Məhkəmə qərarları › İş №1(012)-23/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-23/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-23/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-ci ildə Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum olunmuş, Babək rayonu Nehrəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə və 2020-ci ilin dekabr ayında dələduzluq cinayətləri törətdiyinə görə barəsində Bərdə Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işə düzəldəcəyinə dair yalan vəd verib inandırmış, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Xəqani küçəsində bu niyyətlə 1500 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Naxçıvan MR-ın Babək rayonunun Nehrəm kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Saray qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs mən 2019-cu ildən tanıyır. Belə ki, kursda olarkən Emin ona iş axtardığını demiş, o da sonuncunu Baş Gömrük idarəsində işə düzəldə biləcəyini demişdir. Sonradan ona pul lazım olduğu üçün Zərərçəkmiş şəxs 5000 manat pul müqabilində onu işə düzəldə bilər. Belə olduqda sonuncu ona ilkin olaraq 1500 manatı, qalan pulu isə iş düzəldən sonra verəcəyini demiş, o da razılaşmışdır. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Emin ilə Abşeron rayonu Saray qəsəbəsində onun yaşadığı evin yaxınlığında görüşüb Zərərçəkmiş şəxs 1500 manat pulu almış, qalan pulu isə fevral ayında əmr olduqda ondan götürəcəyini demişdir. Lakin sonradan pula ehtiyacı olduğu üçün həmin pulları şəxsi ehtiyaclarına xərcləmiş, özü isə ölkədən gedərək Türkiyə Respublikasında işləmişdir. Sonradan eşitmişdir ki, Emin onun barəsində şikayət edib, o da 08 dekabr 2022-ci il tarixdə könüllü olaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gələrək təslim olmuşdur. Emindən aldığı 1500 manat pulu isə ona könüllü olaraq ödəmiş, Emindən aldığı puldan heç kimə pul verməmiş, Emindən pulu alarkən yanında heç kim olmamışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Laçın rayonu Qoşasu kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə ailə üzvüləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası İqtisad Üniversitetinin Maliyyə fakultəsini o, cümlədən mağist təhsili almış, əvvəllər heç bir yerdə işləməmişdir. Belə ki, 2019-cu ildə Yasamal rayonunda yerləşən «Kaspian plaza» da kompyuter kursuna getmiş, həmin vaxtı orada onunla eyni kursda olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncu onunla birlikdə kursa gəlmiş, həmin vaxtı Kamal onunla söhbət əsnasında bildirmişdir ki, o, iş axtarır, sonuncu ona demişdir ki, onu Bakı Baş Gömrük İdarəsinə deklarator işinə düzəldə biləcəkdir. O da Kamalla razılaşaraq ona həmin işi düzəltməsini xahiş etmiş, bundan sonra Kamal ona demişdir ki, 5000 manata işi düzəldə bilər. O sonuncu ilə razılaşaraq 2020-ci iln mart ayında 2500 manat pulu Bakı şəhəri Nəsimi rayonunda yerləşən Şamaxinka deyilən ərazidə yerləşən kafedə Kamala vermiş, qalan pulu isə işi düzələndən sonra verəcəyini razılaşmışdır. Pulu ondan Kamal götürəndən sonra ona 2 aya əmri verəcəyini demiş, o da sonuncuya inanaraq pulu vermişdir. Lakin 2 ay bitəndən sonra sonuncu ilə dəfələrlə əlaqə saxlasa da onu işə düzəldə bilməmişdir. 2020-ci ilin avqust ayında isə işi düzəldə bilməycəyini deyib həmin 2500 manat pulu ona qaytarmış, 2021-ci ilin fevral ayında Kamal yenidən ona zəng vuraraq görüşmüş və həmin işinin alındığını, ona görə də 5000 manatı düzəltməsini demişdir. O da xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yaşadığı evin yaxınlığında ilkin olaraq Kamala 1500 manat pul vermiş, razılaşmaya görə qalan pulu əmri veriləndən sonra verəcəkdi. Kamal pulu aldıqdan sonra əmrinin fevral ayında veriləcəyini desə də bundan sonra onu aldadaraq sonradan telefonlarına cavab verməyib onu aldatmışdır. O da bundan sonra hadisə barədə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmiş, baş vermiş dələduzluq nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Göstərmişdir ki, Kamal ondan pulu Bakı Baş Gömrük İdarəsinə Deklarant vəzifəsinə düzəlmək adı ilə almış, həmin vaxtı aralarında razılaşmaya görə ona 5000 manat pul verməli olmuş, həmin pulun 1500 manatını vermiş, 3500 manatını isə əmri verildikdən sonra verməli idi. Həmin vaxtı onların yanında kənar heç kəs olmamış, pulu verdikdən sonra özünə məxsus olan diplomun sürətini və əmək kitabçasının kserosurətini Kamala vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron rayon Pİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələbləri qaydasında dayandırılmışdır. Axtarışda olan şəxsin saxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Azərbaycan Respublikası Baş Prokurorluğun “X4” 107.15-ci bəndinə əsasən Təqsirləndirilən şəxs CMin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən qismən imtina edildiyini, əməlin CM-in 178.1-ci maddəsinə tövsif olunmaqla barəsində həmin maddə ilə ittihamın müdafiəsinin davam etdirilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, proses iştirakçılarının ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməl CM-nin 178.1-ci maddəsinə tövsif olunmalıdlr. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli CM-in 73-1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsinə dair qərarını əsas tutaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72– 73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Belə ki, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının vəzifələridir (Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi). Bu baxımdan əgər şəxsin törətdiyi cinayət əməllərinin hər biri onun törətmiş olduğu cinayət əməllərindən hər hansı birinə görə cinayət məsuliyyətindən azad edilməsindən əvvəl aşkar olunmuş olsaydı, bu, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 16 və 17-ci maddələrinə əsasən təkrarlıq və ya cinayətlərin məcmusunu yaradardı. Bu isə şəxsin qanunvericiliklə məsuliyyətdən azad edilmənin mümkün olduğu halda cinayət məsuliyyətindən azad edilməsinə imkan vermiş olardı. Lakin şəxsin cinayət məsuliyyətindən azad edildikdən sonra həmin ana qədər törətdiyi digər cinayət əməli ilə bağlı icraatda artıq bir dəfə cinayət məsuliyyətindən azad edilmiş şəxs kimi qiymətləndirilməsi onun vəziyyətini ağırlaşdırmaqla, cinayət qanunvericiliyinin prinsiplərinin pozulmasına gətirib çıxarar. Nəzərə alınmalıdır ki, qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquqtətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olmaqla, cinayət qanunvericiliyinin vəzifələrinin icrasının mümkünsüzlüyünə gətirib çıxara bilər. Təqsirlənmdirilən şəxs hazırkı iş üzrə cinayət əməllərini müvafiq olaraq xx.xx.2021ci il tarixdə törətdikdən sonra, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə, xx.xx.2020-ci il tarixdə və 2020-ci ilin dekabr ayında törətdiyi dələduzluq əməlinə görə cəlb edildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən CM-nin 73-1.2-ci maddəsinə əsasən azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş şəxs olaraq məsuliyyətdən azad edilənədək törətmiş olduğu hazırkı cinayət əməllərinə görə də cinayət məsuliyyətindən azad olunmasına mane olan hallar yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurulmuş ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar