Məhkəmə qərarları › İş №1(012)-238/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-238/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-238/2022 13.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda Abşeron rayonu, Hökməli qəsəbəsi, Nəsimi küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində ‘"polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 13 yanvar 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında 15 manata satış məqsədi olmadan qanunsuz olaraq 2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1) daxil edilmiş gümüşü rəngli siqaret kağızma bükülmüş bir ədəd ümumi təmiz çəkisi 0,685 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində daşımaqla saxlamış, 13 yanvar 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 20 radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış, Abşeron RPİ-nin Qobu PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,685 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi olaraq işləyib ailəsini dolandırır. O, bir neçə müddətdir ki, narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə edir. Buna görə də ağrıları olduğu üçün 13.01.2022-ci il tarixdə təxminən axşam saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata bir büküm narkotik vasitə olan heroin əldə etmiş və yaşadığı Hökməli qəsəbəsinə gəlmişdir. Yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində evinin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitənin gəzdirməyində və daşımağında şübhəli olduğunu bildirmişdilər. O da üzərində narkotik vasitə olan heroin olduğunu səmimi etiraf etmişdir. Sonra onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişdilər. Polis əməkdaşları onu Abşeron RPİ-nin X12 xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da əynində olan tünd göy rəngli, cins şalvarının sağ yan cibindən çıxardıb bir (1) ədəd siqaretin gümüşü rəngli kağızma bükülü (bir büküm) olan, içərisində qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroinə bənzəyən kütləni, təqdim etmişdir. Həmin kütlələr şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün özündə saxlamışdır. Sonra qablaşdırılan kütlə ekspertizaya təqdim edilmişdir. Sonda o, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşağının olmasını, həyat yoldaşı X4 ağ ciyər üzrə çatışmamazlıq diaqnozu ilə vəfat etməsini nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, DİO- da 2003-cü ildən xidmət edir. 2021 -ci ildən hal hazırda Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 13 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadəsi və üzərində daşıması ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Qobu PB-nin rəisi, Samir Qayıbov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da qrupun üzvü olmuşdur. Bundan sonra həmin günü yəni, 13 yanvar 2022-ci il tarixdə saat 20 radələrində məlumat əsasında, onlar birlikdə Abşeron rayonu. Hökməli qəsəbəsi. Nəsimi küçəsində yerləşən yaşadığı evin yaxınlığına gələn zaman Təqsirləndirilən şəxs orada olduğunu görmüşdülər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı olduqlarını bildirmiş və Rəşadın barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu bildirib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin Qobu PB-nə dəvət etmişdilər. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızı aşkar olunmuşdur. Kağız bükümün içərisi baxdıqda isə gümüşü rəngli siqaret folqasına bükülmüş 1 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Daha sonra protokol oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişdilər. Təqsirləndirilən şəxs həmin bükümü 13 yanvar 2022-ci il tarixdə şəxsi istifadəsi üçün Bakı şəhərində, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Daha sonra həmin bükümün içərisində olan maddənin narkotik vasitə olub-olmamasını müəyyən etmək üçün kimyəvi ekspertiza təyin olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayonu Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili işləyən Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, X2 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 yanvar 2022-ci il tarixli 6/248 nömrəli rəyndən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqdim etdi (imza) Təqsirləndirilən şəxs ...» sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə olan təmiz çəkisi 0,685 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzin 26 fevral 2022-ci il tarixli 976 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDİ.ORİN və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və istintaq materiallarına əlavə edilmiş, bir ədəd CD diskdə 1 ədəd qovluq vardır. CD diskinə köçürülmüş 11 dəq 02 saniyəlik video görüntü saat 21:10 radələrindən saat 21:40 radələrindək olan anı fiksə etmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə saat 20 radələrində radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nəsimi küçəsində DİN-nin Abşeron rayon polis idarəsinin Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılıb bölmənin inzibati binasına gətirilmiş və saat 21:10 radələrindən saat 21:40 radələrindək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroini Bakı şəhərində yerləşən “20 Yanvar metrostansiyasının” yaxınlığında tanımadığı şəxsdən 15 manata əldə etdiyini, öz şəxsi istifadəsi üçün aldığını, satış niyyəti ilə almadığını bildirmişdir. İş materiallarında olan 06 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış protokolundan görünür ki, Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən çəkilmiş 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. 17 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0.685 qram narkotik vasitə olan heroindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0.635 heroin iş üzrə 17 yanvar 2022-ci il tarixdə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Abşeron rayon İHB-nın Hökməli qəsəbəsi üzrə nümayəndəsinin verdiyi 21.12.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Hökməli qəsəbəsində Yeni yaşayış massivində yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X9, - atası Təqsirləndirilən şəxs, anası X7- 14.09.2007-ci il tarixdə anadan olmuşlar. İş materiallarında olan ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X7 20.02.2009-cu il tarixdə ağ ciyər üzrə çatışmamazlıq diaqnozu ilə vəfat etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşağının olmasını, həyat yoldaşı X4 20.02.2009-cu il tarixdə ağ ciyər üzrə çatışmamazlıq diaqnozu ilə vəfat etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı bir məlumat olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 25.05.2021-ci il tarixdə tutulmuş, barəsində 27.05.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək azad olunmuş, müstəntiqin çağrışından yayındığı üçün barəsində axtarış elan edilmiş, 13.01.2022-ci il tarixdə tutulmuş, prokurorun 15.01.2022-ci il tarixli qərarı ilə müstəntiqin vəsatəti təmin edilməyərək MSY-dən azad edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla,08 gün təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 0, 635 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 81 (səksən bir manat) məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 08 (səkkiz) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 81 (səksən bir manat) məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi olan, tədqiqatlardan sonra qalıq qalan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 0, 635 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar