Məhkəmə qərarları › İş №1(012)-215/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-215/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-215/2021 04.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşübə Ələddin qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1971-ci il təvəllüdlü, Qazax şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, Kosalar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, fərdi evdə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilən ittiham aktı üzrə irəli sürülən ittihama əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19.01.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən «Oazis» kafesində tanışı X3 ilə spirtli içki qəbul etdikdən sonra əvvəllər aralarında maşın alverindən yaranmış borcu cüzi səbəb gətirərək özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davaranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayət olunmaqla ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıq hörmətsizlik ifadə edərək ciddi səbəb olmadan ictimai yer olan kafedə sonuncu ilə dalaşaraq üzərində gəzdirdiyi silah qismində istifadə olunan iti uclu və kənarlı bıçaqla onun sifət, gicgah və bel nahiyələrinə vurub ona sağ gicgah nahiyəsinin, sağ yanaq nahiyəsinin və bel nahiyəsinin sağ yarısının kəsilmiş yarası, sağ gözün alt qapağının qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, avtomobil alveri ilə məşğul olan Zərərçəkmiş şəxs təxminən bir il olar ki tanıyır, Elçinlə iki dəfə arasında avtomobil alveri olmuş, sonuncu alverdən - barter etdiyi avtomobilə görə Elçinlə onun arasında 700 manat pul borcu yaranmış, Elçin həmin pulu təxminən 3 ay olar ki, yəni hadisə baş verən tarixədək ona ödəməmişdir. 19 yanvar 2020-ci il tarixdə təxminən saat 23 radələrində Qazax rayonundan Bakı şəhərinə gəlmiş, Bakı Avtovağzalında olarkən Elçin ona zəng etmiş və Xırdalan şəhərində yerləşən parkın yanında Kənanın işlətdiyi «Oazis» kafesində olduğunu bildirib onu kafeyə yeyib içməyə dəvət etmişdir. O, əvvəlcə kafeyə gəlmək istəməmiş, lakin Elçin ona üç dəfə zəng edib kafeyə gəlməsini demiş, onun israrlı təkidindən sonra avtovağzaldan birbaşa kafeyə gəlmiş və kafedə Elçin və Kənanla birlikdə yeyib içmiş, kafedə yeyib içən zaman Elçinin təkidi ilə təxminən 200 qram spirtli içki içdikdən sonra söhbət əsnasında ona «üç aydır ki, borcumu vermirsiz, kişisiz borcumu verin» dedikdə Elçin ona «Qazaxda kişi var ki?, sən nə kişilikdən danışırsan» bildirmiş, onun gözlənilmədən dediyi bu təhqirli sözlər ona pis təsir etdiyindən və həmin vaxtı içkili olduğumdan aralarında mübahisələri düşmüş və bir–biri ilə tutaşmışlar. Onlar bir-birinin yaxansından tutub dartışmış, bu zaman Elçin stolun üstündəki şüşə qabları vurub dağıtmış və ona şüşə qab atdığı üçün o da stolda olan şüşə qabı götürüb sonuncuya tərəf atmış və həmin qab Elçinin sifətinin sağ hissəsinə dəyərək xəsarət almışdır. Həmin vaxtı Kənan onların yanında olmuş və araya girib Elçinin atdığı qabların ona dəyməsinə imkan verməmişdir. Bundan sonra Kənan onları ayırdıqdan sonra o, kafedən çıxıb evinə getmişdir. O, evə gəldikdən 10-15 sonra Kənan evə zəng edib Elçinin sifətindən qan gəldiyini bildirib xəstəxanaya aparmaq lazım olduğunu demişdir. O, evə gəldikdə əynindəki paltarlar dağınıq olduğundan evdəkilər nə baş verməsi barədə maraqlandıqda onlara dalaşdığını bildirmişdir. Kənanın zəngindən sonra o, evdən çıxıb yenidən kafeyə qayıtmaq istədikdə həyat yoldaşı imkan verməmiş və hadisə yerinə özü getmiş, ora çatarkən artıq Kənanın Elçini xəstəxanaya apardığını bilmiş və bundan sonra o xəstəxanaya gedib orada Elçinə maddi yardım etmək istədikdə Elçin sərxoş vəziyyətdə xəstəxanada da qazaxlıların ünvanına nəlayiq söyüşlər söyməyə başlamışdır. O, əlavə olaraq göstərdi ki, hadisə zamanı Elçin ona stolun üstündə olan qablardan atdığı üçün o da stolun üstündəkin qablardan götürübı ona tərəf atmışdır. Lakin həmin vaxtı sərxoş olduğundan Elçinə butulka və yaxud qab atdığını dəqiq xatırlamır. Hadisə zamanı onun əlində bıçaq olmamış və Elçinə bıçaqla heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 19 yanvar 2020-ci il tarixdə axşam saatlarında Xırdalan şəhəri, 27-ci məhəllədə tanışı Kənanın işlədiyi «Oazis» kafesində digər tanışı Vasiflə əyləşib yemək yeyib spirtli içki qəbul etmişdir. Həmin vaxtı söhbət əsnasında Vasiflə aralarında olan avtomobil alqı-satqısına görə mübahisə olmuş, mübahisə vaxtı Vasif stolun üstündə olan şüşə butulkanı ona atmış, lakin butulka ona dəyməyib yerə düşmüşdür. O, həmin vaxtı özünü müdafiə etmək üçün Vasifi tutub divara sıxmış, Vasif isə həmin vaxtı bıçaqla sifətinin sağ hissəsinə və bel nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Kənan onları aralaşdırmış və Vasif oradan çıxıb getmişdir. O da bundan sonra dəfələrlə Vasifə zəng edib gəlib onu xəstəxanaya aparmasını bildirmiş, lakin Vasif kafeyə qayıdıb onu xəstəxanaya aparmağa köməklik etməmiş, Təqsirləndirilən şəxs onu həyatı ilə təhlükə altına ataraq qaçmışdır. O, çoxlu qan itirdiyi üçün huşu özündə olmadığından kafenin işçisi Kənan onu öz avtomobili ilə Abşeron təcili tibbi yardım xəstəxanasına aparmış, orada onun çoxlu qan itirdiyini görən həkimlər onu təcili olaraq tibbi yardım avtomobilinə qoyaraq Bakı şəhəri 1 saylı X7 təxliyə etmişlər. O, özünə gələn zaman xəstəxanada olduğunu görmüşdür. O, əlavə olaraq göstərdi ki, Vasif bıçaqla onu vurmamışdan əvvəl dəfələrlə bıçaqla ona xəsarət yetirəcəyi ilə hədələmiş, Vasif əlindəki bıçaqla onun sağ tərəfidən gicgahından, sağ qulağından və kürək nahiyəndən vurmuşdur. O, əvvəllər də Vasifin üzərində bıçaq olduğunu görmüşdür. Hadisə zamanı Vasiflə əlbəyaxa olduqda bir-birləri ilə tutaşmış, həmin vaxtı da Vasif üstündə gizlətdiyi bıçaqla onun sağ qulağından, sağ gicgah nahiyəsindən və belindən vuraraq xəsarət yetirmiş, lakin sonuncunun ona xəsarət yetirdiyi bıçağın əlamətlərini görə bilməmişdir. Hadisə kafenin zalında baş vermiş, dava dalaş təxminən 15-20 dəqiqə davam etmişdi həmin vaxtı kafedə müştəri olmamış, kafedə yalnız işçi Kənan qalmışdı. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onunla barışmadığnı, ibtidai istintaq zamanı ona təqsirləndirilən şəxs tərəfindən 3000 manat ziyan ödənildiyini, onun müqabilində barışıq barədə ərizə yazdığını, hazırda yazdığı barışıq ərizəsindən imtina etdiyini, ona qarşı maddi və mənəvi ziyana görə 30 000 manat mülki iddia irəli sürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddianı qəbul etməyərək zərərçəkmiş şəxs və mülki iddiaçı qismində olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı müalicəsi ilə əlaqədar 3600 manat pul verdiyini, onun isə barışıq ərizəsi yazdığını, hadisənin zərərçəkmişin onu təhqir etməsi nəticəsində baş verdiyini, hazırda isə ondan yenidən 30000 manat pul istəməsinin qeyri qanuni olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən beş il olar Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən «Oazis» kafesini icarə əsasında işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə birlikdə təxminən dörd ay olar ki işlədiyi kafeyə gəlirlər və o da həmin vaxtdan onları tanıyır. 19 yanvar 2020-ci il tarixdə axşam saatlarında Elçin kafeyə gəlmiş və bundan bir qədər sonra Elçin Vasifə zəng edib kafeyə çağırmış, həmin vaxtı Vasif də kafeyə gəlmiş və onlar üçlükdə əyləşib yemək yeyib spirtli içki içmişlər. Aralarında olan avtomobil alqısatqısına görə Elçinlə Vasif arasında mübahisə olmuş və mübahisə vaxtı Vasiflə Elçin kafedə tutaşmış, sonuncular bir-birlərinə əl qol atmağa başladığı üçün aralarına girib Vasifi Elçindən aralaşdırmış, bu vaxtı Elçinin sifətindən xəsarət aldığını görüb Vasifi kafedən çıxarmış, Vasif oradan çıxıb getmişdir. Elçini də əvvəlcə təcili tibbi yardıma və oradan isə Bakı şəhərinə X8 aparmışdır. Əlavə olaraq göstərdi ki, kafedə olarkən Vasifin əlində bıçaq olduğunu görməmiş, onların yalnız kafedə tutaşdıqlıqlarını və bir-birlərinə əl qol atdıqlarını görmüş, buna görə də aralaşdırıb Vasifi kafedən çıxarmışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranmış dava dalaş kafenin içərisində olsa da, dava dalaş zamanı kafeyə hər hansı maddi ziyan dəyməmiş və kafenin avadanlıqları zədələnməmiş və sınmamışdır. Kafedə hadisə baş verən ərəfədə işçilər olmamış, kafedə yalnız o, qalmış, hadisə zamanı kafedə ondan, Elçindən və Vasifdən başqa heç kəs olmamış, mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi ziyana görə 3600 pul vermiş, Zərərçəkmiş şəxs isə bu pulun müqabilində barışıq ərizəsi yazmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” publik hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının 23 yanvar 2020-ci il tarixli, 163 saylı rəyində qeyd olunmuşdur ki, 1981-ci il təvəllüdlü X2 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gicgah nahiyəsinin, sağ yanaq nahiyəsinin və bel nahiyəsinin sağ yarısının kəsilmiş yaraları iti kənara malik olan alətin təsirindən törənmişdir, sağ gözün alt qapatının qançırı – bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 19.01.2020-ci il tarixdə dava dadaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizası qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 23.04.2020-ci il tarixli, T 124/2020 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs sağ gicgah, sağ yanaq və bel nahiyəsində sağda kəsilmiş yara olmuşdur. Qeyd edilən xəsarətlər iti uclu və ya kənarlı alətin təsirindən törənmiş, bıçaqla yetirilən zərbə nəticəsində yaranması inkar edilmir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 19.01.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qıça müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağ yanaq nahiyəsindəki çapıq sifətdə asimmetriya və mimika pozğunluğu yaratmadığından silinən hesab olunmalıdır, zaman keçdikcə az nəzərə çarpacaqdır. Eybəcərləşmənin təyini məhkəmə tibbi ekspertin səlahiyyətinə aid deyildir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmir və onun əməli istintaq orqanı tərəfindən həmin maddə ilə düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür.- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasına əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətində həmin maddənin dispozisiyasında sadalanan əlamətlərin öz əksini tapdığı müəyyən olunmamışdır. Çünki istər təqsirləndirilən şəxsin, istərsə də şahid ifadələrindən görünür ki, mübahisənin yaranmasına səbəb, Zərərçəkmiş şəxs Şahid yanında Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlədərək şəxsiyyətini təhqir etməsi olmuşdur. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmış mübahisə gedişində onun sağlamlığına yüngül zərər vurmuş Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs avtomobil alveri ilə məşğul olan Zərərçəkmiş şəxs təxminən bir il olar ki tanıyır, Elçinlə arasında iki dəfə avtomobil alveri olmuş, sonuncu alverdən - barter etdiyi avtomobilə görə Elçinlə onun arasında 700 manat pul borcu yaranmış, Elçin həmin pulu təxminən üç ay olar ki, yəni hadisə baş verən tarixədək təqsirləndirilən şəxsə ödəməmişdir. Təqsirləndirilən şəxs 19 yanvar 2020-ci il tarixdə təxminən saat 23 radələrində Qazax rayonundan Bakı şəhərinə gəlmiş, Bakı Avtovağzalında olarkən Elçin ona üç dəfə zəng edərək Xırdalan şəhərində yerləşən parkın yanında Kənanın işlətdiyi «Oazis» kafesində olduğunu bildirib onu kafeyə yeyib içməyə dəvət etmiş, onun israrlı təkidindən sonra avtovağzaldan birbaşa kafeyə gəlmiş və kafedə Elçin və Kənanla birlikdə yeyib içmiş, kafedə yeyib içən zaman söhbət əsnasında ona «üç aydır ki, borcumu vermirsiz, kişisiz borcumu verin» dedikdə Elçin ona «Qazaxda kişi var ki?, sən nə kişilikdən danışırsan» bildirmiş, onun gözlənilmədən dediyi bu təhqirli sözlər ona pis təsir etdiyindən və həmin vaxtı içkili olduğundan aralarında mübahisələri düşmüş və bir– biri ilə tutaşmışlar. Onlar bir-birinin yaxansından tutub dartışmış, bu zaman Elçin stolun üstündəki şüşə qabları vurub dağıtmış və ona şüşə qab atdığı üçün o da stolda olan şüşə qabı götürüb sonuncuya tərəf atmış və həmin qab Elçinin sifətinin sağ hissəsinə dəyərək xəsarət almışdır. Həmin vaxtı Kənan kafedəki otaqda yanlarında olmuş və araya girib Elçinin atdığı qabların ona dəyməsinə qoymamışdır. Bundan sonra Kənan onları aralaşdırmış və Təqsirləndirilən şəxs kafedən çıxıb evinə getmiş, Şahid xəsarət almış Elçini əvvəlcə təcili tibbi yardıma və oradan isə Bakı şəhərinə X8 aparmışdır. İstintaq zamanı keçirilən məhkəmə tibb ekspertizası ilə X2 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlərin – sağ gicgah nahiyəsinin, sağ yanaq nahiyəsinin və bel nahiyəsinin sağ yarısının kəsilmiş yaraları iti kənara malik olan alətin təsirindən törənmişdir, sağ gözün alt qapatının qançırı – bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 19.01.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilməsi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya dair xəsarət olması müəyyən edilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidin məhkəmə baxışı zamanı verdikləri ifadələrdən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs 19 yanvar 2020-ci il tarixdə təxminən saat 23 radələrində zərəçəkmiş şəxsin dəvəti ilə Xırdalan şəhərində yerləşən parkın yanında Kənanın işlətdiyi «Oazis» kafesində Elçin və Kənanla birlikdə yeyib içərkən söhbət əsnasında ona «üç aydır ki, borcumu vermirsiz, kişisiz borcumu verin» dedikdə Elçin ona «Qazaxda kişi var ki?, sən nə kişilikdən danışırsan» sözü onlar arasında davanın başlamasına səbəb olmuş, dava zamanı zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Göründüyü kimi, məlum mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmış, mübahisəni onlardan və Kənandan başqa görən olmamışdır. Hətta ibtidai istintaq zamanı müstəntiq İlkin Kərimov hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş və cinayətdə predmet kimi istifadə olunmuş bıçağın saxlanıldığı yerin, həmçinin 19 yanvar 2020-ci il tarixdə təxminən saat 23 radələrində Xırdalan şəhərində yerləşən parkın yanında Kənanın işlətdiyi «Oazis» kafesində qeyd olunan hadisənin şahidi olmuş şəxslərin əməliyyat yolu ilə müəyyən edilməsi və istintaqa təqdim edilməsi kimi əməliyyat tapşırığı ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, Abşeron Rayon Polis İdarəsinin CAŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən rəisi 31 may 2020-ci il tarixli məktubla cinayətdə istifadə edilmiş bıçağın olduğu yerin və hadisənin şahidlərinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Göründüyü kimi, hadisə zamanı ətrafda digər şəxslərin olmaması, hadisə nəticəsində digər şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaranmaması, onların qorxu və narahatçılıq hissinə səbəb olmaması müəyyən edilmişdir. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, zərərçəkmiş şəxsə xəsarət yetirilməsində silah qismində istifadə olunan bıçaq maddi sübut kimi əldə edilərək iş materiallarına əlavə edilməmiş, habelə Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən «Oazis» kafesini icarəyə götürüb işlədən və məhkəmə iclasında şahid qismində dindirilən Şahid kafedə olan əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin baş verməməsini göstərmişdir. Hadisə zamanı təqsirləndirilən şəxsin bıçaqdan istifadə etməsi yalnız zərərçəkmiş şəxsin ifadəsində öz əksini tapmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, onun üç uşağının olması, onlardan birinin yetkinlik yaşına çatması, habelə iki azyaşlı uşağının isə onun himayəsində olması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hal yoxdur. Ona görə də, məhkəmə cinayət əməlini törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Probarsiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsinə qiymət verərkən hesab edir ki, mülki iddia mülki prosesual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməklə yanaşı, mülki iddiada maddi və mənəvi ziyana görə tılıb edilən məbləğ ümumi göstərilməklə əsaslandırılmamışdır. Ona görədə məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia baxılmamış saxlanılmalı, mülki iddiaçıya ümumi mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi İlyas qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində və məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəs ilə təqsirli bilinib ona aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi İlyas qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində və məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Probarsiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar