Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-221/2024 21.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3, 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə, saat 21:35 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yerləşən “TT 44” adlı kafedə spirtli içki qəbul etdikdən sonra orta dərəcəli sərxoşluq vəziyyətində kafedə olan müştərilərə məhəl qoymayıb televizorun səsini yüksəldərək oynamağa başlamış, kafedə administrator vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 onun bu hərəkətlərinə irad tutub etirazını bildirdikdə, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, kafedə olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərib özünü ətrafdakı şəxslərin fövqündə qoymaqla cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozub heç bir əsaslı səbəb olmadan ictimai yerdə ucadan qışqırıb mübahisə edərək, qanunsuz olaraq əldə edib gəzdirdiyi kustar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən xəncərdən istifadə edib Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmək üçün üzərinə hücum etmiş, bu zaman kafedə müştəri olan Zərərçəkmiş şəxs2 stulu götürüb onun Zərərçəkmiş şəxs1 zor göstərməklə xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyərkən o, xuliqanlıq hərəkətlərini davam etdirərək davamlı olaraq nümayişkəranə əlindəki bıçaqla ictimai qaydanın pozulmasının qarşısını alan şəxs- Zərərçəkmiş şəxs2 hücum etməklə müqavimət göstərib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyat və sağlamlıqları üçün real təhlükə yaratmaqla qərəzli hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3, 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yerləşən Elsevər adlı şəxsin avtoyuma məntəqəsində Anar ilə birlikdə avtoyuyucu işləyir. Abşeron rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 11 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azadlığa buraxılandan sonra Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində ailəsi ilə birlikdə baldızı Aytac Əliyevanın evində kirayə yaşamışdır. Təxminən 1 il bundan əvvəl baldızı qaldıqları evi satdığından arvadı övladı ilə birlikdə AAAF Park yaşayış kompleksində qaynanasıgildə yaşamağa başlamışdır. O isə qaynanasıgildə yaşamayaraq avtoyuma məntəqələrində həm avto-yuyucu işləyir, həm də işlədəyi məntəqədə yaşamışdır. Təxminən 2023-cü ilin may ayının ortalarından etibarən isə “AAAF Park” yaşayış kompleksində yerləşən Elsevər adlı şəxsin avto-yuma məntəqəsində avto-yuyucu işləyir.Həmin müddətdəndə daimi yaşadığı yer olmadığından avtoyuma məntəqəsində yaşayır. O, 31 may 2023-cü il tarixdə yorğun olduğu üçün işləmək istəmədiyindən istirahət etmək qərarına gəlmişdir. Həmin tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində fəhlə işləyən Pərvin adlı şəxslə görüşmüş və birlikdə pivə içmək üçün kompleksdə yerləşən hazırda adını xatırlamadığı kafeyə getmişlər. Orada Pərvin ilə birlikdə saat 18 radələrinədək 5 bakal pivə içdikdən sonra kafedən çıxmışdır. Pərvin isə orada qalmışdır. Artıq avtoyuma məntəqəsində işləmək istəmədiyindən kompleksin ətrafında özünə fəhlə işləmək üçün iş yeri axtarmaq məqsədilə təxminən 1 saat gəzmişdir. Özünə fəhlə işləmək üçün iş yeri tapdıqdan sonra yenidən pivə içmək qərarına gəlmiş və bu məqsədlə saat 19 radələrində “AAAF Park” yaşayış kompleksində yerləşən “TT 44” adlanan kafeyə getmişdir. Həmin vaxt kafedə ondan başqa müştərilərdə olmuşdur. Kafedə təxminən fasiləsiz 6 bakal pivə içdikdən sonra əhvalı yaxşı olduğu üçün oynamaq istəmişdir. Bu məqsədlə kafedə olan televizor işlək vəziyyətdə olduğundan televizorda olan kanalların arasından musiqi kanalı tapmış və televizorun səsini yüksəldərək oynamağa başlamışdır. Təxminən 5-10 dəqiqə oynadıqdan sonra kafedə administrator işləyən Tale adlı şəxs televizorun səsini azaltmışdır. Bundan sonra o, sonuncudan televizorun səsini yenidən yüksəltməsini xahiş etmişdir. Tale televizorun səsini yüksəltmədiyindən sonuncuya əsəbləşmiş və üzərinə qışqırmışdır. Aralarında təxminən 10-12 dəqiqə sözlə mübahisə baş vermiş və kafedə olan şəxslər onu sakitləşdirmək məqsədilə kafedən çölə çıxarmışdır. O isə həm əsəbi olduğundan həm də spirtli içkinin təsiri altında olduğundan onu oynamağa qoymayıb televizorun səsini azaltdığına görə Taleyi qorxutmaq məqsədilə özünəməxsus olmaqla avtoyuma məntəqəsində saxladığı bıçağı götürmək üçün avtoyuma məntəqəsinə getmişdir.Bıçağı götürdükdən sonra yenidən kafeyə qayıtmış və kafedə olan müştərilərə məhəl qoymadan əlində bıçaq kafeyə daxil olub Taleyin üzərinə doğru getməyə başlamışdır. Həmin vaxt kafedə müştəri kimi əyləşmiş əvvəllər tanıdığı Araz adlı şəxs kafedə olan stulların birini götürüb onun qarşısını kəsərək ona mane olmağa başlamışdır. O Arazdan yayınıb Taleyin üzərinə doğru getməkdə israr etsə də Araz stulu sağa-sola doğru əyərək onun qarşısını kəsməkdə davam etmişdir. Əsəbi olduğu üçün Taleyə qorxu gəlməkdən ötrü bir neçə dəfə onun üzərinə getməyə cəhd etmiş lakin Araz hər dəfəsində qarşısını kəsərək ona Taleyin üzərinə doğru getməyə imkan verməmişdir. Həmin vaxt polis əməkdaşları kafeyə daxil olub onun qolundan tutub bıçağı əlindən almış və onu Abşeron rayon Polis İdarəsinə aparmışlar. O bıçağı təxminən 2023-cü ilin aprel ayında Abşeron rayon, Xırdalan şəhərində yerləşən bazardakı dəmir tullantılarının yığıldığı yerdən keçən zaman yerdən tapşmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Təxminən 1 aydır ki, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yerləşən “TT 44” adlanan kafedə administrator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs kafedə işlədiyi müddətdən tanıyır. Belə ki, işlədiyi müddətdə Samir kafeyə müştəri kimi gəlmiş və Tale ilə münasibəti həmişə yaxşı olmuşdur. 31 may 2023-cü il tarixdə saat 19 radələrində Samir müştəri kimi gəlib kafedə əyləşmiş və kafenin ofisiantı Vüsalə adlı xanım Samirə qulluq etmmişdir. Samir kafedə üç-dörd bakal pivə içdikdən sonra ayağa qalxıb televizorda mahnı qoymuş və televizorun səsini yüksəldərək oynamağa başlamışdır. Televizorun səsi kafedə olan müştəriləri narahat etdiyi üçün Samirə yaxınlaşmış və ondan televizorun səsini azaltmasını xahiş etmişdir. Samir isə onun xahişinə məhəl qoymayıb televizorun səsini azaltmamış və o televizorun səsini bir qədər azaltmışdır. Lakin Samir televizorun səsini yenidən yüksəltmişdir. O, televizorun səsini azaltması ilə bağlı Samirə iradını bildirmişdir. Samir onun iradından əsəbləşərək heç kimi narahat etmədiyini bildirmişdir. Həmin vaxt kafedə səs-küy salaraq kafedə əyləşən müştəriləri narahat etməyə və onunla sözlə mübahisə etməyə başlamışdır. Bundan sonra Samiri kafedə əyləşən müştərilər və kafedən kənarda olan tanımadığı şəxslər bir neçə dəfə çölə çıxarsalar da, o yenidən kafeyə daxil olub onun üzərinə hücum etmişdir. Samir kafedə təxminən 10-15 dəqiqə səs-küy salıb onunla sözlə mübahisə etdikdən sonra çıxıb getmiş və təxminən 5 dəqiqə sonra Samirin əlində bıçaq ilə kafeyə daxil olduğunu görmüşdür. Samir kafeyə daxil olan kimi sağ əlindəki bıçaqla onun üzərinə hücum etməyə başlamış və onu vurmaq məqsədilə üzərinə gələn zaman kafedə müştəri kimi əyləşmiş Zərərçəkmiş şəxs2 cəld kafedə olan stulu əlinə götürüb Samirin qarşısını kəsmişdir. Buna baxmayaraq Samir yenidən əlində olan bıçaqla onun üzərinə gəlmiş, Araz isə Samirin qarşısını əlində olan stul ilə kəsərək sonuncunu ondan uzaqlaşdırmağa çalışmışdır. O, Samirin onu vuracağından qorxduğu üçün arxaya doğru çəkilmiş və Samirin onu bıçaqla vurmaması üçün ayaqyolunda gizlənmişdir. Bundan sonra polis əməkdaşları dərhal kafeyə gəlmiş və Samiri zərərsizləşdirərək bıçağı əlindən alıb kafedən çıxartmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olsam da, ünvan 5 ünvanında yaşayır. 31 may 2023-cü il tarixdə saat 19 radələrində dostu Murad ilə birlikdə pivə içmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yerləşən “TT 44” adlanan kafeyə getmişdir. Orada pivə içən zaman kafedə “AAAF Park” yaşayış kompleksinin sakini kimi tanıdığı Təqsirləndirilən şəxs orada olmuş və həmin vaxt orada pivə içmişdir. Samir bir neçə bakal pivə içdikdən sonra oturduğu masadan qalxıb televizorun səsini yüksəldərək oynamağa başlamışdır. Kafenin administratoru Zərərçəkmiş şəxs1 Samirdən televizorun səsini azaltmağını istəmiş, sonuncu isə Taleyin sözünə məhəl qoymayaraq televizorun səsini azaltmayıb oynamağa davam etmişdir. Tale televizorun pultunu götürüb televizorun səsini azaltmış lakin Samir pultu Taleyin əlindən alaraq yenidən televizorun səsini yüksəltmişdir. Samir televizorun səsini yüksəltdikdən sonra Tale Samirə kafedə ondan başqada adamların olduğunu deyib iradını bildirmişdir. Onlar arasında sözlə mübahisə yarandıqdan sonra o kafedə olan tanımadığı bir neçə şəxslə birlikdə Samiri sakitləşdirib kafedən çıxartmışdır. Təxminən 5-6 dəqiqə sonra artıq saat 20 radələrində Samirin əlində bıçaq ilə kafeyə daxil olub Taleyin üzərinə doğru hərəkət etdiyini görmüşdür. O cəld oturduğu yerdən qalxıb kafedə olan stulların birini götürüb Samirin qarşısını kəsmişdir. O Samirin qarşısını kəsməyinə baxmayaraq sonuncu Taleyin üzərinə doğru getməkdə israr edirmiş və o stulu Samirə tərəf doğrultmaqla uzaqlaşdırmışdır. Samir bir neçə dəfə Taleyi vurmaq üçün sonuncunun üzərinə doğru getməyə cəhd göstərsə də, o stulu Samirə tərəf doğruldaraq qarşısını almışdır. Elə bu zaman polis əməkdaşları kafeyə daxil olaraq bıçağı Samirin əlindən alıb sonuncunu zərərsizləşdirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. 31 may 2023cü il tarixdə saat 19 radələrində dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə pivə içmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yerləşən “TT 44” adlanan kafeyə getmişdir. Orada pivə içən zaman kafedə müştərilərdən biri bir neçə bakal pivə içdikdən sonra oturduğu masadan qalxıb televizorun səsini yüksəldərək oynamağa başlamışdır. Kafenin administratoru Zərərçəkmiş şəxs1 həmin şəxsdən televizorun səsini azaltmağını istəmişdir. O isə Taleyin sözünə məhəl qoymayaraq televizorun səsini azaltmadı və oynamağa davam etdii. Tale televizorun pultun götürüb televizorun səsini azaltdı lakin adını sonradan Samir kimi bildiyi həmin müştəri pultu Taleyin əlindən alaraq yenidən televizorun səsini yüksəltdi. Samir televizorun səsini yüksəltdikdən sonra Tale Samirə kafedə ondan başqada adamların olduğunu deyərək iradını bildirmişdir. Onlar arasında sözlə mübahisə yarandıqdan sonra Araz kafedə olan tanımadığı bir neçə şəxslə birlikdə Samiri sakitləşdirib kafedən çıxartmışdır. Təxminən 5-6 dəqiqə sonra artıq saat 20 radələrində Samirin əlində bıçaq ilə kafeyə daxil olub Taleyin üzərinə doğru hərəkət etmişdir. Bu zaman Araz cəld oturduğu yerdən qalxıb kafedə olan stulların birin götürüb Samirin qarşısını kəsmişdir. Araz onun qarşısını kəsməyinə baxmayaraq o Taleyin üzərinə doğru getməkdə israr edirmiş və Araz stulu ona tərəf doğrultmaqla Samirin Taleyi vurmağının qarşısı almışdır. Samir bir neçə dəfə Taleyi vurmaq üçün onun üzərinə doğru getməyə cəhd göstərsə də, Araz stulu ona tərəf doğruldaraq onun qarşısını almışdır. Elə bu zaman polis əməkdaşları kafeyə daxil olaraq bıçağı Samirin əlindən alaraq onu zərərsizləşdirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Zabil oğlu ifadəsində götərmişdir ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Əlahiddə X4 12-ci PB-nin polis nəfəri, polis serjantı vəzifəsində işləyir. 31 may 2023-cü il tarixdə 12-ci PB-nin polis nəfəri, polis serjantı Şahid2 və 12-ci PB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 ilə Abşeron rayonu, Xırdalan şəhərində 9686 saylı avtopatrulla xidmətdə olarkən təxminən saat 21:35 radələrində “AAAF park” yaşayış kompleksində yerləşən “TT 44” adlı kafenin qarşısından keçərkən kafenin qarşısında adamların toplaşdığını görmüşlər. Avtomobildən düşüb kafeyə daxil olduqda bir nəfər şəxsin əlində bıçaq ilə digər şəxsin üzərinə getdiyini, həmin şəxsin isə stulu əlinə götürüb özünü müdafiə etdiyini görüb dərhal əlində bıçaq olan şəxsin üzərinə doğru gedib, bıçağı əlindən alaraq həmin şəxsi zərərsizləşdirmişlər. Bundan sonra hər iki şəxsi Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər. İdarənin növbətçi hissəsində həmin şəxslərin xx.xx.1983-cü il təvvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1991-ci il təvvəllüdlü Zərərçəkmiş şəxs2 olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs kafedə spirtli içki qəbul etdiyindən kafenin administratoru Tale adlı şəxslə mübahisə etmiş, daha sonra isə bıçaq götürüb sonuncunun üzərinə doğru getmiş və bu zaman kafedə müştəri kimi əyləşmiş Zərərçəkmiş şəxs2 kafedə olan stullardan birini götürüb Samirin qarşısını kəsmişdir. Həmin vaxtda onlar kafeyə daxil olaraq Təqsirləndirilən şəxs zərərsizləşdirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 19 iyun 2023-cü il tarixli, 3/897 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet-kustar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir və soyuq silah hesab edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə təyin edilmiş cəzası azaldılaraq, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış bir ədəd bıçaq Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü X3 himayəsindədir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N1 2004-cü il 23 mart tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin Qərarın 8 və 9-cu bəndlərində qeyd olunur ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 6-cı bəndində göstərilir ki, soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 13-cü bəndində qeyd edilir ki, soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 221.3, 228.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağı olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasının yüngülləşdiriən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 74 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-221/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-221/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver