Məhkəmə qərarları › İş №1(012)-237/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-237/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-237/2024 12.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a, barəsində 09 sentyabr 2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisindən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısf’na (Siyahı İİ) daxil edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümündə təmiz çəkisi 0,692 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində əldə edib, Abşeron rayonu, Xırdalan şəhərinə daşımaqla üzərində saxlamış, 07 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvanın ətrafında piyada gəzən zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümündə həmin 0,692 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, qardaşı və qardaşının ailəsi ilə birlikdə ünvan 2a yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq ev ustası kimi işləyib özünü dolandırır. Bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən iynə ilə bədəninə vurmaqla istifadə edir. O, təxminən 10 ildir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmamışdır. Bir müddət istifadə etməsə də yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən istifadəsi üçün 1 bükümdə 10 manata psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddəni özü istifadə etmək üçün cibində saxlamışdır. 07 sentyabr 2023-cü il tarixdə təxminən saat 15 radələrində ünvan 5 ünvanının yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışdılar. Abşeron RPİ-nin əməkdaşları olmasını bildirmişdilər. Polislər barəsində əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Daha sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polislərlə birlikdə polis idarəsinə getməli olduğunu bildirmişdilər. Polislər onun üzərində qanunla qadağan olunan hər hansı əşya olub-olmamasını soruşmuşdular. O da məcbur olub üzərində psixotrop maddə saxladığını səmimi olaraq etiraf etmişdir. Polislər birlikdə Abşeron RPİ-yə getməyi təklif etmişdilər. Onlar Abşeron RPİ-yə gedikdən sonra orada xidməti otaqların birində video çəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuşdur. O, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən içərisində metamfetamin olan 1 ədəd şəffaf rəngli sellofan bükümündə olan kütləni çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükülünün içərisinə polis əməkdaşları tərəfindən açılıb baxılmışdır. Həmin bükülünün içərisindən psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı X7 ifadəsində bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 07 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi, qanunsuz olaraq üzərində saxlayaraq, daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə yəni, 07 sentyabr 2023-cü il tarixdə onun tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, əməliyyat müvəkkili, Şahid1 əməliyyat qrupunun üzvü olmuşdur. Bundan sonra, 07 sentyabr 2023-cü ildə təxminən saat 15 radələrində əldə etdikləri məlumat əsasında onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanının qarşısına gəlmişdilər. Elşəni yaşadığı evin yaxınlığında olduğunu görmüşdülər. Tez Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamış və özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişdilər və Elşənin barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və üzərində saxlayaraq daşımasında şübhəli olduğunu bildirib, əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilməli olduğunu bildirmişdilər. Daha sonra Elşənə birlikdə Abşeron RPİ-yə getməyi təklif etmişdilər. Elşən də heç bir etiraz etmədən onlarla birlikdə idarənin inzibati binasına gəlmişdir. Orada Elşənin üzərinə baxış keçirilməsi üçün Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, Mahir Nurəliyev tərəfindən hüquq və vəzifələri izah edilməklə, vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Elşənə üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisi açılıb içərisinə baxıldıqda içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə olan psixotrop maddə olan metamfetamini bədənində ağırlar olduğu üçün qəbul etdiyini, öz şəxsi istifadəsi üçün üzərində saxladığını və satmaq məqsədinin olmadığını bildirmişdir. Elşən, həmçinin üzərində olan həmin bükümü Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra Elşənin üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunan hər hansı əşya və predmet tapılmamışdır. Aşkar olunan psixotrop maddə metamfetamin ekspertizaya təqdim olunması üçün zərfə qoyularaq, möhürlənib götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyə ərizə verərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı X4 ifadəsində göstərdiyi xüsusatları təstiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş videoçəkilişin məhkəmə tərəfindən baxışından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülünün aşkar olunaraq götürülməsini əks etdirən görüntülər olan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir və istintaq zamanı həmin DVD diskə baxış keçirilərək müvafiq protokol tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli 3-16-16/2- 6/4770 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №56 dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, iştirak etdilər: üç-imza; Təhqiqatçı M.Nurəliyev-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,692 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 11 sentyabr 2023-cü il tarixli 5823 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə ümumi çəkisi 0,692 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin maddi sübut kimi tanınmalı, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,642 qram metamfetamin işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Abşeron RPİnin MSK-na təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, cəzanın onun islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclası zalından həbs edilməli və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri qüvvəsində saxlnılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,642 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X6 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cəmi 30 (otuz) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 0,642 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar