Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-237/2023 12.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, 6-cı keçid ev 1/11-də qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən "xxxx" MMC yə aid Reabilitasiya mərkəzində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 09 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində siqaretin şəffaf selofan parçasına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 01(bir) ədəd bükümdə 0,617 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən “Portağal”adlı kafenin yaxınlığında saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və idarədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş təmiz çəkisi 0,617 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, halhazırda heç bir yerdə işləmir. Heç kimi yoxdur, Reabilitasiya mərkəzində müalicə alır. Şübhəli şəxs qismində saxlanıldığı anda ona hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27–ci məhəllədə yerləşən “Portağal” adlı kafenin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirib, polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-yə getməli olduğunu bildirmişdir. Onlara etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Abşeron RPİ-nin xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları üzərinə şəxsi axtarış keçiriləcəyi barədə xəbərdarlıq edərək üzərində saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etməsi təklif edilmişdir. O, da əynində olan qara rəngli cins şalvarının sağ cibində olan siqaretin şəffaf selofanını təqdim edib, içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisindən 10 manat müqabilində almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polis İdarəsinə gətirilən zaman, eləcə də polis idarəsində hər hansı fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Üzərində aşkar edilən narkotik vasitədən başqa heç yerdə saxlamır, satmayıb, hədiyyə etməyib. Hazırda reabilitasiya mərkəzində müalicə alır, yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməsi ilə yanaşı, törətdiyi cinayət əməli, şahid ifadələri, 01 ədəd CD diskdə video görüntü, ekspert rəyləri, maddi sübut və digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin kiçik əməlliyyat müvəkkili polis serjantı Şahid2 ilə xx.xx.2022-ci il tarixdə xidmətdə olan zaman, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarda üzərində gəzdirməsi və istifadəsi ilə bağlı məlumat əldə etdiyini raportla rəhbərliyə məruzə etdikdən və razılıq aldıqdan sonra, Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 15:30-da Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Portağal” adlı kafenin yaxınlığına gəlib, onun gəlməsini gözləmişdir. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs gəldiyini görüb, ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrdən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə üzərində gəzdirmə ilə bağlı şübhəli olduğunu bildirib, onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək, onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən vəkili X3 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Əvvəlcədən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması əgər varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən içərisində narkotik maddəyə bənzər kütlə olan bir ədəd bükümü çıxardıb, birinin içərisində heroin olduğunu həmin narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə aparılaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər kütlə olan bükümlər qablaşdırılaraq, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində ifadəsi elan edilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 6/6035 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün N 56” dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» sözləri və s. yazılar imzalar olan bir ədəd zərfdəki 01 ədəd siqaretin şəfaf selofanına bükülmüş içərisində təmiz çəkisi 0,617 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,617 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınaraq və tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 0,567 qram çəkidə olan heroin saxlanılmasından ötrü Abşeron RPİnin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6731 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 332.2.3-cü maddəsi ilə 03 il müddətinə azadlıq məhrum etməsi cəzasına məhkum edilmiş, lakin ona təyin edilmiş 03(üç) il azadlıqdan məhrum etmə cəzasi Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 01 il islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3. 177.2.4-cü maddələri ilə 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını tam şəkildə çəkib qutarmışdır. Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, yenidən qəsdən cinayət törətsədə, onun əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivi sayılmır. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi məqsədi ilə vəsatət verilsə də Abşeron Rayon Prokuroru baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Abşeron RPİ-nin MSYdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibində olan 01 (bir) ədəd siqaretin şəffaf selofanına bükülmüş içərisində narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisindən 10 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan RKX-dan ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sağ aşağı ətrafın qanqrenası ilə xəstəxanaya daxil olmuş, xx.xx.2022-ci il tarixdə sağ budun aşağı 1/3 hissəsi amputasiya əməliyyatı icra olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs bir ayağının sağ budun aşağı 1/3 hissəsinin amputasiya olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0,567 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə 110 manat məhkəmə-bioloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, o, Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0,567 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 110 manat məhkəmə-bioloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-237/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-237/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver