Məhkəmə qərarları › İş №1(012)-225/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-225/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-225/2024 03.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6, mənzil 47-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədilə 04 aprel 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.Əcəmi küçəsində piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun sol əlində saxladığı, içərisində 44 manat nağd pul, həmin dövrün məzənnəsi ilə 3 manat 40 qəpik məbləğində olan 2 ədəd 1 ABŞ dolları, 1 ədəd Beynəlxalq Bank və 1 ədəd Kapital Bank kartları olan 20 manat dəyərindəki qırmızı rəngli dəri materialdan olan pul kisəsini və həmin əlində olan 1 ədəd 400 manat dəyərindəki “Samsunq A 10” markalı mobil telefonunu əli ilə dartıb hadisə yerindən qaçaraq açıq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 467,4 manat (dörd yüz altmış yeddi manat qırx qəpik) məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, hadisənin onun tərəfindən törədilmədiyini, hadisə vaxtı Masazırda, Cantəpə deyilən ərazidə olduğunu, polis idarəsində ona zor tətbiq edilərək boynuna qoyduqlarını bildirmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6, mənzil 47də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2, 180.2.1, 180.2.4 və 234.1 -ci maddələri ilə məhkum olunmuşdur və hazırda heç bir yerdə işləmir. 04 aprel 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olduğu zaman tanımadığı bir nəfər qadının həmin ərazidə “Gəncə Təndiri” adlanan obyektin yanı ilə piyada hərəkət etdiyini, əlində də qırmızı rəngli pul kisəsinin və mobil telefonunun olduğunu görmüşdür. Maddi vəziyyəti yaxşı olmadığına görə o, həmin qadının əlindən pul kisəsini və mobil telefonunu çəkərək oğurlamaq qərarına gəlmişdir. Ona görə də o, həmin qadını izləməyə başlamışdır. Bundan sonra görmüşdür ki, həmin qadın bir qədər qabaqda M,Əcəmi küçəsi ilə piyada getməyə başlamışdır. O, həmin qadının arxasınca piyada hərəkət edib onu bir qədər izlədikdən sonra həmin küçədə münasib yerdə ona arxadan yaxınlaşaraq həmin qadının əlində saxladığı pul kisəsini və mobil telefonunu əli ilə çəkib ələ keçirmiş və dərhal geriyə dönərək həmin yerdən qaçmağa başlamışdır. Bu zaman həmin qadın səslənərək köməyə adam çağırdığına görə tanımadığı 2 nəfər şəxs onu tutmaq üçün arxasınca qaçdıqlarına görə həmin pul kisəsi hadisə yerindən bir qədər aralıda küçədə əlindən düşmüşdür. Arxasınca gələn həmin 2 nəfər şəxsin ona çatacaqlarından ehtiyat etdiyinə görə o, həmin pul kisəsini yerdən götürmədən qaçıb yaşadığı evə getmişdir. Ələ keçirdiyi həmin “Samsunq A 10” markalı mobil telefonu da ertəsi gün Bakı şəhərinə gedib 20 yanvar dairəsinin yaxınlığında, “Velotrek” adlanan yerdə olan mobil telefon mağazalarının birinin qarşısında tanımadığı bir nəfər şəxsə 100 manata satmışdır. Cinayət hadisəsi törətməklə əldə etdiyi həmin 100 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Buna görə də törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir. Əlavə olaraq qeyd edir ki, o, həmin cinayət hadisəsini törətdiyi zaman əynində qara şalvar, qara gödəkçə və başında da əynində olan həmin gödəkçəsinin baş geyimi olmuşdur. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.Əcəmi küçəsi ev 65-də qardaşı ilə birlikdə kirayədə yaşayır. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdən bir qədər aralıda yerləşən mağazadan çörək alıb evə qayıtmaq üçün M.Əcəmi küçəsində piyada hərəkətdə olduğu zaman tanımadığı və üzünü havanın qaranlıq olması səbəbindən yaxşı görmədiyi bir nəfər şəxs arxa tərəfindən gəlib ona yaxınlaşaraq sol əlində saxladığı, içərisində 44 manat nağd pul, həmin dövrün məzənnəsi ilə 3 manat 40 qəpik məbləğində olan 2 ədəd 1 ABŞ dolları, 1 ədəd Beynəlxalq Bank və 1 ədəd Kapital Bank kartları olan 20 manat dəyərindəki qırmızı rəngli dəri materialdan olan pul kisəsini və eyni əlində olan “Samsunq A 10" markalı mobil telefonunu əli ilə çəkib əlindən alaraq ələ keçirib geri dönərək gəldiyi istiqamətə qaçıb getmişdir. O, həmin vaxt səslənərək köməyə adam çağırsa da müsbət nəticəsi olmamışdır. Bundan sonra o, yaşadığı evə gəlib ilkin olaraq DlN-in “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin Beynəlxalq və Kapital banklara da zəng edərək kartlarını bloklaşdırmışdır. Bundan bir neçə dəqiqə sonra da polis əməkdaşları gələrək bu barədə araşdırma aparmağa başlamışlar. Həmin şəxs arıq bədən quruluşlu və bir qədər hündür boylu olmaqla təxminən 35-40 yaşlarında olardı. Hadisə vaxtı həmin şəxsin əynində qara şalvar, qara gödəkçə olmuşdur və başında da əynində olan həmin gödəkçəsinin baş geyimi olduğunu görmüşdür. Lakin hadisə gecə vaxtı, qaranlıq havada baş verdiyinə görə və həmin şəxs arxa tərəfindən ona yaxınlaşıb yuxarıda qeyd etdiyi əşyalarını sol əlindən çəkib aldıqdan sonra dərhal geri dönüb qaçdığına görə həmin şəxsin üzünü yaxşı görə bilməmişdir. Hesab edir ki, təqsirləndirilən şəxs hündürboylu deyil, həmin adam isə hündür boylu idi, ona elə gəlir ki, o adam bu adama oxşamır. Təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, V.Xəlilov küçəsi ev 5, mənzil 5-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 04 aprel 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.Əcəmi küçəsində piyada hərəkətdə olduğu zaman ondan bir qədər aralıda piyada hərəkət edən tanımadığı bir nəfər qadının qışqıraraq əlində olan mobil telefonunu və pul kisəsini bir nəfər şəxsin alaraq qaçdığnı deyib köməyə adam çağırmışdır. Həmçinin bu zaman qaçan hündürboy adam görmüşdür. Pİ-də ifadə verərkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu deməyi narkotika qəbulu ilə bağlı özündə olmadığından olmuşdur. O, Təqsirləndirilən şəxs “Bakı gecələri” kafesini işlədən şəxs olaraq tanıyır, zərərəçəkən Reyhan xanımın oğlunu da tanıyır. Qaçan adam hündür boy, boyu 1,70 sm olardı, Arif isə elə deyildir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, hazırki işin istintaqı onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs Polis İdarəsinə gətirənədək kim olduğunu bilməmiş, onu tanınmamışdır. Bütün istintaq hərəkətləri keçirilərək cinayət işi tamamlanaraq məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxsi dindirərkən müdafiəçinin iştirakını təmin etmişdir. Şəxsi tanınmaya təqdim olunan zaman zərərçəkmiş şəxs protokola imza etmişdir. Təqsirləndirilən şəxs dindirilərkən heç bir zorakılıq, məcburiyyət olmamışdır. Hadisə yerinə özünün iştirakı ilə baxış keçirilmiş, etdiyi əməli etiraf etmişdir. Tanınmada Arif özü zərərçəkənə yaxınlaşıb dedi ki, xala məni bağışla. Zərərçəkmiş şəxs tərəfindən ona telefon ilə bağlı İMEİ kod təqdim olunmamışdır. Təqsirləndirilən şəxs telefonu 20 yanvar dairəsinin yaxınlığında, “Velotrek” adlanan yerdə satdığını etiraf etdiyindən anten məlumatların götürülməsinə lüzum olmamışdır. Təqsirləndirilən şəxs ona qarşı istintaq zamanı zor, hədə, məcburiyyət tətbiq olunmasını bildirməsi özünü müdafiə xarakteri daşıyır. Həmçinin bildirdi ki, zərərçəkən şəxs nədənsə məhkəmə gedəndə bir neçə dəfə ona zəng etdi, 15 gün bundan qabaq da ona zəng etmişdir, deyirdi ki, təqsirləndirilən şəxsdən şikayətçi deyil, ona təzyiqlər var. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi özünün ibtidai istintaqda verdiyi ifadəsi ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, şahidin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə elan olunan ittihamda özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır. Məhkəmə prosesində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməməsi halına qiymət vermək üçün onun ibtidai istintaqda işgəncələrə məruz qalması ilə bağlı gətirdiyi dəlilləri yoxlamaq üçün məhkəmə tərəfindən Abşeron rayon Prokurorluğuna və Bakı istintaq Təcridxanasına sorgu verilmişdir. Abşeron rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq gedişində işgəncələrə məruz qalması barədə Abşeron rayon Prokurorluğuna müraciəti daxil olmamışdır. Bakı istintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır.Müayinə zamanı sol baldırın orta 1/3 hissəsində, hər iki diz nahiyyəsində və hər iki bilək nahiyyəsində əzilmiş 1 sm ölçüdə üzəri qərtməkli yara müşahidə olunmuşdur. Tibbi kitabçanın surəti məktuba əlavə edilmişdir. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda ifadə verərkən işgəncələrə məruz qalmasını təsdiq edən sübut mövcud deyildir. Onun bu barədə aidiyyatı orqanlara müraciəti olmamışdır, xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına daxil olarkən müayinə zamanı müşahidə olunan halın isə ifadəsi ilə səbəbli əlaqədə olmasını təsdiq edən sübut olmadığından onun ittihama etirazı özünü müdafiə kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınaraq cinayət işinə əlavə olunmuş tələbnamədən və qərarların surətlərindən görünür ki, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmünə (həmin Məhkəmənin 25 oktyabr 2016-cı il tarixli qərarı nəzərə alınmaqla) əsasən, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 234.1, 178.2.2, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə, həmin Məcəllənin 66.2, 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 07 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Məhkəmədə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs şikayətinin olmaması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə törədilmiş cinayətin xarakterini və içtimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-397/2023 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Abşeron rayon Məhkəməsi tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günə bir gün bərabər tutulmaqla hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar