Məhkəmə qərarları › İş №1(012)-214/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-214/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-214/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Salyan rayonu, Ərəbqaraşbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Kür Qaradaşlı ə/d Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə hamının sərbəst giriş imkanı olan 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən “X2” adlı çörək bişirilən və satılan yerə daxil olaraq həmin yerdə işləyən Zərərçəkmiş şəxs2 piştaxtanın üstündə qoyulmuş 200 manat dəyərində olan 01 ədəd “Samsunq J3” markalı mobil telefonunu gizli olaraq talamaqla sonuncuya həmin məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsi-11 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında küçədə saxladığı “Chevrolet Kruz” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq pəncərə şüşəsinin yarı açıq vəziyyətdə olmasından istifadə edərək, həmin avtomobilin salonunda qabaq oturacağın üstündə olan, Zərərçəkmiş şəxs1 məxsus 1000 manat dəyərində, 01 ədəd “Samsunq A52” markalı mobil telefonu, içərisində 130 manat olan pul qabını gizli olaraq talamaq istəyərkən avtomobil sahibi Zərərçəkmiş şəxs1 həmin yerə gəlib, onu yaxalandığına görə bilavasitə oğurluq cinayətini törətməyə yönəlmiş qəsdən edilən əməli asılı olmayan səbəbdən başa çatdıra bilməyib oğurluq etməyə cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində bir ədəd şəffaf selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahıs”ına (Siyahı İ) daxil olan 0,826 qram çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, Abşeron rayonu Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20:50-də Abşeron RPİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Abşeron rayonu Xırdalan şəhəri, 26-cı məhəllə, H.Zərdabi küçəsində saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd ağ selofana bükülmüş çəkisi 0,826 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində iş axtarmaq üçün yaşadığı Salyan rayonundan Abşeron rayonuna gəlmiş və bir neçə gün Xırdalan şəhəri 28-ci məhəllədə gecəsi 3 manat olan evlərdə qalmaqla iş axtarmağa başlamışdır. Lakin iş tapa bilməyib pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmiş və bu niyyətlə 13 sentyabr 2022-ci tarixdə saat 14 radələrində Xırdalan şəhərində münasib yer axtarmağa başlamışdır. M.Hüseynzadə küçəsindəki “X2” adlı çörək bişirilən və satılan yerə daxil olduqdan sonra orada işləyənlərin başının müştərilərə qarışdığını və oradakı piştaxtanın üstündə bir ədəd “Samsunq J3” markalı mobil telefonun görüb, həmin telefonu gizlincə götürüb cibinə qoyub oradan uzaqlaşmış və Xırdalan şəhərində “köhnə bazar” adlanan yerdə həmin telefonu 20 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xırcləmişdir. Bundan bir neçə gün sonra yəni, 19 sentyabr 2022-ci il tarixə keçən gecə gecələmək üçün pul tapa bilməyib küçədə qalmış və səhər saat 08 radələrində küçədə dayanmış hansısa avtomobildən oğurluq etmək niyyəti ilə Xırdalan şəhərində küçədə gəzməyə başlamışdır. Bu zaman qara rəngli bir avtomobilin küçədə dayandığını görüb, oğurluq etmək niyyəti ilə həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilin qabaq sağ oturacağının üstündə bahalı bir mobil telefonun olduğunu və sürücü tərəfdəki pəncərəsinin bir az aşağı endirilmiş vəziyyətdə olduğunu görüb, həmin pəncərəni aşağıya salıb qapını içəridən açıb, oturacağın üstündəki mobil telefonu oğurlamaq istəmişdir. Elə bu vaxt sonradan avtomobil sahibi olduğunu bildiyi bir kişinin həyət darvazasından çıxıb ona tərəf gəldiyini görüb qaçmağa başlamışdır. Lakin həmin kişi arxadan çatıb onu tutmuş və polisə zəng etmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları yanlarına gəlib onu polis idarəsinə gətirmişlər. O da etdiyi cinayəti etiraf edib həmin avtomobildən mobil telefon, başqa qiymətli əşya və pul oğurlamaq istədiyini bildirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 20:50-də Xırdalan şəhəri 26-cı məhəllə H.Zərdabi küçəsində olan zaman mülki paltarda iki nəfər şəxs ona yaxınlaşmışdır. Abşeron RPİ-nin polis əməkdaşları olduqlarını bildirib polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirmişdir. O da polis əməkdaşlarına etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Abşeron RPİnin xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa təqdim etsin. O da tünd boz rəngli şalvarının sağ yan cibində olan şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində almışdır. Üzərində çıxan narkotik maddədən əlavə heç yerdə narkotik vasitə saxlamamışdır. Narkotik aldığı şəxsin mobil nömrəsini bilməmiş, ilk dəfə imiş ki, narkotik vasitə olan heroin almışdır. O, polis idarəsində olan zaman ona qarşı heç bir fiziki və psixi zor tətbiq olunmamışdır. Əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, "Chevrolet Kruz" markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili işdən sonra yaşadığı evin həyətində saxlamışdır. 19 sentyabr 2022-ci il tarixə keçən gecə də maşını həyətində saxlamışdır. Səhər saat 08:30 radələrində uşağını məktəbə apraıb, evə qayıtdıqdan sonra maşınını küçədə saxlayıb qapılarını kilidləmişdir. Amma qabaq qapının yan şüşələrini salonda hava olması üçün bir az aralı saxlayıb evə getmişdir. Səhər yeməyi yeyib işə getmək istədiyi vaxtı evlərində quraşdırdığı nəzarətmüşahidə kamerasının manitorunda tanımadığı bir nəfərin küçədə saxladığı maşınının bir az aralı saxladığı pəncərəsini aşağıya çəkərək qırıb maşınının salonundan oğurluq etmək istədiyini görüb tez küçəyə çıxmışdır. Həmin adam onu görən kimi oğurluq etmək niyyətindən daşınıb küçə ilə qaçmağa başlamışdır. O da həmin şəxsin ardınca qaçaraq təxminən 6-7 metr məsafədə yaxalayıb yerə yıxmış və üstündə olan mobil telefonu ilə DİN-nin 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Texminin 10 dəqiqə keçməmiş Abşeron RPİ-nin əməkdaşları xidməti avtomobillə onun yanına gəlib, yaxaladığı həmin adamı Abşeron RPİ-nə gətirmişlər. O da polis idarəsinə gəlmişdir. Polis idarəsində məlum olmuşdur ki, avtomobilindən oğurluq etmək istəyən şexs Təqsirləndirilən şəxsdur. Sorğu zamanı həmin Ağacan onun avtomobilinin salonunda saxladığı "Samsung A52" markalı mobil telefonunu gördükdən sonra həmin telefonu oğurlamaq qərarına gəldiyini və bu məqsədlə də maşınının yan şüşəsini sındırmaq istədiyini bildirmişdir. Həmin vaxtı avtomobilinin salonunda 2 ədəd mobil telefonu və pul qabında 130 manat pulu olmuşdur. 1000 manat dəyərində olan "Samsung A52" markalı mobil telefonu avtomobilinin salonunda qabaq sağ oturacağın üstündə, 80 manat dəyərində olan "Nokia 6700" markalı balaca mobil telefonu ilə içərisində 130 manat pulu ve sənədləri olan pul qabısı isə avtomobilin salonunda sürətlər qutusunun yanındakı saxlanc yerində olmuşdur. Şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev-6, mənzil 2-də yaşayır. Bir neçə il olar ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzdadə küçəsində yerləşən "X2" adlanan təndirxananı icarə əsasında işlədir. Təndirxanada çörək və bəzi başqa un məhsulları bişirib satırmışlar. 13 sentyabr 2022-ci ildə saat 14 radələrində işdə olduğu vaxtı işlətdiyi "Samsung J3" markalı mobil telefonunu təndirxanadakı piştaxtanın yanında olan pəncərənin qarşısına qoyub işi ilə məşğul olmağa başlamışdır. Bir neçə dəqiqə ərzində təndirxanaya gələn müştəriləri yola salmağa başlamış və sonra həmin mobil telefonunu qoyduğu yerdən götürmək istəyəndə telefonumnn yerində olmadığını görüb axtarmağa başlamışdır. Lakin tapa bilməmişdir. Başqa bir telefonla həmin mobil telefonunun ***-***-**-** nömrəsinə zəng etmişdir. Telefona zəng çatsa da, heç kim cavab verməmişdir. İki gün telefonuna zəng çatsa da, sonra zəng çatmamışdır. O da telefonunun oğurlandığını yəqin edib, 13 sentyabr 2022-ci il tarixdə polisə şikayət etmişdir. Həmin mobil telefonunu 4 il əvvəl işlənmiş vəziyyətdə 200 manata almışdır. Şikayətçi deyil, çünki bilir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı qaytara bilməyəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Xırdalan şəhərində narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə 02 oktyabr 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, H.Zərdabi küçəsində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Ağacana üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsdən əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Ağacan bildirdi ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan, “kokos” adlanan heroindir. Həmin narkotik maddə olan heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda 20 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Onlara Ağacanın narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda Ağacanın narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 03 oktyabr 2022-ci il tarixli, 6/5673 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs -imza...dörd imza...Təhqiqatçı K.Yasinli -imza” yazı əlavə qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,826 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,776 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 06 dekabr 2022-ci il tarixli, 9/8507 nömrəli rəyindən görünür ki,ekspertiza tədiqiatına təqdim edilmiş 1 ədəd “Samsunq” markalı A52 model mobil telefonun satış üçün kompletləşdirilməsinə daxil olan aksesuarların olmaması işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminıən 320 manat müəyyən edilir. Məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 6624 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və Kannabioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,776 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron rayon polis idarəsinin şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat təmin edilməmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 29, 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü barəbar tutulur. İstinad edilən maddələrin tələbləri baxımından Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanmaqla cəzalar Cinayət Məcəlləsinin 66.2 və 68.1.1-1-ci maddərinə əsasən qismən toplanaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 142 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,776 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut Samsunq markalı, A52 model telefon sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış hesab olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.2-ci-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası və azadlıqdan məhrum etmə cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər olmaqla, yəni 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 142 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,776 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut Samsunq markalı, A52 model telefon sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış hesab olunsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar