Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-23/2023 18.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik oğlunun iştirakları ilə xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:05 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin ərazisində 4 nömrəli tam orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs tanışı Şahid6 ilə münasibət qurduğunu və Şahid4 ilə niyə əlaqəsini kəsdiyini cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə zor tətbiq edərək qəsdən əli ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq ona sol qaşüstü və gözaltı nahiyələrinin əzilmiş yaraları, burun nahiyəsinin, sol göz qapaqlarının, gözaltı və yanaq nahiyələrinin şişkinlikli qançırı, sol gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs vurmadığını bildirdi. Onun ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilən ifadəsindən görünür ki, təxminən beş il olar ki, Nərminlə sevgili olmuşlar. Sonradan ayrılsalar da, arada telefonda bir-biri ilə danışmışlar. Mehini də müştəri kimi tanımışdır. Onunla münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında tanışı Mehini icarə əsasında idarə etdiyi ağ rəngli “Xazar” markalı **-PN-*** nömrə nişanlı avtomobil ilə Masazır qəsəbəsi ərazisində müştəri kimi aparan zaman Mehin maşında ağlayarkən Mehindən niyə ağladığını soruşduqda Mehin sevgilisinin onu aldatdığını demişdir. Söhbət əsnasında Mehin öz telefonunda ona qız şəkli və sevgilisi Raul adlı şəxsin şəkillərini göstərmişdir. Mehinin göstərdiyi şəkildəki qızın onun keçmiş sevgilisi Nərminin olduğunu görüb Mehinə həmin qızın əvvəl onun sevgilisi olduğunu bildirmişdir. Mehin söhbət əsnasında sevgilisi Raulun onu Nərmin vasitəsi ilə xəyanət edərək aldatdığını demişdir. Mehin ondan Raulun yanına gedib Nərminin onun əvvəllər sevgilisi olmasını deməyini xahiş etdikdə Mehinlə razılaşıb Raula Nərminin əvvəl onun sevgilisi olduğunu deyə biləcəyini bildirmişdir. Bundan sonra Mehin ondan Masazır qəsəbəsində yerləşən “Omid” tikinti materialları dükanının yaxınlığında avtoyuma məntəqəsinə sürməyini xahiş etdikdə həmin ünvana getmiş, avtoyuma məntəqəsində Mehin bir nəfər tanımadığı, sonradan adını bildiyi Əli ilə görüşmüş, o, Əlidən Raulun yerini soruşsa da, Əli Raulun yerini bilmədiyini demişdir. Mehin ona Raulun yaşadığı evin yaxınlığına getməyi təklif etdikdə Raulun evinə gedə bilməyəcəyini bildirmiş və Mehini düşürüb çıxıb getmişdir. Həmin gün saat təxminən 20 radələrində nişanlısının anası Əsmər xanım ona zəng edərək Nərminin ona zəng etdiyini, guya onun qeyri-rəsmi yaşadığı qadını olduğunu dediyini, hətta Raul adlı şəxsin də onunla telefonda danışaraq bunu təsdiq etdiyini bildirdi. O, Əsmər xanıma belə bir məsələnin olmadığını, söz-söhbəti özü həll edəcəyini demiş, sonra Mehinə zəng edərək Raulun mobil nömrəsini almışdır. Bundan sonra Raula zəng edərək özünü təqdim etdikdən sonra ondan barəsində nişanlısının anasına niyə yalandan onun başqa qadınla yaşadığı haqda dediyini soruşduqda Raul ona nişanlısının anasına elə bir söz demədiyini, sonra görüşüb bu barədə ətraflı söhbət edəcəyini, görüşmək üçün xəbər edəcəyini demişdir. O, da Raula görüşmək istədiyini bildirmişdir. Aradan təxminən bir neçə dəqiqə keçdikdən sonra o, Raula yenidən zəng edərək görüşmək istədiyini dedikdə Raul ona elə etmə ki telefonda sənə artıq söz deyim sözlərini demişdir. O, da Raula ona deyəcəyi artıq sözü görüşüb üzünə deməsini bildirmişdir. Daha sonra bir neçə dəfə o, Raulun telefonuna zəng etsə də, Raula zəng çatmadığı üçün əlaqə yarada bilməmişdir. Bundan sonra o, tanışı taksi sürücüsü Etibara zəng edərək Raul adlı şəxsi tanıyıb-tanımamağını soruşmuş, Etibar da ona Raulu tanıdığını, lakin harada yaşadığını bilmədiyini, lakin Raulu görsə ona xəbər edəcəyini demişdir. Aradan təxminən bir neçə dəqiqə keçdikdən sonra Raul ona zəng edərək harada olduğunu və görüşmək istədiyini, bunun üçün Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən 4 nömrəli tam orta məktəbin yaxınlığına gəlməyini demişdir. O, da idarə etdiyi avtomobil ilə həmin yerə getmişdir. Həmin yerə çatıb avtomobildən düşmüşdür. Orada Raul və onun yanında olan tanımadığı bir neçə nəfər şəxs olmuşdur. Həmin vaxt orada dostu Ruslan da olmuşdur. O, Raula yaxınlaşmış, onlar söhbət etməyə başlamışlar. Söhbət əsnasında o, Raula niyə yalandan onun başqa qeyri-rəsmi yaşadığı qadın olduğunu nişanlısının anasına dediyini soruşduqda Raul belə bir sözü demədiyini bildirmişdir. O, təkidlə Rauldan soruşduqda Raul ona həmin sözü əcəb edib demişəm sözlərini demişdir. O da əsəbləşib yumruq zərbəsi ilə Raulun sol gözündən bir dəfə zərbə endirmişdir. Raul aldığı zərbədən geri getmişdir. Həmin vaxt ətrafda olan şəxslər onları ayırmışlar. Bundan sonra Raul və orada olan digər şəxslər uzaqlaşmışlar. O, da idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Sonradan Raulun bu barədə polisə məlumat verdiyi ona məlum olmuşdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, valideynləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən 1 il olar ki, X3 tanıyır. Onunla əvvəllər sevgili olmuş, təxminən 3 ay əvvəl, yəni 2022-ci ilin yanvar ayının əvvəllərindən münasibətləri pozulduğu üçün ayrılmışlar. Mehindən ayrıldıqdan sonra 2022-ci ilin fevral ayında Nərmin adlı xanımla instaqram sosial şəbəkəsində tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində evdə olan zaman xalası oğlu Şahid1 ona zəng edərək onun işlədiyi avtoyuma məntəqəsinə Vüsal adlı şəxsin köhnə sevgilisi Mehinlə birlikdə oraya gəldiyini, onunla görüşmək istədiyini bildirmişdir. O, Əliyə Vüsalı tanımadığını demişdir. Əli ona həmin şəxsləri özü yola salacağını, sonra onlara gəlib onu başa salacağını demişdir. O, da Əliyə heç bir söz deməmiş, həmin gün saat təxminən 21 radələrində xalası oğlu Əli onlara gəlmiş, onlarda söhbət əsnasında Mehinin Vüsal adlı şəxslə onu axtardığını demişdir. Bir qədər keçdikdən sonra saat təxminən 23:30 radələrində ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə vatsap proqramında zəng gəlmiş, o, telefona cavab verdikdə bir nəfər şəxs ona özünü Vüsal kimi təqdim edərək yerini soruşmuşdur. O, da Vüsala evdə olduğunu demiş, həmin şəxs telefonda ona görüşmək istədiyini bildirdikdə, o, Vüsala evdə olduğunu, səhəri gün görüşməyini demişdir. Vüsal isə onun ünvanına nalayiq ifadələr işlədərək indi görüşmək istədiyini bildirmişdir. O, da Vüsal adlı şəxsə xalası oğlu Əlinin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən avtoyuma məntəqəsinin yanına gəlməsini, onun da ora gələcəyini demişdir. Bundan sonra o, xalası oğlu Əli ilə birlikdə evdən çıxıb Vüsal adlı şəxslə görüşə gedən zaman məhlədən tanıdığı qonşusu Etibar ona zəng edərək görüşmək istədiyini bildirdikdə o evin yaxınlığında olduğunu demişdir. Bir qədər sonra Etibar idarə etdiyi qara rəngli “Azsamand” markalı avtomobili ilə evlərinin yanına gəlmiş, Əli ilə Etibarın avtomobilinə əyləşmişlər. Etibar telefonda zəng edərək Vüsal adlı şəxslə danışaraq onun Etibarın yanında olduğunu və Vüsalın dediyi yerə aparacağını bildirmişdir. Bundan sonra hər üçü Vüsalın Etibara dediyi yerə yəni, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin yaxınlığında olan 4 nömrəli tam orta məktəbin qarşısında boş çöllük sahəyə getmişlər. Həmin yerə çatıb avtomobildən düşmüşlər. Orada bir neçə nəfər tanımadığı şəxslər olmuşdur. Bir nəfər şəxs ona yaxınlaşaraq Vüsal olduğunu və onu tanıdığını bildirmişdir. Vüsal ona Nərmin ilə niyə münasibət qurduğunu, Mehin ilə isə niyə əlaqəsini kəsdiyini soruşduqda o Vüsala bu məsələnin şəxsi işi olduğunu, heç kimə aidiyyəti olmadığını demişdir. Bu sözlərini deyib bitirən kimi Vüsal əli ilə onun sol göz nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurmuş, o, aldığı zərbədən müvazinətini itirmişdir. Sol gözünün altı aldığı zərbədən qanamağa başlamışdır. Bundan sonra Vüsal və orada olan digər tanımadığı şəxslər oradan uzaqlaşmışlar. Xalası oğlu Əli isə onu evə aparmışdır. Daha sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra isə Abşeron rayon polis idarəsinə gedərək ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, onu Vüsaldan başqa heç kim vurmamış və xəsarət yetirməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə yaşayır. Əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində avtoyuma məntəqəsini icarə əsasında işlətmiş, lakin xx.xx.2022-ci il tarixdə isə icarəni ödəyə bilmədiyi üçün avtoyuma məntəqəsini təhvil vermişdir. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun dostudur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində sözügedən avtoyuma məntəqəsində işdə olan zaman Raulun köhnə sevgilisi olmuş Mehin Vüsal adlı şəxslə onun iş yerinə gəlmişlər. Mehin ağ rəngli dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomobilin qabaq yan oturacağında oturmuşdur. Mehin bir qədər aralıdan avtomobilin içərisindən ona əli ilə işarə edib yanına çağırmış, o, da həmin avtomobilə yaxınlaşıb arxa oturacaqda əyləşmişdir. Mehin ona Raulu evdən çağırmağını bildirərkən səbəbini soruşduqda Mehin heç bir söz deməyərək Raul ilə görüşmək istədiyini demişdir. O, da Raulu evdən çağırmayacağını Mehinə dedikdə Mehin onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt o, avtomobildə sükan arxasında əyləşmiş və özünü ona Vüsal kimi təqim edən şəxsə nə səbəbə gəldiyini və Raulu niyə görmək istədiyini ondan soruşmuş, Vüsal ona Raul ilə görüşüb Mehin barəsində söhbət etmək istədiyini, Raulun Mehindən niyə ayrıldığını soruşacağını demişdir. O, da Vüsala bu işə qarışmamasını, bu məsələnin Raul ilə Mehinin şəxsi işləri olduğunu demiş və avtomobildən düşmüşdür. Vüsal ilə Mehin onun yanından getdikdən sonra o, Raula zəng edərək Mehinin Vüsal adlı şəxslə onun iş yerinə gəldiklərini, onu axtardıqlarını və görüşmək istədiklərini demişdir. Həmin gün saat təxminən 21 radələrində işdən çıxdıqdan sonra Raulgilə getmişdir. Raulgildə olan zaman saat təxminən 23:30 radələrində ***-***-**-** mobil nömrəsindən Raulun nömrəsinə vatsap proqramında zəng gəlmişdir. Raul telefona cavab verdikdə bir nəfər şəxs ona özünü Vüsal kimi təqdim edərək görüşə çağırmışdır. Raul əvvəl Vüsal ilə görüşmək istəməsə də, Vüsal Raulun ünvanına nalayiq ifadələr işlətdiyi üçün Raul onunla görüşmək qərarına gəlmişdir. Bundan sonra o, Raul ilə birlikdə evdən çıxıb Vüsal adlı şəxslə görüşə gedən zaman Raulun qonşusu Etibar ona zəng edərək görüşmək istədiyini bildirmiş, Raul da ona evin yaxınlığında olduğunu demişdir. Həmin ərəfədə tanışları Sabir və Vüsal ilə yolda rastlaşmışlar. Onlar hara getdiklərini soruşduqda, Raul Vüsal adlı şəxsin onunla görüşmək istədiyini, bu səbəbdən onunla görüşə getdiklərini bildirmişdir. Sabir və Vüsal ilə söhbət edən zaman Etibar idarə etdiyi avtomobil ilə yanlarına gəlmiş, birlikdə Etibarın avtomobilinə əyləşmiş, o, Raul, Sabir və Vüsal Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin yaxınlığında olan 4 nömrəli tam orta məktəbin qarşısında boş çöllük sahəyə getmişlər. Həmin yerə çatıb avtomobildən düşmüşlər. Orada bir neçə nəfər tanımadıqları şəxslər olmuşdur. Onlara yaxınlaşmış, bir nəfər şəxs Raula yaxınlaşaraq Vüsal olduğunu bildirmişdir. Vüsal Raul ilə bir qədər söhbət etdikdən sonra anidən əli ilə Raulun sol göz nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Raul aldığı zərbədən müvazinətini itirmiş və Raulun sifətindən qan axmağa başlamışdır. Bundan sonra Vüsal və orada olan digər tanımadıqları şəxslər uzaqlaşmışlar. O, da Raulu evə aparmışdır. Daha sonra Raul DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə yaşayır. Yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində köşkdə satıcı işləyir. Hər gün saat 09 radələrində işə gedir, axşam saat 21 radələrində işdən çıxır. Zərərçəkmiş şəxs şikayət etdiyi şəxs onun doğma xalası oğlu Təqsirləndirilən şəxs Vidadi oğludur. Vüsal evlidir, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yaşayır. Arada gəlib onların evlərində də qalır. Münasibətləri qohum kimi çox yaxşıdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında köşkdə oturmuş. Xalası oğlu Vüsal yanına gəlmişdir. Vüsal ondan danışmaq üçün telefonunu istəmişdir. O, da telefonunu Vüsala vermişdir. Vüsal köşkdən çıxıb köşkün arxasında kiminləsə telefonda danışırmış. Lakin həmin vaxt kiminlə danışdığını bilmirmiş. Vüsal kiməsə harada olduğunu və görüşmək istədiyini deyirmiş. X6 adlı şəxslə danışdığını bilmişdir. Vüsal danışıb qurtardıqdan sonra telefonu ona qaytarıb getmişdir. Aradan bir qədər keçdikdən sonra o, işdən çıxıb evə gedən zaman Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yerləşən 4 nömrəli tam orta məktəbin yaxınlığında bir neçə nəfər şəxsin mübahisə etdiklərini və digər şəxslərin onları ayırdıqlarını görmüşdür. O, həmin şəxslərə yaxınlaşan zaman xalası oğlu Vüsalın Raulu vurduğunu bilmişdir. Orada olan şəxslər isə onları ayırmışlar. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirən zaman orada olmamış, o, sonradan gəlmiş, onlara yaxınlaşan zaman artıq Vüsal Raulu vurmuş, bu səbəbdən Vüsalın Raulu necə vurmasını görməmişdir. O, Vüsal ilə Raula yaxınlaşan zaman artıq onların davası bitmiş, bu səbəbdən hadisənin nə qədər müddət davam etdiyini bilməmişdir. Vüsal ilə Raulun arasında baş vermiş dava-dalaş xx.xx.2022-ci il tarixdə saat təxminən 00:05 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin yaxınlığında olan 4 nömrəli tam orta məktəbin qarşısında baş vermiş, həmin vaxt orada Raul, Vüsal, Etibar və digər tanımadığı bir neçə nəfər şəxslər olmuşdur. Vüsalın onun mobil telefonu ilə Raul ilə danışan zaman onu görüşə çağırmasını və döymək istəməsi barədə heç bir məlumatı olmadığını, əgər məlumatı olsaydı Vüsalı Raulu görüşə çağırmasına mane olacağını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən 3 il olar ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla nişanlı olmuşlar. Valideynlərinin onların münasibətindən xəbərləri olmuşdur. Təxminən 3 ay əvvəl, yəni 2022-ci ilin yanvar ayının əvvəllərindən münasibətləri pozulduğu üçün ayrılmışlar. Ondan ayrıldıqdan sonra eşitmiş ki, Raul Nərmin adlı xanımla tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o, Masazır qəsəbəsində rəfiqəsinin evində olan zaman Vüsal ona zəng edərək Raulun dostu Əlinin işlədiyi avtoyuma məntəqəsinə onunla getməyini xahiş etmişdir. O, da razılaşmışdır. Bundan sonra o, Vüsal ilə Masazır qəsəbəsində görüşüb onun ağ rəngli avtomobili ilə Əlinin işlədiyi Masazır qəsəbəsində yerləşən avtoyuma məntəqəsinə getmişlər. Oraya çatdıqda o, avtomobilin içərisindən əli ilə işarə edib Əlini yanına çağırmışdır. Əli də avtomobilə yaxınlaşıb arxa oturacaqda əyləşmişdir. O, Əliyə Raulu evdən çağırmasını bildirmişdir. Əli də ondan səbəbini soruşduqda, Raulun Nərminlə birlikdə yaşadıqlarını deyərək qısqandığı üçün Raul ilə görüşmək istədiyini demişdir. Əli də ona Raulu evdən çağırmayacağını demişdir. Bundan sonra aralarında sözlə mübahisə olmuşdur. Bundan sonra Vüsal və Əli avtomobildən düşərək bir qədər aralıda söhbət etmişlər. Bir qədər sonra Vüsal maşına yaxınlaşıb əyləşmiş və oradan getmişlər. Bundan sonra Vüsal onu Xırdalan dairəsində düşürmüşdür. O, da oradan yaşadığı evə getmişdir. Həmin gün axşam saatlarında o, yenə Masazır qəsəbəsinə rəfiqəsinin yanına gəlmişdir. Axşam saat təxminən 21 radələrində Vüsal ona zəng edərək Raulun onun qaynanasına zəng edərək ona ailəsində söz-söhbət yaratdığını, Raulun onun ünvanına nalayiq söyüş söydüyünü və bunun üçün Raul ilə görüşməyə getdiyini demişdir. O, da heç bir söz deməmişdir. xx.xx.2022-ci il tarixə keçən gecə Raul ona vatsap proqramında öz şəklini göndərmişdir. Həmin şəkildə Raulun gözü qan içində olmuşdur. O, Rauldan bunu kim etdiyini soruşduqda, Raul ona Vüsalın onu döyməsini bildirmişdir. O, da Raula heç bir söz deməmişdir. Bundan sonra ona Raulun Vüsalın onu döyməsi barədə polisə məlumat verdiyini bilmişdir. Əlavə olaraq bildirmişdir ki, Vüsal ilə Raulun hansı şəraitdə, harada dalaşması və Vüsalın Raulu necə vuraraq xəsarət yetirməsi barədə heç bir məlumatı olmamış, sonradan Raul ona öz şəkilini atdıqdan sonra Vüsalın onu vurması barədə məlumatı olmuşdur. O, hadisə vaxtı onların yanında olmadığı üçün hadisənin necə, hansı şəraitdə və harada baş verməsini görməmişdir. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanıyır, onunla normal münasibətləri olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə yaşayır. Hazırda fərdi qaydada kondisioner ustası işləyir. Şahid1 onun yaxın dostudur. Onun vasitəsi ilə Zərərçəkmiş şəxs tanıyır. Münasibətləri normaldır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Vüsal ilə Masazır qəsəbəsində “Omid” inşaat malları dükanının yaxınlığında olan zaman dostu Əli və onun xalası oğlu Raul ilə rastlaşmışlar. Onlarla görüşüb bir qədər söhbət etdikdən sonra Raul Vüsal adlı şəxsin ona zəng edərək görüşə çağırdığını bildirmişdir. Həmin ərəfədə Raula Etibar adlı şəxs zəng etmişdir. Etibar Rauldan hal-əhval soruşduqdan sonra ondan harada olduğunu soruşmuşdur. Raul da Masazır qəsəbəsində “Omid” inşaat malları dükanının yaxınlığında olduğunu bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Etibar idarə etdiyi avtomobil ilə yanlarına gəlmişdir. O, Raul, Əli və Vüsal Etibarla görüşmüşlər. Daha sonra birlikdə Etibarın avtomobilinə əyləşmişlər. Bundan sonra o, Raul, Əli və Vüsal Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin yaxınlığında olan 4 nömrəli tam orta məktəbin qarşısında boş çöllük sahəyə getmişlər. Həmin yerə çatdıqda Raul avtomobildən düşmüşdür. Bir qədər sonra onlar da yerə düşmüşlər. Həmin vaxt Raul Əli ilə birlikdə bir qədər aralıda olan bir neçə nəfərin yanına getmişlər. O və Vüsal isə maşının yanında gözləmişdir. Raul və Əli həmin şəxslərlə söhbət edən zaman birdən qışqırıq səsi gəlmişdir. Dərhal o və Vüsal Raulgilin yanına qaçmışlar. Onlara yaxınlaşanda Raulun gözünün alt hissəsindən qan axdığını görmüşlər. Raul Vüsal adlı şəxsin söhbət edərkən onu yumruqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra Raulu vuran Vüsal və orada olan digər tanımadıqları şəxslər oradan uzaqlaşmışlar. Onlar da Raulun su ilə üzünü yuduqdan sonra oradan uzaqlaşmışlar. Daha sonra Raul DİNin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs Vüsal adlı şəxsdən başqa heç kim vurmamış və xəsarət yetirməmişdir. Dalaşma zamanı Raul nə Vüsala, nə də başqa hər hansı şəxs və ya şəxslərə heç bir zərbə vurmamış və xəsarət yetirməmişdir. Vüsal ilə Raulun arasında dalaşma təxminən 3-5 dəqiqə davam etmişdir. Vüsal Raulu vuran zaman o, bir qədər geridə dayandığı üçün Vüsalın əlində hər hansı əşyanın olub-olmamasını görməmişdir. Vüsal ilə Raulun arasında baş vermiş dava-dalaş xx.xx.2022-ci il tarixdə saat təxminən 00:05 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin yaxınlığında olan 4 nömrəli tam orta məktəbin qarşısında boş çöllük sahədə baş vermiş, həmin vaxt orada o, Əli, Raul, tanışı Vüsal, Raulun qonşusu Etibar, Raulu vuran Vüsal və digər tanımadığı bir neçə nəfər şəxslər olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ərizə ilə məhkəhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, valideynləri ilə birlikdə yaşayır. İcarə əsasında götürdüyü ağ rəngli “Toyota Prius” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs ilə təxminən 8 il müddətdir ki, tanışdır. Münasibətləri normaldır. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində o, Raula vatsap proqramı vasitəsi ilə mesaj yazaraq hal-əhval tutmuşdur. 3 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Raul ona dediyinə görə Raula məxsus olan ***-***-**-** mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəni dəyişməyi təklif etmişdir. O, da bu barədə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, Raul ilə vatsap proqramında yazışan zaman Raul ona nömrələri dəyişmək üçün görüşməyini təklif etmişdir. O, da razılaşmış və harada olduğunu soruşmuşdur. Raul da ona məhlədə olduğunu, Masazır qəsəbəsində yerləşən “Omid” adlı dükanın qarşısına gəlməyini bildirmişdir. O, da idarə etdiyi avtomobil ilə Raulun dediyi yerə getmişdir. O, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Omid” adlı dükanın qarşısında Raul ilə görüşmüşdür. Həmin vaxt Raulun yanında tanımadığı 3 nəfər şəxs də olmuşdur. O, Raul ilə görüşüb yanındakı şəxslərin kim olduqlarını soruşduqda, həmin şəxslərdən biri onları Abşeron rayonu, Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinə aparmağı bildirmişdir. O, Rauldan həmin ünvana nəyə görə getdiyini soruşduqda, Raul ona Vüsalın qaynanasına zəng etdiyini, Vüsalı həmin yerə onu çağırdığını demişdir. O, Rauldan Vüsalın qaynanasına hansı səbəbdən zəng etdiyini soruşmuşdur. Raul ona bilmədiyi şeylər olduğunu, sonra bu barədə danışacağını demişdir. O, da heç bir söz deməyərək Raul və yanında olan digər şəxsləri qeyd olunan ünvana avtomobili ilə aparmışdır. Abşeron rayonu, Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksində yerləşən 4 nömrəli tam orta məktəbin yaxınlığına aparmışdır. Yolda Raulun yanında olan şəxslərdən biri telefonda Vüsal ilə danışaraq ona Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinə gəlməyi deyirmiş. Həmin ünvana çatıb maşını saxlamışdır. Raul və yanında olan şəxslər avtomobildən düşmüşlər. Bir qədər sonra Vüsal həmin yerə gəlmişdir. Həmin vaxt ona zəng gəldiyi üçün kənara çəkilib telefonla danışırmış. Vüsal ilə Raulun söhbət etdiklərini bir qədər aralıdan görürmüş. O, telefonda danışığını bitirib Vüsal və Raula yaxınlaşan zaman Vüsalın yumruqla Raulun sifətinə zərbə vurduğunu görmüşdür. Raulun aldığı zərbədən sifətindən qan axırmış. O, dərhal yaxınlaşıb orada olan şəxslərlə birlikdə onları ayırmışlar. Bundan sonra Vüsal və Raul oradan uzaqlaşmışlar. O, da çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs Vüsal adlı şəxsdən başqa heç kim vurmamış və xəsarət yetirməmişdir. Dalaşma zamanı Raulun Vüsala hər hansı zərbə vurduğunu və ona xəsarət yetirdiyini görməmişdir. Vüsal ilə Raulun arasında dalaşma təxminən 5 dəqiqə davam etmişdir. Vüsal Raulu vuran zaman o, bir qədər aralıda dayandığı üçün Vüsalın əlində hər hansı əşyanın olub-olmamasını dəqiq bilmir, Vüsal Raulu söhbət əsnasında anidən vurduğu üçün əlində nə olub-olmamağını görməmişdir. Vüsal ilə Raulun arasında baş vermiş dava-dalaş xx.xx.2022ci il tarixdə saat təxminən 00:05 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin yaxınlığında olan 4 nömrəli tam orta məktəbin qarşısında baş vermiş, həmin vaxt orada o, Raul, Vüsal, Ruslan və digər tanımadığı bir neçə nəfər şəxslər olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ərizə ilə məhkəhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Sədərək ticarət mərkəzində qab-qacaq dükanının anbarında fəhlə işləyir. Şahid1 onun qohumudur. Əlinin vasitəsi ilə Zərərçəkmiş şəxs tanıyır. Münasibətləri normaldır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Sabir ilə Masazır qəsəbəsində “Omid” inşaat malları dükanının yaxınlığında olan zaman dostu Əli və onun xalası oğlu Raul ilə rastlaşmışlar. Onlarla görüşüb bir qədər söhbət etdikdən sonra Raul Vüsal adlı şəxsin ona zəng edərək görüşə çağırdığını bildirmişdir. Bir qədər söhbət etdikdən sonra sonradan adını bildiyi Etibar adlı şəxs idarə etdiyi avtomobil ilə yanlarına gəlmişdir. O, Raul, Əli və Sabir Etibarla görüşmüşlər. Daha sonra onlar birlikdə Etibarın avtomobilinə əyləşmişdir. Bundan sonra o, Raul, Əli və Sabir Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin yaxınlığında olan 4 nömrəli tam orta məktəbin qarşısında boş çöllük sahəyə getmişlər. Həmin yerə çatdıqda Raul avtomobildən düşmüşdür. Bir qədər sonra onlar da yerə düşmüşlər. Həmin vaxt Raul Əli ilə birlikdə bir qədər aralıda olan bir neçə nəfərin yanına getmişlər. O və Sabir isə maşının yanında gözləmişlər. Raul və Əli həmin şəxslərlə söhbət edən zaman birdən qışqırıq səsi gəlmişdir. Dərhal o, Sabir ilə Raulgilin yanına qaçmışdır. Onlara yaxınlaşanda Raulun gözünün alt hissəsindən qan axdığını görmüşlər. Raul Vüsal adlı şəxsin söhbət edərkən onu yumruqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra Raulu vuran Vüsal və orada olan digər tanımadığı şəxslər oradan uzaqlaşmışlar. Onlar da Raulun su ilə üzünü yuduqdan sonra oradan uzaqlaşmışlar. Daha sonra Raul DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Vüsal arasında baş vermiş dalaşmanı görmədiyi üçün dəqiq məlumatı olmamışdır. Sonradan onlara yaxınlaşanda Vüsalın Raulu yumruqla sifətindən vurduğunu bilmişdir. Vüsal ilə Raulun arasında dalaşma təxminən 3-5 dəqiqə davam etmişdir. Vüsal ilə Raulun arasında baş vermiş dava-dalaş xx.xx.2022-ci il tarixdə saat təxminən 00:05 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin yaxınlığında olan 4 nömrəli tam orta məktəbin qarşısında boş çöllük sahədə baş vermiş, həmin vaxt orada o, qohumu Əli, Raul, tanışı Sabir, Raulun qonşusu Etibar, Raulu vuran Vüsal və digər tanımadığı bir neçə nəfər şəxslər olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 4 il olar ki, tanıyır. Onunla əvvəllər sevgili olmuşdur. Təxminən 2 ilə yaxındır ki, münasibətləri pozulsa da, lakin arada birbirindən danışıb hal-əhval tuturlar. Zərərçəkmiş şəxs da təxminən 2 ay müddətdir ki, tanıyır. Münasibətləri tanış kimi normal olmuşdur. Şahid4 da Raulun vasitəsi ilə tanımışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Vüsal ona vatsap proqramında zəng edərək onun Raul ilə əlaqəni kəsməyini istəmişdir. O, da səbəbini soruşduqda, Vüsal Raul ilə Məhinin birbirini sevdiklərini, ona görə də, onların arasına girməməyi bildirmişdir. O, da Vüsala Raul ilə arasında heç bir münasibəti olmadığını demişdir. Bundan sonra Vüsal ona telefonda Raulu və onu bu məsələyə görə cəzalandıracağını bildirmişdir. Daha sonra onlar danışığı bitirmiş, sonra o, Vüsalın nömrəsini blok etmişdir. Bundan sonra o, Raula zəng edərək Vüsalın ona zəng edərək onu və Raulu cəzalandıracağını dediyini, hətta Raula ehtiyatlı olmasını bildirmişdir. Aradan bir neçə saat keçdikdən sonra Raul ona vatsap proqramında gözündən xəsarət alması barədə şəklini göndərmişdir. Raul ona onu bu vəziyyətə onun köhnə sevgilisi Vüsalın saldığını bildirmişdir. O, da Raula Vüsal ilə heç bir əlaqəsinin olmadığını, Vüsalın Məhin ilə yaxın münasibətdə olduqlarını demişdir. Aradan bir neçə gün keçdikdən sonra Vüsal ona zəng edərək Raulun onun barəsində polisə şikayət etdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Vüsal ilə Raulun hansı şəraitdə, harada dalaşması və Vüsalın Raulu necə vuraraq xəsarət yetirməsi barədə heç bir məlumatı olmamış, sonradan Raul ona öz şəkilini atdıqdan sonra Vüsalın onu vurması barədə məlumatı olmuşdur. O, hadisə vaxtı onların yanında olmadığı üçün hadisənin necə, hansı şəraitdə və harada baş verməsini görməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 313 saylı rəyində qeyd olunmuşdur ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol qaşüstü və gözaltı nahiyələrinin əzilmiş yaraları, burun nahiyəsinin, sol göz qapaqlarının, gözaltı və yanaq nahiyələrinin şişkinlikli qançırı, sol gözün ağlı qişasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən tinli bərk küt əşya (əşyalarla) ilə vurulan zərbənin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə yerinə görə belə demək olar ki, onların Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə isə MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 51 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 müvafiq olaraq 306 (üç yüz altı) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik oğluna 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 51 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 müvafiq olaraq 306 (üç yüz altı) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik oğluna 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-23/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-23/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver