Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-234/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlunun və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşaq və bir yetkinlik yaşına çatmayan şəxs olan, əvvəllər məhkum olunmamış, ünvan 1 A ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Məmmədov Murad Rafiq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məmmədov Murad Rafiq oğlu xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, “Daş bazarı“ adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün şəxsi istehlak miqdardan artıq miqdarda 10 manat müqabilində 1 ədəd bükümdə təmiz çəkisi 0,634 qram xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr siyahısına daxil olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, narkotik vasitə - heroin əldə edib yaşadığı Abşeron rayonu Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamış, həmin gün Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb rayon polis idarəsinə gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı göstərilən 0,634 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məmmədov Murad Rafiq oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o narkotik vasitə olan heroini təxminən 2011-ci ildən qəbul edir. Əvvəllər Sumqayıt şəhərində tanımadığı şəxsdən bir neçə dəfə narkotik vasitə almışdır. Həmin şəxs Sumqayıt şəhərində "Daş bazarı" adlanan yerin yaxınlığında dayanır. Həmin şəxsin adını bilmir. Bədənində olan ağrıları aradan götürmək üçün narkotik vasitə qəbul edir. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində həmin yerə getmiş, bir müddət gözlədikdən sonra həmin şəxsin gəlmiş, ona yaxınlaşıb narkotik vasitə istəmişdir. Əvvəllərdən ondan narkotik vasitə aldığı üçün ona rahatlıqla narkotik vasitə vermişdir. Həmin şəxsə 10 manat pul verdikdən sonra həmin şəxs onun üçün şəffaf sellofona bükülmüş "kakos" adlanan narkotik vasitə gətirmişdir. Həmin narkotik vasitəni yaşadığı evdə qəbul etmək məqsədi ilə ondan alıb öz evinə tərəf getmişdir. Yaşadığı evin yaxınlığında mülki geyimli iki nəfər şəxs ona yaxınlaşıb vəsiqələrini təqdim edərək Abşeron RPİ-nin narkotiklərlə mübarizə qrupunun əməkdaşları olduqlarını bildirmiş və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. O, onlarla birlikdə Abşeron RPİ-nə getmiş və Pİ-də xidməti otaqların birində video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona müdafiəçi təyin edilmiş, şəxsi axtarış müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Həmin vaxt ona polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya və predmetin olması demiş, o, isə həmin vaxtı üzərində ona məxsus narkotik vasitə olan heroin olduğunu bildirmiş, sonra isə həmin narkotik vasitə olan heroini masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitəni internetdə tanış olduğu tanımadığı şəxsdən Sumqayıt şəhərində "Daş bazarı" adlanan yerin yaxınlığında almışdır.Üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitələrdən heç kimə satmamış və ya heç kimə hədiyyə verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Sonda o, narkotik maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini bir daha belə hallara yol verməyəcəyini, himayəsində bir azyaşlı uşaq və bir yetkinlik yaşına çatmayan şəxsin olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlunun məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin CAŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 A ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi ərazisində üzərində qanunla qadağan olunmuş narkotik vasitələri gəzdirməsi və onu istifadə etməsi barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 14:40 radələrində Pİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 iştirakı ilə Abşeron RPİ-nin inzibati ərazisi olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində M.Hüseynzadə küçəsində dayanaraq Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında izləməyə başlamışdırlar. Həmin vaxtı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında tək gedərəkən özünü şübhəli aparmışdır. Həmin şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişdirlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və bizim iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan göy rəngli cins şalvarının sağ qabaq cibindən 0,634 qram şəffaf sellefona bükülmüş 1 bükümdə qəhvəyi rəngli, toz şəkilli kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroini masanın üzərinə qoyaraq ona məxsus olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan heroini elə həmin günü yəni xx.xx.2020-ci il tarixdə saat 14 radələrində özü istifadə etmək üçün Sumqayıt şəhəri daş bazarı adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manat müqabilində aldığını qeyd etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələr polis əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdirlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onlar iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Abşeron RPİ-də təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlunun üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd şəfaf sellefona bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/2632 saylı tədqiqat rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs ...”yazısı olan, 01 ədəd bükümdə təmiz çəkisi 0,634 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, təqiqata təqdim edilmiş narkotik vasitənin təmiz çəkisi 0,634 qramdır, tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,584 qram qalıq qalmışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlunun üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,584 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3531 saylı məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məmmədov Murad Rafiq oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlunun törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğluna cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Məmmədov Murad Rafiq oğlunun şəxsiyyətini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlu Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixli Sumqayıt Apeliyasiya məhkəməsinin qərarı ilə onun cəzası 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə endiirlmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilmişdirki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə onlar məhkum olunmamış şəxslər hesab olunurlar. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivi zamanı nəzərə alınmır. İş materiallarında olan Abşeron RİHB-nın Saray qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Məmmədov X4 rayonu, Saray qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 24 A ünvanında həyat yoldaşı- 1981-ci il təvəllüdlü Məmmədova Könül Böyükağa qızı, oğlu-xx.xx.2005-ci il təvəllüdlü X2 və qızı-xx.xx.2006-cı il təvəllüdlü X3 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Məmmədov Murad Rafiq oğlunun törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan şəxsin olmasını cəzanı yüngüllləşdirən hallar kimi qiymətləndirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Məmmədov Murad Rafiq oğluna təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığı məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlu xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən xx.xx.2020ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məmmədov Murad Rafiq oğlunun həbsdə saxlanıldığı müddət 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Məmmədov Murad Rafiq oğluna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Məmmədov Murad Rafiq oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilmədən öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,584 qram narkotik vasitə heroin məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olan təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlunun üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğluna ibtidai istintaq zamanı 40 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pulAzərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Məmmədov Murad Rafiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məmmədov Murad Rafiq oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. Məmmədov Murad Rafiq oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,584 qram narkotik vasitə heroin məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti, Məmmədov Murad Rafiq oğlundan tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs Məmmədov Murad Rafiq oğlunun üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Məmmədov Murad Rafiq oğluna ibtidai istintaq zamanı 40 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pulAzərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-234/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-234/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver