Məhkəmə qərarları › İş №1(012)-228/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-228/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-228/2023 13.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “Chevrolet Trax” markalı, **-TP-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Masazır qəsəbəsi, «Şok» marketin qarşısında mərkəzi avtomobil yolunda Ə.Vahid küçəsi ilə Novxanı qəsəbəsi istiqamətində 40 km/saat hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkü olan tədbirləri görməli olduğu halda bunları etməyərək hərəkəti istiqamətində yolun solundan sağma keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sol kürək sümüyünün, sağ qalça sümüyünün, sol qamış sümüyünün oynaqdaxili sınıqları, sol said nahiyəsinin sıyrığı, sağ bud nahiyəsinin qançırı kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər yetirməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, «Chevrolet Trax» markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində idarə etdiyi «Chevrolet Trax» markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətindən gələrək Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən «Qurtuluş 93» yaşayış kompleksində yaşayan xalasının evinə qonaq gəlirmiş. Abşeron rayon, Masazır qəsəbəsi ərazisində yerləşən «Şok» marketin qarşısına çatarkən bu zaman 1,5 metrdən qarşısında piyadanın olduğunu görmüş, avtomobili qarşıda dayanmış piyadaya dəymişdir. O, dərhal avtomobildən düşüb həmin piyadaya, adını sonradan bildiyi şərəbani adlı qadına yaxınlaşaraq onu əvvəlcə Travmatalogiya institutuna, ondan sonra isə X5 xəstəxanasına aparmış, orada həkimlər xəsarət almış qadına tibbi yardım göstərmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı avtomobildə tək olmuş, yük olmamış, spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ilə «Şok» marketin qarşısında yolu soldan sağa keçərkən Masazır qəsəbəsi istiqamətindən gələn «Chevrolet Trax» markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra həmin avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs onu avtomobilinə qoyaraq Bakı şəhərində yerləşən xəstəxanaya aparmışdır. Orada həkimlər ona ilk tibbi yardım göstərmişlər. O, bildirmişdir ki, hadisədən sonra xəsarət almağı ilə bağlı 6000 manat pul xərcləmiş və sürücü tərəfindən ona heç bir maddi köməklik göstərilməmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı yolu iti yerişlə keçmiş, yolda sürücülər ona yol vermiş, lakin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamayaraq onu vurmuş, zərbədən o, yerə yıxılmışdır. Sürücü onun müalicə xərclərinin tam ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının 25 noyabr 2022-ci il tarixli 2606 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sol kürək sümüyünün, sağ qalça sümüyünün, sol qamış sümüyünün oynaqdaxili sınıqları, sol said nahiyəsinin sıyrığı, sağ bud nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomobili nonu vurması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pzulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Hadisənin videogörüntüsünə baxış keçirilərkən müəyyən edilmişdir ki, «Chevrolet Trax» markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil Xırdalan şəhəri istiqamətindən Novxanı istiqamətinə hərəkətdə olarkən «Şok» marketin qarşısında yolu soldan sağa keçən piyada qadın həmin avtomobilin sürücüsünün görünüş dairəsinə düşdükdən sonra piyada yolun bir hissəsini iti yerişlə, bir hissəsini isə hərəkət tempini dəyişərək sakit qaçışla nisbətən çəpinə keçərkən avtomobilin ön sağ hissəsi ilə vurulmuşdur. Sürücü üçün təhlükə piyadanın onun görünüş dairəsinə düşdüyü andan yaranmış, həmin andan vurulanadək 2,8 saniyə vaxt keçmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 dekabr 2022-ci il tarixli 8/3453 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Chevrolet Trax» markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi düayinəsinin xx.xx.2022-ci il tarixli, 4750 nömrəli aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-153352-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlı olan) AC seriyalı 361659 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış hadisəninin videogörüntüsünü əks etdirən bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, «Chevrolet Trax» markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onunla barışıb və təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış hadisəninin videogörüntüsünü əks etdirən bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, «Chevrolet Trax» markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Aşağıga göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası CPM-nin 89.4.19-cu maddəsinə əsasən mülki iddiaçının cinayət prosesinin istənilən anında iddiadan imtina etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Zərərçəkmiş hüquqi şəxs hökm və ya qərar çıxarılanadək məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı qaldırdığı tələbindən imtina etdiyini bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin iddiadan imtina etməsi qanuna zidd olmadığı üçün məhkəmə tərəfindən qəbul edilmişdir. Zərərçəkmiş hüquqi şəxs iddiadan imtina etdiyi üçün həmin mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisəninin videogörüntüsünü əks etdirən bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. «Chevrolet Trax» markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs qarşı qaldırılmış maddi ziyanın ödənilməsi tələbinə dair tələbdən zərərçəkmiş şəxs X3 imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar