Məhkəmə qərarları › İş №1(012)-217/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-217/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-217/2022 08.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Dünyamin qızının iştirakları ilə xx.xx.1992-ci il tarixdə Xırdalan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 10.02.2022-ci il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən «Mahmudoğlu» təndir evinin yanında Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında, sonuncuya qayınatası Şahid arvadının dişinin müalicəsinə görə stomatoloqa olan borcunu ödəməməsi ilə bağlı irad bildirməsi, Təqsirləndirilən şəxs isə bu məsələyə aydınlıq gətirmək istəməsi səbəbindən mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmişin sifət nahiyəsinə sillə və yumruqla zərbələr vurmaqla ona, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının dərialtı hematomasından ibarət, sağlamlığın qısamüddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2013-cü ildən evlidir və birgə nikahdan 3 övladları vardır. Öz evində təmir işləri getdiyindən son bir ildə onlar Reyhanın valideynlərinin evində yaşayırlar. 10.02.2022-ci il tarixdə saat 16 radələrində evə gedən zaman qayınatası Şahid onun qarşısına çıxmış və Reyhanın stomatoloqa olan borcunu ödəyib-ödəmədiyini soruşmuş, o isə içərisində pulu olan debet kartının evdə olduğunu və həmin kartı götürüb ödəniş edəcəyini bildirmişdir. Həmin vaxt qayınatası Fərhad onunla əsəbi danışdığından onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Fərhad onu itələyib həyətdən bayıra çıxarmışdır. Buna görə də o, bu məsələnin arvadı Reyhan tərəfindən qabardıldığını düşünüb onun iş yerinə getmiş və Reyhanı çölə çağırmışdır. Çölə çıxdıqdan sonra o, Reyhanı insanların olmadığı yerə çəkərək hansı səbəbdən ailələrinin söhbətini valideynlərinə danışdığını soruşmuş və həmin vaxt Reyhan ondan kənarlaşmaq istədikdə o, əsəbləşərək onun sifət nahiyəsinə bir dəfə sillə, bir dəfə də yumruqla zərbə vurmuş, daha sonra isə oradan çıxıb getmişdir. O, əlavə olaraq sözügedən hadisənin təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda başqa şəxslərin olmadığını, eləcə də Reyhanın ona müqavimət göstərmədiyini də qeyd etmişdir. Sonda o, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuş və birgə nikahdan onların 3 övladı olmuşdur. Evlilik dövründəki münasibətləri isə əsasən mübahisəli olmuşdur. Öz evləri olmadığından onlar onun valideynlərinə məxsus, ünvan 2 ünvanında yerləşən evdə yaşayırlar. 10.02.2022-ci il tarixdə, saat 17 radələrində Mahir onun işlədiyi, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən «Mahmudoğlu» təndir evinə gələrək onu bayıra çağırmış və o, bayıra çıxan kimi valideynlərinə ailə münasibətləri barədə nə dediyini soruşmuşdur. O, cavabında heç bir söz demədiyini bildirdiyində Mahir qolundan tutub onu heç kəsin olmadığı yerə çəkmiş və orada onun sağ gözünə və sağ qoluna yumruqla, sifətinin sol nahiyəsinə isə sillə ilə zərbələr vuraraq onu döymüşdür. Bu vəziyyəti gördükdə o, birtəhər Mahirin əlindən qaçıb işlədiyi təndirə qayıtmış, Mahir isə onun arxasınca söyüş söyüb oradan çıxıb getmişdir. Bundan sonra o, atası Şahid zəng edərək onu işdən götürməsini xahiş etmiş və bir qədər sonra atası oraya gələrək onu evə aparmışdır. Evdə olan zaman o, bilmişdir ki, təndirxanaya gəlməzdən öncə Mahir evə gəlmiş və atası Mahirdən onun dişlərinin müalicəsinə görə stomatoloqa olan borcunu nə üçün vermədiyini soruşmuş və bu səbəbdən onlar arasında mübahisə yaranmış, baş vermiş mübahisə zamanı isə atası Mahirdən evi tərk etməsini tələb etmişdir. O, əlavə olaraq sözügedən münaqişənin işlədiyi təndir evinin yaxınlığında baş verib, təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda başqa şəxslərin olmadığını bildirmiş, eləcə də bu mübahisə zamanı Mahirə müqavimət göstərmədiyini qeyd etmiş, Təqsirləndirilən şəxs şikayətçi olmaqla yanaşı, ona cəza verilməsini xahiş etdiyini bildirdi. İş üzrə şahid qismində dindirilən Şahid bildirdi ki, qızı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs və 3 uşağı ilə birlikdə təxminən 1 ilə yaxın müddətdir ki, onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsi-17, ev-31 ünvanında yerləşən evində yaşayırlar. 10.02.2022-ci il tarixdə, saat 16 radələrində Mahir evə gəlib mobil telefonu ilə oynamağa başlamış, o isə Reyhanın dişlərinin müalicəsi ilə bağlı stomatoloqa olan borcun ödənilməsində köməklik göstərməsini Mahirdən xahiş etmişdir. Lakin, Mahir bunu eşidib təhqiramiz ifadələr işlətdiyindən o, sonuncunun qolundan tutub evdən bayıra çıxarmışdır. Bundan təxminən 1 saat sonra Reyhan ona zəng edərək Mahirin onun iş yerinə gəldiyini və onu döydüyünü bildirmişdir. Buna görə də o, dərhal evdən çıxıb Reyhanın iş yerinə getmiş və həqiqətən də qızının sifət nahiyəsində xəsarətlər olduğunu görmüşdür. Bundan sonra Reyhan ona hadisənin necə baş verdiyini danışmışdır. İş materiallarında olan baxış protokolundan görünür ki, təhqiqat zamanı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü yerə istintaq orqanı tərəfindən baxış keçirilmiş, baxış zamanı həmin yerdə hər hansı ictimai iaşə obyektinin yerləşmədiyi, ərazisinin insanların kütləvi və ya intensiv hərəkət etdiyi yol olmadığı müəyyən edilmiş, fotoşəkillər çəkilməklə müvafiq protokol tərtib edilmiş və məhkəməyədək sadələşdirilmiş icraat işinə əlavə edilmişdir. İş materiallarında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 12.02.2022-ci il tarixli 289 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının dərialtı hematoması küt əşyanın təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 10.02.2022-ci il tarixdə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə AR Məhkəməsinin 13.09.2007-ci il tarixli hökmünə əsasən AR CM-nin 180.2.1 maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 70 maddəsinə əsasən 02 il şərti sınaq müddəti təyin edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə AR Məhkəməsinin 09.07.2008-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1,177.2.2, 177.2.4 madələri ilə təqsirli bilinərək 04 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14.01.2013-cü il tarixdə isə cəzasını çəkib bitirmiş, Xəzər Rayon Məhkəməsinin 20.05.2015-ci il tarixli hökmünə (hökmün surəti ilə əlavə edilmişdir) əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23.06.2016-cı il tarixdə AR MM-nin 20.05.2016-cı il amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 13.11.2018-ci il tarixli hökmünə (hökmün surəti ilə əlavə edilmişdir) əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 04.06.2021-ci il tarixdə isə cəzasını çəkib bitirmişdir. Göründüyü kimi qeyd edilən hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X2 02 iyul 2014cü il, X5 21 iyun 2015-ci il, X4 28 mart 2018-ci il tarixlərdə anadan olmuşlar. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 14.02.2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Sadıqov X3 şəhəri, 20 Yanvar küçəsi dalan 1, ev 1 ünvanında yaşamaqla həmin ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib peşmançılığını bildirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul vəsaiti, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Dünyamin qızına isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə Abşeron rayonu və Bakı şəhərini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul vəsaiti, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Dünyamin qızına isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar