Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-224/2025 03.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, əvvəllər məhkum olunmayan, Zəngilan şəhəri H.Cavid küçəsi ev 20-də qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində qeyri rəsmi ailə münasibətində yaşadığı Şahid5 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən fərdi evinə gələrkən evin qarşısında sonuncunun kürəkəni X3 və onun dostu Zərərçəkmiş şəxs2 ilə arasında Mahir Tarverdiyevin əsassız olaraq gecə radələrində qeyd olunan ünvana gəlməsi və həyat yoldaşı Nərmin İsmayılov ilə arasında küskünlük olmasına baxmayaraq, təkidlə evinə aparmaq istəməsi səbəbindən mübahisəsi yaranmış, mübahisə zamanı Mahir Tarverdiyevlə əlbəyaxa olaraq əli ilə sifət nahiyəsindən və başından, bıçaqla sol bud nahiyəsindən qəsdən vuraraq ona sol bud nahiyəsinin deşilmişkəsilmiş yarası və sol gözün üst qapağının, sol gözaltı nahiyənin qançırları, başın təpə və ənsə nahiyələrinin sıyrıqları kimi sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, yaranmış mübahisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 ilə əlbəyaxa olub yerə yıxaraq təpiklə qarnından vurub, ona qarın nahiyəsinin iri ölçülü qançır, şişkinliyi, hər iki diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü mağazadan evə qayıdırdı. Evinin qarşısında 7-8 nəfər olmuşdur. Onların içində Mahiri görmüşdür. Mahirə demişdir ki, “sənə demədim çıx get nəyə gəlmisən qapıma”. O da əlindəki bıçağı yuxarı qaldıraraq “nəslində kim varsa çağır gəlsin bura demişdir.” O da Mahirə qışqırmamasını bildirdi. Bu zaman Mahir ona bıçaq atmaq istəsə də ətrafdakılar onları aralamışdır. Daha sonra adını təxmini xatırladığı Sahib adlı şəxs özünü onların ağsaqqalı kimi təqdim edərək onu söhbət etməyə çağırmışdır. O da kənara çəkilib söhbət edən zaman qonşusu Azər qışqırmışdır ki “Amid, qaç bıçaq vuracaq”. Bu zaman Mahirin ona atdığı bıçaq onun kurtkasının cibinin üstündən girmişdir, daha sonra o Mahirin dostunu onun üzərinə itələmiş və onlar bir-birinə dəymişdir. Bu zaman o əsəbləşmiş onlara tərəf getmək istəyən zaman ətrafdakılar onu tutmuş, Mahir və dostları qaçmağa başlamışdır. Hadisə zamanı ayağından xəsarət almış və 2 gün Mehdiabad PB-nə getsə də onun şikayətinə baxılmamış və hər dəfə geri qaytarmışlar. Mahirlə Əhmədi vurmadığını, aldığı xəsarətləri hansı şəraitdə alması ilə bağlı heç bir məlumatı olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mahirə kimin bıçaqla zərbə vurduğunu bilmir, Mahir zərbə alsaydı ərazidə 150 metr uzağa qaça bilməzdi. Daha əvvəllər də onlar arasında mübahisə olmuşdur. Həmin vaxt onun evinə girmiş, qapı pəncərələri qırmışdır. Hazırki hadisədən sonra Abşeron RPİ-də üzləşmə zamanı Zərərçəkmiş şəxs2lə üzləşmiş və Əhməd orada onu vuranın o, olmadığını bildirmişdir. Üzərində heç bir kəsici alət olmamışdır. Mübahisə zamanı ancaq onları itələmişdir. Əlavə olaraq himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, üzvü mənşəli şəxsiyyət pozğunluğu xəstəliyindən əziyyət çəkdiyini, ikinci qrup əlil olduğunu bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində bildirmişdir ki, Şahid1 ilə ailə həyatı qurmuşdur və bir övladı vardır. Amid Nərminin atalığıdır. Yoldaşı ilə uşağını götürməyə getmişdir. İkinci dəfə oraya gedəndə mübahisə olmuşdur. Bu zaman o yıxılmış Amid onun ayağına bıçaqla zərbə vurmuşdur. Daha sonra qaçan zaman onu daşlamış yerə yıxmış və yerdə də onu döymüşlər. Təqsirləndirilən şəxslə qohumluq münasibəti olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman yoldaşı ilə uşağını götürmək üçün oraya getmişdir. Yoldaşı ilə mübahisə olmuş və onu anasıgilə aparmışdır. Birinci dəfə oraya uşağı götürmək üçün gəlmiş və Amid onunla mübahisə etmişdir. Bu zaman deyib ki, “gözləyin, uşağı qoyum gəlim”. Uşağı qoyub Əhməd və Sahiblə həmin əraziyə qayıtmışdır. Sahibi ağsaqqal kimi Amidlə söhbət etmək üçü aparmışdır. Söhbət etmək üçün oraya gəlmişlərdir. Gələn kimi Amid üzərinə hücum etmiş və o yerə yıxılan zaman Amid bıçaqla onu vurmuşdur. Daha sonra Səbinə yoldaşı Amidə balta verən zaman onlar qaçmış, bu zaman onu daşlaya-daşlaya yerə yıxmışlar və yerdə də döymüşlər. Ona bıçaqla xəsarət yetirilmişdir. Əhmədi maşınla vurub yerə yıxmışdırlar. Ayağının yanından xəsarət yetirmişdir. Yerdə olan zaman bir qadın səs-küy salmış və ətrafdakı 2 nəfər ona kömək etmişdir. Üzərində bıçaq olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində daha ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Tarverdiyev Mahir oun dostudur. Hadisə günü öz maşını ilə Mahirlə birliktə Mahirin uşağın götürmək üçün gəlmişdir. Mahir uşağı götürüb gedən zaman Amid və ətrafında 2-3 nəfər onlara yaxınlaşmış mübahisə etmişdir. O, uşağı qoyub sonra gələcəyini bildirmişdir. Uaşğı qoyduqan sonra Mahir dostu Sahibi də götürüb onların evinə qayıtmışdır. Mahir qapını döymüşdür. Ondan qabaq Amid onlara demişdir ki, siz bu məhəllədə çıxa bilmərsiz. X7 arasında mübahisə olmuşdur. Mahir yıxıldı və Amid Mahiri vurdu. O sonra evə qaçıb nəsə götürən zaman onlar qaçmışdır. Qaçan zaman toyota prius markalı avtomobil onu vurmuşdur. Onu vuranı avtomobili idarə edən Amid idi.Bədən quruluşu və bığından Amid olduğunu bilmişdir.Amid dayanmadı və sürüb çıxıb getmişdir. Yıxılandan sonra onu döymüşlər. Bıçaqla onu vurmamışlar. Onu döyən şəxslərin ortaya çıxmadığını bildirdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, Mahir ona qaçmasını Amidin nəsə götürəcəyini bildirmişdir. Amid Mahiri bıçaqlayan zaman görmüşdür. Mahirlə eyni istiqamətdə qaçmış Mahir onda 10-15 metr qabaqda olmuşdur. Qaçan zaman arxasıyca məhəllədə olanlar düşmüşdür. Priusun ona vurma səbəbini bilmir, bəlkə qəsdən vurmamışdır. Yıxılan zaman onu döymüşlər və bıçaqla qorxutsalar da vurmamışlar. Onu vuran adamlar çox idi, həmin şəxslərin kim olduğunu bilmir və xatırlamır. Özünə gəldikdən sonra arxa məhəlləyə keçib biraz oturmuşdur. Özünə gəldikdən sonra aşağı məhəllə ilə uzaqlaşmışdır. Maşını orada qalmışdır. Mahir və Sahiblə həmin yerə getmişlərdir. Amid bıçağı kurtkasının cibindən çıxartmışdır. Evə getdikdən sonra dostu Elmir onu Abşeron Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Mahiri sahib aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Amid onun yoldaşıdır. Mahir Tarverdiyev kürəkənidir. Digər zərərçəkmiş şəxsi tanımır. İlk dəfə 11 də gəlmişdir. Pul tələb edirdi ki, anandan pul istə, bilərəkdən pul istəməsi üçün Nərmini gətirmişdir. Mahir onun adına kredit götürüb ödəmədiyi üçün pul verməkdən imtina etmişdir. Pul verməkdən imtina etdikdən sonra Mahir Nərmini götürmək üçün onların evinə gəlmişdir. Evə gəlib qızı Nərmini zorla aparmaq istəyərkən Nərmin onunla getməkdən imtina etmişdir. Bu zaman Amid gəlmiş və ona getməsini bildirmişdir. Bu zaman Mahir acıqla oğlunun ona verilməsini bildirmiş və onu özü ilə aparmaq istəmişdir. Amid çox söz söhbət olmasın deyə uşağı Mahirə vermələrini demişdir. Uşağı apararkən onları təhdid edərək “Gözləyin uşağı qoyum gəlim burada qan sel yerinə axacaq” və s. Kimi sözlər işlətmişdir. Saat təxminən 1-ə işləmiş o, 2 maşın 7-8 nəfərlə birlikdə yenidən qapıya gəlmişdir. Bu zaman da Nərmini aparmaq istəsə də Nərmin istəməmiş, Mahir də onun meyidi də olsa buradan çıxaracağını bildirmişdir. O, Amidi güclə çölə çıxartmış və bu zaman Amid çöldən gəlmişdir. Amid ona “sənə demədim bura gəlmə” demişdir. Bu zaman Mahir Amidin üstünə hücum çəkmək istəsə də onu ətrafdakılar saxlamışdır. Daha sonra onlar məhəlləyə çıxmışdır. Məhəllədə qapıdan baxmaq istəyən zaman Amid onun üstünə qışqırmış və o qapını bağlasa da həyətdə olduğu üçün səsləri eşidirdi. Səslərin uzaqlaşdığını eşidərkən qapını açıb baxmış və bu zaman onların Amidin üstünə hücum etdiyini görmüşlər. Mahir əlindəki hərbi bıçaqla Amidi vurmaq istəyən zaman qonşu Azər qışqıraraq “Mahir, qaç bıçaq” demiş və Amid çəkilmişdir. Bu zaman Mahirin bıçağı Amidin kurtkasına dəymişdir. Amid Mahirin dostunu onun üzərinə itələmiş ikisidə yerə yıxıldı. Bu zaman Mahir yerdən bıçağı götürərək qaçmışdır. Amidin əlində bıçaq olmadığını, Amidin bıçaqla Mahiri vurmadığını bildirmişdir. Ümumiyyətlə Amidə balta vermədiyini də bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atalığıdır. Mahir Tarverdiyev həyat yoldaşıdır və boşanma prosesi gedir. Mahirin pula ehtiyacı olduğu üçün ona anasında pul istəməsini bildirmişdir. O, əvvəl də bir neçə dəfə anasından pul alıb Mahirə vermişdir. Vermədikdə isə Mahir ona acıqlanır və evdə mübahisə yaranırdı. Anasına zəng etmiş anası isə ona pul verməyəcəyini bildirmişdir. Qabaqcadan nələr olacağını bildiyi üçün Mahirə onu anasıgilə aparmasını istəmiş və bu yolla ondan pul istəyə biləcəyini bildirmişdir. Mahir onun bu təklifi ilə razılaşmış və anasıgilə aparmışdır. Mahir anasının adına dəfələrlə kredit götürüb ödəmədiyi üçün anası ona pul vermək istəməmişdir. Bunu Mahirə bildirdikdən sonra Mahir ona telefonda acıqlanmışdır. Daha sonra Mahir ona yazaraq hazır olmasını və gəlib aparacağını bildirmişdir. O isə Mahirə getmək istəmədiyini artıq hərşeyin bitdiyini bildirmişdir. Bu zaman Mahir onu telefonda söyüb təhqir etmişdir. Daha sonra isə uşağa pampres aldığını bildirərək qapıya gəlməsini istəmişdir. Mahir gəlib qapını döyərkən o çıxmamış, anası qapını açmışdır. Mahir həyətə girmiş və yenidən ona hazırlaşmasını və onunla gəlməsini bildirmişdir. O isə Mahirlə getmək istəməyən zaman Mahir əsəbi şəkildə onun qolundan tutmuşdur. Anası Mahiri uzaqlaşdırmış və onu isə otağa apararaq otağın qapısını bağlamışdır. Bu zaman Amid gəlmiş, Mahirə səs-küy salmamasını və telefonda danışaraq onunla barışdıqdan sonra gəlib apara biləcəyini bildirmişdir. Mahir bu dəfə də əsəbiləşmiş və uşağını ona verməsini onlardan tələb etmişdir. Amid çox səs-küy olmasın deyə uşağı Mahirə vermələrini onlara bildirmişdir. Mahir uşağı aparan zaman onları təhdid edərək 2 saatdan sonra geri dönəcəyini və bu evdə qan çıxacağını onlara bildirmişdir. Mahir maşına mindikdən sonra ona zəng edərək ya 1 saat içində barışmağını və evə gəlməsini ya da o yaşadığı evdə hərkəsi öldürəcəyini bildirmişdir. Bunları təsdiq edən sübutların mesajlar olduğunu və istintaq orqanında təqdim etdiyini bildirmişdir. Hadisənin üstündən 2 saat keçəndən Mahir gəlmiş və səs-küylə qapını döyməyə başlamışdır. Gecə saatları olduğu üçün qapını açmamışlar. Səs-küyə qonşular da çıxmışdır. Bu zaman Mahir qapının yanındakı hasara çıxmış və qapını açmalarını qışqırmışdır. Amid evdə olmadığı üçün bu barədə Amidə zəng vurmuşlar. O Amid gəldikdən sonra səs-küy eşitmiş və hadisə zamanı olanları görməmişdir. Lakin Amidin bıçağı olmadığını bildirmişdir. Mahir həyat yoldaşı olduğu üçün evdə gizlətdiyi uzun bıçağının olduğunu, hətta maşınında olduğunu da bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla eyni məhəllədə yaşayır. Hadisə olan günü mağazadan pivə almaq üçün getmişdir. Məhəllədə 5-6 nəfərin yığıldığını görmüşlər. Orada bir nəfərin əlində bıçaqla qaçdığını gördü. Bu anda qonşuluqda yaşayan Azər “Amid, qaç” vurdu deyərək Amidi xəbərdar etdi. Sonra ətrafda olanlar gəldikdən sonra artıq ortalığın sakitləşdiyini görərək mağazaya girib pivəsini götürmüşdür. Verilmiş suallara cavab olaraq bildirdi ki, tanımadığı şəxsin əlində bıçaq vardı və bu hərbi bıçaq idi. Sonra həmin şəxslər qaçdılar. Amidin əlində bıçaq olmamışdır. Amidə atılan bıçaq onun kurtkasını deşmişdi. Amidin maşını olmamış, onun ümumiyyətlə maşın sürdüyünü görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun dostudur. 05 yanvar 2024-cü il tarixdə saat 24 radələrində Əhməd ona zəng edib halının pis olduğunu bildirmiş, o da görüşmək üçün evlərinə getmiş, həmin vaxt Əhmədin uzandığını və bədənində xəsarətlər olduğunu və halının pis olmasını görmüşdür. Pis döyüldüyü üçün heç qolunu da qaldıra bilmirdi. O, Əhmədin özünü pis hiss etməsini görüb onu taksi ilə Abşeron rayon mərkəzi xəstəxanasına aparmış, xəstəxanada həkimlər tərəfindən Əhmədə laqeyid münasibət olmasını görüb DİN-nin 102 xidmətinə zəng vuraraq Əhmədin döyülməsi və hazırda Abşeron rayon xəstəxanasında olmasını, ona tibbi yardım göstərilməsini xahiş eşitmişdir. Bu zaman 102 xidmətinin hadisədən artıq xəbəri olduqlarını ona bildirmişlər. Ümumiyyətlə hadisə baş verən zaman orada olmamış, heçnəyi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 05 yanvar 2024-cü il tarixdə çayxanada oturan zaman tanışı Mahir ona ailəsini gətirmək üçün onunla getməyini istəmişdir. O, da Mahirlə birlikdə onların qayınanasının evinin qarşısına gəlmişdir. Bu zaman yan tərəfdən Amid gəlmiş və o Mahirlə tutaşmışdır. Onları ətrafdakılar ayırdıqdan sonra o, Amidi bir ağsaqqal kimi söhbət etmək üçün kənara çəkmişdir. Amidlə söhbət edən zaman Mahir arxadan Amidin üstünə gəlmiş və onlar yerə yıxılıb əlbəyaxa olmuşlar. Onları ətrafdakılar ayırdıqdan sonra Amidgil evə getmiş və evdən çıxdıqda Amid və ətrafındakıların əlində bıçaq görmüşdür. O, hərkəsin əlində bıçaq gördüyü üçün qaçmağa başlamışdır. Mahirgil qaçdığı tərəfdən qaçmadığı üçün sonradan baş verən hadisələri görməmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, həmin yerə Mahirlə bərabər 4-5 nəfər ilə birlikdə gəlmişlər. Mahirin əlində bıçaq olmamışdır. Amidlə Mahir əlbəyaxa olan zaman Amidin Mahiri bıçaqla vurduğunu görməmiş, ümumiyyətlə Amidin əlində bıçaq görməmişdir. Amid evə girib çıxdıqdan sonra bıçaq götürmüşdür. Mahir arxadan Amidin üstünə gələn zaman Amid onu Mahirin üstünə itələmiş və çaxnaşma düşmüşdür. Zərərçəkmiş şəxs2 döyüldüyünü, xəsarət aldığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 atasıdır. Hadisə olan gün gecə oğlunun özünü narahat hiss etdiyini görmüş, yaxınlaşanda isə döyüldüyünü görmüşdür. Səbəbini soruşduqda isə oğlu dostu Mahirlə birlikdə Mahirin yoldaşını anasıgildən götürən zaman ətrafdakı şəxslərin Mahirlə mübahisə etdiyini görmüşdür. Maşından düşmüşdür. Bu zaman Mahirin oğlu Sabir onun qucağında olmuşdur. Daha sonra ətrafdakı şəxslər onun üstünə hücum etmişdir. O özünün qazi olduğunu və kəllə-beyin travması aldığını bildirmişdir. Bu zaman ətrafdakılar onun başından aşağı bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. O isə gecə DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 Abşeron Rayon Şöbəsinin (canlı şəxsin ekspertizası) 08 fevral 2024-cü il tarixli, 56 nömrəli ekspert rəyindən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol bud nahiyəsinin deşilmiş kəsilmiş yarası iti kəsici əşyanın, sol gözün üst göz qapağının sol gözaltı nahiyəsinin qançırları, başın təpə və ənsə nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, törədilmə müddəti xx.xx.2024-cü il tarixdə əmələ gəlmələri mümkündür. M.S.Tarverdiyevin bədən səthində olan aşkar edilmiş xəsarətlərin xarakterini və lorkalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən - sol bud nahiyəsinin deşilmiş kəsilmiş yarası qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın təsirindən əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sol gözün üst göz qapağının sol gözaltı nahiyəsinin qançırları, başın təpə və ənsə nahiyələrinin sıyrıqları isə insan bədəninin hissələrinin təsirindən əmələ gəlməsi mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 Abşeron Rayon Şöbəsinin (canlı şəxsin ekspertizası) 15 yanvar 2024-cü il tarixli, 57 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qarın nahiyəsinin iri ölçülü qançır, şişkinliyi, hər iki diz oynağı nahiyəsinin sıyrıqları küt əşya təsirindən törənmişdir, törədilmə müddəti xx.xx.2024-cü il tarixdə insan bədən hissələrinin təsirindən əmələ gəlməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, X3 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırlmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 may 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 25 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinin dəlillərini əsaslı hesab etmir, təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair gətirdiyi dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir.Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyi,istintaq hərəkəti protokolları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, ikinci qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını,əməlində ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, həmçinin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən Abşeron rayon hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcinin, xüsusi müsadirə edilməli əmlakın və mülki iddia olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-224/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-224/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver