Məhkəmə qərarları › İş №1(012)-214/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-214/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-214/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Ukrayna Respublikası, Donetski vilayəti, Qorlovka şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2di yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Kaktus" restoranı yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 1,103 qram çəkidə narkotik vasitə olan heroini 15 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 13 mart 2024-cü il tarixdə saat 02:30 radələrində Abşeron RPİ-nin Cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra həmin gün saat 03:30-dən 03:44-ə kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülüdə 1,103 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2 ildən çoxdur ki, narkotik vasitə istifadə edir, müalicə almışdır. Qeyd olunan tarixdə polis əməkdaşları ona yaxınlaşmış və polis idarəsinə aparmışdır. Polis idarəsində üzərinə axtarış keçirilmiş və üzərindən xalq arasında “kakos” adlanan narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməmişdir. Daha sonrakı məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək qeyd etdi ki, ilkin etirafedici ifadəsini təzyiq və işgəncə altında vermişdir. Narkotik vasitə ona məxsus deyildir. İlkin məhkəmə iclasında verdiyi etirafedici ifadəni isə ilkin ifadəsini dəyişməyi özünə sığışdırmadığı üçün verdiyini bildirmişdir. Sonda üzərində narkotik vasitə olmadığını,polis əməkdaşları tərəfindən təzyiq və işgəncəyə məruz qaldığını bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə onun tərəfindən 13 mart 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində olan zaman orada piyada şəkildə dayanan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Ruslana üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Ruslanın təqdim etdiyi şəffaf sellofana bükülmüş toz şəkilli bir büküm heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Ruslan üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Ruslanın narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da Ruslanın narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə sonuncu tərəfindən 13 mart 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində olan zaman orada piyada şəkildə dayanan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Ruslana üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofona bükülmüş toz şəkilli bir büküm heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Ruslanın narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da Ruslanın narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 mart 2024cü il tarixli protokoldan görünür ki, 13 mart 2024-cü il tarixdə, saat 03:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1472 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” möhür əksi, “1) Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,103 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 1,103 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 1,003 qramdır. Aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat təşkil edir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nurlan Məmmədovun vəsatəti təmin edilməmişdir. - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsinə dair” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Abşeron RPİ-nin X6 dərhal azad olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 aprel 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X4 haqqında 16 aprel 2024-cü il tarixli, 2413 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və sedativ və yuxu gətirici vasitələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Maddi sübut kimi tanınma haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza keçirildikdən sonra qalıq qalmış 1,003 qram narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - 21 noyabr 2024-cü il tarixli Abşeron Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. - Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə tutularaq Abşeron Pİ-in MSY-nə təhvil verilmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon Polis İdarəsini İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını bildirməsi ilə bağlı Abşeron Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Abşeron RPİ-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi halları təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Abşeron Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu kitabından” görünür ki, X5 xx.xx.2024-cü il saat 03:00-da Abşeron RPİ-nin MSY-də qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə saat 18:35-də azad olunmuş, tibbi müayinə zaman şikayətinin olmadığı qeyd olunmuşdur. - “Sübutların qiymətləndirilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış 1,003 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 13 mart 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə olunmuş, həmçinin iş üzrə təqsirləndirilən şəxsin etirafedici və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, diskə baxış protokolu, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə 13 mart 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən çıxartdığı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim təqdim edərək, həmin kütlənin narkotik vasitə olan heroin olmasını və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman təzyiqlərə məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə habelə iş üzrə axtarış nəticəsində tutulmamışdan əvvəl azadlıqda qaldığı müddətdə, həmçinin onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla belə, təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması faktının araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqan olan prokurorluğa məlumat verilmiş, və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Abşeron RPİ-nin əməkdaşlarının əməlində qanunsuz hərəkətlərə yol verməsi faktı öz əksini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, saxlanılan zaman üzərində narkotik vasitənin olmaması və ittiham olunduğu əməlin polis əməkdaşları tərəfindən ona təzyiq gücü ilə boynuna qoyulması ilə bağlı dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə videogörüntüdən də müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü çıxarıb, təqdim etmişdir. Narkotik vasitənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Habelə təqsirləndirilən şəxsin şəxsiyyətinin mənfi xarakterizə olunması, məhkəmə istintaqından gizlənərək istintaqın keçirilməsinə mane olması, axtarış nəticəsində tutulması bir daha onun cinayət məsuliyyətindən yayınmasına dəlalət edən hal kimi qiymətləndirilir. Odur ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan hallarla bağlı heç bir səlahiyyətli orqana müraciət etməməsi, onun ilkin iclasında təqsirini etiraf etməsi, daha sonra isə özünü təqsirli bilməməsi məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq üçün qeyri-səmimi ifadə verməsi kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq şahidlər Şahid1 və Şahid2 cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə şahidlərə sual vermək imkanı yaradılsa da, onlar tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yetkinlik yaşına çatmayan övladının olmasıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici hal kimi himayəsində bir azyaşlı uşağın olması və ağırlaşdırıcı halların olmaması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməmiş, məhkəmədən qaçıb gizlənmişdir. Barəsində axtarış elan edilmiş və axtarış nəticəsində tutulmuşdur. Göstərilən hallar, təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi qiymətləndirilir və bu da əməlin ictimai təhlükəliliyinə, təqsirləndirilən şəxsin yenidən oxşar və ya digər cinayətlər törədəcəyinə, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi halda həm cəzanın təqsirləndirilən şəxsin islah olunmayacağına, habelə cəzanın icrasından yayınacağına dəlalət edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə 07 mart 2025-ci il tarixdən hesablanmalı, həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 haqqında 16 aprel 2024-cü il tarixli, 2413 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,003 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 07 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,003 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar