Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-239/2023 04.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Masallı rayonu Köçəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri fərdi evdə yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda xx.xx.2023-cü il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində, əmisi oğlu Şahid1 etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai GTZ” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili alaraq sürücülük hüququ olmadan idarə edib Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ilə “Xırdalan dairəsi” istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini sürücülük vəsiqəsi ilə idarə etməli, hadisə ərəfəsində yolun hərəkət hissəsini soldan sağa düz istiqamətdə keçən piyada Zərərçəkmiş şəxs hərəkəti üçün təhlükə yarandığını gördüyü andan nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda, bunları etməyərək avtomobilini saatda 15 km sürətlə idarə etməyi davam etdirib piyada Zərərçəkmiş şəxs çatanadək sonuncunun yolu soldan sağa tam keçib qurtaracağına, onu avtomobillə vurmayacağına ehtiyatsızlıq edib özünə güvənərək hərəkətdə olduğundan, piyada yolun sağ tərəfinə tam keçmədiyindən, onun qarşı tərəfindən ötüb keçəcəyini düşünüb həmin tərzdə manevr edərkən, sonuncunu yolun sağ hərəkət hissəsindən mərkəzə doğru 6,5 metr məsafə həddində avtomobilinin sol qabaq qanadı ilə vuraraq piyada Zərərçəkmiş şəxs sol ayağın 5-ci daraq sümüyünün əsasının sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdikdən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən avtomobilini sürüb yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Bir neçə aydır Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Nazlı Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı avtomobil təmiri sexində usta işləyir. Zərərçəkmiş şəxs və ailə üzvlərini əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. Heç bir işlə məşğul olmadığı dövrdə taksi kimi Xırdalan şəhərindən Bakı şəhəri “20 Yanvar” metrostansiyasına 1 manat pul qarşılığında müştəri aparmaqla qazanc əldə etmək qərarına gəlmişdir. Heç vaxt nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi olmasa da, əmisioğlu Şahid1 etibarnamə əsasında idarə götürdüyü və gündəlik 25 manat icarə haqqı ödəməklə idarə etdiyi qara rəngli “Hyundai GTZ” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona verməsini xahiş etmişdir. Tahir onun sürücülük vəsiqəsinin olmamasına baxmayaraq, maddi vəziyyətinin çətin olduğunu görüb avtomobili idarə etmək üçün ona vermişdir. O, avtomobili təhvil aldıqdan sonra qeyd etdiyi qaydada taksi fəaliyyəti ilə məşğul olmağa və avtomobilin gündəlik icarə haqqını özü ödəməyə başlamışdır. 28 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksinin qarşısından “Xırdalanın kruqu” deyilən yerə doğru 10-15 km/saat sürətlə hərəkət etmişdir. H.Əliyev prospektində yerləşən “Kristal Abşeron-1” yaşayış kompleksinin qarşısı ilə hərəkətini davam etdirən zaman sonradan adının Sənan olmasını bildiyi 17-18 yaşlı bir nəfər oğlan qaçaraq yolu sol tərəfdən sağ tərəfə keçməyə çalışmışdır. Həmin şəxs qəflətən avtomobilin qarşısına çıxdığı üçün ani vəziyyətdə hərəkətini dayandıra bilməmiş və Sənan adlı şəxsin sol ayağı avtomobilin qabaq tərəfinə toxunub qarşıda yerə yıxılmışdır. Dərhal avtomobili yolun sağ tərəfində saxlayaraq yaxınlaşıb Sənana köməyini təklif etmiş və əgər xəsarət alıbsa, xəstəxanaya apara biləcəyini demişdir. Lakin Sənan heç bir xəsarət almadığını, ayağında əvvəlcədən mövcud olan zədəyə avtomobillə toxunduğuna görə yıxıldığını bildirmişdir. Sənanı evə aparmağı təklif etsə də, Sənan yaxınlıqda yaşadığını bildirərək təklifi geri çevirmişdir. Ardınca Sənan sərbəst şəkildə ayağa qalxaraq oradan getməyə başlamış, o isə avtomobilə əyləşib sükan arxasına keçməklə hərəkətini davam etdirmişdir. Hadisə baş verdikdən təxminən 1 həftə sonra bibisigil Sənanın yaşadığı ünvanı öyrənib baş çəkmək üçün evinə getmiş, ancaq özü şəxsən onların evində olmamışdır. Hadisə vaxtı idarə etdiyi avtomobilin “KİA” deyil, “Hyundai” markalı olduğunu, hadisəni törətdikdən sonra avtomobili yolun sağ tərəfində saxlayaraq yerə düşüb Sənandan vəziyyətinin necə olduğunu soruşduğunu, Sənanın vəziyyətinin yaxşı olduğunu bildirdiyini, onun həkimə getmək təklifini qəbul etmədiyini, təxminən 5 dəqiqə ərzində Sənanın yanında gözlədikdən sonra çıxıb getdiyini, Sənan vəziyyətinin yaxşı olduğunu dediyi üçün birbaşa hər hansı tibbi yardım göstərmədiyini, maddi vəziyyəti çox aşağı olduğundan taksi kimi fəaliyyət göstərib qazanc əldə etmək məqsədilə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyini, hadisə törətməsi barədə heç kimə məlumat vermədiyini, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, hadisə zamanı alkoqollu içkinin təsiri altında olmadığını, hadisə baş verdikdən sonra Sənanın ciddi narazılığı və şikayəti olmadığından hadisə barəsində hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə qardaşı Rəvanın iş yerinə getmiş, təxminən saat 21:00 radələrində evə qayıdanda Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Kristal Abşeron-1” yaşayış kompleksinin qarşısında yolu qaçaraq keçən zaman sonradan adını bilmədiyi şəxsin idarə etdiyi “Hyundai” markalı dövlət qeydiyyat nişanını görmədiyi avtomobil qabaq tərəfi ilə onu vurmuş, nəticədə yerə yıxılmışdır. Bundan sonra sürücü avtomobildən düşüb ona yaxınlaşmış və özünü təqdim etmədən xəsarət alıb-almadığını soruşmuşdur. Elə bir ciddi narazılığı olmadığını, vəziyyətinin yaxşı olduğunu bildirmiş, sürücü onu yaşadığı ünvana aparmağı təklif etsə də, yaxınlıqda yaşadığını bildirərək bundan imtina etmiş və ayağa qalxmışdır. Bundan sonra sürücü avtomobilə əyləşərək, özü isə ayağa qalxıb axsaya-axsaya oradan uzaqlaşmışdır. Hadisədən əvvəl yolu Xırdalan şəhəri H.Əliyev prospekti ilə “Xırdalan dairəsi” istiqamətində qaçara, bir qədər cəld şəkildə keçməyə çalışdığını, hadisə nəticəsində sol ayağından sınıq xəsarəti aldığını, hadisədən sonra sürücünün ona özünü təqdim etmədiyini və Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat vermədən oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur və ona yüngül cəza təyin edilməsini xahiş edir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında qara rəngli “Hyundai GTZ” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manat icarə haqqı qarşılığında icarəyə götürərək sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Həmin avtomobili “BA616323” nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etmişdir. Hazırda sürücülük vəsiqəsini itirdiyi üçün təqdim edə bilmir. Avtomobili təxminən 2 ay müddətində, yəni 2022-ci ilin fevral ayının sonlarınadək idarə etmişdir. Həmin vaxt əmisi oğlu Təqsirləndirilən şəxs ona müraciət edib avtomobili idarə etmək üçün verməsini xahiş etmişdir. Məmmədtağının sürücülük vəsiqəsinin olmamasına baxmayaraq, maddi vəziyyətinin çətin olduğunu görüb avtomobili idarə etmək üçün əmisi oğluna vermişdir. Məmmədtağı avtomobili təhvil aldıqdan sonra Abşeron rayonu Xırdalan şəhərindən Bakı şəhəri “20 Yanvar” metrostansiyasına və əks istiqamətə 1 manat pul qarşılığında sərnişin daşımaqla qazanc əldə edib özünü dolandırmışdır. 2022-ci ilin mart ayının əvvəlində Məmmədtağının 28 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksinin qarşısından Xırdalan dairəsi istiqamətində hərəkətdə olan zaman H.Əliyev prospektində yerləşən “Kristal Abşeron-1” yaşayış kompleksinin qarşısında yolu keçməyə çalışan Sənan adlı piyadanı ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsi törətdiyini öyrənmişdir. Avtomobil onun tərəfindən icarəyə götürüldüyü üçün 2022-ci ilin iyun ayının əvvəlində polis əməkdaşları onunla əlaqə saxlayaraq yol-nəqliyyat hadisəsi törətdiyini bildirmiş və onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarına hadisənin özü tərəfindən deyil, əmisi oğlu Məmmədtağı tərəfindən törədildiyini bildirmişdir. “Hyundai GTZ” markalı avtomobili texniki cəhətdən saz vəziyyətdə Heydər adlı şəxsdən icarəyə götürmüş, lakin həmin şəxsin məlumatları onda qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İbrahim oğlu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış 18 mart 2022-ci il tarixli şikayət ərizəsi və həmin ərizə ona məxsusdur. Ərizəsində göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, 2005-ci il təvəllüdlü nəvəsi Zərərçəkmiş şəxs 28 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində “Hyundai” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşdur. Hadisədən sonra sürücü törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində heç bir hüquq mühafizə orqanına məlumat vermədən və özünü təqdim etmədən oradan uzaqlaşmışdır. Hadisə nəticəsində nəvəsi Sənanın ayağının qıç-topuq nahiyəsi sındığı üçün xəstəxanaya aparılmış və ilkin tibbi yardım göstərilmişdir. Həmin gün kürəkəni Süleyman baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə məlumat vermiş, həmin müraciət əsasında araşdırma aparılsa da, nəticəsindən məlumatlı olmadığına görə yuxarıda adları qeyd edilən dövlət qurumlarına rəsmi şəkildə ərizə ilə müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Abşeron rayon şöbəsinin 31 mart 2022-ci il tarixli 435 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən almış olduğu xəsarət - sol ayağın 5-ci daraq sümüyünün əsasının sınığı bərk küt əşyanın təsirindən törənmişdir, 28 fevral 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 8/3231 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Hyundai GTZ” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən yayındığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Abşeron rayon Polis İdarəsinin Dövlət X6 daxil olmuş 30 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin mərkəzi məlumat sistemində Təqsirləndirilən şəxs adına qeydə alınmış sürücülük vəsiqəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Azərbaycan Respublikası CM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyanın ödənildiyini və hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş sənədlər ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra orada şəxsiyyətini təsdiq edən sənədləri, idarə etdiyi avtomaşına aid sənədləri təqdim etməmiş, zərərçəkmiş şəxsi tibb müəssisəsinə çatdırmaq üçün tədbirlər görməmiş, başqa vasitələrlə özünü bəlli etməmiş, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmiş və ümumiyyətlə hadisəni törətdikdən sonra hadisə yerində qalıb gözləmədən hadisə yerindən qaçmış, özü barədə məlumat verməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 263-1.1-ci maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə cərimə cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməli olan cərimə və azadlığın məhdudlaşdırılması növündə əsas cəzalar tamamilə toplanılmaqla qəti cəza təyin edilməli və cərimə cəzası müstəqil icra olunmalı, cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməli, həmçinin təyin edilməli olan əlavə cəzalar, yəni nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaları qismən toplanılmaqla qəti cəza təyin edilməli və həmin cəza müstəqil icra olunmaqla çəkilməsinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə istintaqınının sonunda Təqsirləndirilən şəxs məhkəmə prosesinə gəlmədiyindən barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin qırarı əsasında xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanıldığı 22 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşadığı yer üzrə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını, həmçinin saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai GTZ” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1- ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7000 (yeddi min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları tamamilə, əlavə cəzaları isə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 7000 (yeddi min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən bu günədək həbsdə saxlanıldığı 22 gün müddət nəzərə alınaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 10 (bir on) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması və 7000 (yeddi min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilsin, onun üzərinə yaşadığı yer üzrə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını, həmçinin saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 7000 (yeddi min) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun və hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödənilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci və 68.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası müstəqil icra olunsun və cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai GTZ” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı sahibinə geri qaytarılması nəzərə alınsın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-239/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-239/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver