Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-217/2024 23.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakları ilə, xx.xx.1954-cü ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də sex rəisi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə saat 11 radələrində işlədiyi Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən ictimai yer hesab edilən, "xxxx" MMC-nin inzibati binasının həyətində, həmin MMC-də fəhləlik edən Zərərçəkmiş şəxs ilə MMC-də fəaliyyət göstərən sexin ərazisini tərk etməklə bağlı aralarında yaranan narazılığı cüzi səbəb kimi bəhanə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə vedən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsilə müşayiət edilən qərəzli hərəkətlər edib əsaslı səbəb olmadan ictimai maraqlara laqeydlik və etinasızlıq göstərməklə öz şəxsiyyətini digər şəxslərin fövqündə qoymaqla hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək Zərərçəkmiş şəxs sifət, baş nahiyələrinə yumruqla qəsdən ardıcıl zərbələr vuraraq, sol gözün travmatik zədələnməsi, sol gözün ağlı qişasına qansızma, sol alt göz qapağı, burun üstü, alt çənə nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokol üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, Abşeron rayonu Novxanı kəndində yerləşən "xxxx" MMC-də sex müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs təxminən 1 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs "xxxx" MMC-də fəhləlik edir. Zərərçəkmiş şəxs ilə işlədiyi müddət ərzində aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində sexin içərisində olarkən, Pərviz və digər iki nəfər işçi sexə daxil olmuşlar. Onlardan gəlmə səbəblərini soruşduqda, onlar cücə paylarını götürməyə gəldiklərini bildirmişlər. Həmin vaxt onlara sexdən bayıra çıxmalarını, müdiriyyətdən hərəsinə neçə dənə pay cücə verməli olduğunu öyrənəcəyini demiş, həmin şəxslərdən ikisi sexdən həyətə çıxsa da Pərviz sexdən çıxmamışdır. Həmin vaxt Pərvizin qolundan tutaraq onu bayıra çıxarmışdır. Pərvizi qolundan tutaraq bayıra çıxardığı üçün onunla aralarında sözlə mübahisə yaranmış və Pərviz cavab qaytaradığı üçün sinəsindən Pərvizi itələmişdir. Bundan sonra orada olan digər işçilər onları aralaşdırmışdır. Aralarında mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən "xxxx" MMC-də fəhləlik edir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanıyır, onunla aralarında heç bir ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs həmin MMC-də anbar müdiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində digər iki işçi ilə birlikdə Təqsirləndirilən şəxs yanına sexə toyuq payını götürməyə getmişdir. Anbar rəisi Təqsirləndirilən şəxs “müdiriyyətə zəng vurum icazə verdikdən sonra gəlib toyugu götürərsən indi isə çıx sexdən bayıra çöldə gözlə” dedikdə, bayıra çıxmadığını və bu səbəbdən də aralarında mübahisə yarandığını və Təqsirləndirilən şəxs ünvanına nalayiq söyüşlər söydüyünü göstərmişdir. Təqsirləndirilən şəxs cavab qaytardıqda o, üzərinə hücum edərək sifət nahiyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Orada olan şəxslər onu sakitləşdirməyə çalışsa da lakin o, hərəkətlərini davam etdirərək sexin həyərtində sifət nahiyəsinə bir neçə yumruq zərbələri endirmişdir və orada olan şəxslər tərəfindən sakitləşdirilmişdir. Zərbələrin təsirindən sifət nahiyəsində xəsarət aldıgını bildirmişdir. Mübahisə "xxxx" MMC-nin həyətində baş vermiş, mübahisə zamanı orada digər işçilər olmuşdur. Mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini və Təqsirləndirilən şəxs şikayətçi olmaqla onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, halhazırda Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən "xxxx" Broyler MMC-də fəhlə işləyir. Təqsirləndirilən şəxs həmin MMC-də sex müdiri vəzifəsində, Zərərçəkmiş şəxs isə fəhləlik edir. Adil və Pərvizi təxminən 5 ay olar ki, tanıyır. Onları tanıdığı müddət ərzində aralarında hər hansı bir ədavətin şahidi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində işdə kəsim ilə məşğul olan zaman həyətdə səs-küy eşitmiş və dərhal həyətə çıxmışdır. Həyətə çıxan zaman "xxxx" broyler MMC-də sex müdiri Təqsirləndirilən şəxs və həmin MMC-də fəhləlik edən Zərərçəkmiş şəxs bir-biri ilə dalaşdığını və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vurduğunu görmüşdür. Həmin vaxt yaxınlaşaraq onları aralaşdırmışdır. Lakin yenidən mübahisə davam etmiş və Təqsirləndirilən şəxs təkrarən Pərvizin üzərinə hücum edərək onun sifətinə yumruq zərbələri vurmuş, ondan sonra onları aralaşdırmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən "xxxx" Broyler MMC-də fəhlə işləyir. Təqsirləndirilən şəxs həmin MMC-də sex müdiri vəzifəsində, Zərərçəkmiş şəxs isə fəhləlik edir. Adil və Pərvizi təxminən 5 ay olar ki, tanıyır. Onları tanıdığı müddət ərzində aralarında hər hansı bir ədavətin şahidi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində sexin içərisində su xəttini düzəldən zaman orada olan qadın işçilər bildirmişdirlər ki, həyətdə dava-dalaş var. Dərhal həyətə çıxmış və "xxxx" broyler MMC-də sex müdiri Təqsirləndirilən şəxs və həmin MMC-də fəhləlik edən Zərərçəkmiş şəxs bir-biri ilə dalaşdığını və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vurduğunu görmüşdür. Həmin vaxt onlara yaxınlaşaraq onları aralaşdırmışdır. Lakin yenidən mübahisə davam etmiş və Təqsirləndirilən şəxs təkrarən Pərvizin üzərinə hücum edərək onun sifətinə yumruq zərbələri vurduğunu göstərmişdir. Sonradan bilmişdir ki, onların arasında baş vermiş mübahisənin səbəbi Zərərçəkmiş şəxs sexə daxil olması, Təqsirləndirilən şəxs ona sexdən çıxması ilə əlaqədar olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1628 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol gözün travmatik zədələnməsi, sol gözün ağlı qişasına qansızma, solalt göz qapağı, burun üstü, alt çənə nahiyələrinin qançırları-küt əşya(əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbələri təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1 N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxslər törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək, hadisə zamanı Zərərçəkmiş şəxs vurmadığını, yalnız sinəsindən itələməsi ilə bağlı xüsusatla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət, baş nahiyələrinə yumruqla qəsdən ardıcıl zərbələr vurmaqla ona fiziki zor tətbiq etdiyi, həmçinin ictimai yerdə olmalarının, ətrafda kənar şəxslərin olmasını nəzərə almadan özünü ətrafdakıların fövqündə qoyaraq hərərkətlərini davam etdirməklə xuliqanlıq etməsi öz əslini tapmışdır. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1628 saylı rəyi, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolu ilə müəyyən edilir ki, təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi üçün müvafiq əlamətlər mövcuddur, yəni hadisə ictimai yer sayılan Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin inzibati binasının həyətində baş vermiş, təqsirləndirilən şəxsin hərəkətləri ilə ictimai qayda kobud surətdə pozulmuş, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etmiş, həmçinin zərərçəkmiş şəxs üzərində zor tətbiq olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadələri özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadəsinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qərəzli xuliqanlıq əməlləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın 5-cimaddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyildir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən cıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata kecirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində şəxsi azadlıq insan hüquqlarının müdafiəsinin mühüm elementi kimi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir (Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə 25 iyun 1996-cı il tarixli qərar, 42-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yaşını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Bakı şəhəri, Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Hökmün icrasını təmin etmək məqsədilə hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1.000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Hökmün icrasını təmin etmək məqsədilə hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-217/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-217/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver