Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-227/2025 01.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən,əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 6-da yaşamış, barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2024-cü il tarixdən cəza çəkən, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə 1,051 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 15 manat pul müqabilində əldə edib, Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, həmin gün saat 18 radələrində Xırdalan şəhəri, M.Heseynzadə küçəsində Abşeron RPİ-nin cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə gətirilib saat 19:25-dən 19:35-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 1,051 qram çəkidə xeyli miqdarda ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 11 mart 2024- cü il tarixdə günorta saatlarında Yasamal rayonunda “Kaktus” restoranın yaxınlığında əvvələr tanımadığı təsadüfən tanış olduğu şəxsdən öz istifadəsi üçün 15 manata bir büküm metamfetamin alıb əynindəki cins şalvarının sağ yan cibinə qoyub, münasib yerdə istifadə etmək istəmişdir. Həmin gün saat 18:00 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını bildirib, ona narkotik vasitə istifadəsində və daşımağımda şübhəli olduğu bildirilib onu idarəyə dəvət etmişər. İdarədə ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkil dəvət olununaraq ona təqdim edilmşidir. O, təqdim edilmiş Abşeron vəkil bürosunun vəkili Nəsib Əliyevə tərəfindən hüquqlarımın müdafiə olunmasına razılıq vermişdir. Bundan sonra videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları ona üzərində olan qanunsuz əşya və predmet varsa təqdim etməsini təklif etmiş, o da əynindəki göy rəngli cins şalvarımın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə saxladığım psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı bükümün içərisindəki maddənin “şüşə” deyilən metamfetamin olduğunu, Yasamal rayonunda tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmiş, ancaq üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi büküm boş kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Sonra videoçəkiliş dayandırıbmış, təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan və aydın şəkildə oxunmuş, protokolun doğruluğu iştirakçılar və onun ərəfindən imzalanmışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 mart 2024-cü il tarixdə Abşeron RPİ-nin CAŞ-nə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət olunmuş və bundan sonra CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Məhəmmədəli Tahirzdə ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində əməliyyat mövqeyi seçib gözləmişlər, saat 18:00 radələrində zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib, onu Abşeron RPİ-nə dəvət etmişdirlər. Polis İdarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunaraq təqdim edilmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisindəki maddənin metanfetamin olduğunu,Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kustar usulla hazirlanmış psixotrop maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1la eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: -Cinayət işi başlama və icraata qəbul etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1446 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksləri olan, “İştirak etdilər ... 3.Təqsirləndirilən şəxs “imza” ... sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01(bir) ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 1,051 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi - 1,051 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 1,001 qramdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2828 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. -Şəxsi axtarış və götürmə aparılması haqqında 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin psixotrop maddə olan metamfetamin götürülmüşdür. -Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 01 büküm təmiz çəkisi 1, 051 qram çəkidə ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş, maddi sübut hesab edilən ümumi təmiz çəkisi 1,051 qram psixotrop maddə metamfetamin 1,001 qram qalığı saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Həsənov X3 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 221.2.2; 263-1.1; 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə və 03 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixində cəzasının sonu ilə azad edilmiş, xx.xx.2023-cü il tarixində isə əlavə cəza müddəti başa çatmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və o, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. -Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun 13 mart 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı verilmiş vəsatət təmin edilməmiş, həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadəsi, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Həsənov X3 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 221.2.2; 263-1.1; 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə və 03 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixində cəzasının sonu ilə azad edilmiş, xx.xx.2023-cü il tarixində isə əlavə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olmadığından, onun barəsində cinayətlərin məcmusu nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, ümumilikdə 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsə alındığı vaxtdan –xx.xx.2024-cü il tarixdən hesablanmalı, həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Abşeron rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,001 qram olan psixotrop maddə-metamfetamin məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 84 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdən 13 mart 2024-cü ilə tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, cəmi 4 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri“ ləğv edilsin və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,001 qram olan psixotrop maddə-metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 84 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(012)-227/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-227/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver