Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-234/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakları ilə, xx.xx.2001-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmaqla fəhlə işləyən, Sabirabad rayonunun Nərimankənd kəndində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 avqust 2022-ci ildə saat 14 radələrində Bakı- Xocasən yolunun Abşeron rayonu ərazisindən keçən 6-cı kilometrində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozar, mexaniki nəqliyyat vasitəsi hesab ediməyən, mühərrikin iş həcmi 50 sm3 olan idarə etdiyi «Moon CC50» markalı mopedlə hərəkətin əksi istiqamətinə olaraq yolun Sədərək Ticarət Mərkəzi istinamətinə 40-45 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən ayırmamalı, mopedi icazə verilən istiqamətdə hərəkət etdirməli, mopedi əks istiqamətdə hərəkət etdirməməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X5» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, yolun sağ kənarından yolun hərəkət hissəsinə daxil olub adi yerişlə 7,2 metr məsafə qət etmiş piyada 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol əlin 1-ci barmağının daraq sümüyünün yerdəyişməyən qapalı sınığı xəsarətini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, dönərxanaların birində kuryerlik etmək məqsədi ilə qeydiyyat nömrə nişanı olmayan, gövdəsi qara, ön fara qapağı isə açıq yaşıl rəngdə olan «Moon CC50» markalı mopedi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsbəsində tanışı Elşən adlı cavan oğlanın vasitəsi və zaminliyi ilə 27 avqust 2022-ci ildə günü 5 manat icarə haqqı ödəmək şərti ilə tanımadığı qarajda adını bilmədiyim kişidən icarəyə götürmüşdür. 28 avqust 2022-ci ildə səhər tezdən Xocasən qəsəbəsində yerləşən Elnur adlı şəxsin işlətdiyi dönərxanada şifahi razılaşma ilə kuryer kimi fəaliyyətə başlayaraq həmin mopedlə sifariş verilən ünvanlara dönər daşımağa başlamışdır. 30 avqust 2022-ci ildə saat 14 radələrində Bakı- Xocasən yolunun Xocasən qəsəbəsi ərazisindən keçən hissəsində «Zeytun» marketin qarşısında mühərrikin iş həcmi 50 sm3 olan idarə etdiyi «Moon CC50» markalı mopedlə hərəkətin əksi istiqamətinə olaraq yolun Sədərək Ticarət Mərkəzi istinamətinə 40-45 km/saat sürətlə hərəkətdə olarkən yolu soldan sağa doğru adi yerişlə keçən piyada oğlanı görmüşdür. Piyadanı vurmamaq üçün tormoz edərək mopedin sürəti azalmış, buna baxmayaraq mopedlə həmin piyadanı vurmuşdur. Zərbənin təsirindən moped aşaraq özü də xəsarət almışdır. Mopedlə vurduğu oğlanı tanışları gəlib avtomobillə aparmış, özü isə mopedi hadisə yerindən götürüb evə getmişdir. Tanışları yaralarına dərman çəkib bağlamışlar. Hazırda yaraları sağalmışdır. Hadisə zamanı sərxoş olmamışdır. Törətdiyi hadisədən sonra, yəni həmin günün axşamı mopedi götürdüyü ünvana gedib icarə pulunu ödədikdə, mopedin sahibi mopedin ön hissəsindəki cüzi zədə izlərini görüb nə baş verdiyini soruşmuşdur. Moped hərəkətdə olarkən mopeddən yıxıldığını və moped aşaraq həmin zədələrin yarandığını kişiyə demişdir. Bu səbəbdən həmin kişi mopedi ondan geri almışdır. Hadisədən təxminən 15 gün sonra təkrarən moped üçün həmin şəxsə mürəciət etmiş, kişi bildirmişdir ki, mopedi guya başqa şəxsə verib, həmin şəxs isə yolun kənarında mopedi saxlayıb harasa getmiş, qayıdanda mopedin üzərindən hansısa görmədiyi avtomobil keçərək moped yararsız hala düşdüyünə görə mopedi zibilliyə atmışdır. Bu səbəbdən mopedin hazırda harada olduğunu, həqiqətən əzilib yararsız vəziyyətə düşüb-düşmədiyini bilmir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci ildə saat 14 radələrində Bakı-Xocasən yolunun Xocasən qəsəbəsi ərazisindən keçən hissəsində «Zeytun» marketin qarşısında yolun Sədərək Ticarət Mərkəzi istinamətinə olan hissəsindən əks tərəfə 2 zolaqdan ibarət yolu adi yerişlə keçməyə başlamış, yolun sağ zolağını tam keçmiş, sol zolağın qurtaracağında hərəkətin əksi istiqamətinə hərəkətdə olan nömrə nişansız moped onu vuraraq sol qolu sınmışdır. Zərbənin təsirindən moped aşaraq sürücüsü olan Elnur adlı cavan oğlan yerə yıxılaraq xəsarət almışdır. Hadisə yerinin yaxınlığında olan Həsən adlı tanışı hadisəni görüb yaxınlaşaraq öz avtomobili ilə onu Xocasən qəsəbəsindəki poliklinikaya aparmışdır. Orada ona tibbi yardım göstərildikdən sonra Nəsimi bazarının yanındakı Travmatologiya İnstitutuna müraciət etmiş, orada qolu gipsə qoyularaq evə getmiş və müalicəsi ev şəraitində davam edir. 07 sentyabr 2022-ci ildə «102» xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Ona dəymiş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci ildə saat 14 radələrində Bakı-Xocasən yolunun Xocasən qəsəbəsi ərazisindən keçən hissəsində «Zeytun» marketin qarşısında marketə tərəf piyada hərəkət etdiyi anda yol tərəfdən siqnal və ardından tappıltı səsi eşitmişdir. Arxaya dönüb səs gələn tərəfə baxdıqda yolun hərəkət hissəsində tanışı Kamalı və yerdə yıxılmış mopedi qaldıran cavan oğlanı görmüşdür. Maraqlanıb Kamala yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Kamal demişdir ki, yolu piyada keçərkən həmin moped onu vurub və əl barmağı nəticədə sınmışdır. Həmin mopedin nömrə nişanı olmamış, iki təkərli, adətən dönər daşıyan kuryerlərin istifadə etdiyi mopedlərə oxşar olmuş, mopedin rəngi və digər əlamətlərinə diqqət etməmişdir. Kamalın dediyinə görə moped hərəkətin əksi istiqamətinə hərəkətdə olarkən onu vurmuşdur. Mopedin sürücüsü olan cavan oğlan mopedi yerdən qaldırdıqdan sonra nə etdiyinə diqqət etməmişdir. Kamal xəsarət aldığı üçün onu öz avtomobili ilə Xocasən qəsəbəsində yerləşən poliklinikaya aparmış, orada Kamala ilkin tibbi yardım göstərildikdən sonra Kamalın qardaşı gəlib onu aparmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2113 №-li rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarət - sol əlin 1-ci barmağının daraq sümüyünün yerdəyişməyən qapalı sınığı bərk küt əşyanın təsirindən xx.xx.2022-ci ildə yolnəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 8/2580 №-li rəyinə əsasın mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, onun sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu əsasında bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs yol hərəkətinin digər iştirakçısı kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 267.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsə törətdiyi əmələ görə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə əsasən hadisənin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayətin törədilməsini, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə 85 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-234/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-234/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver