Məhkəmə qərarları › İş №1(012)-229/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-229/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-229/2024 10.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakları ilə xx xxxxx 1991-ci il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, usta işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 2 yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 03 (üç) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisi toxumlarını 2023-cü ilin aprel ayında yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkərək, müntəzəm olaraq suvarmaqla, gübrə verməklə, dibini yumuşaltmaqla, aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan 235,7 qram çəkidə 03 (üç) ədəd çətənə kolu bitkilərini xeyli miqdarda yetişdirib kultivasiya etmiş, 13 iyun 2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ona məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evin həyətyanı sahəsinə baxış keçirilərkən qeyd edilən həmin kultivasiya olunmuş 235,7 qram çəkidə 03 (üç) ədəd yaş vəziyyətdə çətənə bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonunda anadan olmuş və Abşeron rayon Digah qəsəbəsi Neftçilər küçəsi ev 20-də yaşayır. O, narkotik vasitə istifadəçisidir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Digah qəsəbəsində yaşadığı evin həyətində olarkən Abşeron RPİ-nin Mehdiabad PB-nin polis əməkdaşları çölə çağırmışlar. O, çölə çıxdıqdan sonra polis əməkdaşları ona yaşadığı evin həyətində narkotik tərkibli çətənə kolları əkib becərdiyindən şübhələndiklərini, buna görə də yaşadığı evin həyətinə və evinə baxış keçirmək istədiklərini soruşmuşlar. O da polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra yaşadığı evin darvazasından çöl tərəfdə polis əməkdaşları ona müdafiəçi təqdim etmişlər. Ona öz hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkiliş vasitəsi ilə yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. O, video çəkiliş zamanı polislərə yaşadığı evin həyətinə baxış keçirmələrinə heç bir etirazının olmadığını deyərək bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkiliş vasitəsi ilə polis əməkdaşları yaşadığı evin həyətinə baxış keçirməyə başlamışlar. O, yaşadığı evin həyətyanı sahəsində əkmiş olduğu çətənə kollarını polis əməkdaşlarına göstərmişdir. O, polislərə həmin çətənə toxumunu 2022-ci ildə Digah qəsəbəsində Dərə adlanan ərazidə tapdığını və 2023-cü ilin aprel ayında özü istifadə etmək üçün əkdiyini və aqrotexniki qaydada qulluq edib suvardığını bildirmişdir. Sonra polis əməkdaşları onun həyətində əkmiş olduğu narkotik tərkibli çətənə kollarını kökündən çıxarmağa başlamışlar. Həmin vaxtı polislərlə birlikdə gəlmiş aqronom onun əkmiş olduğu çətənə kollarına baxdıqdan sonra həmin bitkilərə aqrotexniki qaydada suvarılaraq qulluq olunduğunu təsdiq etmişdir. Polis əməkdaşları yaşadığı evin həyətindən onun əkmiş olduğu 03 ədəd çətənə kollarını kökündən çıxardıqdan sonra həyətinə yığaraq saymışlar. Həmin çətənə kollarını metrə ilə ölçərkən 1 ( bir) ədədinin hündürlüyü 50 sm, 2-ci ədədin 20sm 3 (üç) ədədinin hündürlüyü isə 18 sm olmuşdur. Sonra polis əməkdaşları onun həyətindən çıxardıqları həmin 3 ədəd çətənə kollarını şəffaf sellofana yığaraq ekspertizaya göndərilməsi üçün qablaşdırmışlar. Qablaşdırdıqdan sonra üzərinə müvafiq qeydlər aparılmış üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq edilmiş kağızlar qoyaraq Mehdiabad PB-nin 236 saylı möhürü ilə möhürləmişlər. Polis əməkdaşları həyətindən çıxardıqları 3 ədəd narkotik tərkibli çətənə kollarını qablaşdırarkən 01 ədəd şəffaf sellofana yığaraq qablaşdırmışlar. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə daha bir qanunsuz əşya və ya vasitə olub olmadığını soruşmuşlar. O polis əməkdaşlarına evində qanunsuz heç bir əşya olmadığını bildirmişdir. Sonra polis əməkdaşları evinə ümumi baxış keçirmişlər. Evindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, həmin çətənə kollarının tumlarını 2022-ci ilin əvvəllərində Digah qəsəbəsi ərazisində yerdən tapmışdır. 13 iyun 2023-cü il tarixdə polis əməkdaşları onu saxlayarkən və bundan sonra polis bölməsində ona qarşı hər hansı fiziki zorakılıq hərəkətlərinə yol verməmişdir. O, həyətində əkmiş olduğu narkotik tərkibli çətənə kollarından heç kimə verməmiş və heç kimə satmamışdır. Yaşadığı evin həyətində əkmiş olduğu çətənə kollarından heç kimin xəbəri olmamışdır. O, həmin çətənə kollarını özü istifadə etmək üçün əkmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan çətənə kolunu kultivasiya etmə, yəni əkmək və yetişdirməklə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİnin Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə 13 iyun 2023cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 13 iyun 2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 ünvan 5 ünvanında olan zaman orada Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxınlaşaraq qapının döyüb Təqsirləndirilən şəxs çağırmışlar. Təqsirləndirilən şəxs darvaza qapısını açdıqdan sonra onlar Ayaza özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Ayaza yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan çətənə kolunu kultivasiya etmə, yəni əkmək və yetişdirməkdə şübhəli olduğunu bildirib yaşadığı evdə axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyib razılaşaraq həqiqətəndə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik vasitə olan çətənə kolu əkdiyini və fərdi yaşayış sahəsində axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin və mütəxəssinin iştirakı ilə orada Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış sahəsində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq fərdi yaşayış sahəsinin həyətyanı sahəsindən 03 ədəd torpaqda əkilmiş yaşıl rəngli spesifik qoxuya malik narkotik tərkibli çətənə koluna oxşar bitkilər çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin çətənəyə oxşar bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra 03 ədəd çətənə kollarına bənzər bitkilər orada olan şəxslərin gözü qarşısında qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs bundan başqa üzərində və yaşadığı fərdi yaşayış sahəsində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmadığı soruşulduqda, sonuncu üzərində və yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə və fərdi yaşayış sahəsində baxış keçirilməsinə etirazının olmadığı bir daha dəqiqləşdirildikdən sonra evə və üzərinə baxış keçirilən zaman həmin evdən və sonuncunun üzərindən iş üçün əhəmiyyət kəsb edəcək əlavə əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş 03 ədəd bitkinin nə olması və haradan əldə etməsi soruşulduqda Ayaz həyətyanı sahədən aşkar olunmuş 03 ədəd bitki çətənə bitkisi olduğu və öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Ayaz həmin çətənə bitkisinin toxumlarını 2022-ci ildə Digah qəsəbəsində yerləşən “Dərə” adlanan ərazidə tapmış və 2023-cü ilin aprel ayında özü istifadə etmək üçün həyətində əkib aqrotexniki qaydada qulluq edərək suvarmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Ayazın yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan çətənə kolunu kultivasiya etmə, yəni əkmək və yetişdirməklə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda Ayazın narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Ayaza qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o alim aqranom ixtisası üzrə təhsil almaqla yanaşı Maştağa kənd təssərrüfatı məhsulları istehsalı müəsisəsində aqranom işləyir. 13 iyun 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən aşkar olunmuş yerə yəni ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etməyə dəvət edilmişdir. O da razılaşıb, onlarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Polis əməkdaşları ev sahibi Təqsirləndirilən şəxs onun həyətyanı sahəsinə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişdir, onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş, yaşadığı evin həyatyanı sahəsində və evin içərisində narkotik tərkibli hər hansı maddə varsa təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs da yaşadığı evin həyatyani sahəsində özü istifadə etmək üçün üç ədəd narkotik tərkibli çətənə kolu əkib-becərdiyini bildirmişdiri. Bundan sonra polis əməkdaşları videoçəkilişlə onun həyətyani sahəsinə baxış keçirəcəklərini bildirmişdirlərr. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra polislər ev sahibindən bu barədə ərizə almışlar. Ayaz əvvəl onları həmin çətənə kollarını əkib-becərdiyi yerə, aparmış həmin 03 ədəd çətənə kolunu polislərə təqdim etmişdir. Bundan sonra polislər onun həyətyani sahəsinə, evinə və üzərinə baxış keçirmiş, lakin onun fərdi yaşayış sahəsindən və üzərindən özünün təqdim etdiyindən başqa narkotik tərkibli bitki və qanunla saxlanılması qadağan olunan hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra o mütəxəssis aqranom kimi polisin təqdim etdiyi 03 ədəd kola baxmış, kollara aqrotexniki qaydada qulluq olunmasını müəyyən etmiş, bu barədə fikrini bildirərək rəy yazıb polislərə təqdim etmişdir. Bundan sonra polis əməkdaşları Ayazın təqdim etdiyi həmin 03 ədəd kola videoçəkilişlə baxış keçirərək qablaşdırıb götürmüşlər. Sonra bu barədə protokol tərtib olunmuş, o və orada olan digər iştirakçılar həmin protokolu imzaladıqdan sonra o və digərləri çətənə kolunu götürüb Ayazla birlikdə Qobu polis bölməsinə aparılmışdır. O, Ayazı əvvəllər tanımamış, ilk dəfə idi ki görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 14 iyun 2023-cü il tarixli, 7/864 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 03 (üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 235,7 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqranomum rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunub. (Çətənənin ümumi çəkisi – 235,7 qram, tədqiqata sərf edildi – 0,06 qram (hər obyektdən 0,02 qram) yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi qalıq 235,64 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 3967 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 235,64 qram yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Əli Məmmədov və xx.xx.2023-cü il təvəllüdlü Fatimə Məmmədova Təqsirləndirilən şəxs himayəsindədirlər. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində axtarış keçirilən zaman sözügedən həyətdən 03 ədəd torpaqda əkilmiş yaşıl rəngli spesifik qoxuya malik narkotik tərkibli çətənə koluna oxşar bitkilər polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi və sorğu zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş 03 ədəd bitkinin çətənə bitkisi olduğunu və öz istifadəsi üçün əkib becərdiyini, həmin çətənə bitkisinin toxumlarını 2022-ci ildə Digah qəsəbəsində yerləşən “Dərə” adlanan ərazidə tapdığını və 2023-cü ilin aprel ayında özü istifadə etmək üçün həyətində əkib aqrotexniki qaydada qulluq edərək suvardığını bildirməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdiriən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 235,64 qram yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq üzərində 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 72 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 235,64 qram yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar