Məhkəmə qərarları › İş №1(012)-219/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-219/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-219/2024 11.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakları ilə, xx.xx.1975-ci ildə Ucar rayonu,Qazıqumlaq kəndində anadan olmuş, Azərbaycan Respubilkasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, işləməyən, Ucar rayonu,Qazıqumlaq kəndində qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli kəndi, fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən Şahid1 istifadəsində olan heyvan fermasındasının həyətyanı sahəsində əvvəl həmin fermada çobanlıq fəailiyyəti ilə məşğul olmuş tanışı Zərərçəkmiş şəxs əvvəllər etmiş olduğu xəbərdarlığına baxmayaraq yenidən ondan icazəsiz fermanın həyətində olan ailəsi ilə məskunlaşdığı evinə gəldiyini görüb bundan əsəbiləşərək sonuncuya bununla irad bildirərkən həmin hadisə ilə bağlı şəxsi münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib əl və baş nahiyələri ilə onun sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin qançırı ilə müşaiyət olunan dərəcəsinə görə ümumlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokol üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayətlə tanış olmuşdur. Belə ki, o, təxminən 6-7 ay olar ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, Fazil adlı şəxsə məxsus olan fermada çoban kimi işləyir və fermada yerləşən evdə ailəsi ilə yaşayır. O, fermaya işləməyə gələndə Zərərçəkmiş şəxs orada çoban işəmişdir. O, gələndən təxminən iki həftə sonra Fazil Elmanı spirtli içki içdiyi üçün işdən çıxarmışdır. Elmanla birlikdə işlədiyi qısa müddət ərzində aralarında heç bir problem və mübahisə olmamışdır. Elman işdən çıxandan sonra da ara-bir Fazilin yanına gəlsə də, onunla əlaqə saxlamamışdır. 2023-cü ilin avqust ayının təxminən 11-12-də saat 22 radələrində evdə yatmağa hazırlaşarkən həyat yoldaşı Rəxşəndə eyvana çıxmış və qışqıraraq evə qayıtmışdır. Ondan nə baş verdiyini soruşduqda Rəxşəndə bildirmişdir ki, Elman xəbərsiz gəlib eyvanda dayanmışdır. Həmin vaxt Elman dəvətsiz evə daxil olmuş, ondan gəlişinin səbəbini soruşduqda Elman Fazili axtardığını demişdir. Ona Fazilin evinin qabağından keçib gəldiyini, nəüçün ora getmədiyini soruşduqda Fazil ona sakit olmağını demişdir ki, “namus söhbətidir, mənə kömək elə”. O, da onun ailəsini tanımadığını, nə cür kömək edəbiləcəyini soruşmuş, Elman da bildirmişdir ki, arvadı evdən qaçıb, ya burda, ya da Fazilin evində gizlənmişdir. O, da yerindən durmadan Fazilə evi axtarmasını bildirmiş, o, da evi axtararaq çıxmışdır. Bundan sonra bu barədə zəng edərək Fazilə məlumat vermişdir. Fazil də onlara gəlmiş, ona baş vermiş hadisəni danışmışdır. Həmin vaxt Elman zəng etdiyi üçün Fazil demişdir ki, “onu çağır gəlsin”. Bir qədər keçəndən sonra Elman ora gəlmişdir. Fazil də ağsaqqal kimi Elmana nəsihət edərək ailəsinin fermaya gəlmədiyini, belə iş tutmamasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Elman ona zəng edərək harada olduğunu soruşmuş, o da işlə əlaqədar Digahda olduğunu, orada görüşməyi təklif etmişdir. Bundan sonra əsas yolla piyada Digah qəsəbəsinə getməyə başlamış, təxminən 15 dəqiqə sonra həyat yoldaşı Rəxşəndə ona zəng edərək Elmanın onlara gəlib arvadının onlarda olduğunu deyərək evi axtarmaq istədiyini söyləmiş, o da geri evə qayıtmışdır. Küçə qapısında Elmanla qarşılaşmış, əsəbi olduğu üçün Elmandan nəüçün evinə icazəsiz gələrək ailəsini narahat etdiyini soruşmuşdur. Elman yaxşı etdiyini dediyi üçün dözməyərək üç dəfə başıyla onun sifətindən zərbə vurmuş, zərbədən Elmanın qaşı partlamışdır. Bundan sonra Elmanı Fazilin yanına aparmış və bildirmişdir ki, Elman onlardan əl çəkmir, yenə də gəlib ailəsini narahat edir. Fazil də növbəti dəfə Elmanı ailə məsələsinə görə onları narahat etməməsini izah etmişdir. Bundan sonra Elman oradan getmiş, arada baş vermiş dava-dalaş Abşeron rayonu, Məmmədli kəndində, Şifer zavodunun yaxınlığında yerləşən fermanın həyətində olmuş, mübahisə təxminən 2 dəqiqə davam etmiş və həmin vaxt yanlarında başqa şəxs olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixində şikayət ərizəsini özü yazmışdır. Arazı təxminən 9 aya yaxındır ki, tanıyır, onunla əvvəllər aralarında heç bir ədavət və ya dava-dalaş olmamışdır. Hər ikisi fermada heyvan otarmaqla çobanlıq etmişlər. Sonra o başqa bir iş tapdığı üçün fermadan çıxıb başqa yerə işləməyə getmişdir. Bu yaxınlarda işsiz qaldığı üçün Fazilin fermasında yenidən işləmək qərarına gəlmiş və fermanın sahibi Fazilə zəng edib onunla görüşmək istədiyini bildirmişdir. Fazil ona fermada olmadığını, lakin bir neçə saata fermaya gələcəyini demiş, o da Fazilin razılığı ilə Məmmədli kəndində yerləşən fermaya getmişdir. Fermaya çatanda orada heç kim olmamışdır. Buna görə də, Fazil fermaya gələnə qədər o Arazla söhbətləşmək istədiyi üçün qapılarına getmiş, Arazın yaşadığı evin qapısını döymüş, qapını açan Arazın həyat yoldaşı olmuşdur. Ondan Arazı soruşmuş, o da Arazın evdə olmadığını bildirdiyi üçün onunla sağollaşıb qapıdan çıxmaq istəyərkən Arazla qapıda rastlaşmışdır. Araz onunla salamlaşmadan, kef-əhval tutmadan “həyətimdə nə gəzirsən” deyərək üstünə hücum etmiş, əli və başı ilə sifətinə və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamışdır. Bundan sonra o Arazın əlindən çıxıb küçəyə çıxmış, bu zaman küçədə fermanın sahibi Fazillə rastlaşmışdır. Fazil üz-gözünün qan içində olduğunu görüb ona kömək etməkdənsə Arazı daha da qızışdırmağa başlamışdır ki, “niyə bunu az döymüsən”. Bundan sonra Araz onu döyməmişdir. O, da ilk olaraq tibbi yardıma müraciət edərək daha sonra isə xəstəxanaya getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs özbaşına fermaya gələrək fermada heç kimin olmadığı üçün Arazın yaşadığı evə getmiş və qapını açaraq evə daxil olmaq istəmişdir. Bu zaman Arazın həyat yoldaşı onu evi tərk etməsini tələb etdikdən sonra evdən çıxıb getmək istəyərkən Arazla fermanın həyətində rastlaşmış və həmin vaxt onların arasında dava-dalaş baş vermişdir. Zərərçəkmiş şəxs fermaya çağırmamış, baş vermiş hadisə zamanı orada olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Araz barəsində etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Belə ki, həmin tarixdə günorta saatlarında evdə olarkən Elman qapını döyməmiş evin işərisinə daxil olaraq həyat yoldaşının onlarda olub-olmamasını soruşmuş, o da Elmana bildirmişdir ki, onun həyat yoldaşı onların evində deyil, evi tərk etsin. Bundan sonra Elman danışa-danışa evdən çıxıb getmişdir. Həmin arada Elmanla həyat yoldaşı Araz həyətdə rastlaşmış və onların arasında dava-dalaş baş vermişdir. Lakin o baş verənləri görməmişdir. Sonradan ona məlum olmuşdur ki, onların arasında davadalaş olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1731 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərəfindən taxta parçası ilə vurulma, eləcə də kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs 1-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmamış və dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən 1-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Hökmün icrasını təmin etmək məqsədilə hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, iş üzrə mülki iddia və maddi sübut yoxdur, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın baxış iclası zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxış iclası zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasını təmin etmək məqsədilə hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxış iclası zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar