Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-213/2023 28.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Bakışəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 5-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 iyul 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində “Bazarstore” mağazasının yanında yaşadığı evin qarşısında saxladığı “Mercedes Benz” markalı, 90-DM- 394 dövlət nömrə qeydiyyat nişanlı yük avtomobilinin hər biri 450 manat dəyərində olan 2 ədəd “Mutlu” markalı akkumulyatorunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 900 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 iyul 2022-ci il tarixdə saat 03 radələrində Şahid3 idarə etdiyi və Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov küçəsində yaşadığı nömrəsiz evin qarşısında saxladığı, “Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi” publik hüququ şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Ford” markalı, **- JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin hər biri 370 manat dəyərində olan 2 ədəd “İnci-aku” markalı akkumulyatorları gizli olaraq talamaqla "xxxx" MMC-yə ümumilikdə 740 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 iyul 2022-ci il tarixdə 03:20 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən “Bazarstore” marketin qarşısında saxladığı “DAF” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobilinin hər biri 250 manat dəyərində olan 2 ədəd akkumlyatorlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 30 manat müqabilində siqaretin gümüşü rəngli kağızında, öz istifadəsi üçün 01 bükümdə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş, 0,339 qram təmiz çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroini və 01 bükümdə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş 0,331 qram təmiz çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla Abşeron rayonu Xırdalan şəhərinə daşımış, Abşeron rayon polis idarəsinin əməkdaşları 18 iyul 2022-ci il tarixdə saat 20 radələrində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Rəsulov X5 rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 3 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Abşeron rayon Polis idarəsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki boz rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızında 01 ədəd bükümdə həmin kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,339 qram olan narkotik vasitə- heroin və 01 ədəd bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,331 qram olan psixotrop maddə- metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, maddi sıxıntı səbəbindən icarə əsasında idarə etdiyi avtomobilinə yanacaq ala bilmədiyinə və digər şəxsi ehtiyaclarını təmin edə bilmədiyinə görə yaşadığı Xırdalan şəhərində küçədə dayanmış iri yük maşınlarından akkumlyator oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmiş və bu məqsədlə 10 iyul 2022-ci il tarixə keçən gecə saat təxminən 03 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə adətən Xırdalan şəhərində iri yük maşınlarının dayandığı Bakı-Sumqayıt avtomagistral yolunun kənarına getmişdir. Həmin vaxtı Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində ağ rəngli “Mercedes Benz” markalı, arxasında bağlı qoşqusu olan yük avtomobilinin dayandığını görüb idarə etdiyi avtomobilini həmin yük avtomobilin yanına sürüb saxlamışdır. Sonra ətrafa nəzər salıb heç kimin olmadığını görüb avtomobilindən kəlbətin götürüb həmin yük avtomobilinin yan tərəfinə keçib akkumlyatorlar olan hissənin qapağını açıb kəlbətinlə oradakı 2 ədəd akkumlyatorları kabellər dən ayırıb bir-bir götürüb yaxınlıqda saxladığı avtomobilinim yük yerinə qoyub oradan sürüb uzaqlaşıb yaşadığı evə gedib yatmışdır. Səhıər saat təxminən 10 radələrində yuxudan durub avtomobilini sürüb oğurladığı 2 ədəd akkumlyatorları satmaq üçün Xırdalan dairəsinə getmiş və həmin akkumlyatorları özünə məxsus akkumlyatorlar kimi orada dayanmış yük avtomobillərinin tanımadığı bir sürücüsünə 180 manata satıb tez oradan uzaqlaşmışdır. Oğurluqdan əldə etdiyi pulları bir neçə gün ərzində şəxsi ehtiyaclarıma xərclədikdən sonra yenidən pulsuz qaldığı üçün yenə oğurluq etmək qərarına gəlib, 15 iyul 2022-ci il tarixdə saat təxminən 03:30 radələrində idarə etdiyi avtomobilimlə bir neçə gün əvvəl akkumlayator oğurladığı yerə yaxınlıqda gördüyü yük maşınlarının yanına gedib orada küçədə dayanmış qırmızı rəngli qoşqulu “DAF” markalı yük avtomobilinin və həmin avtomobilin yaxınlığında dayanmış, ağ rəngli “Ford” markalı özüboşaldan yük maşınının hər birinin 2 ədəd akkumlyatorlarını açıb daşıyaraq öz maşınının yük yerinə qoyub oradan sürüb uzaqlaşıb yaşadığı evə getmişdir. Həmin 4 ədəd akkumlyatoru da səhəri günü Xırdalan dairəsində tanımadığı yük maşınlarının sürücülərinə özünə məxsus akkumlyatorlar kimi satıb 300 manat pul əldə etmişdir. Həmin pulları da bir neçə gün ərzində şəxsi ehtiyaclarıma xərcləməyə başlamışdır. Bundan 2-3 gün sonra, yəni 18 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu vaxtı orada tanımadığı şəxsdən özü istifadə etmək üçün hər bükümü 15 manat olmaqla, ümumilikdə 30 manata bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin alıb, Xırdalan şəhərinə qayıtmışdır. Həmin günü saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 3 saylı tam orta məktəbin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Rayon polis idarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O, da könüllü olaraq boz rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edərək içərisindəki iki ədəd bükümdən şəffaf sellofan kəsiyində olan bükümün içərisində heroin, siqaretin qızılı rəngli kağızında olan bükümün içərisində isə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polislər onun təqdim etdiyi bükümlərə baxış keçirib həmin bükümləri kağız zərfə qoyub qablaşdırıb götürmuşlər. Həmin vaxtı bu barədə protokol tərtib olunmuş, o, və orada olan digər iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsindəki beş mərtəbəli binanın 4-cü mərtəbəsində kirayədə yaşayır. Təxminən 10 il olar ki, yük avtomobili idarə edir. 2 il əvvəl X3 42000 manata Mercedes-Benz markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin vaxtı avtomobili öz adına sənədləşdirmək üçün dövlət rüsümunu ödəmək imkanı olmadığından avtomobili idarə etməkdən ötrü Sabir Həmidovdan öz adına baş etibarnamə almışdır. Bundan 5-6 sonra həmin avtomobilimə **-ZG-*** dövlət qeydiyyat nişanlı refrejerator qoşqu alıb fərdi qaydada yük daşımaqla məşğul olmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Moskva şəhərindən növbəti səfərdən qayıdıb, həmişəki kimi avtomobilini yüklü vəziyyətdə Bakı-Sumqayıt yolunun sol kənarında, yaşadığım evin yaxınlığındakı “Bazarstore” mağazasının yanında saxlayıb evə getmişdir. Həmin yükü Türkiyə Respublikasına aparmaq üçün sənəd gözlədiyi üçün bir neçə gün həmin avtomobilinin yanına getməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində səfərə çıxmaq üçün avtomobilinə yaxınlaşanda 900 manat dəyərində olan 2 ədəd “Mutlu” markalı, 225 amperlik akkumlyatorlarımın yerində olmadığını görüb oğurlandığını yəqin edib, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş “Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi” publik hüququ şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 20 il olar ki, «2 nömrəli Xüsusi Təyinatlı Yol İstismar” MMC-nın baş mühəndisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində MMC-yə məxsus “Ford” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şahid3 zəng edərək həmin gecə Xırdalan şəhərində yaşadığı evin qarşısında saxladığı MMC-yə məxsus avtomobilin üzərində olan 2 ədəd akkumlyatorların naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. O, da bu məlumatı aldıqdan sonra Şahid3 bu barədə DİN-nin 102 xidmətinə zəng etməsini tapşırmışdır. MMC-yə məxsus həmin yük avtomobilinin üzərindən olan 2 ədəd “İnci-aku” markalı akkumliyatorların dəyəri 740 manatdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında o, yük daşıyıb pul qazanmaq üçün dayısı Mahir Mənsimovun adına 54000 manat pul verib özünə DAF markalı **-NS-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomaşını almışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi DAF markalı **-NS-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomaşınını Bakı-Sumqayıt şossesinin kənarında, yəni Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, “Bazarstore” marketin qarşısında saxlayıb, əmisigilin yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 06 radələrində küçəyə çixib, avtomaşınına baxan zaman DAF markalı **-NS-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomaşınının hər biri 450 manat dəyəri olan 2 ədəd 220 amperlik akkumlyatorunun yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 18 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlaması və qəbul etməsi barədə məxfi mənbədən daxil olmuş məlumatı idarə rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra həmin məlumatı yoxlamaq üçün iş yoldaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs axtarmağa başlamış və həmin günü saat 19 radələrində sonuncunu Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 3 nömrəli tam orta məktəbin yaxınlığında görüb ona yaxınlaşaraq özlərini təqdim edib, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, videoçəklişlə üzərində şəxsi axtarış aparılması üçün Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nə gətirib dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələrini izah edib, üzərində qanunla saxlanılması qadağan olunan əşya və predimet varsa təqdim etməsini təklif etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində bir büküm narkotik vasitə heroin və bir büküm də psixotrop maddə metamfetamin olduğunu bildirib, əlini əynindəki boz rəngli şalvarının cibinə salıb, həmin bükümləri təqdim etmiş və bükümləri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən hər biri 15 manat olmaqla, ümumilkdə 30 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilmədiyindən onun təqdim etdiyi həmin bükümlərə baxış keçirilmiş və bükümlərdə olan narkotik vasitə heroinə oxşar kütlə, həmçinin psixotrop maddə metamfetaminə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azəravtoyol şirkətində sürücü işləyir. **-JZ-*** dövlət nömrə nişanlı, “Ford Carqo 2524” markalı yük avtomobilini idarə edir. O, həmin avtomobillə xx.xx.2022-ci il tarixdə təxminən saat 03 radələrində yaşadığım Xırdalan şəhəri, R.Behbudov küçəsi, nömrəsiz yaşayış evinin qarşısında küçədə saxlayıb yaşadığı evə getmiş və orada yeməyini yeyib, namazını qıldıqdan sonra təxminən saat 05:15 radələrində işə getmək üçün evdən küçəyə çıxıb idarə etdiyi həmin yük avtomobilinə yaxınlaşmış, bu zaman avtomobilin üstündəki 740 manat dəyəri olan 2 ədəd “İnci Akü” markalı, 190 amperlik akkumlyatorunun yerində olmadığını görmüşdür. Akkumlyatorların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını yəqin edib mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/3889 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində : “Azərbaycan Respublikası DİN Zərflər üçün 56№” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,339 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,289 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,331 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,281 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahi 1) daxildir. Məhkəmə-narkoloji xx.xx.2022-ci il tarixli, 6789 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1146 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, cinayət işinin 87-ci vərəqində olan Təqsirləndirilən şəxs adından olan izahatda “İmza: Təqsirləndirilən şəxs” yazıları arasında olan imzalar, 99-cu vərəqində olan Təqsirləndirilən şəxs adından olan xx.xx.2022- ci il tarixli izahatın orta hissəsindəki imza və həmin izahatın sonunda “İmza: A. Rəsulov” yazıları arasında olan imza, 112-ci vərəqində olan Təqsirləndirilən şəxs adından olan xx.xx.2022-ci il tarixli izahatın orta hissəsindəki imza və izahatın sonunda “imza Təqsirləndirilən şəxs” yazıları arasında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2011-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən cəzası 08 il müdətinə endirilmiş, xx.xx.2018-ci ildə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarına əsasən 08 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaqa təqdim edilmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, ona görə də onların Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri yoxdur. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,289 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,281 qram olan psixotrop maddə –metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki boz rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bir büküm halında bükülmüş içərisində narkotik vasitə olan heroini və siqaretin qızılı rəngli kağızına bir büküm halında bükülmüş içərisində psixotrop maddə-metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 17-ci bəndinə görə cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında bildirmişdir ki, davam edən cinayətlərə aşağıdakı əlamətlər xasdır: - müxtəlif vaxtlarda iki və daha artıq bir-biri ilə faktiki əlaqədə olan əməllərin törədilməsi; - əməllərin bir-biri ilə vahid niyyət və yekun (ümumi) nəticənin əldə olunması istəyi ilə birləşməsi; - cinayətlərin çoxluğundan fərqli olaraq bir cinayət kimi qiymətləndirilməsi və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunması. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yük avtomobillərindən akkumlyatorları oğurlayarkən həmin avtomobillər biri-birinə yaxın məsafədə olduqları üçün təkrar oğurluq etmədiyini, daha sonra cinayət işi materiallarındakı izahatlar onun tərəfindən imzalanmadığını, ümumiyyətlə yalnız bir epizod üzrə izahat verdiyini, digər izahatlar və izahatlardakı imzalar ona məxsus olmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatla bağlı qeyd edir ki, əməllərin davam edən cinayət kimi xarakterizə olunması üçün əvvəlcədən formalaşmış vahid niyyətin mövcudluğu şərti tamamlanmış olmalıdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin, şahidin ifadələri və ekspert rəyi əsasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 iyul 2022-ci il tarixdə saat 03 radələrində Şahid3 idarə etdiyi və Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov küçəsində yaşadığı nömrəsiz evin qarşısında saxladığı, “Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi” publik hüququ şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Ford” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin hər biri 370 manat dəyərində olan 2 ədəd “İnci-aku” markalı akkumulyatorları gizli olaraq talamış, bundan sonra onda yenidən 15 iyul 2022-ci il tarixdə 03:20 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən “Bazarstore” marketin qarşısında saxladığı “DAF” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobilinin hər biri 250 manat dəyərində olan 2 ədəd akkumlyatorlarını da oğurlamaq niyyəti təkrar formalaşmışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri keçirilərkən Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsini təsdiq etməklə əyani olaraq hansı oğurluq cinayətlərini törətməsini özü göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman qeyd edilən oğurluq əməllərini törətməsini təsdiq etmişdir. Bundan başqa məhkəmənin təşəbbüsü ilə iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1146 saylı rəyi ilə müəyyən edilir ki, cinayət işi materiallarına əlavə edilmiş etirafedici izahatda və sair sənədlərdə təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədəəldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza iləəhatə etmək yolu ilə və ya təyin olunmuşcəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırıüçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmişəlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növüüçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,289 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,281 qram olan psixotrop maddə –metamfetamin məhv olunmalı, 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan məhkəmə kimyəvi ekspertiza xərci və məhkəmə xəttşünaslıq ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 114 manat məhkəmə kimyəvi ekspertiza və 125 manat məhkəmə xəttşünaslıq ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,289 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,281 qram olan psixotrop maddə –metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-213/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-213/2023
28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver