qalın məftili qaldırıcı kranla Təyyarın "xxxx" markalı, qoşqulu avtomobilinə yükləyib Ceyranbatan su anbarının yanına aparmağını və orada yükü boşaldacağı obyektə aparacaqlarını söyləmişdir. Təyyar da razılaşıb saat təxminən 16 radələrində yola çıxmış, az sonra o, Yusiflə bu barədə danışmış, Yusif də İxtiyar adlı şəxsin ***-***-**-** mobil nömrəsini ona deyib, Təyyarın Ceyranbatana çatanda ona zəng etməsini və bundan sonra İxtiyar tərəfindən yükü gözətçi işlədiyi həmin obyektə boşaltdıracağını söyləmiş, Yusifin bu sözündən sonra o, İxtiyarın mobil nömrəsini Təyyarın mobil telefonuna göndərib, Ceyranbatana çatana yaxın həmin nömrə ilə əlaqə saxlamasını xahiş etmiş, saat təxminən 24 radələrində o, Təyyara zəng etmiş, sonuncu da artıq yükü boşaldacağı obyektin yaxınlığında maşında olduğunu, armaturları səhər obyektə boşaldacaqlarını söyləmiş, səhəri günü o, yenidən Təyyara zəng edib vəziyyətlə maraqlanmış, Təyyar da artıq yükü boşaltdıqlarını söyləmiş, bundan sonra o, Yusifə zəng edib, malın pulu barədə soruşmuş, Yusif də pulu bank vasitəsi ilə ona göndərmək istədiyini bildirmiş, o, buna etiraz edib pulu sürücü Təyyarla ona göndərməyini xahiş etmiş, Yusif də onunla razılaşıb həmin obyektə gedib pulu götürüb sürücüyə verəcəyini söyləmiş lakin bundan az sonra Yusifin telefonuna zəng çatmadığını görüb Təyyara zəng etmiş və malın pulu ilə maraqlanmağını tapşırmış, bir neçə dəqiqədən sonra Təyyar ona zəng edib, İxtiyarın malın pulunu tikinti şirkətindən alıb aradan çıxdığını söyləmiş, o, bunu eşidən kimi həmin şəxslərin onu aldadaraq armaturlarını sataraq pulunu ələ keçirdiklərini hiss edib maşınına minib Ceyranbatana həmin obyektə getmiş, orada ona Təqsirləndirilən şəxs həmin mallara görə 17580 manat pul aldığını bildirilərək, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini göstərmişlər, telefonla həmin kserosurətin şəklini çəkmiş və oradan birbaşa İxtiyarın yaşadığı ünvan 2 ünvanında yerləşən evlərinə getmiş, lakin evdə heç kimi tapa bilməyib Abşeron RPİ-nə gəlib İxtiyar və Yusif tərəfindən aldanılaraq 21000 manat məbləğində pulunun ələ keçirilməsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Sonda o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, fərdi qaydada özünə məxsus "xxxx" markalı qoşqulu avtomobili ilə yük daşıyıb ailəsini dolandırır. 03.10.2019-cu il tarixdə sonradan adının Nizami olduğunu bildiyi şəxs ona zəng edərək, 20 ton armaturun olduğunu deyib, həmin armaturu Gəncə şəhəri, Gülüstan qəsəbəsindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən tikinti obyektinə aparmağı təklif etmiş, o, həmin yükü aparmaq üçün Nizamidən 300 manat yol pulu alacağını bildirmiş və sonuncu da onunla razılaşmış, bundan sonra elə həmin günü o, Goranboy rayonu, Gülüstan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus həyətə getmiş və 15 ton 12 m-lik armaturu və 7 tona yaxın qalın məftili qaldırıcı kranla maşınına yükləmiş, bundan sonra Nizami ona həmin yükü Abşeron rayonu, Ceyranbatan su anbarının yanına aparmağını və həmin yerə çatanda onu qarşlayıb yükü boşaldacağı obyektə aparacaqlarını söyləmiş, o, həmin şəxslə danışdıqdan sonra Nizami ona 300 manat yol haqqı vermiş, saat təxminən 16 radələrində o, yola çıxmış, yolda olduğu vaxt Nizami onun mobil telefonuna ***-***-**-** saylı mobil nömrəni göndərib, həmin nömrənin onu Ceyranbatanda qarşılayacaq şəxsin nömrəsi olduğunu bildirib, oraya çatana yaxın həmin nömrə ilə əlaqə saxlamağını xahiş etmiş, o, Ceyranbatan qəsəbəsinə çatmasına az qalmış, saat təxminən 23:30 radələrində özünə məxsus ***-***-**-** nömrəli mobil telefonu ilə həmin nömrəyə zəng etmiş, telefona sonradan adının İxtiyar olduğunu bildiyi şəxs cavab verib, Ceyranbatan qəsəbəsindəki piyada keçidini keçdikdən sonra, yolun kənarında dayanıb, onu gözləməyini tapşırmış, o, həmin piyada keçidinə az qalmış həmin şəxsə zəng edib ağ rəngli, göy qoşqulu "xxxx" markalı yük maşını ilə piyada keçidinə yaxınlaşdığını söyləmiş, həmin yerdə 1-2 dəqiqədən sonra İxtiyar əlində ağ rəngli sellofan torba ilə onun maşınına əyləşmiş, İxtiyar maşına mindikdən sonra ona maşını irəliyə sürməyini demiş və o, yük maşının hərəkətə gətirmiş, təxminən 50 metr qət etdikdən sonra, İxtiyar yolun sağ kənarındakı çoxmərtəbəli yaşayış evinin tikintisi olan obyektə tərəf getməyini söyləmiş, o, maşını oraya sürüb obyektin kənarında saxlamış, İxtiyar maşından düşüb tikinti obyektinə getmiş və bir neçə dəqiqədən sonra geri qayıdıb, artıq gec olduğunu bildirib, yükü səhər boşaldacaqlarını söyləmiş, elə həmin vaxt sonradan adının Yusif olduğunu bildiyi şəxs İxtiyara zəng etmiş, onun gətirdiyi yük barədə danışdıqdan sonra İxtiyar Yusifin onunla danışmaq istədiyini deyib, mobil telefonunu ona vermiş, Yusif telefonda ona gecə harada qalacağını soruşmuş və o, maşınında qalacağını deyib, telefonu İxtiyara qaytarmış, bundan sonra İxtiyar onunla maşının kabinəsində gecələmək istədiyini söyləmiş və o, etiraz etdikdən sonra İxtiyar çıxıb getmiş, səhər saat təxminən 09 radələrində İxtiyar onun yanına gəlmiş, onlar maşında olan yükləri qaldırıcı kranla həmin obyektə boşaltdıqdan sonra, yaxınlıqdakı kafeyə gedib yemək sifariş vermişlər. Yemək masaya gələnə kimi İxtiyar mobil telefonla danışa-danışa kafedən çölə çıxmış, bu zaman Yusif ***-***-**-** nömrəli telefonla ona zəng edib İxtiyarın telefonuna zəng çatmadığını deyib, harada olduğunu soruşmuş, təxminən 15 dəqiqə keçsə də, o, İxtiyarın geri qayıtmadığını və yeməyinin soyuduğunu görüb İxtiyarın ardınca çölə çıxmış, lakin sonuncunu tapa bilməmiş, bundan sonra tikintiyə gedib İxtiyarı soruşmuş, orada ona, İxtiyarın az əvvəl armaturların pulunu tikintidən alıb getdiyini bildirmişlər. O, bunu öyrənən kimi İxtiyarın mobil telefonuna zəng etmiş, lakin nömrəyə zəng çatmamış, o, dərhal Yusifə zəng edib bu barədə bildirmək istəyəndə, Yusifin telefonuna da zəng çatmadığını görüb Nizamiyə zəng etmiş və İxtiyarın armaturların pulunu alıb yoxa çıxdığını və İxtiyarla Yusifin telefonlarına zəng çatmadığını söyləmişdir. İş üzrə Şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, 2015-ci ildən Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki "xxxx" MTK-nın direktoru vəzifəsində işləyir. İnşa etdikləri mənzilləri satmaq üçün internet sosial şəbəkəsindəki “Facebook” və "xxxx" səhifələrində mobil nömrələr yerləşdirərək elanlar vermişlər. Bu işlə MTK-nın satış menenceri Şahid2 məşğul olur, eyni zamanda tikinti materialları satan şirkətlər, bəzi hallarda da fiziki şəxslər onlara zəng edərək, satmaq istədikləri tikinti materiallarını təklif edirmişlər. 03 oktaybr 2020-ci il tarixdə satış menenceri Şahid2 ona zəng edib, Goranboy rayonundan olan bir şəxsin ona zəng edib tikintidın artıq qalan 13,5 ton, 12-lik armaturunu və 6,5 ton qalın məftilini satmaq istədiyini və həmin materialları gecə gətirmək istədiyini bildirmiş, o, həmin adamın armaturu və məftili münasib qiymətə satdıqlarını görüb, razılıq vermiş, lakin Orxandan həmin adama materialı gecə deyil, gündüz gətirməyini demiş, ertəsi günü, yəni 04 oktyabr 2019-cu il tarixdə səhər saat 11 radələrində o, işə gəldiyi vaxt qoşqulu "xxxx" markalı avtomobilin armatur və qalın məftillə yüklənmiş vəziyyətdə MTK-nın inşa etdiyi binanın həyətində dayandığını görmüş, həmin vaxtı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ofisdə onun yanına gəlib həmin armaturla qalın məftili gətirdiyini bildirmiş, Orxan da həmin adamın dediyi adam olduğunu söylədikdən sonra o, armaturla məftilin maşından boşaldılmasına göstəriş vermiş, materiallar maşından boşaldılmamış İxtiyar bir neçə dəfə onun yanına gəlib, materialların pulunu istəmiş, o, İxtiyarın bu hərəkətindən şübhələnib gətirdiyi armaturla məftilin çəkisinin az olacağını düşünüb, öz işçilərinə həmin materialları saymaqlarını söyləmiş, işçilər də armaturlarla məftilin sayının düz olduğunu ona bildirmişlər, bundan sonra o, İxtiyarın şəxsiyyət vəsiqəsini alıb surətini çıxarmış və armaturla məftilin alınması ilə bağlı aktlar tərtib edib İxtiyara həmin aktlara imza etdirib mobil telefon nömrəsini də həmin aktın üzərinə yazmış, sonra İxtiyara həmin armatura görə 11880 manat, qalın məftilə görə isə 5700 manat pul vermiş, İxtiyar həmin pulları alıb, tez oradan çıxıb getmiş, bundan təxminən 20-30 dəqiqə sonra armaturu gətirən yük maşının sürücüsü ofisə onun yanına gəlib İxtiyarın hara getdiyini soruşmuş, o, İxtiyarın az əvvəl armaturla məftilin 17580 manat pulunu ondan alıb tələsik çıxıb getdiyini söylmiş, bundan bir gün sonra polis əməkdaşları ofisə gəlib İxtiyarın həmin armatirla qalın məftili dələduzluq edərək ələ keçirib satdıqlarını bilmişdir. İxtiyardan aldığı həmin materialları dələduzluq yolu ilə ələ keçirildiyini bilməmiş, buna görə də həmin materialları aldığı günü yeni inşa etdikləri çoxmərtəbəli binanın tikintisinə istifadə etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyətilə, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yoli ilə ələ keçirmək məqsədilə, şəxsiyyəti istintaqa məlum olmayan «Yusuf» adlı tanışı ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs özünə məxsus, ümumilikdə 21000 manat dəyərində olan 13,5 ton çəkidə armaturunu və 6,585 ton çəkidə qalın məftilini satılması barədə sosial şəbəkədə verilmiş elanı gördükdən sonra, etibarından sui-istifadə etmə və aldatma yolu ilə həmin materialları satıb pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə aralarında olan rolların bölgüsünə görə 03 oktyabr 2019-cu il tarixdə «Yusuf» adlı şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş və sonuncuya həmin armaturlarla qalın məftili Abşeron rayonu, Ceyranbatan qəsəbəsində çoxmərtəbəli bina inşa edən şəxslərə satıb pulunu ona göndərəcəyini vəd verib inandırdıqdan sonra, Zərərçəkmiş şəxs 13,5 ton çəkidə armaturunu və 6,585 ton çəkidə qalın məftilini Göranboy rayon sakini Şahid1 idarə etdiyi "xxxx" markalı qoşqulu avtomobilə yükləyərək, Abşeron rayon qəsəbəsi, Ceyranbatan qəsəbəsinə göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin avtomobili qarşılayıb, 04 oktyabr 2019-cu il tarixdə saat 12 radələrində avtomobildəki 13,5 ton çəkidə armaturu və 6,585 ton çəkidə qalın məftili Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki "xxxx" MTK-ya 17580 manata satıb, həmin məbləğdə pulu öz ehtiyaclarına xərcləyərək, Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda maddi ziyan vurarmaqla dələduzluq etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan 04.10.2019-cu il tarixli təhvil-təslim aktlarının surətlərindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 13,5 ton armaturu və 6,585 ton dəmir məftili "xxxx" MTK-nın direktoru Şahid3 təhvil vermiş və əvəzində 17580 (on yeddi min beş yüz) manat məbləğində vəsait almış, qeyd olunan xüsusat Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs əmlakını dələduzluq yolu ilə ələ keçirməsini bir daha təsdiq edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 17.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 27.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhər Xəzər rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli qərarı ilə 01 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş və 26.10.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal hesab edir. İş materiallarında olan Nəsimi-2 MMC tərəfindən verilmiş 10.01.2021-ci il tarixli arayışdan görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr, Cavadxan küç, ev48A, Nəsimi-2 MMC-yə məxsus 25 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş, o, 28.08.2020-ci il tarixdə Bakı şəhərində tutularaq həbsə alınmış, Abşeron RM-nin 29.08.2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 28.08.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Zərərçəkmiş şəxs dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 95 (doxsan beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 570 (beş yüz yetmiş) manat məbləğində pul və məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddəsi ilə təqsirli bilinib ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 28.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 95 (doxsan beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 570 (beş yüz yetmiş) manat məbləğində pul və məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar