Məhkəmə qərarları › İş №1(012)-222/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-222/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-222/2021 15.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndi, Duz Zavodu yoli, massiv-2, ev 2, mənzil 104–də (Məzunlar evi) qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 16.00 radələrində yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən Məzunlar evində, tanışı Şahid2 arasında sonuncunun azyaşlı övladının onun ünvanına nalayiq ifadələr işlətməsinə görə mübahisə yaranmış, bundan sonra Şahid2 qardaşı Zərərçəkmiş şəxs zəng edib gəlib bacısı Bikəyə sahib çıxmasını demiş, həmçinin Ənvərin və Bikənin ünvanına nalayiq söyüşlər söymüşdür. Amilin bu söyüşlərindən əsəbiləşən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndi, Məzunlar evində yerləşən ünvana getmiş, orada tərəflər arasında davam edən münaqişə dava-dalaşa çevrilmiş, baş vermiş dava-dalaş zamanı Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs sol qoluna qəsdən bir dəfə bıçaqla xəsarət yetirməklə ona; sol dirsək oynağı nahiyəsinin deşilmiş-kəsilmiş və sağ əlin 2-ci barmağının sıyrığı xəsarətlərini yetirməklə sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Ənvər və onun bacısı Bikə ilə qonşuluqda yaşayır. Bikə ilə onun və arvadı Yekaterinanın arasında əvvəllər Bikənin Yekaterinanın telefonuna başqa şəxsə zəng etdirməsi səbəbindən münaqişələr baş vermişdir. xx.xx.2021-ci il tarixdə yaşadıqları binanın qarşısında Bikənin azyaşlı oğlu onun ünvanına nalayiq söyüş işlətdiyinə görə Bikəyə uşağına tərbiyə verməsini dedikdə Bikə ona “əcəb edir, uşağı mən öyrətmişəm” dedikdə aralarında mübahisə yaranmışdır. Onlar bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Sonra evinə qalxıb Bikənin qardaşı Ənvərə zəng edib onu və bacısı Bikəni söymüş, həmçinin ondan gəlib bacısına sahib çıxmasını istəmişdir. Ənvər də onun ünvanına söyüş söyərək onun yanına gələcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Ənvər onun evinə gələn zaman özünü müdafiə etmək məqsədi ilə qaz açarını götürüb bloka çıxmışdır. Ənvər liftdən çıxan kimi onun üzərinə gəlmiş və onlar bir-birlərinin yaxasından tutmuş, Ənvər onun qolunu buraraq qaz açarını onun əlindən almış, qaz açarı ilə onun qolundan vurmuşdur. Bundan sonra qaz açarı Ənvərin əlindən yerə düşmüşdür. Sonra Ənvər onun qolunu buraraq başı ilə onun başına kəllə vurmuş, sinəsinə və sifətinə yumruqla, qarnına bir dəfə təpiklə zərbələr vurmaqla onu döymüşdür. Aralarında yaranmış münaqişə zamanı onun arvadı Yekaterina evdən bloka çıxıb onları ayırmağa başlamış, bu zaman Ənvər əlinin arxası ilə onun arvadı Yekaterinanı vurmuşdur. Bundan sonra əsəbiləşib evə keçib mətbəxdən bıçaq götürüb Ənvərin üzərinə gəlmiş, evin giriş qapısında Ənvər onu qapının arasında sıxmağa başladıqda, əlində olan bıçaqla Ənvərin qolundan vuraraq xəsarət yetirmişdir. Sonra Ənvər qapını buraxıb geri çəkilərək yerə oturmuş, bıçağı bloka atıb evinə keçib qapını bağlamış, bir neçə dəqiqə sonra isə bıçağı götürmək üçün yenidən bloka çıxmış, həmin vaxt Bikə oraya gəlmiş və Bikə ilə də aralarında sözlə mübahisə olmuşdur. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bacısı Bikə ilə qonşuluqda yaşayan Amil və onun arvadı Yekaterina arasında əvvəllər bir neçə dəfə münaqişələr baş vermişdir. xx.xx.2021-ci il tarixdə saat 16.00 radələrində Amil onun mobil telefonuna zəng edib, bacısı Bikənin və onun ünvanına nalayiq söyüşlər söymüş və ondan gəlib bacısı Bikəyə sahib çıxmasını istəmişdir. Amilin ünvanına söyüş söyüb Amildən hazırda harada olduğunu soruşmuş, Amil evində olduğunu dedikdə, söhbət etmək üçün Amilin ünvanına gələcəyini deyib evdən çıxmışdır. Bir neçə dəqiqə sonra Amilin yaşadığı mərtəbəyə çatan zaman Amilin əlində qaz açarı ilə orada onu gözlədiyini görmüş, Amil onu görən kimi onun üzərinə gəlmiş və onlar bir-birlərinin yaxasından tutmuş, sonra Amilin əlindən tutub qolunu burub əlində olan qaz açarını almışdır. Bundan sonra Amil qaçıb evinə keçmiş və mətbəxdən bıçaq götürüb yenidən onun üzərinə gəlmiş, Amilin onu bıçaqla vurmasına mane olmaq üçün evin giriş qapısını sıxmağa başlamış, Amil isə qapının arasından əlində olan bıçaqla bir dəfə onun qolundan vuraraq xəsarət yetirmişdir. Bundan sonra qapını buraxıb geri çəkilərək yerə oturmuş, Amil isə bıçağı bloka atıb evinə keçib qapını bağlamışdır. Bir neçə dəqiqə sonra Amil bıçağı götürmək üçün yenidən bloka çıxmış, həmin vaxt onun bacısı Bikə oraya gəlmiş, Amilin əlində bıçağı görmüş və Amilin bıçaqla onu vurduğunu bilmişdir. Bundan sonra Bikə ilə Amil arasında sözlə mübahisə olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 16.00 radələrində yaşadığı evdə olan zaman blokdan gələn səsə çölə çıxdığını, yaşadığı binanın 9-cu mərtəbəsində qonşuları Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dava-dalaş etdiklərini və Təqsirləndirilən şəxs mətbəxdən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs qolundan xəsarət yetirdiyini görmüşdür. Ənvərin qolunu sarımaqla ona köməklik göstərmiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs və Şahid1 vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 117 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol dirsək oynağı nahiyyəsinin deşilmiş kəsilmiş yarası iti deşicikəsici alətin təsirindən törənmişdir, sağ əlin 2-ci barmağının sıyrığı bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 159 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – sağ dirsək nahiyyəsinin sıyrığı küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğıuna qəsdən sağlamlığa zərərvurmayan xəsarət yetirməsi xüsusatı ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbirin görülməsi üçün həmin qərarın surəti Abşeron RPİnin İTŞ-nə göndərilmişdir. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0003001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar