Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-216/2022 25.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X4, zərərçəkmiş şəxs Hacıyeva (Şirinova) Rəna Seyfəddin qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 27 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, korpus 93də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 06 noyabr 2017-ci il tarixdən başlayaraq 27 fevral 2005-ci il təvəllüdlü X5 və 02 sentyabr 2006-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 dekabr 2017-cı il tarixli, 2(011)-11808/2017 saylı qərardadının və 26 mart 2018-ci il tarixdən başlayaraq 27 fevral 2005-ci il təvəllüdlü X5 və 02 sentyabr 2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə hər ay 137,00 manat, ümumilikdə cəmi 274.manat sabit pul məbləğində alimentin tutulub Hacıyeva (Şirinova) Rəna Seyfəddin qızına ödənilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(011 )-517/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 06 may 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 15 mart 2021-ci il və 14 may 2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 noyabr 2021-ci il tarixə kimi, cəmi 12356 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Hacıyeva (Şirinova) Rəna Seyfəddin qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş aktlarını qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, istintaqın çağırışlarına vaxtında gələ bilməməyinə səbəb bir müddət qeydiyyatda olduğu ünvanda yaşamaması olmuşdur. O, Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən qazet köşkündə qeyri-rəsmi olaraq “Azər lotoreya” satışı ilə məşğul olur və aylıq gəliri orta hesabla 750,00 manat müqabilində təşkil edir. 1997-ci ilin fevral ayının 23-də Şirinova (Hacıyevə) Rəna Seyfəddin qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 03 aprel 1998-ci il tarixdə Fatimə adlı, 27 fevral 2005-ci il tarixdə İlqarə adlı və 02 sentyabr 2006- cı il tarixdə Vüqar adlı övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Rəna Şirinova ilə aramızda ailə münasibətlərinin pozulması nəticəsində, sonuncu 2017-ci ilin əvvəllərində üç azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gədərək onların himayəsində yaşamağa başlamışdır. Bundan bir müddət keçəndən sonra, keçmiş həyat yoldaşı Rəna Şirinova 2017-ci ilin qış aylarında ondan az yaşlı uşaqlarının saxlanılması üçün aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 06 noyabr 2017-ci il tarixdən baylayaraq 27 fevral 2005-ci il təvəllüdlü İlqarə Şirinovanın və 02 sentyabr 2006-cı il təvəllüdlü Vüqar Şirinovun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 137,00 manat, ümumilikdə cəmi 274,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Rəna Şirinovaya ödənilməsinə dair 19 dekabr 2017-ci il tarixli, 2(011)-11808/2017 saylı qərardad çıxarılmışdır. Məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra icrasının təşkili üçün aidiyyəti üzrə Abşeron Rayon İcra Şöbəsinə göndərilmişdir. Bundan sonra 2018-ci ilin ortalarında keçmiş həyat yoldaşı Rəna Şirinova ondan boşanmağa görə və alimentin artırılmasından ötrü yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 26 mart 2018-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd edilən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində alimentin müəyyən edilərək hər bir uşağa görə hər ay 137,00 manat, ümumilikdə cəmi 274,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Rəna Şirinovaya ödənilməsinə dair 09 aprel 2018-ci il tarixli, 2(011)-517/2018 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün yenidən aidiyyəti üzrə Abşeron Rayon İcra Şöbəsinə göndərilmişdir. Hər iki məhkəmə qərarı üzrə alimentə görə borclu olduğu məbləği maddi imkanı olmadığına görə tam olaraq ödəyə bilmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Abşeron Rayon Məhkəməsi tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. O, məhkəmə qərarlarından sonra keçmiş həyat yoldaşı Rəna Şirinovaya rəsmi olaraq imkanı daxilində 1070,00 manat ödəniş etdiyini, 04 noyabr 2021- ci il tarixədək ümumilikdə 12356,00 manat alimentə görə pul borcu qaldığını, həmin borcundan 2022-ci ilin yanvar ayında 500,00 manat məbləğində ödəniş etdiyini və aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Rəna Şirinovanın az yaşlı uşaqları ilə ona görüşə icazə vermədiyi üçün ödəniş etməmişdir. Alimenti ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Hacıyeva (Şirinova) Rəna Seyfəddin qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 26 dekabr 1996-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin rəsmi nikahlarından 03 aprel 1998-ci il tarixdə Fatimə adlı, 27 fevral 2005-ci il tarixdə İlqarə adlı və 02 sentyabr 2006-cı il tarixdə Vüqar adlı üç övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan 2012-ci ildən etibarən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs qanunsuz işlərlə məşğul olmağa başlamış və çoxlu sayda adamları aldadaraq onların pullarını ələ keçirmişdir. Bu səbəbdən də, 2013-cü il tarixdən etibarən faktiki ayrı yaşamağa başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını 6 saylı Cəzaçəkmə müəssisəsində çəkmişdir, lakin 3-4 ildən sonra cəzadan azad olunaraq azadlığa buraxılmışdır. 2017-ci ilin dekabr ayında nikahın pozulması və alimentin tələbi ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin Təqsirləndirilən şəxs nikahın pozulmasına razılığı tələb olunduğundan məhkəmə onlara üç aylıq müddət təyin etmiş, lakin iddianın təmin tədbiri kimi, Təqsirləndirilən şəxs 06 noyabr 2017-ci il tarixdən başlayaraq 27 fevral 2005-ci il təvəllüdlü X5 və 02 sentyabr 2006-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 137,00 manat, cəmi 274,00 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 19 dekabr 2017-cı il tarixli, 2(011)-11808/2017 saylı qərardad qəbul edilmişdir. Bundan sonra yenidən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(011)-517/2018 saylı qətnaməsinə əsasən 26 mart 2018-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd edilmiş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 274,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qərardadı və bununla bağlı qətnəmə icra olunması üçün aidiyyəti üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmuru tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Abşeron Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Lakin daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə 2019-cu ildə iki dəfə ödəniş etməklə, ümumilkdə 1070,00 manat ödəniş etmiş və 12356,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olur, həmçinin müəyyən dövr ərzində ev-alqı satqı sahəsində makler kimi fəaliyyət göstərərək qazanc əl etmiş, lakin qərəzli olaraq alimenti ödəməkdən yayınmışdır. Sonuncunun borclu olduğu məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 dekabr 2017-ci tarixli, 2(011 )-1808/2017 saylı qərardadı əsasında verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 06 noyabr 2017-ci il tarixdən başlayaraq 27 fevral 2005-ci il təvəllüdlü X5 və 02 sentyabr 2006-cı il təvəllüdlü X1 üçün cəmi 274 manat, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(011)-517/2018 saylı qətənaməsi əsasında verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 26 mart 2018-ci il tarixdən başlayaraq yuxarıda adları qeyd edilmiş uşaqların saxlanılması üçün cəmi 274 manat aliment pulunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuşdur. Göstərilən icra vərəqələri müvafiq olaraq 08 yanvar 2018-ci və 18 aprel 2018-ci il tarixlərdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8- ci maddəsi rəhbər tutularaq icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Borcluya verilmiş könüllü icra müddətində aliment borcu ödənilmədiyindən Təqsirləndirilən şəxs əmlak və gəlirlərini yoxlamaq üçün aidiyyəti orqanlara sorğular edilmiş, lakin alınmış cavablara əsasən borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. “Elektron İcra İnformasiya Sistemi” istifadəyə verildikdən sonra, həmçinin “EİİS” vasitəsiylədə müntəzəm olaraq Təqsirləndirilən şəxs Əmlak və gəlirləri yoxlanılsa da borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. İcra məmurunun bütün çağırışlarına borclu tərəfindən məhəl qoyulmadığından 20 iyun 2018-ci, 28 sentyabr 2018-ci və 10 dekabr 2018-ci il tarixlərdə Təqsirləndirilən şəxs yaşayış ünvanı olan ünvan 2 üç halda qapı bağlı olduğundan ünvana baxış keçirmək mümkün olmamışdır. Bununla bağlı müvafiq akt tərtib olunaraq icra işinə əlavə olunmuşdur. İcra məmurunun qanuni tələblərinə borclu tərəfindən məhəl qoyulmadığından Təqsirləndirilən şəxs məcburi gətrilməsi barədə qərar qəbul olunmuş və müvafiq təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 28 mart 2019-cu il tarixli 8(012)-302/2019 saylı qərardadı ilə təqdimat təmin olunaraq icra olunması üçün aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinə göndərilmiş və Polis İdarəsinin 22 may 2019-cu il tarixli, 12833304 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs yeri müəyyən olunmadığından şöbəyə gətrilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 28 mart 2019-cu il tarixli, 8(012)-299/19 saylı qərardadı ilə təqdimat təmin olunmuşdur. Təqsirləndirilən şəxs yeri müəyyən olunmadığından 10 iyun 2019-cu il tarixdə borclunun axtarılması barədə qərar qəbul olunaraq icra edilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilmiş və Təqsirləndirilən şəxs barəsində 270394 saylı axtarış işi açılmışdır. 06 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs polis tərəfindən tutularaq şöbəyə təqdim olunmuşdur. Onun izahatı alınaraq izahatında o, heç bir üzürlü səbəb göstərmədiyindən və icra məmurunun qanunu tələblərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş, məhkəmənin 06 may 2020-ci il tarixli, 3(012)-604/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 dekabr 2017-ci tarixli, 2(011)-11808/2017 saylı qərardadını və 09 aprel 2018-ci il tarixli, 2(011)-517/2018 saylı qətnaməsini barəsində inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə faktiki imkanlardan istifadə etməmişdir. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs 15 aprel 2021ci il tarixdə Abşeron Rayon İcra və Proba- siya Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərçəfindən ona cəmi 1070.0 manat ödəniş olunduğunu, 12356,00 manat ödənilməmiş borcu olduğunu və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilməsini xahiş etmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 04 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının 306.1- ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(011)-517/2018 saylı qətnaməsinin sürətindən görünür ki, cavabdeh kimi Təqsirləndirilən şəxs 06 noyabr 2017-ci il tarixdən başlayaraq 27 fevral 2005-ci il təvəllüdlü X5 və 02 sentyabr 2006-cı il təvəllüdlü X3 nılması üçün hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində aliment tutulub Hacıyeva (Şirinova) Rəna Seyfəddin qızına ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında 06 may 2020-ci il tarixli, 3(012)-604/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 dekabr 2017-cı il tarixli, 2(011)- 11808/2017 saylı qərardadını və 09 aprel 2018-ci il tarixli, 2(011)-517/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Abşeron Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 3(012)-604/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il 3 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il 9 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən onun cinayət əməli CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza müddəti endirilərək 3 il 9 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 15 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(011)-517/2018 saylı icra vərəqəsi üzrə aliment borcundan hissə-hissə ödəməklə ümumilikdə 500 manat məbləğində pul ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməni qərəzli olaraq icra etməmək əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx.xx.1997-ci il tarixli Qərar). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (köhnə redaksiyada) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Həmçinin cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmədə təklif edilsə də təqsirləndirilən şəxs aliment borcundan hər hansı bir məbləği zərərçəkmiş şəxsə ödəməkdən qəti imtina etmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-216/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-216/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver