Məhkəmə qərarları › İş №1(012)-217/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-217/2020

21.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-217/2020 21.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar massivi, Ç.Mustafayev küçəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 16.00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə, Ç.Nuridov küçəsində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı küçədə idarə etdiyi avtomobildə oturmasını görərək Mehmanın onun azyaşlı qızı Aysel Əlizadəni izləməsi qənaətinə gəlməsi səbəbindən mübahisə olmuşdur. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona heç kimi izləmədiyini deyərək nalayiq ifadələr işlətmiş və idarə etdiyi avtomobillə oradan uzaqlaşmaq istəyən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətinə qəsdən yumruqla bir dəfə zərbə vurmaqla ona sol almacıq nahiyənin əzilmiş-cırılımış yarası, sol gözaltı nahiyənin qançırı ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2010-cu il təvəllüdlü qızı X2 rayonu Qobu qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbdə təhsil alır. 2019-cu ilin dekabr ayının 3-də qızı Aysel Əlizadə tanımadığı “Vaz 2121” markalı, **- GC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin onun arxasınca düşdüyünü ona bildirmiş, o, narahat olduğu üçün qızı Ayseli özü məktəbə aparıb-gətirməyə başlamışdır. O, həmin “Niva” markalı avtomobilin sürücüsünün təxminən 3 dəfə onun yaşadığı məhəlləyə gəldiyini əlavə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində qızı Aysel Əlizadəni məktəbdən gələn zaman qarşılamaq üçün Abşeron rayon Qobu qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində yaxınlığına çıxdıqda sözügedən “Vaz 2121” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb ona yaxınlaşmış, avtomobildə oturan şəxsdən onun 9 yaşlı qızının arxasınca düşdüyünün səbəbin soruşduqda sürücü onun qızını tanımadığını, eyni zamanda heç kimin arxasınca düşmədiyini bildirmişdir. Sonra həmin sürücü nalayiq söyüşlər söyməyə başladıqda bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı o, sonradan adının Mehman olduğunu bildiyi həmin şəxsin sol göz nahiyəsinə bir dəfə yumruqla zərbə ilə vurmaqla onu döymüşdür. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zrərəçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etdiyi “VAZ 2121 Niva” markalı, **-GC- *** dövlət qeydiyyat nişanlı avtomobildə dayanıqlı vəziyyətdə içində oturan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq onu uşaq oğurusu olması ilə ittiham etməyə başlamışdır. O, həmin şəxsə hansı uşaqdan bəhs etdiyini soruşub məsələyə aydınlıq gətirmək istədikdə həmin şəxs ona neçə gündür ki, azyaşlı uşağının arxası ilə düşdüyünü demiş, o, isə həmin şəxsə onun uşağını tanımadığını, eyni zamanda heç kimin arxasınca düşmədiyini bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, avtomobildə oturaqlı vəziyyətdə həmin şəxslə söhbət edən zaman həmin şəxs pəncərədən onun sol göz nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuş, o, sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmiş və bu barədə Abşeron RPİ-nin Qobu PB-nə gedib ərizə ilə müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 80 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol almacıq nahiyənin əzilmiş-cırılımış yarası, sol gözaltı nahiyənin qançırı bərk- küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənildiyini, onunla barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Yusifov Ramil Hörmət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Yusifov Ramil Hörmət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar