Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-234/2024 04.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1970-ci ildə Cəbrayıl rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3A, mənzil 33də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə saat 08:45-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Toyota Auris markalı, 99- NP 457 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 24,6-cı kilomterliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, Bakı şəhəri istiqamətində sağ zolaqda hərəkətdə olarkən avtomobili hərəkət hissənin sağ zolağında saxlayıb təxminən 10-20 km/saat sürətlə arxa- arxaya hərəkət etdirən zaman ehtiyatsızlıqdan arxada yolu ayırıcı zolaqdan soldan Bakı istiqamətli hərəkət hissəsinin sağ kənarına doğru asta yerişlə keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobilin arxa sol tin hissəsi ilə vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs1nm sol Vİİ qabırğanın yerdəyişən sınığı, sol tərəfli hissəvi minimal pnevmotoraks ilə müşayiət olunan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs2nm sol sirkə kasasının dibinin, sol qasıq və oturaq sümüklərinin sınıqları, hər iki dirsək, sol bud-çanaq oynağı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 22 iyul 2023-cü ildə saat 08.45 radələrində idarə etdiyi Toyota Auris markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolu ilə rayon istiqamətindən üzü Bakı şəhərinə gedərkən yolun sağ tərəfində olan təkər təmiri sexinə daxil olub təkərlərin havasını yoxlatdırmaq məqsədilə avtomobili saxlayıb təxminən 10-20 km/saat sürətlə sağ zolaqla arxa arxaya sürmüş və təxminən 30-40 metr getmişdir ki, arxadan avtomobilin sol tərəfinin nəyəsə dəydiyiyni, tapıltı səsini eşidib avtomobili tez saxlayaraq yerə düşmüşdür. Yerə düşəndə bilmişdir ki, yolu keçən iki qızı vurmuşdur. Qızlar xəsarət aldıqları üçün onları xəstəxanaya yola salmışdır.O, hadisədən əvvəl avtomobili arxa arxaya verəndə sağ yan güzgüyə baxdığı üçün qızların yolu soldan sağa geçdiyini görməmiş, fikir verməmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, avtomobili hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə yük və sərnişin olmamışdır. Zərərçəkmiş şəxslərlə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 22 iyul 2023-cü il tarixdə saat 08:45-də qonşusu Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində Şamaxı istiqamətli yoldan Bakı istiqamətli yola asta yerişlə yolu keçməyə başlamış, yolu keçib qurtarmağa az qalmış tünd rəngli «Toyota» markalı avtomobil sürətlə arxa-arxaya gələrək onları vurmuş, zərbədən onlar yerə yıxılaraq xəsarət almışlar. Oraya toplaşan vətəndaşların köməyi ilə təcili tibbi yardım maşını ilə xəstəxanaya getmişlər. Sürücü onun müalicəsinin bütün xərclərini ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 22 iyul 2023-cü il tarixdə saat 08:45-də qonşusu Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı-Şamaxı yolunda Şamaxı istiqamətli yoldan asta yerişlə Bakı istiqamətli yola daxil olub hərəkətini davam etdirərkən boş olduğu üçün yolu rahat keçmişlər. Yolu keçib qurtarmağa az qalmış «Toyota» markalı avtomobil arxa-arxaya gələrək onların hər ikisini vurmuşdur. Zərbədən yerə yıxılaraq bədən xəsarəti aldıqları üçün təcili tibbi yardım maşını ilə onları xəstəxanaya aparmışlar. Sürücü onun müalicəsinin bütün xərclərini ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1563 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol sirkə kasasının dibinin, sol qasıq və oturaq sümüklərinin sınıqları, hər iki dirsək, sol bud-çanaq oynağı nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1565 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol Vİİ qabırğanın yerdəyişən sınığı, sol tərəfli hissəvi minimal pnevmotoraks bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 04 avqust 2023-cü il tarixli, 8/2169 nömrəli rəyindən məlum olur ki, Toyota Auris markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16/2-101375/2023 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BB seriyalı 431066 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 22 iyul 2023-cü il tarixli aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Toyota Auris markalı, ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs1 tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onunla barışıb və təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onunla barışıb və təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə maddi köməklik etdiyinə və onlarla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobil məhkəməyədək icraat zamanı sahibinə təhvil verilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut kimi tanınmış Toyota Auris markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı müvafiq olaraq sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-234/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-234/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver