Məhkəmə qərarları › İş №1(012)-223/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-223/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-223/2025 06.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Nümayəndə iştirakı ilə, xx.xx.1992-ci ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qobustan rayonu Çəmzəmli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqlnda iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Rahat Market” adı ilə fəaliyyət göstərən mağazanın qarşısında yeznəsi Zərərçəkmiş şəxs ilə, sonuncuya bacısından ayrıldıqdan sonra övladları ilə maraqlanmamasını irad tutması səbəbindən aralarında şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən çəkiclə, yumruq və ayaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya burun sümüklərinin cərrahi repozisiyaya ehtiyacı olan yerdəyişən qapalı sınıqları, ənsə nahiyəsinin əzilmiş yarası və sağ qulaq seyvanının qançırından ibarət zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Qobustan rayonu, Çəmzəmli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun bacısı Tapdıqova (Şirinova) Asya Uğur qızı ilə 2015-ci ildə ailə həyatı qurmuş və birgə nigahdan 2 azyaşlı övladları vardır. Son zamanlar bacısı Asya ilə Fərid arasında ailədaxili mühaisələr olmuşdur. 2023-cü ilin oktyabr ayında Asiyanı Fərid və ailəsi yola vermədikləri üçün onlar gedib Asiyanı öz evlərinə gətirmişlər. xx.xx.2024-cü il tarixdə bacısı oğlu Fuadın ad günü olmuşdur. Fuadın başında şiş olduğu üçün o, xx.xx.2023-cü il tarixdə saat 00:03 radələrində Fəridə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə sms yazmışdır ki, “uşagınla niyə maraqlanmırsan, uşağın ad günüdür”. Bu zaman Fərid də yazmışdır ki, “mənə nə uşaq lazımdı nə də heç kim lazım deyil”. Bundan sonra Fəridlə uşağın xəstəliyi ilə əlaqədar bir az yazışmışdır. Bundan sonra Fərid onunla kobud danışaraq onunla görüşmək istədiyini bildirmişdir. O da demişdir ki, “ailə işimə qarşıma”. O da saat təxminən 01 radələrində qardaşı Nihadla birlikdə Fəridin ona dediyi yerə getmişdir. Orada Fəridlə görüşmüşdür. Həmin vaxtı Fərid heç bir əsas olmadan onu söyməyə başlamışdır. O da Fəridə uşağı ilə niyə maraqlanmamasını demişdir. Elə bunun üstündə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Fərid sol əli ilə onun başının sağ nahiyyəsinə yumruq zərbəsi endirmişdir. O da özünü qorumaq üçün əli ilə Fəridin sifətindən vurmuşdur. Bundan sonra Fərid avtomobilə qaçaraq çəkic götürb onu vurmaq istəmiş, o da Fəridin əlindən cəkici almışdır. Fərid onu vurmaq istəyəndə o da Fəridə zərbə endirmişdir. Lakin birinci Fərid onu vurmuşdur. Həmin vaxtı qardaşı Nihad onları ayrmağa calışmış sonradan isə Nihad onları ayırmış və o, Nihadla çıxıb evlərinə getmişlər. Nihad orada Fəridi vurmamışdır. Fəridi yalnız o, vurmuşdur. Dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etmiş, nəticə əldə olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Bildirmişdir ki, 2015-ci il tarixdə X5 ilə ailə həyatı qurmuşdur. Birgə nigahdan 2 azyaşlı övladları olmuşdur. Ailə həyatı qurduqdan sonra münasibətləri normal olsada lakin son zamanlar Asiya ilə ailədaxili mübahisələri olmuşdur. Sonuncu dəfə 2023-cü ilin iyul ayında evdə olan zaman Asiya ona demişdir ki, “mən başımı bağayıb hicaba keçmək istəyirəm”. O da buna öz etirazını bildirmiş və Asiyanın hicabla gəzməsini istəmədiyini bildirmişdir. Elə bunun üstündə Asiya ilə aralarında mübahisə baş vermiş, o da Asiyanın uzun paltarlar almısını görüb valideyinlərinə zəng vurmuş və qızlarını gəlib aparmalarını demişdir. Bundan sonra 2023-cü ilin oktyabr ayında Asiyanı valideyinləri gəlib aparmışlar. Həmin vaxtı azşaşlı 2 övadı da Asiya ilə birlikdə getmişlər. Bir müddətdən sonra o, qaynı Təqsirləndirilən şəxs zəng vuraraq övladlarını görmək istədiyini bildirmişdir. Ayxan da ona rayonda olduqlarını demişdir. Sonradan müxtəlif bəhanələr ilə övladlarını ona göstərməmişlər. Bundan sonra Asiyada onunla rəsmi qaydada boşanmaq üçün müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində o, evdə olan zaman qaynı Təqsirləndirilən şəxs ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə sms yazaraq oğlu Fuadın şəkilini göndərib onu təhqir etmişdir. Bundan sonra ona zəng vuraraq nəyə görə övladı ilə maraqlanmadığını demiş, bununla əlaqədar aralarında mübahisə yaranmış və onunla görüşmək istədiyini bildirmişdir. O da evdə olduğunu və məhlədə onunla görəşə biləcəyini bildirmişdir. Təsminən 15 dəqiqədən sonra Ayxan ona zəng vurmuşdur ki, “Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Rahat” marketin qarşısındadır”. O da özünə məxsus olan “Xəzər RX Assamand” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində əyləşib Ayxanı gözləmişdir. Bu zaman Ayxan ona zəng vurmuşdur ki, “binanın qarşısındadır”. O da avtomobildən düşüb Ayxana yaxınlaşmışdır. Həmin vaxtı Ayxanın yanında qardaşı Nihat da olmuşdur. O, Ayxangilə yaxınlaşan zaman Ayxan demişdir ki, “çəkilək kənarda olan aptekin qarşısına”. O, həmin vaxt hiss etmişdir ki, Ayxan içkilidir. Aptekin qarşısında Ayxan ona demişdir ki, “hə gəlmişəm boynumun dalına tük əkə bilərsənmi”. Çünkü telefon danışıgı zamanı Ayxan ona bildirmişdir ki, “boyunun dalına tük əkdir”. O da Ayxana cavab vermişdir ki, “mən də sənin boynuvun dalına tük əkərəm”. Bu zaman qardaşı Nihad onun sağ qolundan tutaraq dartmış, həmin zaman Ayxan da sifətinin sol nahiyyəsindən yəni qulaq nahiyyəsindən yumruqla vurmuşdur. O da ani olaraq dayanmış və bu vaxtı avtomobilinə qaçaraq arxa yük yerini açıb orada olan şəxsi istifadəsinə aid olan çəkici götürüb özünü müdafiə etmək istəmişdir. Bu anda Ayxan avtomobilin arxasından üstünə gəlib çəkici əlindən almış və onlar avtomobilin qarşına keçən zaman Şahid çəkiclə sağ arxa baş nahiyyəsindən zərbə ilə vurmuşdur. Həmin anda o, 4-5 saniyəlik huşsuz olmuşdur. O, yerə yıxılan zaman Təqsirləndirilən şəxs dizi ilə onun burun nahiyyəsindən bərk zəbə ilə vurmuş və onun burnu sınmışdır. Sonra Ayxangil dayanmadan bəbəninin müxtəlif yerlərinə zərbələr endirib çıxıb getmişlər. O da bundan sonra X8 və DİN-nin “102” xidmətinə məlumat vermişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs dizi ilə onun burnuna vurmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Qobustan rayonu, Çəmzəmli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. DİN-in ƏÇPA-ın MTT Xidmətlərinin polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsi daşıyır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Tapdıqova (Şirinova) Asya Uğur qızı ilə 2015-ci ildə ailə həyatı qurmuş və birgə nigahdan 2 azyaşlı övladları vardır. Son zamanlar bacısı Asya ilə Fərid arasında ailədaxili mübahisələr olmuşdur. 2023-cü ilin oktyabr ayında Asiyanı Fərid və ailəsi yola vermədikləri üçün onlar da gedib Asiyanı öz evlərinə gətirmişlər. xx.xx.2024-cü il tarixdə bacısı oğlu Fuadın ad günü olmuşdur. Bacısı oğlu Fuadın başında şiş olduğu qardaşı Ayxan xx.xx.2023-cü il tarixdə saat 00:03 radələrində Fəridə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə sms yazmışdır ki, “uşagı ilə niyə maraqlanmır, uşağın ad günüdür”. Bu zaman Fərid də Ayxana yazmışdır ki, “ona heç kim lazım deyil”. Bundan sonra Fərid Ayxanla kobud danışaraq Ayxanla görüşmək istədiyini bildirmişdir. Ayxan da ona demişdir ki, “onu Fəridglin evinin yanına aparsın”. O da etiraz etməmiş saat təxminən 01 radələrində qardaşı ilə birlikdə Fəridin dediyi yerə getmişlər. Orada Fəridlə görüşmüşlər. Həmin vaxtı Fərid heç bir əsas olmadan qardaşı Ayxanı söyməyə başlamışdır. Ayxan Fəridə uşağı ilə niyə maraqlanmamasını demişdir. Elə bunun üstündə Ayxanla Fəridin arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Fərid sol əli ilə Ayxanının başının sağ nahiyyəsinə yumruq zərbəsi endirmişdir. O da Ayxanla Fəridi ayırmaq istəmişdir. Bu zaman Ayxan özünü qorumaq üçün əli ilə Fəridin sifətindən vurmuşdur. Bundan sonra Fərid avtomobilə qaçaraq çəkic götürb Ayxanı vurmaq istəmiş Ayxanda Fəridin əlindən cəkici almışdır. Ayxanı vurmaq istəyəndə Ayxanda Fəridə zərbələr endirmişdir. O da Ayxanla Fəridi ayırmış sonra isə evlərinə gəlmişlər. Həmin vaxtı o, Fəridi vurmamışdır. Fəridin onun barəsində yazdıları tam yalan və qərəzlidir. Fərid ona demişdir ki, “qardaşının qisasını səndən alacam sən polis işləyirsən səndən şikayət edib səni işdən çıxaracam”. Fəridi o, vurmamış, Fəridi qardaşı Ayxan vurmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 499 saylı rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun sümüklərinin cərrahi repozisiyaya ehtiyacı olan yerdəyişən qapalı sınıqları, ənsə nahiyəsinin əzilmiş yarası və sağ qulaq seyvanının qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs(lər)-in bədən hissəsinin (əl, ayaq və sair) təsirindən, eləcədə kənar şəxs(lər) tərəfindən çəkiclə vurulma nəticəsində yarana bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsi ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində qarşı fiziki güc tətbiq etmədiyi barədə bildirdiklərini özünü müdafiə kimi qiymətləndirib rədd etsə də ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin üzləşdirilməsi zamanı zərərçəkmiş şəxs onun dediklərini təkzib edərək, təqsirləndirilən şəxsin gözləmədiyi halda onu vurduğunu təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 499 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az zərər vurmaya aid xəsarətlər yetirilməsi, həmin xəsarətlərin kənar şəxs(lər)-in bədən hissəsinin (əl, ayaq və sair) təsirindən, eləcədə kənar şəxs(lər) tərəfindən çəkiclə vurulma nəticəsində əmələ gələ bilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar