Məhkəmə qərarları › İş №1(012)-235/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-235/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-235/2025 13.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələri üzrə prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, hazırda azadlıqdan məhrum etmə cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu,Mərdəkan qəsəbəsi ərazisindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 30 manat pul müqabilində iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,221 qram, 0,126 qram olmaqla ümumilikdə 0,347 qram çəkidə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini və üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,374 qram,0347 qram və 0,1 qram olmaqla ümumilikdə 0,821 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisinə daşımış və üzərində saxlamış, 23 mart 2024-cü il tarixdə, saat 20 radələrində Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək, orada xidməti otaqların birində həmin tarixdə saat 22:00-dan 22:20-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin iki bükümdə ümumilikdə 0,347 qram çəkidə psixotrop maddə metamfetamin və üç bükümdə ümumilikdə 0,821 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan şalvarın sağ yan cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək,istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, subaydır. O, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə olan metamfetamindən istifadə edir. 20 mart 2024-cü il tarixdə saat 15 radələrində şəxsi işi ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan zaman bir nəfərlə tanış olmuşdur. Həmin şəxslə söhbət zamanı narkotik vasitə istifadəçisi olduğunu öyrənmiş və istifadəsi üçün narkotik vasitə və ya olarsa psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs isə üzərində iki bükümdə psixotrop maddə metamfetamin, üç bükümdə isə narkotik vasitə qurudulmuş marixuana olduğunu və ümumilikdə həmin maddələri 50 manata satdığını bildirmişdir. O isə üzərində 30 manat pul olduğunu, həmin məbləğə satarsa ala biləcəyini demişdir. Bundan sonra onunla razılaşıb 30 manat müqabilində üç bükümdə narkotik vasitə qurudulmuş marixuananı, iki bükümdə psixotrop maddə metamfetamini almış və istifadə etmək üçün üzərində saxlamışdır. 23 mart 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən BDYPİ-nin stasionar postunun yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib birlikdə Abşeron rayonu Polis İdarəsinə getmişdir. İdarədə ona hüquqlarının müdafiə olunması üçün dövlət tərəfindən müdafiəçi təyin olunmuşdur. O isə ona təyin olunan müdafiəçiyə etiraz etməmiş və müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməyi təklif edilmişdir. O da 20 mart 2024-cü il tarixdə şəxsi istifadəsi üçün aldığı narkotik vasitə və psixotrop maddələri əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığından siqaret qutusunu təqdim etmişdir. Bundan sonra həmin narkotik vasitə və psixotrop maddələr ağ kağız zərf qoyulub, qablaşdırılaraq möhürlənib bağlanmışdır. O da həmin qablaşdırılmış zərfi bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında ifadəsində ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-in əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin NMB-nin əməliyyat müvvəkkili vəzifəsində işləyir, polis mayorudur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və müvafiq əməliyyat qrupunun yaradılmasına icazə verilməsi məqsədi ilə raportla məruzə edilmişdir. Müvafiq icazə verildikdən sonra Abşeron RPİ-nin NMB-nin əməliyyat müvəkili, polis baş leytenantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən BDYPİnin stasionar postuğunun yaxınlığında olarkən görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Həmin yerdə müvafiq sənədləşmə üçün şərait olmadığından və insanların intensiv hərəkəti səbəbi ilə Təqsirləndirilən şəxs müvafiq hərəkətlərin icrası üçün Abşeron RPİ-nə dəvət etmişlər. Sonuncu da etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra Abşeron RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Aslan Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə Abşeron RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 və onun iştirakı ilə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Aslan Allahverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra o əynindəki şalvarın sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxardaraq içərisində olan iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni və üç ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlələri, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi yaxınlığından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manat pul müqabilində özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsində ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Kərimli X3 Azad Azər oğlu oğlu ilə analoji ifadəni vermişdir. Cinayət işində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 mart 2024-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş 01 ədəd diskdən görünür ki, Abşeron RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİnin NMB-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis baş leytenantı Şahid2, Xırdalan şəhər vəkil bürosunun vəkili X2 iştirakı ilə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Aslan Allahverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs oğunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı Aslan Allahverdiyev tərəfindən təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın qabaq sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxardaraq içərisində olan iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni və üç ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlələri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yaxınlığından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr içərisindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırlaraq imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 mart 2024-cü il tarixli, 3-16-16/2-7/473 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,374 qram bitki mənşəli kütlə, 1(bir) ədəd qızılı-ağ kağız kəsiyi bükümündə təmiz çəkisi 0,347 qram bitki mənşəli kütlə və 1(bir) ədəd kağız bükümündə təmiz çəkisi 0,1 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (qalıq 0,671 qram – 0,15 qram psixotrop maddə narkotik vasitə-qurudulmuş marixuana təhqiqata sərf edilmişdir). Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1633 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,221 qram və 0,126 qram, ümumi təmiz çəkisi 0,347 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,267 qram – 0,08 qram psixotrop maddə metamfetamin təhqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 dair 09 aprel 2024-cü il tarixli, 2335 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 66.5-ci maddəsinə əsasən 03 il 09 ay müddətinə azdlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən eləcə də cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-113/2025 saylı hökmü ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5 maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 mart 2024-cü il tarixdə azad edilmiş, barəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən 04 gün cəzaçəkmə müddətinə hesablanmışdır. Qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs barəsində ümumilikdə 06 gün tutma olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 06 gün müddət cəza müddətindən çıxılmalı və cəzaçəkmə müddətinin başlanğıcı onun cəza çəkməyə başladığı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs hazırda cəza çəkməsi və barəsində Abşeron Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 1(012)-113/2025 saylı hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutlarn saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,671 qram psixotrop maddə narkotik vasitəqurudulmuş marixuana və 0,267 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv olunmalıdır. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut iş materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci - məhkəmə ekspertizası üzrə 184 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, iş üzrə əvvəlki məhkəmə prosesində Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, sonrakı məhkəmə prosesində işdə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, vəkil Müdafiəçi3 hər biri 10 saat olmaqla təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini aparmışlar. Ona görə də, məhkəmə hesab edir ki, onların hər birinə 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına onlara ödənməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 1(012)-113/2025 saylı hökmü ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplansın ona qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı çinayət işi üzrə tutulduğu 02 gün, Abşeron rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 1(012)-113/2025 saylı hökmü ilə nəzərə alınan 04 gün tutma,cəmi 06 gün müddət ona təyin edilmiş cəzasından çıxılsın, üzərində 04 il 02 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması nəzərə alınsın. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 1(012)- 113/2025 saylı hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınsın. Hazırkı iş üzrə barəsində seçilmiş “polisin nəzrəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi 0,671 qram psixotrop maddə narkotik vasitə-qurudulmuş marixuana və 0,267 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 184 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Təqsirləndirilən şəxs məhkəmə zamanı Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, vəkil Müdafiəçi3 hər birinin 20 saat dövlət hesabına hüquqi yardıma görə hər birinə 110 manat məbləğində pul ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar