Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-213/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd şəffav polietilen bükümlərdə, onlardan bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,170 qram qəhvəyi rəngdə tozşəkilli maddə kustar üsulla hazırlanmış heroini və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,662 qr ağ kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 25 manata əldə edib üzərində saxlayaraq Abşeron rayonu Masazıq qəsəbəsinə daşımış, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində, Abşeron RPİnin əməkdaşları tərəfindən, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Üç Meyvə” marketin qarşısında saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarının sol cibindən 2 (iki) ədəd şəffaf polietilen bükümlərdə həmin təmiz çəkisi 0,170 qram qəhvəyi rəngdə tozşəkilli maddə kustar üsulla hazırlanmış heroin və təmiz çəkisi 0,662 qr ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən bir neçə ay olar ki, narkotik vasitə olan heroin və metamfetamindən istifadə edir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə piyada gedən zaman “Üç Meyvə” marketin qarşısında iki nəfər polis geyimində olan polis əməkdaşları ona yaxınlaşaraq, özlərini Abşeron rayon polis idarəsinin əməkdaşları kimi təqdim edib, ondan üzərində narkotik maddə olmasını soruşmuşlar. Üzərində narkotik vasitə olduğunu etiraf etmiş, bundan sonra polis əməkdaşları onu, Abşeron rayon polis idarəsində dəvət etdərək, Abşeron rayon polis İdarəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra, onun heç bir etirazı və vəsatəti olmadığı üçün, təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə keçirilməmişdən əvvəl ona üzərində narkotik vasitə, qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etmək təklif edilmişdir. Tünd boz rəngli şalvarının sol cibindən iki ədəd ağ selofana bükülmüş içərisində narkotik vasitə və psixotrop maddə olan kütləni çıxarıb təqdim etmiş, həmin bükümlərin birinin içərisində heroin, digərinin içərisində isə metanfetamin olduğunu bildirmiş, şalvarının cibindən çıxarıb təqdim etdiyi narkotik vasitəni və psixotrop maddəni, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu “Saf- Su” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən, özü istifadə etmək üçün bir büküm heroini 10 manata, bir büküm metanfetamini isə 15 manata aldığını bildirmişdir. Həmin aşkar edilmiş heroin və metamfetamin, yani hər iki bükümlər kağız zərfdə qablaşdırdıqdan sonra, polis idarəsinin 56 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar və onun tərəfindən imzalanmışdır. Yasamal rayonu ərazisində 25 manata narkotik vasitə və psixotrop maddə aldığı şəxsi tanımır, həmin şəxslə təsadüfən tanış olmuş, həmin şəxsin anket məlumatlarını bilmir, həmin şəxsdən əvvəllər heç vaxtı narkotik vasitə almamış, onun üzərində narkotik vasitə olmasını heç kim bilməmiş, heç kimə narkotik vasitə verməmiş və heç kimə narkotik vasitə satmamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon X2 Təhlükəsizlik Şöbəsində sahə rəisi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon sakini Təqsirləndirilən şəxs barəsində yazmış olduğu raportla əlaqədar göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində, öz xidməti ərazisində sahə polis nəfəri, polis serjantı Şahid2 ilə birgə xidmət apararkən, Abşeron rayonu, Masazır kəndi Ə.Vahid küçəsində yerləşən «Üç Meyvə» marketin qarşısında bir nəfər naməlum şəxsin özünü şübhəli kimi apardığını görmüş, həmin vətəndaşa yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxs də özünü təqdim edərək Yasamal rayon sakini Təqsirləndirilən şəxs olduğunu bildirmiş, söhbət edərkən, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğundan şübhələnmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs Abşeron RPİ-nə dəvət edib bu barədə raportla məruzə etmiş, bundan sonra, təhqiqatçı tərəfindən, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən çıxardığı iki bükümü təqdim etmiş, həmin bükümlərdən biri ağ rəngdə selefona bükülü halında narkotik vasitə olan heroinə bənzər kütlə, ikinci bükülüdə isə psixotrop maddə olan metamfitaminə bənzər maddə olduğunu təstiq etmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Yasamal rayonunda «Saf-Su» deyilən ərazidə tanımadığı şəxsdən 25 manata aldığını bildirmiş, bundan sonra hər iki büküm qablaşdırılaraq zərfə qoyulmuş, bu barədə potokol tərtib edilmiş, özü, iştirakçılar, Təqsirləndirilən şəxs həmin protokol və zərfi imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin İctimai Təhlükəsizlik şöbəsinin sahə polis nəfəri, Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2238 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» yazısı olan paketdə 1 (bir) ədəd şəfav polietilen bükümdə təmiz çəkisi 0,170 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,120 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir) və 1 ədəd bükümdə təmiz çəkisi 0,662 qram ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,612 qram - 0,05 qram metamfetamin tədqiqata sərf edilmişdir). xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahiya əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən pisixotrop maddələr» in siyahısına daxildirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3152 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə Abşeron RPİ-nin inzibati binasında videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sal yan cibindən 2 (iki) ədəd şəffav polietilen bükümlərdə, onlardan bir ədəd şəffav polietilen bükümdə qəhvəyi rəngdə tozşəkilli maddə kustar üsulla hazırlanmış heroin və 1 (bir) ədəd bükümdə ağ kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,120 qram narkotik vasitə heroin və 0,612 qram psixotrop maddə olan metafetamin məhv edilməlidir. İş üzrə 114 manat məhkəmə-fiziki-kimyəvi ekspertizanın xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul və məhkəmə istintaqı zamanı müdafiəçi vəkil Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon polis idarəsində saxlanılan qalıq çəkisi 0,120 qram narkotik vasitə heroin və 0,612 qram psixotrop maddə olan metafetamin məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 manat məhkəmə-fiziki-kimyəvi ekspertizanın xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul və məhkəmə istintaqı zamanı müdafiəçi vəkil Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdlan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-213/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-213/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver