Məhkəmə qərarları › İş №1(012)-215/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-215/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-215/2024 16.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2003-cü ildə Neftçala rayonunun Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Neftçala rayonu Kürkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 mart 2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı metrosunun “İnşaatçılar” stansiyasının yaxınlığında yerdən tapdığı, Zərərçəkmiş şəxs məxsus “Kapital Banka” aid, üzərində “Hüsna Badalova” sözləri yazılmış, **********629178 nömrəli, elektron məlumat daşıyıcısı olan əmək haqqı kartından istifadə etməklə kartın başqa şəxsə məxsus olduğunu bilə-bilə həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki “Oba” marketdən 47 manat 90 qəpik dəyərində, “Araz” marketdən 40.00 manat dəyərində, “Bravo” marketdən 1,00 manat dəyərində, “Spar” marketdən 40 manat 40 qəpik dəyərində, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Rahat” marketdən 2.00 manat dəyərində, Abşeron rayonu, Masazır kəndində yerələşən “Bravo” marketdən 80.00 manat dəyərində, Abşeron rayonu, Masazır kəndində yerləşən “Oba” marketdən bir neçə dəfəyə 183 manat 70 qəpik dəyərində, cəmi 395.00 (üç yüz doxsan beş) manat dəyərində siqaret və digər əşyalar alaraq ödənişini Zərərçəkmiş şəxs həmin əmək haqqı kartı vasitəsi ilə aparmaqla sonuncuya məxsus cəmi 395.00 (üç yüz doxsan beş) manat pulu vahid niyyətlə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxındığında olarkən yerdən bir ədəd «kapital banka» aid kart tapmışdır. Yerdən tapdığı «kapital banka» aid kartın üzərində nömrələri olmuş, lakin həmin nömrələri xatırlamır. İnşaatçılar metrostansiyanın yaxnlığında yerdən tapdığı kartı cibinə qoyaraq özündə saxlamışdır. Kartı tapması barədə hüquq mühafizə orqanlarına məlumat verməmiş, pul kartı tapması barədə heç kimə bildirməmişdir. Yerdən tapdığı həmin kartla Bakı şəhəri, Yasamal rayonu ərazisində İnşaatçılar metrostansiasının yaxınlığında yerləşən «Oba» marketdən, «Araz» markentdən, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən «Oba» marketdən və sonuncu dəfə Abşeron rayonu, Masazır kəndi, Ə. Vahid küçəsində yerləşən «Bravo» marketdən «Sobranie Caster» markalı siqaretlər almışdır. Aldığı siqaretlərə cəmi 395 (üç yüz doxsan beş) manat pulu tapdığı həmin «kapital banka» aid kartının hesabından kart vasitəsi ilə ödəmişdir. O, izi itirmək üçün, yəni onu tapa bilməsinlər deyə bir neçə mağazadan siqaret alaraq ödənişi tapdığı kart vasitəsi ilə həyata keçirtmişdir. O, tapdığı kartdan istifadə etməklə həmin marketlərdən xırda məbləğlərlə olan ödənişlərlə kontur, su, şirniyyat almışdır. 100 manatdan aşağı məbləğdə ödəniş etdikdə ödəniş terminalında kod tələb olunmadığı üçün və tapdığı kartın kodunu bilmədiyi üçün aşağı məbləğlərdə ödsəniş etmək üçün bir marketdən bəzən bir neçə dəfə alış-veriş etmişdir. Axırıncı dəfə Abşeron rayonu, Masazır kəndində yerləşən Oba marketdən 1 manat 70 qəpiyə enerji içkisi və həmin marketdən 82 manat dəyərində siqaret almışdır. Həmin kartla alış-veriş etdikdən sonra kartın balansındakı pul qurtarandan sonra kartı Abşeron rayonu, Masazır kəndində tullamışdır. Marketlərdən aldığı «Sobranie Caster» markalı cəmi (doqquz) qutu (blok) olmaqla 90 qutu siqaretləri topdan ucuz qiymətə sataraq nağd pul əldə etmək qərarına gəlmişdir. Odur ki, həmin siqaretləri 11 mart 2023-cü il iarixdə , günorta vaxtı tanıdığı Vüsal adlı şəxsin işlətdiyi Qaradağ rayonu, Binə ticarət mərkəzindəki köşkə gətirmiş, orada köşkü işlədən Vüsala bir qutusunu 3 (üç) manat 30 qəpiyə satmışdır. Vüsaldan cəmi 300 (üç yüz) manat pul almış və həmin pulu «poz qazan» mərc oynunda oynayıb uduzmuşdur. O, kart vasitəsi ilə bankomatdan pul çıxaran şəxslərin fotoşəkillərinin bankomatdakı aparat vasitəsi ilə çəkildiyini bildiyi üçün yerdən tapdığı kartdan bankomat vasitəsi ilə pul çıxartmamışdır ki, fotoşəkilini bankomat çəkməsin, onu tapa bilməsinlər. Bir neçə mağazadan siqaret alıb satmaqla kartdakı pulu əldə etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun «kapital bank” tərəfindən verilmiş, özünə məxsus **********629178 nömrəli əmək haqqı kartı olmuşdur. O, işlədiyi Bakı şəhərində yerləşən "xxxx" MMC-dən hər ay 400 manat əmək haqqı almışdır. Onun işlədiyi "xxxx" MMC-dən aldığı əmək haqqımın məbləği 400 manat olmuş, lakin gördüyü işin müqabilində ona əlavə faiz də verilir. Əlavə hesablanan 51 manat 50 qəpik də əmək haqımın üstünə hesablanıb gəldikdən sonra kart hesabıma 451 manat 50 qəpik məbləğində pul köçürülmüşdür. Əvvəldən kartının balansında 38 qəpik qalıq olmuş, həmin qalığın üstünə xx.xx.2023-cü il tarixdə 451 manat 50 qəpik toplandıqdan sonra kartının balansında 451.88 (dörd yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində pul olmuşdur. Həmin gün saat 18 radələrində işdən çıxmış, əmək haqqı kartına köçürüldükdən sonra kartında olan pulun bir hissəsini, yəni 56.79 (56 manat 79 qəpiyini) manatını özü xərcləmişdir. Həmin puldan mobil telefonuna kontur vurmuş, yeməkxanadan şaurma sifariş etmiş və bəzi digər ödəniş və alış-verişlər etdikdən sonra kart hesabında 395.09 (üç yüz doxsan beş manat doqquz qəpik) manat pul qalmış, bundan sonra kartımı itirmişdir. Belə ki, hadisə baş verən gün saat 21 radələrində sonuncu dəfə Bakı şəhərində “Bravo” marketdən təxminən 3 manatlıq şokalad alıb əmək haqqı kartı ilə ödəniş etmişdir. Daha sonra kartı əynindəki qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin cibi açıq olmuşdur. O, marketdən çıxıb yolun əks tərəfinə keçmiş və bankomatdan əmək haqqını çıxartmaq üçün əlini cibinə salanda kartının cibində olmadığını görmüşdür. Dərhal yenidən marketə qayıtsa da kartını tapa bilməmişdir. O, evə gəldikdən sonra mobil tətbiq vasitəsi ilə kart hesabına baxarkən naməlum şəxs tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində «Oba» market və «Araz» marketlərdən, Masazır kəndi ərazisində «Oba» market, «Spar» market və «Bravo» marketdən alış-veriş edilərək onun kartından istifadə edilməklə ödənuiş edildiyini müəyyən etmişdir. O, kartı itirdikdən sonra kartını əldə etmiş şəxs kart hesabında olan 395.09 (üç yüz doxsan beş manat doqquz qəpik) manat pulun 395 (üç yüz doxsan beş) manatını mağazalardan alış-veriş edərək ələ keçirmişdir. Beləliklə, ona 395 (üç yüz doxsan beş) manat maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixdə kart hesabını bloklamış, sabahı gün Abşeron RPİ-nə gəlib özünə məxsus olan «kapital banka» aid əmək haqqı kartını Yasamal rayonu ərazisində itirdiyini və naməlum şəxs tərəfindən pulunun xərclənərək ələ keçirildiyi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirlmiş Şahid ifadəsində göstərmişdir ki, 10 ildir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Binə ticarət mərkəzində ticarət köşkü işlədir. 11 mart 2023-cü il tarixdə saat 13 radələrində Binə ticarət mərkəzinin yaxınlığında işlətdiyi köşkə gəlmiş, sonradan adını bildiyi Elman adlı şəxs ona yaxınlaşıb siqaret satdığını bildirmişdir. Elman adlı şəxs ona 9 (doqquz) qutru (blok) «Sobranie Caster» markalı siqaretin bir qutusunu 3 (üç) manat 30 qəpiyə satacağını bildirmişdir. O, da həmin qiymətlə razılaşıb 9 blok, hər blokda 10 ədəd, yəni 90 qutu «Sobranie Caster» markalı siqareti ondan 297 (iki yüz doxsan yeddi) manata almışdır. Elman adlı şəxs siqaretləri ona satanda siqaretləri tanışından alıb, satmasını ona bildirmiş, o, da siqaretləri topdan satış qiymətindən 10 qəpik ucuz olduğu üçün almışdır. Siqaretlərin Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə edilməsini bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə baxışı iclasında bir ədəd DVD formatlı CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər xx.xx.2023-cü il tarixdə saat 10:01-də qeydə alınır. Videogörüntü 00:00:48 saniyədən ibarət olmaqla restoranın kassa hissəsi istiqamətində olan müşahidə kamerası vasitəsilə qeydə alınır. Videogörüntünü ilk saniyələrində bir nəfər qara-sarı geyimdə olan şəxsin ayağı ilə mebelin altında olan görünməyən əşyanı irəliyə doğru itələdiyi müəyyən edilir. Həmin görüntünün 00:00:21-ci saniyəsində həmin şəxs əyilərək kağız parçasını əli ilə götürüb digər mebelin altına qoyduğu aşkar edildi. Bundan sonra videogörüntünün sonlarına yaxın həmin şəxsin kağız parçasını ayağı ilə itələdiyi və daha sonra əyilərək həmin kağız parçasını gizlətdiyi yerdən götürüb gizlin şəkildə cibinə qoyduğu müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il taixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 62-ci maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 09 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Axtarış elan edilməsi haqqında 01 may 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaqdan yayındığı üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqıında 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları trəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində tutularaq Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqına 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin icraatı təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir.Sübutların qiymətləndiriləməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış «kapital bank» kartı üzrə alış-verişə dair çıxarış cədvəli cinayət işinə əlavə edirlmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə çağrışlarından yayındığına görə Təqsirləndirilən şəxs barəsində (həbs nəzərdə tutulmadan) axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş xx.xx.2024-cü il tarixli 59/2-11135 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Abşeron rayonu ərazisində saxlanılaraq məhkəməyə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin icraatı təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il taixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron RPİ-də həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış «kapital bank» kartı üzrə alış-verişə dair çıxarış cədvəli saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Neftçala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə 02 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut «kapital bank» kartı üzrə alış-verişə dair çıxarış cədvəli cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmün icrası Neftçala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar