Məhkəmə qərarları › İş №1(012)-230/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-230/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-230/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Xızı rayonu, Şorabad qəsəbəsi, Türkoba kəndində qeydiyyatda olmaqla, Abşeron rayon Qobu qəsbəsi, Təzəkənd yeni yaşayış massivində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Lökbatan qəsəbəsindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf rəngli sellofana bükülmüş çəkisi 0,485 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Abşeron rayonu Hökməli qəsəbəsində daşıyaraq üzərində saxlamış, 28 mart 2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən qəsəbə ərazisində piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin inzibati binasına gətirilərək həmin gün saat 23:30-dan 23:40-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəgli cins şalvarının sağ yan cibindən həmin 0,485 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsini təsdiq etdiyini,əməlindən peşiman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, psixi və ruhi cəhətcə sağlamdır, ona verilən sualları tam qavrayıb cavab vermək iqtidarındadır. xx.xx.2024 cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarını görüb uzaqlaşmaq istəmiş. Polis əməkdaşları da onun hərəkətlərindən şübhələnərək yaxınlaşıb özlərini təqdim etdikdən sonra, niyə uzaqlaşmaq istədiyini soruşmuşlar. O da üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını bildirmişdir. Polis əməkdaşları onu saxlayıb Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Abşeron Rayon Polis İdarəsinin Qobu PB-də xidməti otaqlardan birində video çəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulduqda könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı qablaşdırıldıqdan sonra zərfin içinə qoyularaq iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edildi. Həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 10 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən və polis idarəsində olarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, video çəkilişdən əvvəl üzərinə şəxsi axtarış keçirilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da 2003-cü ildən xidmət edir. 2021-ci ildən Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. Xızı rayonu, Şorabad qəsəbəsi, Türkoba kəndində qeydiyyatda olmaqla, Abşeron rayon Qobu qəsəbəsi Təzəkənd YYM-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 28 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə Şahid2 tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Qobu PB-nin rəisi, Zaur Babazadə tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı X2 da qrupun üzvü olmuşdur. Bundan sonra həmin günü yəni, 28 mart 2024-cü il tarixdə saat 23 radələrində məlumat əsasında, onlar birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Çingiz Mustafayev küçəsi ilə hərəkət edən zaman Təqsirləndirilən şəxs orada olduğunu görmüş, ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu deyib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə dəvət etmiş. Orada üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan şəffaf rəngli sellofana bükülmüş 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş və həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra iştirakçılar zərf üzərində və protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı X2 ifadəsində Şahid2 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/1710 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs.....” yazılar və imzalar olan ağ rəngli kağız paketdə üzəri bağlanmış qəhvəyi rəngli kağız bağlamada təmiz çəkisi 0,485 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin "Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in İ siyahısına daxildirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3084 №-li eksprt rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 28 mart 2024-cü tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd qəhvəyi rəngli kağıza bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işi üzrə Abşeron RPİ-nin Qobu PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 28 mart 2024-cü il tarixdə qeydə alınır. Çəkilişin müddəti 10 dəqiqədir. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin Qobu PB-nin xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəgli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini aşkar edilir. Narkotik vasitə olan bükülü kağız zərfə qoyularaq qablaşdırılıb götürülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə barəsində AR CM-nin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə barəsində AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə, Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə barəsində AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə barəsində AR CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş,CM-nin 67.1 maddəsinə əsasən barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərəktəyin edilmiş 2 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 ay 25 gün hissəsi qismən birləşdirilərək ona qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həbsdə olduğu 01 hün çıxılmış , üzərində qəti olaraq 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-864/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Abşeron RPİ-nin Qobu PB-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmişdir.Halhazırda da həbsdədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli 2651 nömrəli məktubdan görünür ki, Göygöl Rayon Məhkəməsinin 1(066)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasından Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək cəzasının 01 il 02 ay 14 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 14 gün təşkil edir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,485 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmalı, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,435 qram heroin işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Abşeron RPİ-nin MSK-na təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən eləcə də cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 1(066)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının icra olunmamış qalan 01 il 03 ay 14 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 07 ay 22 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs istintaq zamanı 28 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində 30 mart 2024-cü il tarixdə barəsəində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət və tutulduğu 02 gün müddət cəza müddətindən çıxılmalı və cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutlarn saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi – 0,435 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv olunmalıdır. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut iş materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci - məhkəmə ekspertizası üzrə 110 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (alltı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 1(066)-114/2023 saylı, xx.xx.2023cü il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının icra olunmamış qalan 01 il 03 ay 14 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 07 ay 22 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, ona qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi – 0,435 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar