Məhkəmə qərarları › İş №1(012)-225/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-225/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-225/2022 15.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Ağdam rayonu, Qızılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyəm, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Masazır R.Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs , təkrarən tamah niyətilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15.12.2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, M.Hüseyn küçəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə qanunsuz daxil olaraq, oradan 1 ədədinin dəyəri 13 manat olmaqla ümumi dəyəri 650 manat olan 50 ədəd dəmir dirək, 1 ədədinin dəyəri 30 manat olmaqla ümumi dəyəri 600 manat olan 20 dəst dəmir kələbçə, 1 topun dəyəri 40 manat olmaqla ümumi dəyəri 80 manat olan 2 top tərkibi misdən olan elektrik naqili, 1 ədəd dəyəri 150 manat olan su matoru, 1 ədəd dəyəri 140 manat olan su borusu, ümumi dəyəri 60 manat olan dəmir armaturu oğurlayaraq və nəticədə zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1680 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22.12.2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, M.Hüseyn küçəsində yerləşən fərdi yaşayış evinə nəfəslikdən qanunsuz daxil olaraq 1 ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 75 manat olan 3 ədəd su krantı, dəyəri 150 manat olan hamam dəsti, 1 ədədinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 360 manat olan radiator, 1 ədəd dəyəri 120 manat olan dreli oğurlayaraq və nəticədə zərər çəkmiş Zaur Mirəzyevə ümumilikdə 705 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 15.12.2021-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Masazır qəsəbəsi M.Hüseyn küçəsindən keçən zaman küçədə yerləşən fərdi yaşayış evlərindən birinin darvazasının açıq görüb, oğurluq etmək üçün əlverişli şərait olduğunu başa düşmüşdür. Bundan sonra fərdi yaşayış evinin həyətyani sahəsinə daxil olub, yerdə olan dəmir kələbçə və dəmir dirəkləri götürüb yola çıxmışdır. Həmin ərəfədə Vaz 21011 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin dəmir məmulatları aldığını görüb, oğurladığı dəmir məmulatlarını həmin şəxsə 40 manata satmışdır. Ondan aldığı 40 manat pulu öz maddi ehtiyacları üçün xərcləmişdir. Bir neçə gün sonra yəni 22.12.2021-ci il tarixdə saat 11 radələrində həmin fərdi yaşayış evinin qapısının açıq olub-olmadığına baxmışdır. Qeyd olunan fərdi yaşayış evinin darvazasının açıq olduğunu görüb, yenidən həyətə daxil olub oradan dəmir məmulatları olan dəmir dirəklər və dəmir kələbçələri götürüb yaxın ərazidə olan gizli bir yerə yığmışdır. Bir neçə gün sonra götürdüyü dəmir məmulatlarını Vaz 21024 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı dəmir məmulatları yığan şəxsə 20 manata satmışdır. Oğurluq etdiyi fərdi yaşayış evinin darvazasının açıq olmasını təsafüdən həmin küçədən keçəndə görmüşdür. Bu barədə ona heç kim heç nə deməyib. Oğurluq zamanı onu heç kəs görməmişdir. Evə girən zaman ətrafa baxmış heç kəsin olmadığını görüb həyətyani sahəyə daxil olmuşdur. Həqiqətən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 15.12.2021-ci il və 22.12.2021-ci il tarixlərdə oğurluq hadisəsi törətmişdir. Həmin fərdi yaşayış einin nəfəsliyini açıb içərisinə baxsada daxil olmamışdır. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən ancaq dəmir məmulatları oğurlamışdır. Zaur Mirəzyevə məxsus fərdi yaşayış evindən başqa heç yerdən oğurluq etməmişdir. Sonda o, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını, vurulmuş ziyanı ödəməsini nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, M.Hüseyn küçəsində qardaşına məxsus fərdi yaşayış evində yaşayır. Həmin küçədə özünə məxsus fərdi yaşayış evi qardaşı ilə qonşuluqda yerləşir. Hal-hazırda həmin fərdi yaşayış evində təmir işləri gedir. Bu səbəbdən tikinti materialları alıb həyətyani sahəyə qoymuşdur. Ona məxsus fərdi yaşayış evindən iki dəfə oğurluq hadisəsi baş vermişdir. Həmin oğurluq hadisələri 15.12.2021-ciil tarixdən 22.12.2021-ci il tarixə olan müddət ərzində baş vermişdir. Naməlum şəxs və ya şəxslər ona məxsus fərdi yaşayış evinin həyətyani sahəsinə daxil olub yolu ilə həyətdə olan 1 ədədinin dəyəri 13 manat olmaqla 50 ədəd dəmir dirək, 1 ədədinin dəyəri 30 manat olmaqla 20 komplekt dəmir kələbçə, 1 topun dəyəri 40 olmaqla 2 top tərkibi misdən olan elektrik naqili, 150 manat dəyərində su matoru, 140 manat dəyərəində su borusu, 1 metri 1 manat olan 60 metr uzunluqda dəmir armatur gizli şəkildə talamışdır. Bundan əlavə naməlum şəxs və ya şəxslər həyətyani sahədə tikilmiş fərdi yaşayış evinə nəfəslikdən daxil olaraq 1 ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 75 manat olan 3 ədəd su krantı, dəyəri 150 manat olan hamam dəstini, 1 ədədinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 360 manat olan radiator, 1 ədəd dəyəri 120 manat olan dreli oğurlamışlar. Baş vermiş oğurluq nəticəsində mənə 2385 manat maddi ziyan dəymişdir. Oğurluq baş verməsində şübhələndiyi şəxs yoxdur. 102 xidmətinə məlumat verən zaman bütün oğurlanann əşyaların tam siyahısını hesablaya bilməmişdir. Sonra ona məlum olmuşdur ki, oğurluq nəticəsində 2385 manat maddi ziyan dəymişdir. Özünə məxsus fərdi yaşayış evindən iki dəfə oğurluq olmuşdur. Həmin hadisələr 15.12.2021 və 22.12.2021-ci il tarixlərdə baş vermişdir. İkinci dəfə baş vermiş hadisə zamanı yəni 22.12.2021-ci il tarixlərdə naməlum şəxs nəfəslikdən daxil olaraq 1 ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 75 manat olan 3 ədəd su krantı, dəyəri 150 manat olan hamam dəstini, 1 ədədinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 360 manat olan radiator, 1 ədəd dəyəri 120 manat olan dreli gizli şəkildə talamışdır. Təqsirləndirilən şəxs məhkəmə gedişatında ona vurulmuş ziyanı ödədiyi üçün ondan şikayəçi olmadığını bildirdi. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs məhkəmə gedişatında ona vurulmuş ziyanı ödədiyi üçün ondan şikayəçi olmadığını bildirdi. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayətlərini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSSİİ-nin Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödədiyini və ondan şikayətçi olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Q və MKİ üzrə DK-nin Bərdə rayon nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə o, müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 13 dekabr 2013-cü ildə anadan olmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və bunu məhkəmə iclasında bildirməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28.12.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon prokurorunun 30.12.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 4 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayon ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il.05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayon ərazisini və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar