Məhkəmə qərarları › İş №1(012)-239/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-239/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-239/2024 18.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə və 4500 manat cərimə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə gecə saatlarında, Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən 60 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,067 qram, 0,070 qram, 0,044 qram, 0,052 qram, 0,047 qram, 0,056 qram, 0,045 qram, 0,066 qram, 0,051 qram, 0,054 qram, 0,082 qram, 0,041 qram, 0,067 qram, 0,048 qram, 0,067 qram, 0,055 qram, 0,057 qram, 0,051 qram, 0,044 qram, 0,058 qram, 0,063 qram, 0,067 qram, 0,043 qram, 0,046 qram, 0,047 qram, ümumilikdə 1,388 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış, 19 aprel 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X6 12-ci bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılıb, Abşeron RPİnin Qobu polis bölmənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin 25 ədəd bükümlərdə 1,388 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadə edir. Belə ki, 2022-ci ilin dekabr ayında ağır yol nəqliyyat hadisəsi keçirmiş və həmin hadisə zamanı ayağından ağır xəsarət almışdır. Aldığı xəsarətin nəticəsində də ayağında olan damarı əməliyyat yolu ilə götürmüşlər. Bundan sonra onun ayağı inkişafdan geri qalmışdır. Həmin ayağı da ona güclü ağrılar vermişdir. Həmin ağrılardan qurtulmaq üçün də o, narkotik vasitə olan heroin istifadə edirmişdir. Heroin istifadə edəndə ağrıları azalır. 19 aprel 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 70 manat dəyərində 25 büküm narkotik vasitə olan heroin almış və öz istifadəsi üçün həmin narkotik vasitəni üzərində saxlamışdır. 19 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində taksidən düşüb piyada qəbiristanlığın yanı ilə hərəkət edərkən polis əməkdaşlarını görüb həyacanlanmış və ona yaxınlaşarkən üzərində olan cib bıçağını çıxarıb özünə xəsarət yetirəcək kimi göstərmişdir. Polis əməkdaşları onun əlindəki bıçağı alıb Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Qobu PB-nin növbətçi hissəsində üzərində narkotik vasitə olmasını demişdir. Abşeron RPİ-nin X5 xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 01 (bir) ədəd Kent 4 markalı siqaret qutusunun içərisində olan, rəngli kağızlara bükülmüş 25 (iyirmi beş) bükümdən ibarət narkotik vasitə olan heroinləri təqdim etmişdir. Həmin kütlələr şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 60 manat almışdır. Həmin narkotik vasitəni istifadə etmək üçün əldə etmişdir. O, əvvəl səhvən 1 büküm alıb sonra böldüyünü demişdir. Əslində isə narkotikləri 25 büküm bölünmüş formada almışdır. Həmin dərmanlar ağrıkəsici dərmanlardır. Ağrılarını kəsmək üçün aptekdən almışdır. Xəstə ayağında tez-tez qıcolmalar olduğundan həmin qıcolmaları aradan qaldırmaq üçün bıçaqdan istifadə edir. 04 aprel 2023-cü il tarixdə üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetamini elə həmin tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat pul müqabilində şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. O şprisləri narkotik vasitə olan heroinləri hazırlayıb damarına vurmaq üçün aptekdən alıb üzərində gəzdirmişdir. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı heroini də özü istifadə etmək üçün üzərində saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır, ona görə özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. Ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yüngül cəza təyin olunmasını, himayəsində azyaşlı uşağı olmasını nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində, saat 21:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində iş yoldaşı Şahid1 ilə birlikdə xidmətdə olarkən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində qəbirstanlığın alt küçəsində bir nəfər şəxsin taksidən düşdükdən sonra onları görüb dərhal qaçmağa başladığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşdıqda sonuncu bıçaq çıxararaq özünə xəsarət yetirəcəyini bildirmişdir. Onlar həmin şəxsi zərərsizləşdirərək əlindəki bıçağı almış və 9701 nömrəli avtopatrulun köməyi ilə Abşeron RPİ-nin Qobu PB-nə getməyi təklif etmişlər. Abşeron RPİ-nin Qobu PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “kent 4” adlı siqaret qutusu çıxarmışdır. Həmin siqaret qutusunun içərisinə baxıldıqda içərisindən ümumilikdə 25 büküm olmaqla, gümüşü rəngli kağızlara bükülmüş 12 bükümdən, göy rəngli kağızlara bükülmüş 8 bükümdən, qara rəngli kağızlara bükülmüş 5 bükümdən ibarət qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən qara rəngli KGTEL markalı mobil telefon, 01 ədəd “diklofenak” 01 ədəd “deksametazon”, 01 ədəd “BZMP” dərman məhlulu, 10 ədəd yaşıl rəngli, şpris, 01 ədəd qol saatı, 01 ədəd alışqan, içərisində 31 manat pul olan qəhbəyi rəngli pul qabı da aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 25 ədəd bükümdə narkotik vasitə herinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş “kent 4” markalı siqaret qutusundakı 25 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Heybət bildirmişdir ki, üzərindən aşkar olunmuş 25 ədəd bükümdəki qəhvəyi rəngli, toz şəkilli maddə narkotik vasitə olan heroindir. Heybət həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 60 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Heybətə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 20 aprel 2023-cü il tarixli, 6/2343 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №245” dairəvi möhür əksi və imzalar olan zərfdəki 25 (iyirmi beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,067 qram, 0,070 qram, 0,044 qram, 0,052 qram, 0,047 qram, 0,056 qram, 0,045 qram, 0,066 qram, 0,051 qram, 0,054 qram, 0,082 qram, 0,041 qram, 0,067 qram, 0,048 qram, 0,067 qram, 0,055 qram, 0,057 qram, 0,051 qram, 0,044 qram, 0,058 qram, 0,063 qram, 0,067 qram, 0,043 qram, 0,046 qram, 0,047 qram, ümumi təmiz çəkisi 1,388 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq çəkisi 1,138 qram - 0,25 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasınır ərazisində dövriyyəsi qadağan edilən psixtrop maddələr»in siyahısına (siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 4124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Dadaşov X3 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrumetmə və 4500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə və 4500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dadaşov X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 4500 manat cərimə cəzasından heç bir ödəniş etməmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 1,138 qram olan narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “kent 4” markalı siqaret qutusunun içərisindən ümumilikdə 25 büküm olmaqla, gümüşü rəngli kağızlara bükülmüş 12 bükümdən, göy rəngli kağızlara bükülmüş 8 bükümdən, qara rəngli kağızlara bükülmüş 5 bükümdən ibarət qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ...narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə cinayət məsuliyyəti müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək, narkotik vasitə heroini şəxsi istifadəsi üçün almasını bildirsə də onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə heroin 25 ədəd bükmdə, ayrı-ayrılıqda çəkiləri 0,067 qram, 0,070 qram, 0,044 qram, 0,052 qram, 0,047 qram, 0,056 qram, 0,045 qram, 0,066 qram, 0,051 qram, 0,054 qram, 0,082 qram, 0,041 qram, 0,067 qram, 0,048 qram, 0,067 qram, 0,055 qram, 0,057 qram, 0,051 qram, 0,044 qram, 0,058 qram, 0,063 qram, 0,067 qram, 0,043 qram, 0,046 qram, 0,047 qram, ümumilikdə 1,388 qram olmuşdur. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən dəfələrlə çox olmuşdur. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin təxminən ayrı-ayrı çəkilərdə hissələrə bölünüb xırda bağlamalarda saxlanması, yəni ayrı-ayrı bükümlərdə olması da sonuncunun həmin narkotik vasitəni üzərində məhz satış məqsədilə saxlamasına dəlalət edir. Bundan başqa, şəxsin narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitənin əldə edilməsi mümkündür və istisna olunmamışdır. Təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitələrin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərlə, şahid ifadələri ilə həmin dəlillər təkzib olunmuş, hər hansı əsasının olmadığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarış zamanı müdafiəçinin (Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasında, üzərində şəxsi axtarış aparılmasında, ibtidai istintaq zamanı müvafiq prosessual və istintaq hərəkətlərinin həyata keçirilməsində) iştirakı ilə üzərində olan narkotik vasitənin aşkar edilməsi, sorğu zamanı 25 ədəd bükümdəki qəhvəyi rəngli, toz şəkilli maddə narkotik vasitə olan heroinin ona məxsus olduğunu etiraf etmiş, narkotik maddəni hansı qaydada və hardan əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Həmin videogörüntünün izlənilməsi zamanı isə təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da ona təyin edilmiş cərimə cəzası cinayətlərin məcmusu üzrə təyin edildiyindən məhkumluğun başlanğıcı cərimə cəzasının ödənildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs cərimə cəzasını çəkib qurtarmamış hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti təqsirləndiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 4500 manat məbləğində cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,138 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 4500 manat məbləğində cərimə cəzası ilə tam birləşdirilsin və üzərində qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş 4500 manat cərimə cəzası müstəqil icra edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 114 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,138 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar