Məhkəmə qərarları › İş №1(012)-221/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-221/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-221/2021 06.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx.xx.1990-cı ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Masazır qəsəbəsi, Füzuli küçəsi, 12 saylı fərdi evdə yaşayan, barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128, 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 18.09.2020-ci il tarixdə saat 00:20 radələrində Abşeron rayon polis idarəsinin X10 X7 Xidmətnin baş inspektoru, polis leytenantı Şahid1, inspektor,polis serjantı Zərərçəkmiş şəxs və inspektor, polis serjantı Şahid4 «Masazır» dislokasiyası üzrə 634 çağırışlı ** YP *** nömrəli dövlət qeydiyyat nişanlı «Volkswagen touareg» markalı avtopatrulda Abşeron rayonu Masazır qəsəbəsində xidmət aparıb qəsəbənin Füzuli küçəsində yol hərəkəti qaydalarını pozmaqla xəta törədən avtomaşını saxladıqda əməkdaşlara yaxınlaşaraq onlara «nə üçün bizim məhəllədə maşın saxlayırsız?» deyib xidməti vəzifələrini icra edən hakimiyyət nümayəndəsinin qanuni fəaliyyətinə müdaxilə etməklə mübahisəyə başlayıb ünvanlarına nalayiq söyüşlər işlətmiş, onu nizam-intizama dəvət edib, ictimai qaydanı pozan qanunsuz hərəkətlərini dayandırmağını tələb etdikdə, onların bu qanuni tələblərinə tabe olmayıb qanunsuz hərəkətlərini davam etdirmiş, qanunsuz hərəkətlərinin qarşısını almaq üçün ona Abşeron RPİ-nə getməyi təklif etdikdə əlbəyaxaya keçib xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs sinəsini dişləyib ona döş qəfəsinin ön səthinin dəri örtüyünün deffekti ilə müşayiət olunan geniş sahəli dişlənmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirərək zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 1990-cı illərdə Dağlıq Qarabağda baş vermiş məlum hadisələrlə bağlı kiçik yaşlarında ailəsi ilə birlikdə yaşadığı Laçın rayonundan qaçqın olub, Abşeron rayonu Masazır qəsəbəsi, Füzuli küçəsində fərdi evdə yaşayır. Valideynləri xəstə olduğundan ailəyə yeganə qazanc gətirəndir, hadisə baş verən tarixədək Masazır qəsəbəsində dükanda satıcı işləmiş, işi növbəli olmuşdur. İkinci növbə işdə olarkən işi saat 24 radələrində işdən çıxmışdır. Son bir-iki ildə narkotik vasitə qəbul edib ara-sıra onu tərgitsədə hadisədən bir gün əvvəl Mazasır qəsəbəsində dükanın arxasında yerdə kibrit qutusunda qurudulmuş marixuana tapıb onu üç bükümə bölüb siqaretin gümüşü kağızına büküb həmin kibrit qutusuna qoyub istifadə etməsi üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış və bundan heç kimin məlumatı olmamışdır. Əvvəllər Abşeron RPİ-nin DYPŞ-nin YPX-nin əməkdaşları, baş inspektor, polis leytenantı Şahid1, inspektor,polis serjantı Şahid4 və Zərərçəkmiş şəxs tanımamış, onlarla qohumluq əlaqələri, ədavət və düşmənçiliyi olmamış və yoxdur. 17.09.2020-ci il tarixdə saat 23 radələrində işdən çıxıb evə doğru gələrkən Masazır qəsəbəsinin Füzuli küçəsində yaşadığı evin təxminən 100-150 metrliyində ** YP *** dövlət nömrə nişanlı «Volks Wagen touareq» markalı avtopatrulda polis geyimində xidmət aparan polis əməkdaşlarını görmüşdür. Artıq 18.09.2020-ci il tarixə keçməklə saat 00 radələrində YPX əməkdaşlarının peyd keçirib yolda sıxlıq yaratmasını düzgün hesab etməyib gəlib onlara çatanda sakit tərzdə demişdir ki, «maşını elə saxlayın ki, mən keçə bilim, yada avtomobillərin hərəkəti üçün maneə yaratmayın». İşlətdiyi söz xidmət aparan əməkdaşlara xoş gəlməmiş və yol hərəkəti qaydasını pozan sürücü ilə danışan sonradan adını Şahid1 bildiyi baş inspektor, polis leytenantı nalayiq ifadə işlədərək ona «get işinlə məşğul ol!» deyib cavab vermişdir. Sözünü təkrar edib polis əməkdaşlarına yenə sakit və nəzakətli tərzdə «avtopatrulu burada nahaq saxlamısınız, əslində vətəndaşların hərəkətinə mane olursuz» dedikdə, bu söz onlara, əməkdaşların cavabı isə ona xoş gəlməmiş, bu zəmində aralarında mübahisə yaranmış, nəticədə polis əməkdaşları onu döymüşlər. Artıq döyüldükdən sonra polisə aparılacağını yəqin edib hadisə yerindən qaçmaq istədikdə sonradan adını öyrəndiyi inspektor, polis serjantı Zərərçəkmiş şəxs qaçmağına mane olub onu tutub saxlamış, onun əlindən çıxıb qaçmaq üçün sonuncu ilə əlbəyaxa olub sinəsini dişləyib qanatsada Zərərçəkmiş şəxs ondan əl çəkməyib buraxmamış, nəticədə polis əməkdaşları onu zorla xidmət apardıqları avtopatrula mindirib Abşeron RPİ-nin növbətçi hissəsinə gətirib hadisə barədə raport yazmışlar. Barəsində sənədləşdirməyə başladıqda əlbəyaxa olub sinəsini dişlədiyi inspektor, polis serjantı Zərərçəkmiş şəxs getmiş, onu gətirən digər iki polis əməkdaşı Pİ-də qalmış, hüquqlarını müdafiə etmək üçün araşdırmanı aparan təhqiqatçı Şahid2 ona Xırdalan Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunu təqdim edib hüquqlarını izah etmişdir. Bundan sonra təhqiqatçı ondan üzərində hər hansı alət, predmet, nakrotik vasitə olub- olmadığını soruşduqda o üzərində qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmiş, vəkil və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində kibrit qutusunun içərisində olan siqaretin gümüş kağızına bükdüyü 3 büküm narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş vəkilin və onun iştiraka ilə zərfə qoyulub möhürlənərək zərf vəkil və onun tərəfindən imzalanmış və buna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir, zərərçəkmiş şəxslərən üzür istəyib və onlarla barışmışdır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildə Azərbaycan Respublikası DİO-na xidmətə qəbul olub 2018-ci ildən X8 İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Polis Xidmətinin inspektoru vəzifəsində işləyir, polis serjantı rütbəsindədir, əsasən DYPŞ-nin YPX-nin baş inspektoru, polis leytenantı Şahid1 və inspektor, polis serjantı Şahid4 ilə 634 çağırışlı ** YP *** dövlət nömrə nişanla «Volkswagen touareq» markalı avtopatrulda xidmət aparır. 18.09.2020-ci il tarixdə saat 00:15-20 radələrində Abşeron RPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru, polis leytenantı Şahid1 və inspektor, polis serjantı Şahid4la 634 çağırışlı ** YP *** dövlət nömrə nişanla «Volkswagen touareq» markalı avtopatrulda “Masazır” dislakasiya üzrə Abşeron rayonu, Masazır qəsəbəsinin Füzuli küçəsində xüsusi geyimdə xidmət apararkən dövlət nömrə nişanını xatırlamadığı avtomobilin svetoforun qırmızı ışığında hərəkətini davam etdirib yol hərəkəti qaydasının tələblərini pozub inzibati xəta törətdiyi üçün sürücüyə avtomobili saxlamağa işərə vermişlər. Sürücü avtomobili döndərib ara yolda saxlayıb əməkdaşların ona yaxınlaşmasını gözləmiş, baş inspektor, polis leytenantı Turlal Şəkərovla birlikdə həmin sürücüyə yaxınlaşmışdır. Şahid1 sürücüyə özünü təqdim edib pozduğu yol hərəkəti qaydasını izah etməyə başladıqda sonradan adını ona məlum olan Təqsirləndirilən şəxs yaxınlaşıb onlara əmiranə tərzdə ”niyə bizim məhəllədə maşın saxlayıb küçədə sıxlıq yaradırsız?" deyib sual etmişdir. Şahid1 ona «Sizi nə narahat edir? deyib cavab verdikdə Təqsirləndirilən şəxs ünvanlarına nalayiq söyüşlər söyüb qışqıraqışqıra həmin yerdə nahaq avtomobil saxladıqlarını bildirib sakitləşməmişdir. Ondan gecə yarı ictimai asayişi və ictimai təhlükəsizliyi pozmamağı xahiş etdikdə o buna məhəl qoymayıb hərəkətlərini qərəzli davam etdirmiş, yoldan ötən «Ravon R-4» markalı ** PB *** dövlət nömrə nişanlı avtombil dayanıb sürücüsü onlara yaxınlaşmışdır. Baş inspektor, polis leytenantı Şahid1 Təqsirləndirilən şəxs sakitləşməyib hərəkətlərini davam etdirərsə onu Abşeron RPİ-nə aparmaq üçün PPX çağıracağını deyib xəbərdarlıq etdikdə bunu eşidən Təqsirləndirilən şəxs ünvanlarına nalayiq söyüş edib qaçmaq istəmiş, o, buna imkan verməmiş, Təqsirləndirilən şəxs onunla əlbəyaxaya keçib onu sillə-təpiklə vurub sonra sinəsini dişləyərək ona xəsarət yetirmiş, nəticədə xidməti köynəyi və maykası qana bulaşmış, «Ravon R-4» markalı ** PB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü, baş inspektor, polis leytenantı Şahid1 və inspektor polis serjantı Şahid4 Təqsirləndirilən şəxs ondan ayırmışlar. Təqsirləndirilən şəxs yenə sakitləşmədiyini görüb məcburiyyətdən PPX çağırmayıb sonuncunu xidmət apardıqları avtopatrula mindirib Abşeron RPİ-nin növbətçi hissəsinə gətirmişlər.Təqsirləndirilən şəxs Pİ-nə aparmaq üçün avtopatrula mindirərkən qarışıqlıqdan istifadə edən yol hərəkəti qaydasını pozan sürücünün oradan getdiyini görmüşlər Təqsirləndirilən şəxs Abşeron RPİ-nin növbətçi hissəsinə təhvil verib baş vermiş hadisə barədə raport yazmışlar. Pİ-nin növbətçi hissəsində ona xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs,. Təqsirləndirilən şəxs ondan ayıran «Ravon R-4» markalı ** PB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün Masazır qəsəbə sakini Ceyhun Abbasəlizadə olduğunu bilmişdir. Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verdikdən sonra tibbi yardım almaq üçün xəstəxanaya getmiş, inspektor polis leytenantı Şahid1 və inspektor polis serjantıŞahid4 Pİ-də qalmışlar. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində sənədləşdirmə aparılarkən ondan üzərində hər hansı qadağanedici predmet, əşya və ya maddə olduğunu soruşduqda sonuncu üzərində narkotik vasitə olduğunu bildirmişdir. Hazırda təqsirləndirilən şəxs ondan üzür istəyib, barışmışdır, ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin DYPŞnin YPX-nin baş inspektoru vəzifəsində işləməklə, polis leytenantı rütbəsindədir, bir qayda olaraq DYPŞ-nin YPX-nin inspektoru, polis serjantı Şahid4 və Zərərçəkmiş şəxs ilə 634 çağırışlı ** YP *** dövlət nömrə nişanlı «Volkswagen touareq» markalı avtopatrulda xidmət aparır. 18.09.2020-ci il tarixə keçən gecə saat 00:20 radələrində Abşeron RPİ-nin DYPŞ-nin inspektoru, polis serjantı Şahid1 və inspektor polis serjantı Zərərçəkmiş şəxsla birlikdə 634 çağırışlı ** YP *** dövlət nömrə nişanla «Volkswagen touareq» markalı avtopatrulda «Masazır» dislakasiya üzrə Abşeron rayonu Masazır qəsəbəsinin Füzuli küçəsində xidmət apararkən dövlət nömrə nişanını xatırlamadığı «Niva» markalı minik avtomobilinin sürücüsü svetoforun qırmızı işığında hərəkətini davam etdirib yol hərəkəti qaydalarının tələblərini pozaraq inzibati xəta törətdiyindən sürücüyə avtomobili saxlamaq işarəsi verilmiş, sürücü avtomobili ara yola sürüb saxlayaraq əməkdaşların ona yaxınlaşmasını gözləmişdir. İnspektor, polis serjantı Zərərçəkmiş şəxsla birlikdə sürücüyə yaxınlaşıb təzim edərək özünü təqdim edib pozduğu yol hərəkəti qaydalarını izah etməyə başladıqda, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs yaxınlaşıb əmiranə tərzdə xeyli hündürdən «niyə bizim məhəllədə maşın saxlayıb küçədə sıxlıq yaradırsız ?" deyib sual etmişdir. Ona «Sizi nə narahat edir? deyib cavab verdikdə Təqsirləndirilən şəxs onların ünvanına nalayiq söyüşlər söyüb qışqıra-qışqıra danışmağa başlayıb sakitləşməmiş, bu vaxt onlara inspektor Şahid4 yaxınlaşmışdır. Onlar Təqsirləndirilən şəxs sakit olmağı, gecə yarı ictimai asayişi və ictimai təhlükəsizliyi pozmamağı xahiş etdikdə sonuncu buna məhəl qoymayıb hərəkətlərini qərəzli davam etdirmiş, yoldan ötən «Ravon R-4» markalı ** PB *** dövlət nömrə nişanlı avtomobil dayanıb onun sürücüsü onlara yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs sakitləşməyib hərəkətlərini davam etdirdiyindən sonuncuya əgər hərəkətlərini davam etdirərsə Abşeron RPİ-nə aparmaq üçün PPX çağıracağını deyib onu xəbərdar etdikdə, bunu eşidən Təqsirləndirilən şəxs onların ünvanına nalayiq söyüş edib hadisə yenrindən qaçmaq istəmiş, inspektor, polis serjantı Zərərçəkmiş şəxs isə buna imkan verməmiş, Təqsirləndirilən şəxs sonuncu ilə əlbəyaxaya keçib onu sillə-təpiklə vurub sonra sinəsini dişləyərək ona xəsarət yetirib xidməti köynəyi və maykasını qana bulamışdır. «Ravon R-4» markalı ** PB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü və Şahid4 köməkliyi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayırmışlar. Təqsirləndirilən şəxs sakitləşmədiyini görüb məcburiyyətdən PPX çağırmadan onu xidmət apardıqları avtopatrula mindirib Abşeron RPİ-nin növbətçi hissəsinə gətirmişlər. Təqsirləndirilən şəxs Pİ-nə aparmaq üçün avtopatrula mindirərkən qarışıqlıqdan istifadə edən yol hərəkəti qaydasını pozan «Niva»markalı avtomobilin sürücüsünün oradan getdiyini görmüşlər. Təqsirləndirilən şəxs Abşeron RPİ-nin növbətçi hissəsinə təhvil verib baş vermiş hadisə barədə raport yazmışlar, Zərərçəkmiş şəxs tibbi yardım almaq üçün xəstəxanaya getmiş, o isə Şahid4la Pİ-də qalmışdır. Təqsirləndirilən şəxs barəsində sənədləşdirmə apararkən ona hüquqi yardım göstərmək üçün vəkil dəvət edilmiş, sonuncudan üzərində predmet, hər hansı alət və ya narkotik vasitə olub-olmadığını soruşarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir.Ona görə vəkilin və onların iştirak ilə kamera çəkilişi aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu vaxt sonuncunun əynində olan cins şalvarının sağ yan cibində 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitəyə oxşar gümüşü siqaret kağızına bükülmüş 3 bükümdə kütlə aşkar edib götürülərək qablaşdırılmışdır. Pİ-nin növbətçi hissəsində həmin şəxsi təhvil verərkən Zərərçəkmiş şəxsla əlbəyaxa olub ona sillə-yumruq vurub sinəsini dişləyən şəxsin 1990-cı il təvəllüdlü Laçın rayonunda anadan olmuş, Abşeron rayonu, Masazır qəsəbə sakini Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayırmaqda onlara kömək edən «Ravon R-4» markalı ** PB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün Masazır qəsəbə sakini Ceyhun Abbas-əlizadə olduğunu bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı vəzifəsində işləməklə polis kapitanı rütbəsindədir, 17.09.2020-ci il tarixdən 18.09.2020-ci il tarixə keçən gecə işlədiyi polis idarəsi üzrə növbətçi qrupunda olmuş, 18.09.2020-ci il tarixdə saat 01 radələrində Pİ-nin növbətçi hissəsindən bildirmişlər ki, Abşeron RPİ-nin DYPŞ-nin baş inspektoru, polis leytenantı Şahid1, inspektor polis serjantı Zərərçəkmiş şəxs və inspektor polis serjapntı Şahid4 Abşeron rayonu Masazır qəsəbəsində xidməti vəzifələrini yerinə yetirərkən Zərərçəkmiş şəxs müqavimət göstərilib xəsarət yetirilmiş və hadisəni törətmiş şəxs Pİ-nə gətirilmişdir. Az sonra ona Abşeron RPİ-nin DYPŞ-nin baş inspektoru polis leytenantı Şahid1, inspestorlar, polis serjantı Zərərçəkmiş şəxs və Şahid4 birgə tərtib etdikləri raport və 1990cı il təvəllüdlü Laçın rayonunda anadan olmuş, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs təqdim edilmişdir.Həmin əməkdaşlar məlumat verib bildirmişlər ki, 634 çağırışlı ** YP *** dövlət nömrə nişanlı avtopatrulda dislakasiya üzrə Abşeron rayonu, Masazır qəsəbəsinin Füzuli kəçəsində xidmət aparıb yol hərəkəti qaydasını pozan sürücünü saxladıqda polis bölməsinə gətirdikləri səxs onlara yaxınlaşıb «nə üçün bizim məhəllədə maşın saxlayırsınız?" deyib onlarla mübahisəyə başlayıb ünvanlarına nalayıq söyüşlər söyüb qışqıra-qışqıra danışmağa başlayıb sakitləşməmiş, ona gecə yarı ictimai asayişi və təhlükəsizliyi pozmamağı xahiş etdikdə sonuncu hərəkətlərini qərəzli davam etdirmiş, həmin hərəkətlərinə görə onu Pİ-nə aparmaq üçün PPX çağırılacağını deyib xəbərdar etdikdə bunu eşidən həmin şəxs onları nalayiq söyüşlər söyüb qaçmağa cəhd göstərmiş, onu tutub saxlamaq istədikdə o nalayiq söyüşlərini davam etdirib Zərərçəkmiş şəxsla əlbəyaxa keçərək sinəsini dişləməklə ona xəsərət yetirib sakitləşməmiş, məcbur olub PPX çağırmadan onu xidmət apardıqları avtopatrula mindirib özləri Pİ-nə gətirmişlər. Zərərçəkmiş şəxs hadisə zamanı xəsarət almaqla xidməti köynəyi qana bulaşdığından tibbi yardım almaq üçün getmiş, inspektor Şahid4 və Şahid1 Pİ-də qalmışdır. Həmin şəxsin şəxsiyyəti yoxlanıb onun Təqsirləndirilən şəxs olduğu və Masazır qəsəbəsində fərdi nömrəsiz evdə yaşadığı müəyyən edilmişdir.Təqsirləndirilən şəxs barəsində sənədləşdirmə aparmaq üçün hüquqlarını müdafiə etmək məqsədilə Xırdalan Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İlqar oğlu dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı əlat, predmet və ya qanunla dövriyyəsi qadağan edilmiş narkotik maddənin olub-olmaması sual edildikdə sonuncu üzərində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitənin olduğunu etiraf etmişdir. Ona görə kamera çəkilişi aparılmaqla, saat 02:00-da vəkilinin, polis əməkdaşları Şahid4 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu vaxt onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibində kibrit qutusunun içərisində olan gümüşü siqaret kağızına bükülmüş 3 bükümdə içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülüb onların iştirakı ilə zərfə qablaşdırılmış, Təqsirləndirilən şəxs və vəkili Rəhim Abbas-zadə zərfin üzərinə imza etmişlər. Götürülərək qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmamasını müəyyən etmək üçün tərəfindən 18.09.2020-ci il tarixli qərarla kompleks məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizası təyin edilib rəy alınmışdır.Kompleks məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizasının 18.09.2020-ci il tarixli 7/634 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində kibrit qutusunda olub götürülən, tərkibində narkotik maddələr olan çətənə kanabisi bitkisinin kustar üsulla hazırlanmış, narkotik vasitə olan təmiz çəkisi 0,55 qram qurudulmuş marixuana olmuşdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində cinayət işinin başlanması rədd edilib inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qəbul edilmiş 23.09.2020-ci il tarixli qərar Abşeron RPİ-nin Qobu PB-nə, eyni zamanda əməlində Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulan cinayətin əməlinin tərkib əlamətləri olduğunü nzərə alıb material Azərbaycan Respublikası CPM-nin 215-ci maddəsi tələbləri qaydasında araşdırmanın davam etdirilməsi üçün Abşeron rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abbas-Əlizadə Ceyhun Adil oğlu ifadəsində göstərmişdir ki, istifadəsində olan «Ravon R-4» markalı ** PB *** dövlət nömrə nişanlı minik avtomobilini idarə edib evinə getmək üçün 18.09.2020-ci il tarixdə saat 00:20 radələrində Füzüli küçəsində hərəkətdə olarkən həmin küçədə ** YP *** dövlət nömrə nişanla Abşeron Pİ-nin YPX-nə məxsus avtopatrulun dayandığını, təxminən 28-30 yaşlarında cavan oğlanın qışqıra-qışqıra YPX-nin inspektoruna «nə üçün bizim küçədə maşın saxlayırsız?» deyib əl-qolla danışaraq nalayiq söyüşlər işlətdiyi diqqətini cəlb etdiyindən avtomobili saxlayıb onlara yaxınlaşmışdır.Sonradan adı ona məlum olan baş inspektor, polis leytenanlı Şahid1 və inspektor, polis serjantı Zərərçəkmiş şəxs cavan oğlana sakitləşməyi,gecə yarı ictimai asayişi və təhlükəsizliyi pozmamağı xahiş etsədə sonuncu daha da hündürdən qışqırıb hərəkətlərini qərəzli davam etdirdirdiyindən polis zabiti Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirərsə onu Abşeron RPİ-nə aparmaq üçün PPX çağıracağını deyib xəbərdar etmişdir.Bunu eşidən Təqsirləndirilən şəxs onların ünvanına nalayiq söyüş edib qaçmaq istəmiş, inspektor, polis serjantı Zərərçəkmiş şəxs buna imkan vermədikdə Təqsirləndirilən şəxs sonuncu ilə əlbəyaxaya keçib onu sillə-təpiklə vurub sinəsini dişləyərək xəsarət yetirib köynəyi və maykasını qana bulamışdır. O, həmin oğlanı polis əməkdaşından ayırmağa kömək etmiş, lakin həmin şəxs sakitləşməmiş, əməkdaşlar PPX işçiləri çağırmayıb onu avtopatrula mindirib aparmağa məcbur olmuşlar. Hadisədən sonra ona məlum olmuşdur ki, polis əməkdaşını söyüb əlbəyaxa olan şəxs Masazır qəsəbə sakini Təqsirləndirilən şəxsdir, sonuncu polis əməkdaşlarının həmin küçədə xidmət aparmasına iradını bildirib bu zəmində mübahisə edərək dalaşmışdır.Təqsirləndirilən şəxs əlbəyaxa olub xəsarət yetirdiyi şəxs isə Abşeron RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis serjantı Zərərçəkmiş şəxs olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 18.09.2020-ci il tarixli 1991 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət-döş qəfəsinin ön səthinin dəri örtüyünün deffekti ilə müşayət olunan geniş sahəli dişlənmiş yarası, küt yaranma mexanizminə malikdir. 18.09.20209-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Abşeron RPİ-nin TŞ-də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi barədə toplanmış HK-1/6408 saylı materialdan görünür ki, 18.09.2020-ci il tarixdə saat 02:00-da Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid2 Xırdalan Vəkil bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğlunun iştirakı ilə vidio çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış akeçirilərkən onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan kibrit qutusunun içərisində 03 büküb siqaret kağızına bükülmüş ümumi çəkisi 0,55 qram olan qurudulmuş marixuana aşkar edimiş, əməlində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin tərkibini istisna etdiyindən 23.09.2020-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edilərək Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati təsir tədbirlərinin görülməsi üçün material aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Rüblik hüquqi şəxsin təqdim etdiyi 03.12.2020-ci il tarixli 8426 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə almamış və qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 15.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Arif oğlu əvvəllər məhkum olmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 24.12.2020-ci il tarixli 488 №-li arayışdan görünür ki, Tağıyev X5 rayonu Masazır qəsəbəsi Füzuli küçəsində 12 saylı evdə yaşamaqla yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Abşeron Rayon Məhkəməsinə daxil olmuş 06.05.2021-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Arif oğlu ilə barışmışdır, ona görə də ona qarşı şikayəti və maddi tələbi yoxdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət tərkibi vardır, onun əməli həmin maddə ilə düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, o cümlədən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə iş üzrə ittiham hökmü çıxarılmalı və Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 315-ci maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai və məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pul Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına və məhkəmə istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair epizod üzrə icraata xitam verilsin və o, həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0000001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına və məhkəmə istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar