Məhkəmə qərarları › İş №1(012)-22/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-22/2020

12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-22/2020 12.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri, vəkil Müdafiəçi1 və vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətmkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1, 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə saat 19:30 radələrində, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi «Tofaş Şahin» minik markalı **-EF-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Bakı şəhəri istiqamətində 20 km/saat sürətlə hərəkət edərkən sürücü hərəkətə başlamadan, yerdəyişmədən, dönmədən, ötmədən və daynmadan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu halda bunları etməmiş, idarə etdiyi avtomobilin ön hissəsi ilə H.Əliyev prospektində yerləşən «Bravo» marketin qarşısından yolu əks tərəfə keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ona ehtiyyatsızlıqdan sol tərəfli qasıq-oturaq sümüklərinin çanaq həlqəsinin pozulması ilə yerdəyişən qapalı sınığı, sol diz qapağının travmatik çıxığı, sol sağrı nahiyyəsinin və sol diz oynağının hematoması ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, hadisədən sonra Zərərçəkmiş şəxs Bakı şəhəri, Mirqasımov adına Respublika Klinik Xəstəxansına aparmış və «Yol hərəkəti haqqnıda» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə sürücü yol nəqliyyat hadisəsi zamanı hadisə və özü haqqında müvafiq icra hakimiyyəti orqanlarına xəbər verməli olduğu halda Qanunun bu tələbini də pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, etibarnamə əsasında «Tofaş Şahin» markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2018-ci il tarixdə saat 19:30 radələrində, idarə etdiyi avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə Bakı şəhəri istiqamətində hərəkətdə olduğu zaman “Bravo” marketin qarşısında bir nəfər tanımadığı şəxs ona əli ilə saxla işarəsi verərək, avtombili kənara çəkərək saxlamışdır. Həmin şəxs, Bakı şəhərinə gedəcəyini bildirmiş və onunla razılaşıb avtombili işə salmışdır. Bundan sonra təxminən 7 metr məsafəni qətt etmişdir ki, qəflətən avtomobilin qabaq hissəsi ilə bir nəfər qadını vurmuşdur. Dərhal avtombili saxlamış və avtomobildən düşmüşdür. Həmin qadına yaxınlşmış və qadının xəsarət aldığını görüb dərhal avtombilə əyləşdirmişdir. Onlar ilk əvvəl Xırdalan şəhərində yerləşən təcili tibbi yardım məntəqəsinə gəlmişlər. Orada Rənanın mobil telefonuna zəng gəlmiş və Rənanın oğlu Nurlan ilə telelfon vasitəsilə danışmışdır. Nuralana baş vermiş hadisə barədə məlumat vermiş və birlikdə təcili tibbi yardımın yanında görüşmüşlər. Nurlan, Rəna və özü oradan ayrılıb Xırdalan şəhərində yerləşən xəstəxanaya gəlmişlər. Oradan isə onları, Respublika Xəstəxanasına göndərmişlər. Onlar birlikdə Respublika Xəstəxanasına gəlmişlər, orada Rənaya ilkin yardım göstərmişlər. Nurlanla birlikdə Rənanı rentgen otağına salmışlar. Həmin zaman Nurlan ona rentgen üçün pul vermək lazım olduğunu dedikdə, onda hər hansı bir məbləğdə pul olmadığını bildirmişdir. Nurlanın anasının yanında qaldığını görüb qərara gəlmiş ki, gedib kimdənsə pul alıb sonra xəstəxanaya gəlsin. Lakin həmin günü pul tapa bilməmiş və pulsuzda xəstəxanaya getməyin mənası olmadığını fikirləşmişdir. Həmin günün səhərisi 200 manat pul tapmış və xəstəxanaya getmiş, lakin Rənanın soyadını bilmədiyimdən Rənanı xəstəxanada tapa bilməmişdir. Fikirləşmiş ki, ola bilsin Rənanın xəsarəti yüngül olub və onu xəstəxanadan buraxmışlar. Bundan sonra yaşadığı evə getmişdir. Bir neçə gün sonra ona məlum olmuşdur ki, Rəna xəstəxanadadır və onun barəsində şikayət etmişdir. Ona görə də anası və bacısı ilə birlikdə xəstəxanaya Rənanın yanına getmişlər. Lakin Rəna və onun ailəsi onlara qarşı aqresiv münasibət göstərdiklərinə görə onlarla əlaqə saxlaya bilməmişlər. Hadisə zamanı idarə etdiyi avtombildə bir nəfər tanımadığı sərnişin olmuşdur. Həmin şəxsin anket məlumatlarını bilmir. Yol nəqliyyat hadisəsi zamanı xəsarət almamış, avtomobili idarə edərkən spirtli içkilər qəbul etməmiş və hadisə zamanı avtombili 10-20 km/saat surətlə idarə etmişdir. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyyatsızlığı üzündən baş vermişdir. Səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hər gün, Xırdalan şəhərində yerləşən parka gəzməyə gedir. xx.xx.2018-ci il tarixdə saat 19:30 radələrində həmişə olduğu kimi parkdan çıxıb H.Əliyev prospekti ilə «Bravo» marketin qarşısından H.Əliyev prospektini əks tərəfə keçmək istəmiş, həmin prospektlə Bakı şəhəri istiqamətində hərəkət edən «Tofaş» markalı avtomobili görüb gözləmiş, avtomobil aşağı sürətlə hərəkət etdiyini görüb, yolu piyada zolağı ilə keçmişdir. Sürücünün onu gördüyünü və ona yol verəcəyini düşünüb hərəkətinə davam etmişdir. Yolun ikinci yarısının ortasında həmin avtomobilin sürücüsü onu görmədiyi üçün avtomobilin ön hissəsi ilə onu vurmuşdur. Sonra avtomobili yolda saxlayıb ona yaxınlaşmışdır. Ətrafdan oraya toplaşan tanımadığı şəxslərin köməyi ilə onu avtomobilə otuzdurub tibbi yardım almaq üçün xastəxanaya aparmışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Hadisə baş verən zaman hava tutqun və yağmurlu olmuşdur. Yolun ortasında olan vaxtı avtomobilin yerindən tərpəndiyini görmüşdür. Hadisə baş verəndən sonra, avtomobilin sürücüsü ona ilkin yardım etməkdə cəhd göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. xx xxxxxx 2018-ci il tarixdə saat 19:30 radələrində anası Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bravo” marketin yaxınlığında “Tofaş” markalı avtomobil vurmuşdur. Hadisədən sonra həmin avtombilin sürücüsü Təqsirləndirilən şəxs anasını xəstəxanaya aparmışdır. Həmin günü anasına bir neçə dəfə zəng vurmuş, lakin anası Rəna telefonu açmamışdır. Sonuncu dəfə anasına zəng vuranda avtomobilin sürücüsü Əli telefona cavab vermiş və ona anasını idarə etdiyi avtombillə vurduğunu demişdir. Bundan sonra Əli ilə təcili tibbi yaradımın yaxınlığında görüşmüşdür. Onlar ilk əvvəl anasının xəsarəti yüngül olduğunu fikirləşdiklərinə görə Əlinin idarə etdiyi avtomobillə xırdalan şəhərində yerləşən xəstəxanaya getmişlər. Lakin orada onlara Rənanın vəziyyəti yaxşı olmadığı bildirilmiş və onlar Əlinin idarə etdiyi avtomobillə Respublika xəstəxanasını getmişlər. Orada onlar Rənanı xəstəxanaya yerləşdirmişləır, lakin Əli xəstəxanada lazım olan olan xərclərin hər hansı birini ödəmədən xəstəxanada anasını rentgen otağına saldıqdan sonra ayaqyoluna gedəcəyini bildirb oradan qaçıb getmişdir. Bundan sonra xx xxxxxx 2018-ci il tarixdə Əlinin anası və bacısı xəstəxanaya anasının yanına gəlmişlər. Lakin onlarda hər hansı maddi köməklik göstərməmişlər, Rənanın xəstəxanada olduğu müddət ərzində çəkdiyi bütün xərcləri onun özü ödəmişdir. Baş vermiş hadisə zamanı sürücü xəstəxanada olduğu müddət ərzində ona öz şəxsiyyəti barədə heç bir məlumat verməmişdir. Sadəcə Əlinin avtomobilinin nömrəsini bilmiş, adını isə polisə müraciət etdikdən sonra bilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 10Ə №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sol tərəfli qasıq-oturaq sümüklərinin çanaq həlqəsinin pozulması ilə yerdəyişən qapalı sınığı, sol diz qapağının travmatik çıxığı, sol sağrı mahiyəsinin və sol diz oynağının hematoması bərk küt əşyanın təsirindən törənmişdir, yetirmə müddəti xx.xx.2018-ci il tarixinə üyğun gəlir və dərəcəsinə görə sağlamlığını uzun müddətə pozulmasını səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2019-cu il tarixli 3397 saylı rəyindən görünür ki, istintaq tərəfindən qərarda təqdim olunmuş məlumatlara əsasən, «Tofaş Şahin» markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinə əlavə edilmiş, AZ-İİ №-li 009116 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə ürək çatmamazlığından vəfat etmişdir. Cinayət işinə əlavə edilmiş, AZ-İİ №-li 048443 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə böyrəyin bədxassəli yenitörəməsi diaqnuzu ilə vəfat etmişdir. Cinayət işinə əlavə edilmiş, Qanuni nümayəndə tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, anası Zərərçəkmiş şəxs və atası X2 vəfat etdiyindən onu iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Qanuni nümayəndə zərərçəkmiş şəxs (mərhum) Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Cinayət işinə əlavə edilmiş, Qanuni nümayəndə tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmaq fikri yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş, Abşeron rayon İHB-nın Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinə əlavə olunmuş doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs bir qız uşağı dünyaya gəlmişdir. Cinayət işinə əlavə olunmuş, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2019-cu il tarixli, ********* saylı arayışından görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin məlumat bazasına əsasən Təqsirləndirilən şəxs AE 038683 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixədək ehtibarlıdır və sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinə əlavə edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə çağrışına gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş, Abşeron rayon polis idarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayonu ərazisində tutularaq, Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin ifadəsi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1, 264-cü maddələrilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.11-ci маддясиня ясасян Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparması онун ъязасыны йцнэцлляшдирян щал кими qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətmişdir. Onun əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası xx xxxxx 1997-ci il tarixli Qanunla x xxxxxx 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra orada şəxsiyyətini təsdiq edən sənədləri, idarə etdiyi avtomaşına aid sənədləri təqdim etməmiş, zərərçəkmişi tibb müəssisəsinə çatdırmaq üçün tədbirlər görsə də, zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmiş şəxsi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etməmiş, bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmiş və ümumiyyətlə tibb müəssisəsində qalıb gözləmədən oradan qaçmış, özü barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır və yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi az ağır cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 70 manat məbləğində ekspertiza xərci təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron rayon vəkil bürosunun vəkili X4 göstərdiyi 10 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayonu vəkil bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğdə pul köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.. İş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndiriləİş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun vəkili X4 göstərdiyi 10 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 60 (altmış) manat Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0003001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar