Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-231/2025 16.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1976-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İİ qrup əlil, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi ev 145-də qeydiyyatda olan, Abşeron rayonu, Novxanı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında itizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə Sumqayıt şəhərindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına»(Siyahı İİ) daxil olan 0,870 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə edib əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq Abşeron rayonu, Saray qəsəbəsi, “Duz gölü” ərazisinə daşıyaraq saxlamış, 14 mart 2024-cü il tarixdə saat 14:30 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-nin Saray polis şöbəsinin binasının inzibati binasına gətirilərək, həmin günü saat 15:40-dan 16:00-dək idarənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf bükümdə 0,870 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 3 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər satlarında Sumqayıt şəhərində tanımadığı şəxsdən 1 ədəd şəffaf rəngli selofanda psixotrop maddə olan metamfetamini (şüşəni) 10 manat pul müqabilində əldə edib, göy rəngli cins şalvarımın sağ yan cibində öz şəxsi istifadəm üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölü adlanan ərazidə olan zaman iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün saxıanıldıgını dedikdə, onlara üzərində psixotrop maddə olmasını etraf etmiş və həmin vaxt şübhəli bilindiyindən onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəlməsi təklif olunmuşdu. Etraz etməmiş və polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəlmişlər. Orada otaqların birində müdafiəçinin iştirakı ilə üzərində video çəkilişlə şəxsi axtarış aparılmış, axtarış aparılan zaman hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməyi təklif etmişlər. Həmin vaxt əynindəki göy rəngli, cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf selofanda bükülmüş metamfetamin bükümünü təqdim etmişdir. Həmin vaxt həmin psixotrop maddə olan 1 ədəd şəffaf selofanda bükülmüş metamfetamini bükümü açılmış içərisində ağ kristal şəkilli kütlə olduğunu və həmin kütlənin nə olduğu soruşulduqda həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və həmin gün səhər saatlarlnda Sumqayıt şəhərində tanımadığı şəxsdən özü qəbul etmək üçün 10 manata aldığını izah etmiş və həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzərini digər iştirakçılarla biırlikdə imzalamışlar. Saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Saray PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, xx.xx.2024-cü il tarixdə saat 15 radəllərində Abşeron RPİ-nin Saray polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ilə Abşeron rayonu Masazır qəsəbəsi, Duz gölü adlanan ərazidə xidmətdə olarkən bir nəfər şəxsin onları görərkən özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondanda anket məlumatlarını soruşmuşlar və onun narkoman kimi danışdığını və müəyyən qədər fikirlərini düzgün ifadə edə bilmədiyindən ona sən üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəlisən dedikdə, o narkotik istifadəçi olduğunu etraf etdiyindən ona Abşeron rayon Pİ-nin Saray PB-nə birlikdə getməyi təklif etmişlər, o etraz etməmiş və birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəlmişlər. Bu barədə raportla bölmə rəhbərliyinə bildirmiş və təhqiataçı tərfindən xidməti otaqların birində ona hüquq və vəzifəlləri izah edilməklə, müdafiyəçinin iştirakı ilə video görüntü ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Əvəlcə ona üzərində qanunla saxlanılması qadağan edilən hər hansı əşya və ya predmet varsa təqdim edilməsi təklif edilmiş və həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülümüş bir bükümdə kütləni təqdim etmişdir. Həmin kütlə açılmış içərisində ağ şəffaf rəngli kütlənin olduğunu müəyyən etmişlər. Ondan həmin kütlənin nə olduğu soruşulduqda o, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və özü qəbul etmək üçün həmin gün səhər saatlarında Sumqayıt şəhərində tanımadığı şəxsdən özü qəbul etmək üçün 10 manata aldığını bildrmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı digər əşya aşkar edilməmişdir. Həmin kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin zərfin üzərini imzalamışalr. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 15 mart 2024-cü il tarixli, 6/1522 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan respubilkası DİN zərflər üçün 246 nömrəli dairəvi möhür əksi (imza) Təqsirləndirilən şəxs” yazısı və imzaları olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,870 qram ag rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,820 qram - 0,05 qram psixotrop maddə metamfetmain tədqiqata sərf edilmişdir). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin 25.04. 2024-cü il tarixli, 2682 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostilumulyatların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,820 qram psixotrop maddə metamfetmain Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 02 ilə endirilmişdir, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə polis əməkdaşları tərəfindən aşkar edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə psixotrop maddə şüşə (metamfetamin) həmin gün səhər saatlarında Sumqayıt şəhərində tanımadığı şəxsdən 10 manata özü qəbul etmək üçün aldığını bildirməsi müəyyən edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik ilə bağılı İİ qrup əlildir, 220 manat pensiya alır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı onun İİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli, 2682 nömrəli rəyi ilə təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması ilə bağlı mövqeyi ilə məhkəmə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostilumulyatların birgə qəbulu nəticəsində yaranan (ASİLİLİQ SİNDROMU) narkomaniya xəstəliyindən əzab çəksə də qanunvericiliyə əsasən İİ qrup əlil olduğuna görə ona məcburi müalicə tətbiq oluna bilməz, lakin narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,820 qram psixotrop maddə metamfetmain məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 114 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,820 qram psixotrop maddə metamfetmain məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-231/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-231/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver