Məhkəmə qərarları › İş №1(012)-212/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-212/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-212/2024 25.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə 15 avqust 1979-cu il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbetmənin əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq audio və video yazı aparılmaqla məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İİ) daxil olan üzərində “Methadone 40” göstəricisi yazılmış hər həbin tərkibində 0,04 qram olmaqla cəmi təsiredici maddə miqdari 0,16 qram olan qəhvəyi rəngli, dairəvi formalı 04 ədəd narkotik vasitə metadon həbi və 2023-cü ilin aprel ayının sonlarında istintaqa şəxsiyyəti məlum olmayan “Rəşad” adlı şəxsdən 5 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,04 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 21/5 ünvanına daşıyaraq saxlamış, Azərbaycan Respublikasının DTX-nin İstintaq baş idarəsinin icraatında olan cinayət işinin istintaq zərurəti ilə əlaqədar DTX-nin əməkdaşları tərəfindən 03 aprel 2023-cü il tarixdə onun qeyd edilən ünvanında aparılmış axtarış zamanı həmin narkotik vasitə 4 ədəd metadon həbi və 0,04 qram heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmamışdan bir il əvvəl istintaqa məlum olmayan mənbədən 01 ədəd kustar üsulla beşbarmaq tipində hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən kasteti əldə edib üzərində gəzdirməklə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən 21/5 nömrəli evə aparıb saxlamış, Azərbaycan Respublikasının DTX-nin İstintaq baş idarəsində istintaq olunan cinayət işinin istintaq zərurəti ilə əlaqədar DTX-nin əməkdaşları tərəfindən 03 aprel 2023-cü il tarixdə onun qeyd edilən ünvanında aparılmış axtarış zamanı həmin 01 ədəd soyuq silah hesab olunan kastet aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,196 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 30 may 2023-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri, H. Zərdabi küçəsində saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofana bükülmüş 0,196 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 21/5 ünvanında anası X5 ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixli Xəzər rayon məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəza 06 ay azaldıldığı üçün 08 dekabr 2016-cı il tarixdə cəzamın sonu ilə azadlığa buraxılmışdır. Hazırda isə barəsində Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Məcid Məcidli tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin istintaqı aparılmışdır. Uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. X8 barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq 03 aprel 2023-cü il tarixdə yaşadığı Abşeon rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 21/5 ünvanında yerləşən fərdi yaşayış evində öz razılığı ilə DTXnin əməkdaşları tərəfindən axtarış aparılmışdır. Axtarış zamanı yaşadığı evin yataq otağında divardan asılmış ona məxsus gödəkçənin cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə heroin, digər cibindən içərisində 4 ədəd narkotik vasitə metadon olan blister, evin giriş qapısından sol tərəfdə yerləşən otaqda olan mebel rəfindən ona məxsus bir ədəd qara rəngli beşbarmaq və bir ədəd bıçaq aşkar olunmuşdur. Həmin əşyalar DTXnin əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, 30 may 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H. Zərdabi küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələnərək onu Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxardığı 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş 01 (bir) bükümdən ibarət narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, həmin narkotik maddəni 30 may 2023-cü il tarixdə Bakı şəhərində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata almışdır. Həmin narkotik maddəni istifadə etmək üçün əldə etmişdir. Yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələr, bir ədəd beşbarmaq və bir ədəd bıçaq ona məxsus olmuşdur. O, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir və ağrıları olan zaman ağrılarının dayanması üçün metadon həbindən istifadə edir. O həmin metadon həblərini 2023-cü ilin mart ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhər ərazisində tanımadığı şəxsdən almışdır. O həmin şəxsdən 5 ədəd həb almış və həmin 5 ədəd həbə görə 10 manat pul ödəmişdir. Aldığı 5 həbin isə bir ədədini istifadə etmişdir. Qalan 4 ədəd həb isə evindən aşkar olunan həblərdir. Evindən kibrit qutusunun içərisindən aşkar olunan narkotik vasitə olan heroini 2023-cü ilin aprel ayının əvvəllərində Xırdalan şəhər sakini kimi tanıdığı Rəşad adlı şəxsdən 5 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Lakin Rəşad adlı şəxslə hazırda hər hansı bir əlaqəsi yoxdur. O həmin bir ədəd beşbarmağı və bir ədəd bıçağı təxminən 1 il bundan əvvəl aldığından hazırda haradan aldığını xatırlamamışdır. O həmin beşbarmaq və bıçağı maraq üçün suvenir kimi almışdır. Saxlamaqda hər hansı bir məqsədi olmamışdır. Yaşadığı ünvanda narkotik vasitə saxlamağı barədə anası Gülnaz Yusifovanın hər hansı bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektrou, polis serjantı Şahid1 iştirakı ilə tərəfindən 30 may 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, H.Zərdabi küçəsində olan zaman orada piyada şəkildə dayanan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Sadiqə üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf selffona bükülmüş toz şəkilli bir büküm heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Sadiq bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Sadiq həmin narkotik vasitə olan heroini xx.xx.2023cü il tarixdə səhər saatlarında “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Sadiqin narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda Sadiqin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Sadiqə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 iştirakı ilə sonuncu tərəfindən 30 may 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid4 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, H.Zərdabi küçəsində olan zaman orada piyada şəkildə dayanan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Sadiqə üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf selffona bükülmüş toz şəkilli bir büküm heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Sadiq bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Sadiq həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Sadiqin narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda Sadiqin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Sadiqə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə saat təxminən 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında iş yoldaşı Şahid2 ilə birlikdə piyada gəzərkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ona yaxınlaşaraq Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən 21/5 nömrəli ünvana gəlməyini xahiş etmişlər və o da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşının xahişini yerinə yetirərək, həmin ünvana gəlmişdir. Həmin ünvanda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları mənzili göstərərək həmin evdə Təqsirləndirilən şəxs yaşacağını və anası X2 iştirakı ilə evdə baxış və axtarış aparılacağını və onların da hal şahidi kimi iştirak etməklərini təklif etmişlər. O da DTX əməkdaşlarının təklifi ilə razılaşmışdır. Sonra Azərbaycan Respublikasının CPM-nin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra onun, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşının, ev sahibi X2 və digər hal şahidinin iştirakı ilə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən 21/5 nömrəli ünvanda baxış və axtarış aparılmış və həmin vaxt evin yataq otağında asılmış pencəyin gödəkçənin cibindən bir ədəd kibrit qutusunun içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, gödəkçənin digər cibindən 04 ədəd blisterdə üzərində “Methadone” yazısı olan narkotik vasitə metadona bənzər həb aşkarlanmışdır. Bundan başqa həmin otaqda olan stolun üzərindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, digər otaqda olan mebel rəfindən isə bir ədəd qara rəngli beş barmaq, 01 ədəd qəhvəyi rəngli bıçaq və 01 ədəd cib dəftərçəsi aşkar edilmişdir. Bundan sonra həmin narkotik vasitə olan heroin və metadon, həmçinin “Samsung” markalı mobil telefon, bir ədəd qara rəngli beş barmaq, 01 ədəd qəhvəyi rəngli bıçaq və 01 ədəd cib dəftərçəsi zərfə qoyularaq qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən də imzalanıb möhürlənmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə saat təxminən 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında iş yoldaşı Şahid3 ilə birlikdə piyada gəzərkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ona yaxınlaşaraq Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən 21/5 nömrəli ünvana gəlməyini xahiş etmişlər və o da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının xahişini yerinə yetirərək, həmin ünvana gəlmişdir. Həmin ünvanda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları mənzili göstərərək həmin evdə Təqsirləndirilən şəxs yaşacağını və anası X2 iştirakı ilə evdə baxış və axtarış aparılacağını və onların da hal şahidi kimi iştirak etməklərini təklif etmişlər. Mən də onların təklifi ilə razılaşdım. Sonra Azərbaycan Respublikasının CPM-nin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri mənə izah olundu. Daha sonra mənim, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşının, ev sahibi X2 və digər hal şahidinin iştirakı ilə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən 21/5 nömrəli ünvanda baxış və axtarış aparıldı və həmin vaxt evin yataq otağında asılmış pencəyin gödəkçənin cibindən bir ədəd kibrit qutusunun içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, gödəkçənin digər cibindən 04 ədəd blisterdə üzərində “Methadone” yazısı olan narkotik vasitə metadona bənzər həb aşkarlandı. Bundan başqa həmin otaqda olan stolun üzərindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, digər otaqda olan mebel rəfindən isə bir ədəd qara rəngli beş barmaq, 01 ədəd qəhvəyi rəngli bıçaq və 01 ədəd cib dəftərçəsi aşkar edildi. Bundan sonra həmin narkotik vasitə olan heroin və metadon, həmçinin “Samsung” markalı mobil telefon, bir ədəd qara rəngli beş barmaq, 01 ədəd qəhvəyi rəngli bıçaq və 01 ədəd cib dəftərçəsi zərfə qoyularaq qablaşdırıldı, mənim və digər iştirakçılar tərəfindən də imzalanıb möhürlənmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Əməliyyat Texniki baş idarəsinin 05 aprel 2023-cü il tarixli, 14/4/75 saylı, 7 nömrəli arayışından görünür ki, tədqiqata təqdim edilən təmiz çəkisi 0,04 qram, qalıq çəkisi 0,03 qram olan bej rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 04 ədəd həbin tərkibindəki ümumi təmiz çəkisi 0,16 qram, 3 ədəd həbdə qalıq çəkisi 0,12 qram olan əsas komponent narkotik vasitə metadondur (Ümumilikdə heroin maddəsindən – 0,01 qram, 01 ədəd metadon həbi (0,04 qram) tədqiqatların aparılması üçün istifadə edilmişdir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 6/2860 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti zərflər üçün №103” dairəvi möhür əksləri olan zərfin içərisində 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 0,030 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik maddə heroindir(qalıq çəkisi 0,020 qram - 0,01 qram narkotik maddə heroin tədqiqata sərf edilmişdir), üzərində “Methadone 40” göstəricisi olan 1 ədəd blisterdə ümumilikdə 3 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə metadondur, 3 ədəd metadon həbinin təsir maddəsinin ümumi miqdarı 0,12 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir (qalıq çəkisi 02 həb – 01 həb metadon tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 31 may 2023-cü il tarixli, 6/3105 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” möhür əksi, “...Şübhəli şəxs:... Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,196 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq çəkisi 0,146 qram - 0,05 qram narkotik maddə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserini 02 iyun 2023-cü il tarixli, 3411 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə-ballistik ekspertizasının 26 may 2023-cü il tarixli, 3/805 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet – kustar üsulla kaster (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır. Tədqiqata təqdim edilmiş 1 (bir) əddə bıçaq zavod üsulu ilə istehsal edilmi, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Evdən axtarış keçirilməsi haqqında 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən 21/5 nömrəli ünvanda baxış və axtarış keçirilərək həmin evin yataq otağında asılmış pencəyin gödəkçənin cibindən bir ədəd kibrit qutusunun içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, gödəkçənin digər cibindən 04 ədəd blisterdə üzərində “Methadone” yazısı olan narkotik vasitə metadona bənzər həb, bundan başqa həmin otaqda olan stolun üzərindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, digər otaqda olan mebel rəfindən isə bir ədəd qara rəngli beş barmaq, 01 ədəd qəhvəyi rəngli bıçaq və 01 ədəd cib dəftərçəsi aşkar edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,146 qram olan narkotik vasitə olan heroin, 03 aprel 2023-cü il tarixdə yaşadığı evdən götürülmüş, qalıq çəkisi 0,08 qram olmaqla 02 ədəd həb narkotik vasitə metadon və qalıq çəkisi 0,020 qram narkotik vasitə heroin, 01 ədəd kastet (beşbarmaq), 01 ədəd bıçaq və 01 ədəd cib dəftərçəsi Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilməsi, sorğu zamanı öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə “20 yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərər vurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 11-ci bəndinə əsasən soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,146 qram olan narkotik vasitə olan heroin, 03 aprel 2023-cü il tarixdə yaşadığı evdən götürülmüş, qalıq çəkisi 0,08 qram olmaqla 02 ədəd həb narkotik vasitə metadon və qalıq çəkisi 0,020 qram narkotik vasitə heroin, 01 ədəd bıçaq və 01 ədəd cib dəftərçəsi məhv edilməli, 01 ədəd kastet (beşbarmaq) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə 254 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,146 qram olan narkotik vasitə olan heroin, 03 aprel 2023-cü il tarixdə yaşadığı evdən götürülmüş, qalıq çəkisi 0,08 qram olmaqla 02 ədəd həb narkotik vasitə metadon və qalıq çəkisi 0,020 qram narkotik vasitə heroin, 01 ədəd bıçaq və 01 ədəd cib dəftərçəsi məhv edilsin və 01 ədəd kastet (beşbarmaq) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar