Məhkəmə qərarları › İş №1(012)-226/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-226/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-226/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs oğlnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq, elektron məlumat daşıyıcılardan oğurluq və vətəndaşın şəxsiyyət vəsiqəsini talama cinayətlərini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Abşeron rayon poliklinikasına gələrək orada həkim işləyən Zərərçəkmiş şəxs poliklinikanın 2-ci mərtəbəsində yerləşən 37 nömrəli xidməti iş otağının qapısının açıq olmasından və sonuncunun iş otağında olmamasından istifadə edərək həmin otağa qanunsuz daxil olaraq otaqda sol tərəfdə yerləşən şkafın üstündən Zərərçəkmiş şəxs məxsus əl çantasından içərisində 140 manat pul, şəxsiyyət vəsiqəsi və 10 manat dəyərində bir ədəd balansında 999 manat pul olan “Beynəlxalq banka” aid əmək haqqı kartının olduğu bir ədəd 5 manat dəyərində pul qabını ələ keçirdikdən sonra 02 oktyabr 2020-ci il tarixdə elektron məlumatlar daşıyıcısı olan “Beynəlxalq banka" aid əmək haqqı kartından pul qabının içərisində kağızda yazılmış kartın kodundan istifadə etməklə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Yelo" banka məxsus bankomatdan saat 10:24-də 485 manat, saat 10:29-da isə 500 manat olmaqla iki dəfəyə ümumilikdə 985 manat, üzərinə 14 manat bank faizi gəlməklə 999 manat pulunu və vətəndaşın şəxsiyyət vəsiqəsini vahid niyyətlə gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1154 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu Xırdalan şəhəri, 25-ci məhəllə, ev 94-də ailə üzvüləri ilə birlikdə yaşayır.O, şəkər-diabeti xəstəsi olduğu üçün hər ay Abşeron rayon poliklinikasından dərman götürmüşdür. 02.10.2020-ci il tarixdə saat 10 radələrində dərman götürmək üçün Abşeron rayon Poliklinikasına getmiş, həmin vaxtı poliklinikanın 2-ci mərtəbəsində 37-ci otağın qapısının açıq olduğunu görüb otağa daxil olmuşdur. Otaqda stolun üstündə olan əl çantasının içindən qara rəngli pul qabını götürüb otaqdan çıxıb getmişdir. Poliklinikadan uzaqlaşdıqdan sonra pul qabını açmış və içərsində 140 manat pul, bir ədəd Beynəxalq banka məxsus kart və şəxsiyyət vəsiqəsi olmuşdur. Karta məxsus kod yazılmış kağızda pul qabının içərisində olmuşdur. O, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Yelobanka” məxsus bankomat vasitəsi ilə oğurladığı kartın balansından həmin gün saat 10:24-də 485 manat, saat 10:29-da isə 500 manat pul olmaqla iki dəfəyə ümulikdə 985 manat pul çıxarmışdır. Beynəxalq banka məxsus kartı pul qabına qoyub içində şəxsiyyət vəsiqəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində xatırlamadığı ünvanda zibil qabına atmışdır. 140 manat və kartdan çıxardığı 985 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilmişdir. Hərəkətindən səmimi peşman olduğu üçün məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Babək küçəsində yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayon poliklinikasında həkim vəzifəsində işləyir. O, hər gün saat 08:00-da işə getmiş, saat 13:30-da evə qayıtmışdır. Onun əmək haqqı kartını “Beynəlxalq Banka” məxsusdur. 02 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində işə gəlmişdir. Onun iş otağı polikilinikanın ikinci mərtəbəsində yerləşən 37 nömrəli otaqdır. Həmin otaqda ondan başqa heç kim oturmur. O, işə gəldikdən sonra özünə məxsus çantanı otaqda sol tərəfdə yerləşən şkafın orta gözünə qoymuşdur. Həmin gün onun qəbuluna təxminən 5-6 nəfər xəstə gəlmişdir. O, işdə olarkən polikilinikanın baş həkiminin müavini onu işlə əlaqədar olaraq öz iş otağına dəvət etmişdir. O da iş otağının qapısını aralı saxlayaraq tez gələcəyini fikirləşdiyi üçün qapını kilidləməyib getmişdir. Təxminən 10 dəqiqə sonra o, yenidən otağına gələrkən əl çantamın içərisindən pul qabımın olmadığını aşkar etmişdir. Həmin vaxt onun qara rəngli pul qaibinin içərisində 140 manat pul, “Beynəlxalq Banka”məxsus əmək haqqı kartı və şəxsiyyət vəsiqəsi olmuşdur. O, qara rəngli pul qaibin təxminən 5 gün əvvəl 5 manata almışdır. Həmin vaxt onun əmək haqqı kartının balansında 999 manat pulu olmuşdur. Artıq oğurluq olduğunu başa düşüb bu barədə ərizə ilə müraciət etmək məqsədi ilə Abşeron polis idarəsinə gələrkən naməlum şəxsin artıq maaş kartından Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Yelo” banka məxsus bankomatdan 999 manat pulunu çıxardığı ona məlum olmuşdur. O, bu barədə idarəyə ərizə ilə mütraciət etmidir. Baş vermiş oğurluq nəticəsində onun 1154 manat nağd pulu oğurlanmışdır. Maaş kartının kodu kağızda pul qabının içərisində olmuşdur. O, 02.10.2020-ci il tarixdə axşam saatlarında özünə məxsus olan “Beynəlxalq Banka” aid maaş kartının hesabını bağlatdıraraq dublikatını çıxarmışdır. Bundan əlavə o, beynəlxalq banka məxsus əmək haqqı kartını almaq üçün 10 manat ödəniş etmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 02 oktyabr 2020-ci il tarixdə işdə xidmətdə olduğu zaman Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayı massivi, Babək küçəsində yerləşən fərdi evdə yaşayan Zərərçəkmiş şəxs Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək 02 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində işlədiyi Abşeron rayon polikilinikasındakı 37 nömrəli iş otağından naməlum şəxsin ona məxsus içərisində 140 manat pul, bank kartı və şəxsiyyət vəsiqəsini oğurlanmasını bildirmiş və qanuni tədbir görülməsini xahiş etmişdir. Bununla bağlı idarə rəhbərli 02 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs işlədiyi Abşeron rayon polikilinikasındakı 37 nömrəli iş otağından Zərərçəkmiş şəxs məxsus içərisində 140 manat pul, bank kartı və şəxsiyyət vəsiqəsini oğurlayan şəxsin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirlərini həyata keçirilməsinə dair göstəriş vermişdir. Bununla bağlı o, keçirdiyi əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs işlədiyi Abşeron rayon polikilinikasındakı 37 nömrəli iş otağından Zərərçəkmiş şəxs məxsus içərisində 140 manat pul, bank kartı və şəxsiyyət vəsiqəsini oğurlayan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, xx xxxx 1981-ci il təvəllüdlü ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs 29.12.2020-ci il tarixdə tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edərək bildirmişdir ki, oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Abşeron rayon polikilinikasında olan 37 nömrəli iş otağından Zərərçəkmiş şəxs məxsus içərisində 140 manat pul, bank kartı və şəxsiyyət vəsiqəsini gizli talayaraq oğurlamaş, həmin bank kartından Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Yelo” banka məxsus bankomatdan saat 10:24-də 485 manat, saat 10:29-da isə 500 manat olmaqla iki dəfəyə 985 manat pul çıxarmış və sonra isə bank kartı və şəxsiyyət vəsiqəsini pul qabı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində naməlum istiqamətdə tullamışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin şöbəsinə təhvil verilmişdir. "xxxx" ASC-i tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs 02.10.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən YELO BANK ASC-nə məxsus bankomatdan pul çıxaran zaman həmin görüntünü əks etdirən ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə baxış keçirən zaman müəyyən edildi ki, gözündə qara eynək, sifətində qara tibbi maska, əynində “KENZO” sözü yazılmış köynəy və qara gödəkçə olan bir nəfər şəxsin saat 10:24 radələrindən saat 10:29 radələrindək olan vaxt ərzində bankomatda əməliyyat aparır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə görünən şəxs o, özüdür və 02.10.2020-ci il tarixdə saat 10 radələrində Abşeron poliklinikasında 37 saylı otaqdan oğurladığı Beynəlxalq banka məxsus plastik kartla Xırdalan şəhəri M.Hüseynzadə küçəsində YELO BANKA məxsus bankomatdan 985 manat pul çıxarmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətlərin qəsdən törədilməsini, həmin cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.3, 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının CM-nin 326.2-ci maddəsindən nəzərdə tutulmuş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini və təyin olunan cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Abşeron RİH-nin 3 saylı MTİİTİ-nin rəisi tərəfindən verilmiş 05 saylı, 17 yanvar 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxsin qızı X2 09 iyun 2011-ci il tarixdə anadan olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron rayon məhkəməsinin 21.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 66.3 maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər məhkəməsinin 25.09.2018-ci il tarixli qərarı ilə cəzasının qalan 1 il 2 ay 2 gününü şərti olaraq azadlığa buraxımışdır. Təqsirləndirilən şəxs həmin cəzanı çəkibçəkməməsi ilə bağlı Abşeron rayon İcra və Probasiya şöbəinə sorğu edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin 06 yanvar 2021-ci il tarixli 1985 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş 1 il 2 ay 2 gün olaraq olan şərti cəzanı 27.11.2019-cu il tarixdə çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3 maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4 maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasınını çəkib qurtardığı gündən iki il keçdiyi üçün məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə və təqsirləndiyi 326.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar qismən toplanmaqla, qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.3 və 68.3.1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələr üzrə azadlığın məhdudlaşdırılması və islah işləri cəzaları təyin ediləcəyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə təyin ediləcək islah işləri növündə cəzanın iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-1-ci maddəsi üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 01 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun da barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-1ci və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə və Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3 və 68.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə hazırki hökmlə təyin edilmiş qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəzalar qismən toplanılsın və üzərində qəti olaraq, 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə axşam gecə saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini və Bakı şəhəri, Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs aid hissədə yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar