Məhkəmə qərarları › İş №1(012)-24/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-24/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-24/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəkil X15, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Masallı rayonu Təzə Alvadı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada musiqi ilə məşğul olan, orta təhsilli, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli qərarı ilə həbsetmənin əvvəli 07.10.2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs rəsmi nigahda olub birlikdə yaşadığı və ondan maddi cəhətdən asılı olan arvadı X3 qarşı amansız rəftar etməklə mütəmadi olaraq qəsdən döyüb onu özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, Təqsirləndirilən şəxs onunla 2012-ci ildən nigahda olub birlikdə yaşadığı, heç bir yerdə işləməyən, evdar qadın olmaqla ondan maddi cəhətdən asılı olan arvadı X4 qarşı evli olduqları dövrdə amansız rəftar edərək mütəmadi olaraq onu qəsdən döymüşdür. Həmçinin Yaqub X5rşı amansız rəftarını davam etdirərək 07 oktyabr 2019-cu il tarixdə saat 03 radələrində ünvan 1 ünvanında, 5-ci mərtəbədə yerləşən mənzilin qonaq otağında arvadının ona xəyanət etməsini əsas gətirib stulun söykənəcək taxtasını qopararaq Aynurə Abdullayevanın baş nahiyəsindən vurub ona başın təpə-ənsə nahiyələrinin yumşaq toxumalarının iç səthinə qansızmalar ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, bundan sonra da sakitləşməyərək öz qanunazidd hərəkətlərini davam etdirib anaları Aynurə Abdullayevanın qışqırıq səsinə gəlmiş azyaşlı övladları- 2013-cü il təvəllüdlü Şahid1 və 2015-ci il təvəllüdlü Yağmur Qurbanovanın gözləri qarşısında onlara əzab və iztirab verdiyini dərk edərək Aynurə Abdullayevanın saçından tutub sürüyərək hamam otağına aparıb saçını üzqırxan maşın ilə kəsməyə cəhd etsə də, üzqırxan maşın nasaz işlədiyindən, Aynurə Abdyllayevanı yenidən qonaq otağına gətirib ona qarşı amansız rəftarını davam etdirərək saçını qayçı ilə kəsmiş, nəticədə Aynurə Abdullayeva özünü öldürmək qərarına gələrək yaşadığı evin eyvanından özünü ataraq intihar etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, mərhum X10 ilə 2012-ci ildə ailə qurmuş, birgə nigahlarından Yusif və Yağmur adında 6 və 3 yaşlı iki övladları dünyaya gəlmişdir. Musiqiçi işlədiyindən gününün çox vaxtı səsyazma studiyasında olduğu üçün adətən evə gecə saat 12 radələrində, bəzən də daha gec gəlmiş, çünki işə axşam saat 18 radələrində getmişdir. Onun arvadı Aynurə əvvəllər notariusda işləsə də, evləndikdən sonra onu işdən çıxartmışdır. Aynurə evdar qadın olmuş və evdə uşaqlara baxmışdır. Yusif birinci sinifdə oxumuş, Yağmur isə hadisədən bir gün sonra baxçaya başlamalıymış. Aynurənin son vaxtlarkı davranışından şübhələndiyi üçün ona xəyanət etdiyini hiss etmişdir. Belə ki, Aynurə son vaxtlar telefonuna zəng gələndə başqa otağa keçmiş, onun yanında telefonla danışmamış, bəzən də gələn zənglərə cavab verməmişdir. Səbəbini soruşanda müxtəlif bəhanələr gətirib anasının və ya başqa qohumun yazdığını və ya zəng etdiyini demişdir. 05 oktyabr 2019-cu ildə saat 20 radələrində işi tez qurtardığı üçün evə gələndə qapını döysə də, Aynurə qapını açmamışdır. Ondan əvvəl dükanda olanda Aynurənin 077 ***-**-** saylı mobil telefonuna zəng etsə də, telefona cavab verməmişdir. Qapıya uşaqlar gəlib Aynurənin evdə olmadığını deyəndə, o, qapını özü açarla açıb içəri keçmiş, az sonra onun evdə olmağından xəbəri olmayan qonşuları Aygün qapını döymüş, qapını açanda planşetə Aynurənin zəng etdiyini və ona cavab vermələrini demişdir. Belə başa düşmüşdür ki, Aynurə onun olduğunu bilmədiyindən bunu Yusifə deməyi qonşudan xahiş etmiş, bunu eşitdikdən sonra planşetə baxıb doğrudan da başqa nömrədən, yəni 070 ***-**-** saylı mobil telefon nömrəsindən zəng gəldiyini görüb cavab vermiş, qarşı tərəfdən Aynurənin “ alo” deməsini eşidib telefona cavab verəndə Aynurə onun səsini tanıyıb bir müddət telefonda səssiz qaldıqdan sonra telefonu tanımadığı bir kişi götürüb “danışan İxtiyardır?” sualını vermiş, o da “xeyr, səhv düşmüsən” dedikdən sonra telefonu söndürmüşdür. Təxminən 5 dəqiqə sonra Aynurə evə gəlib guya aptekə getdiyini, uşaq üçün dərman almaq istədiyini, oradan da yaxınlıqdakı “Çinar” marketə getdiyini demiş, əlində səbət olsa da, Aynurəyə inanmayıb demişdir ki, hər şeyi biləcək, özü etiraf etsin. Aynurə də demişdir ki, sübut etsin, sonra danışsın. Sonra o, Aynurənin mobil telefonunu, planşeti və noutbukun da elektrik naqilini götürüb həyətə düşüb Aynurənin zəng etdiyi, yuxarıda qeyd etdiyi nömrənin sahibini axtarmağa başlamış, həmin nömrəyə yenidən zəng etmiş, telefona cavab verən bayaqkı şəxs də Aynurəni tanımadığını, adının da Yavər olduğunu, ona zəng etməməsini, yolda olduğunu, rayona getdiyini, kolbasa sexində işlədiyini demiş, tanıdığı adamlardan belə birinin olub-olmadığını soruşsa da, heç kim elə adda birini tanımadığını demişdir. Sonra evə qayıdıb Aynurənin telefonunda vatsap mesajlarını geri qaytarmağa çalışsa da, bu tam alınmamış, belə ki, nömrə çıxsa da, mesajlar bərpa olunmamış, sonra Aynurədən soruşmuşdur ki, bayaq zəng edən bu nömrə onun telefonunda qeydiyyatdadır. Xəbəri olmadığını bildirsə də, artıq Aynurənin ona xəyanət etdiyini bilsə də, əlində dəqiq sübutu olmamışdır. Hadisə olan gün, yəni 06.10.2019-cu il tarixdə saat 21 radələrində bir az evdə oturduqdan sonra yaxınlıqdakı kafelərdən birində yemək yeyib spirtli içki qəbul etdikdən sonra saat 24 radələrində evə qayıtmış, vatsapda həmin nömrəni görüb telefonu yenidən araşdırandan sonra 070 235-36- 35 saylı mobil telefon nömrəsinin “Fərqanə məktəb” adı ilə qeydiyyatdan keçdiyini görmüş, bunun səbəbini soruşanda Aynurə məcbur qalıb həmin şəxslə 5 aydır tanış olduğunu, telefonda danışdığını demiş, o, Aynurənin bu sozünə əsbləşib ona birinci sağ əlilə üzündən bir dəfə sillə vurub divanda otuzdurmuş və danışmasını demişdir. Aynurə da danışıb həmin şəxsin adının Mirəziz olduğunu, “Qurtuluş”da görüşdüklərini demiş, ancaq o, çox əsəbi olduğundan Aynurənin dediyi çox şeyləri unutmuşam. Bundan sonra xəyanəti Aynurəyə bağışlamayıb əsəblərini cilovlaya bilməmiş və Aynurəni oturacaq stulundan çıxartdığı taxta parçası ilə başına və ayağına zərbələr vurmuşdur. Ancaq zərbələri özü bilərəkdən yavaş vurmuşdur ki, Aynurə qorxub danışsın. Ancaq Aynurə qışıqırıb yataq otağında bacısı ilə yatan oğlu Yusifi çağırıb guya onu öldürdüyünü demiş, Yusif səsə oyanıb gələndə Aynurəni vurmağı dayandırmışdır. Ancaq ürəyi soyumadığı və onu qohum-əqrəba içərisində biabır etmək üçün saçından tutub onu hamam otağına aparıb əvvəl üzqırxan maşınla başını qırxmış, sonra maşın yaxşı işləmədiyinə və Aynurəyə ürəyi ağrıdığı üçün saçını tam keçəl olmasına deyə qonaq otağına gətirib divanda əyləşdirib qayçı ilə kəsmiş, sonra isə qayçı ilə saçını qırxmışdır. Aynurənin saçını qırxan zaman sonuncu ona müqavimət göstərməmiş, ancaq arada “bəsdir, bəsdir” demişdir. Aynurəyə saçını tam qırxacağını, o vəziyyətdə anasına verəcəyini demiş, sonra siqaret çəkmək üçün zalın baş tərəfindəki pəncərəyə getmiş, Aynurə ayaq üstə duranda ondan hara getdiyini soruşanda su içməyə getdiyini demişdir. Aynurənin otaqdan çıxıb mətbəxin pəncərəsinə tərəf qaçdığını görüb tez onun dalınca qaçsa da, çata bilməmiş və Aynurə özünü pəncərədən aşağı atmışdır. Sonra tez aşağı düşüb Aynurənin üzünə su vurmuş, orada olan şəxslər TTYS-na zəng edim həkim çağırmış, az sonra TTYS-nın maşını gəlib Aynurəni xəstəxanaya aparmışdır. Sonra o, yuxarı qalxıb əynini dəyişmiş, xəstəxanaya getmək üçün aşağıya düşmüş, telefonu üzərində olmadığını görüb nə qədər axtarsa da, tapa bilməmişdir. Az sonra polis əməkdaşları gəlib onu idarəyə aparmışlar. Orada Aynurənin öldüyünü bilmişdir. Aynurə əvvəllər ona özünü öldürəcəyilə bağlı heç nə deməmişdir. Aynurə xaraktercə çox ərköyün, uşaq kimi şıltaq biri olmuşdur. Məsələn, Aynurə türk kinolarına baxıb özü də onlar kimi yaşamaq istədiyini demiş, hər xırda şeydən narazı qalıb heç nəyi bəyənməmiş, ona görə də yola gedə bilməmişlər. Aynurə maddi cəhətdən ondan asılı olmuş, çünki heç bir yerdə işləməmiş və evin dolanışığını o, təmin etmişdir. O daim Aynurəyə pul vermişdir. 01 oktyabrda Aynurəyə 1500 manat pul verib uşaqlara paltar almasını demişdir. Aynurəyə qarşı amansız rəftar edən, onun ləyaqətini mütəmadi olaraq alçaldan, döyən, işgəncə verən, təhqir edən, hədə-qorxu gələn və hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və öldürməyə cəhd həddinə çatdıran şəxs olmamışdır. O, özü Aynurəyə hadisədən əvvəl sonuncu dəfə 2-3 ay əvvəl adi məişət zəminində olan mübahisədə bir dəfə sillə vurmuşdur. Son bir ildə Aynurə ilə arasında bir neçə dəfə, təxminən 5-6 dəfə sözlü mübahisə olmuş, bu zaman o Aynurəyə kimi cəmi bir dəfə sillə vurmuşdur. Qalan hallarda Aynurəni döyməmişdir. Aynurə ona almağa icazə vermədiyi paltarı aldığına görə aralarında narazılıq olmuş və mübahisədən sonra Aynurə özbaşınalıq edərək evdən gedib anaslgildə bir müddət qalmışdır. Aynurəni vurmamış və onu döyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum Aynurə Abdullayeva onun qızıdır. Aynurədən başqa onun Şəhla və Aygün adında iki qızı və Rafiq adından bir oğlu da var. Aynurə 2012-ci ildə xalasının nəvəsi Yaqubla ailə qurmuş və həmin nikahdan Yusif və Yağmur adında iki övladı dünyaya gəlmişdir. Aynurə evli olduğu dövrdə daim əri Yaqub tərəfindən mənəvi iztirablara və fiziki zora məruz qalmışdır. Belə ki, Yaqub spirtli içki düşkünü olmuş və daim evə içkili vəziyyətdə gecə saatlarında gəlmişdir. Evə gəldikdən sonra da hər xırda bir məsələni bəhanə edib Aynurənin şərəf və ləyaqətini təhqir etmiş, qızını daim döymüşdür. Aynurənin dediyinə görə Yaqub onu döşəmədə yatızdırmış, evdə qatığı və ya dovğanı yerə atıb onu təmizləməyə məcbur etmişdir. Bundan başqa Aynurənin dediyinə görə Yaqub münasibətdə olduğu digər qadınlarla görüntülü danışanda bunu Aynurəyə göstərib ona mənəvi iztirab vermişdir. Bu dediklərinin hər biri son bir ildə müxtəlif vaxtlarda baş vermişdir. Təxminən 3 ay əvvəl Yaqubun qardaşı Mehmanın toyundan əvvəl Aynurə ilə Yaqubun arasında növbəti dəfə baş verən mübahisə zamanı Yaqub Aynurənin gözündən necə zərbə vurmuşdusa, Aynurə ciddi zədə almış və bununla bağlı Badamdar qəsəbəsində yerləşən “Caspian Hospital” xəstəxanasında gözündən müalicə almışdır. Mübahisənin düşməsinin səbəbi işıq borcunun ödənilməməsi, bunun nəticəsində mənzilə elektrik verilməsinin dayandırılması olmuşdur. Aynurə bu barədə Yaquba deyəndə sonuncu ona deyib ki, işıq yoxdur evdə, şam yandırsın. Bu xəbəri eşidən Paşa Aynurəgilin evinə bir neçə şam alıb aparmış, evə gələndə əhvalı çox pis olmuş, Aynurənin maddi çətinlik çəkdiyini, ona kömək etməli olduqlarını bildirmişdir. Aynurəgilin evində heç vaxt yeməyə ərzaq olmamış, ya özü, ya da Aynurənin bacıları ona kömək etmək üçün ərzaq alıb onlara aparmışlar. Bundan başqa yuxarıda da qeyd etdiyi kimi Yaqub onu mütəmadi olaraq döymüş, Aynurə daim onunla danışanda Yaqubun onu döyməsindən şikayət etmiş, hətta, təxminən dörd-beş ay əvvəl Yaqub gecə saatlarında evə içkili gəlib Aynurəni döydükdən sonra Aynurə bezib evdən tək qaçmış və evlərinin yanında yeni aldıqları və hər ay kredit ödədikləri, tikintisi tam başa çatmamış evinə gedib gecə saatlarına qədər orada qalmış, sonradan övladları evə qaldığına görə məcburiyyət qarşısında geri qayıtmışdır. Aynurə ilə Yaqub arasında bir neçə dəfə də nəvəsi Yusifin məktəbə getməsinə görə münaqişə olmuşdur. Belə ki, Yusifinin məktəbdə qeydiyyatda düşməsi üçün həm anasının, həm də atasının şəxsiyyət vəsiqəsinin surətinə ehtiyacı olsa da, Yaqubun şəxsiyyət vəsiqəsinin vaxtı bitmiş və Aynurə ona şəxsiyyət vəsiqəsini dəyişməsini bildirəndə “olsun da Yusif məktəbə getməsin, ona məktəb lazımdır,” deyə cavab vermişdir. Aynurə bu söhbəti ona evdən küsüb gələn zaman danışmışdır. Yaqub həddindən artıq qıza zülm etmiş, onu incitmişdir. Qızı boşanmaq istəsə də, el içində rüsvay olmamaq üçün hər dəfə onları barışdırmışdır. Onlara kömək etməkdə məqsədi Yaqubun hər dəfə gəlib and içərək Aynurəyə bundan sonra yaxşı baxacağına dair söz verməsi olmuşdur. Hadisə olan gün, yəni 07 oktyabr 2019-cu ildə səhər saatlarında 1 saylı X23 Aynurənin öldüyünü bilmişdir. Aynurə maddi cəhətdən Yaqubdan asılı olsa da, əri onun maddi dolanışığını təmin edə bilməmişdir. Daim Aynurə evdə uşaqların yeməyə və geyinməyə heç nə olmamasından şikayət etmişdir. Aynurənin uşaqları bacılarının uşaqlarının köhnə paltarlarını geyinmişdir. Yaqub daim içkili evə gəlib Aynurəni döymüş, şərəf və ləyaqətini təhqir etmiş, ona əzab vermiş, nəticədə Yaqub onu bezdirdiyi üçün Aynurə özünü öldürmüşdür. Aynurə onunla danışanda və Yaqubla dalaşıb uşaqları ilə birlikdə onlarda iki ay qaldıqları zaman ona artıq hər şeydən bezdiyini, yaşamaq istəmədiyini demişdir. Aynurənin heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Aynurə Yusifə 9 aylıq hamilə olanda Yaqub onu təpiklı vurub pilləkəndən yıxmış və Yusif travmalı doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şəbi oğlu zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək, mərhum Aynurə Abdullayeva onun doğma qızı olduğunu, Aynurə anadan olanda rəsmi olaraq onu Əslinin qardaşı Bəhram Abdullayevə övladlığa verdiyini bildirmişdir. Məhkəmə iclasında Abşeron Rayon icar hakimiyyəti başçısı yanında yetkinlik yaşına çatmayanların işləri üzrə və qəyyumluğ komissiyasının nümayəndəsi X7 iştirakı ilə şahid qismində dindirilmiş mərhum Aynurə Abdullayevanın azyaşlı oğlu Şahid1 ifadəsində göstərmişdir ki, 07.10.2019-cu il tarixdə yataq dəsti nasaz olduğu üçün atasıgilin yataq otağında bacısı Yağmurla birgə yatmış, anası Aynurənin qışqırıq səslərinə oyanmışdır. Belə ki, anası möhkəm səslə “atan məni öldürür gəl” deyərək onu səsləmişdir. Yuxudan durub qonaq otağına anasıgilin yanına gedəndə anasının divanda oturduğunu, atasının isə onun sacını dartdığını, oturacaqdan qopartdığı taxta parçası ilə anasının başına, ayağına və əlinə vurduğunu görmüşdür. Sonra Yaqub anası Aynurənin saçından dartaraq hamam otağına aparıb, qapını bağlamış, onların qışqırıq səslərini eşitmişdir. Atası anasına “əlini sal aşağıya ” demiş, bir müddət sonra onlar hamam otağından çıxmışlar. Həmin vaxt anası Aynurənin saçı bir az kəsilmiş, atası anasının saçından darta-darta qonaq otağına aparmış, orada qayçı ilə saçını kəsməyə və yenidən onu döyməyə başlamışdır. Anası ondan su istədiyi üçün o, mətbəxdən su gətirərək anasına vermiş, anası da bir az su içmişdir. Anası bundan sonra mətbəxə getdiyini bildirdirərək qaça-qaça mətbəxə getmiş, bu zaman atası və o, anasının arxasınca gedəndə anası Aynurənin eyvandan özünü atdığını görmüşdür. Bu zaman atası anasını tutmaq üçün qaçsa da, çata bilməmiş və anası özünü mətbəxin eyvanından yerə atmışdır. Atası tez pəncərədən çölə baxmış, pəncərəni bağlamış və pərdəni çəkib həyətə düşmüşdür. Bir müddət sonra atası Yaqub gəlib anasının yaxşı olduğu bildirmiş, atası ilə söhbət edəndə onun içkili olduğunu hiss etmişdir. Anası ilə atası tez-tez mübahisə etmişlər və atası hər dəfə anasını döyərək ürdü. əli və taxta ilə anasının qoluna, başına və qıcına vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum Aynurə Abdullayeva onun doğma qardaşı qızı olmuşdur. Aynurə 2012-ci ildə xalasının nəvəsi Yaqubla ailə qurmuş və həmin nikahdan Yusif və Yağmur adında iki övladları dünyaya gəlmişdir. Aynurə evli olduğu dövrdə daim əri Yaqub tərəfdən mənəvi iztirablara və fiziki zora məruz qalmışdır. Belə ki, Yaqub həddindən artıq spirtli içki qəbul edib daim evə içkili vəziyyətdə və gecə saatlarda gəlirmiş. Aynurə dəfələrlə Yaqubun bu hərəkətlərinə dözə bilmədiyi üçün atası evinə getmişdir. O hər dəfə onlara başa salmışdır ki, övladları var, bir-birlərinə hörmət etsinlər. Hətta Aynurə ilə “Whatsapp” sosial tətbiqində danışan zaman Yaqubun ona “heyvan, eşşək” deyə müraciət etdiyini, hörmət qoymadığını bildirmişdir. Aynurə həmişə Yaqubun evə günlərlə gəlməməsindən, evə ərzaq almamasında şikayətlənmişdir. Yaqubla dəfələrlə söhbət edib ailəsinə hörmətlə yanaşmasını tələb edəndə həmişə ona düzələcəyi barədə söz versə də, sonradan Aynurədən öyrənmişdir ki, Yaqub yenə də onu döyür, təhqir edir. O da düşünürmüş ki, ailədirlər, vaxt keçdikcə münasibətləri düzələr. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum Aynurə Abdullayeva onun əri Rafiq Paşayevin bacısıdır. Aynurə 2012-ci ildə Təqsirləndirilən şəxsla evlənmiş, bu nikahdan 29.09.2013-cü il təvəllüdlü Şahid1 və 2016cı ill təvəllüdlü Yağmur Qurbanova adlı iki övladı olmuşdur. Aynurə öz istəyi ilə ailə həyatı qursa da, tez-tez əri Yaqub ilə münaqişələri olmuşdur. O, qaynanası Əsligildə qaldığı üçün Yaqubun Aynurənin başına nə oyunlar açdığını yaxşı bilmişdir. Belə ki, Aynurə həmişə ona şikayət edib Yaqubun onu mütəmadi olaraq, içkili vəziyyətdə evə gəlib uşaqlarının gözünün qarşısında hər xırda şeyləri bəhanə edib döydüyünü, Yaqubun bəzən evə günlərlə gəlmədiyini, çox vaxt da evə gecə saat 3-4 radələrində gəldiyini demişdir. Aynurə 2019-cu ilin iyun ayında günorta saatlarında atası Paşaya zəng edib Yaqubun döydüyünü demişdir. Sənədlərdə Aynurənin atasının adı Bəhram göstərilsə də, onun əsl atası Paşadır. Bəhram əslində Aynurənin dayısıdır, uşaqlıqdan dayısı onu saxladığına görə Aynurənin sənədlərdə atasınına adı Bəhram kimi göstərilmişdir. Aynurə Paşaya zəng etdikdən sonra Paşa gedib onu evindən götürüb gəlmiş, Aynurə evə gələndə görmüşdür ki, sağ gözündən o qədər qüvvətli zərbə alıb ki, gözündə ciddi xəsarət var. Hətta Aynurənin eynəyi də hadisə zamanı sınmışdır. Bununla bağlı o, Aynurədən hadisənin necə baş verəndə soruşanda o, Yaqubun hər xırda şeyə görə evdə dava saldığını, işığın pulunu uzun müddətdir vermədiyinə görə işıq idarəsi tərəfindən işığın kəsildiyini, bununla bağlı aralarında mübahisə yarandığını, Yaqubun evə gələndə bir dəfə dovğanı otağın içinə töküb Aynurədən əzab vermək üçün onu təmizləməsini tələb etdiyini demişdir. Bundan başqa Aynurə ondan işıq pulu ödəməsini tələb etdikdə Yaqub işıq yoxdursa, şam yandırmasını demiş. sonra Yaqub Aynurəni daim uşaqların yanında təhqir edib ona tez-tez “it” deyə müarciət etmişdir. Aynurə gözündəki xəsarətlə bağlı Səbael rayonu, Badamdar qəsəbəsində yerləşən “Caspian Medical” Tibb Mərkəzində həkim qəbulunda olmuş və müalicə almışdır. Aynurə sonuncu dəfə onlara gələndə Yaqub uşaqları ilə telefonda görüntülü danışanda Yusif ona demişdir ki, anasının saçını yolduğundan evə getmək istəmirlər. Aynurə ona demişdir ki, Yaqub onu yanında yatmağa qoymur, təpik vurub yataqdan yerə salır. Aynurənin dediyinə görə Yaqub “bomj” kimi evə gəlirmiş, çox pis vəziyyətdə içkili vəziyyətdə olurmuş, içkili olanda onu təhqir edib döyürmüş. Hətta yadındadır ki, təxminən 2 il əvvəl Yaqub Aynurənin belinə təpiklə vurduqdan sonra Aynurə belindən xəsarət almış, ona görə də Aynurəni Nərimanovdakı xəsatəxanalardan birinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, Abşeron rayon, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivində yerləşən “Nev city” otelində qəlyançı kimi işləyir. İşilə əlaqədar o, hər gün təxminən 02 radələrində işdən çıxmışdır. O, əvvəllər X6 və Təqsirləndirilən şəxs tanımamışdır. 07.10.2019-cu il tarixdə həmişə olduğu kimi saat təxminən 01:30-da iş yoldaşı Ramin Baxışəliyevlə birlikdə işdən çıxıb “Playstation” oynamağı qərara almışlar. “Qurtuluş-93” yaşayış massivində yerləşən 51 saylı binanın arxa tərəfində yerləşən “Playstation” kluba gəlmişlər. Burada Raminlə təxminən 90 dəqiqə “Playstation” oynayıb saat 03:25-də oradan çıxan zaman qadın qışqırtısı eşitmişlər. Az sonra bir nəfər 30-35 yaşlarında bir kişinin qaçaraq həyətə düşdüyünü görmüşlər. Kişi qaçaraq həyətdə yerləşən ağaclara doğru qaçmış, onlar həmin şəxsdən kömək lazım olub-olmadığını soruşduqda o, kömək etmələrini xahiş etmişdir. Onlar orada təxminən 1 metr hündürlükdə sağ ayağı ağacdan asılı vəziyyətdə olan 25-30 yaşlarında bir qadının olduğunu, baldırının əzələsi sallanmış, çənəsinin isə sıyrılmış vəziyyətdə olduğunu görmüşlər. Onlar qadının sağ baldırını ağacdan azad edib yerə uzatmışlar. O, qadının saçının ön hissəsinin qırxılmış olduğunu görmüşdür. Kişi onlara qadının gecə pəncərə silərkən beşinci mərtəbədən yıxıldığını demiş, bundan sonra o, öz telefonu ilə təcili tibbi yardım xəstəxanasına zəng etmiş, 20-25 dəqiqə sonra təcili tibbi yardım avtomaşını gəlmiş, onlar qadının təcili tibbi yardım avtomaşınına yerləşdərilməsində köməklik göstərmiş, təxminən 5 dəqiqə sonra təcili tibbi yardım həkimi onun mobil telefonuna zəng gələrək kişinin X24 gəlməsini tapşırmışdır. Həmin şəxs təcili tibbi yardım avtomobili ilə getməmiş, onu gözləsələr də, o, aşağı düşməmişdir. Şübhələndiyi üçün Ramin Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edərək olanları bildirmiş, bundan bir az sonra həmin şəxs həyətə düşüb mobil telefonunu axtardığını bildirmişdir. Təxminən 10 dəqiqə sonra post patrul xidmətinin avtomaşını gəlmiş, maşından 3 nəfər polis əməkdaşı düşmüş, onu, Ramini və həmin adını bilmədiyi şəxsi post patrul maşını ilə Abşeron rayon Polis İdarəsinə aparmışlar. Saat 05 radələrində Ramin ona qadının X23 öldüyünü dedi. Hadisə yerində olarkən adını bilmədiyi qonşu qadın ölən qadının ailəsində hər gün dava-dalaş olduğunu bildirdi. Həmin qadının əri də bunu təsdiq etmişdir. Bundan başqa onun ölən qadınla ərinin münasibətlərin barəsində məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, bacısı Aynurə öz istəyi ilə ailə həyatı qursa da, tez-tez əri Yaqub ilə münaqişələri olmuşdur. Yaqub əsassız bəhanələr gətirərək bacısını döymüşdür. Bacısından münaqişələrin hansı səbəbdən baş verdiyini soruşanda ərinin onu çayı soyuq verdiyi üçün, yeməyin gec hazırladığı üçün və digər əsassız səbəblərə görə döydüyünü demişdir. Yaqub demək olar ki, ailəsinin maddi təminatını təmin etməmiş, onların dolanışığına o və ailəsi köməklik etmişdir. Hətta bacısı hamilə olan vaxtı yaşadığı evin pilləkənlərindən yıxılan zaman bətnində olan döl kəllə-beyin travması almışr və dölün müalicəsini də ailəsigil etdirmişdir. Bacım xaraktercə sakit təbiətli, özünə qapalı bir insan olmuş, az hallarda ailəsində olan problemləri ona danışmış, daha çox anası Əslilə problemlərini bölüşmüşdür. Çox vaxt Aynurənin kefsiz olduğunu görüb, narahat olmuş, nə baş verdiyini soruşanda Aynurə əri Yaqubun içkidən mütəmadi istifadə etdiyini və onu döydüyünü bildirmişdir. Aynurə heç bir yerdə işləmədiyi üçün maddi ehtiyacını əri Yaqub təmin etmiş, lakin Yaqub ailəsinə qayğı göstərməmiş, pulunu daha çox spirtli içkiyə sərf etmişdir. Hadisədən bir gün əvvəl, yəni 06.10.2019-cu tarixdə Aynurə ilə danışanda bacısı ona evdə yeməyə heç bir ərzaq olmadığını, Yaqubun evə baxmadığını bildirərək köməklik istəmiş, hadisə günü Aynurəyə pul göndərmək istəsəm də, onun ölüm xəbərini almışdır. Aynurə ona özünü öldürmək istəməsi barədə heç nə deməmiş, lakin anasına boşanmaq istədiyini, artıq Yaqubun hərəkətlinə dözə bilmədiyini, bir gün özünü öldürəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, uzun müdddətdir tanıdığı X2 anası Əsligil onunla qapıbir qonşudur. 2019-cu ilin iyul-avqust aylarında təxminən 2 ay Aynurə anasıgildə qalmışdır. Həmin vaxt rayondan yenicə gəlmiş, maşınında olan çoxlu mer-meyvədən orada olan Aynurəyə təklif etsə də, sonuncu qəbul qəbul etməmiş, Aynurənin bikef olduğunu hiss etmişdir. Sonrakı günlərdə də Aynurənin orada olduğunu görüb onun özündən nə baş verdiyini soruşmuş, Aynurə də evdə əriylə küsdüyü üçün anasıgilə gəldiyini demişdir. Dəqiq yadındadır ki, Aynurənin gözlərindən birində göyərti izlərinin olduğunu görmüş, ancaq Aynurədən bunun səbəbini soruşmamışdır. Aynurə bir dəfə ona başqa əlacının qalmadığını, özünü öldürəcəyini demiş, buna görə də Əsliyə Aynurəni öz evinə göndərməməsini məsləhət görmüş, Əsli onunla razılaşsa da, sonradan Aynurənin əmiləri işə qarışıb Aynurəni ərinin yanına göndərmişdir. Aynurə onunla danışanda əri Yaqubun onu mütəmadi olaraq döydüyünü, hətta Əsli də ona Aynurə birinci uşağa hamilə olanda ərinin onu Masallıda döyüb pilləkəndən atdığını, uşağın travma ilə dünyaya gəldiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid X8 Şahid9 ifadəsinə oxşar məzmunlu ifadə verərək, mərhum Aynurə Abdullayevanın 2019-cu ilin yay aylarında gözündə xəsarət olduğunu gördüklərini, A.Abdullayevanın onlarla danışan zaman əri tərəfindən döyüldüyünü bildirdiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, qızı Yağmur və Aynurənin oğlu Yusif eyni məktəbdə, Zəngilan şəhərciyinin məktəbində 1ci sinifdə oxuduqları üçün Aynurəni tanımış, Aynurə çox sakit, özünə qapanan insan olmuş, kiminləsə ədavəti və düşmənçiliyi olmamışdır. Yəni ən azından Aynurə ona bu barədə heç nə deməmişdir. Aynurəni sonuncu dəfə 5-ci gün, həftənin axırıncı dərs günü görmüş, onda da Aynurə ona nəsə bir problemi olduğunu, ərinin ona qarşı hansısa fiziki zor tətbiq etdiyini deməmişdir. Aynurənin ölməsini də televiziyadan eşitmişdir. Təxminən 2019-cu ilin sentyabr ayında o, Aynurəni məktəbdə görəndə axsadığını hiss edib nə baş verdiyini soruşmuş, Aynurə də ona evdə hamamda çiməndə yıxıldığını, hətta bu vaxt gülüb “elə bil topalam” sözlərini demiş, heç vaxt ona ərinin onu döyməsindən şikayət etməmişdir. Ümumiyyətlə Aynurə qapalı insan olduğundan ailəsi barədə o qədər də danışmağı sevməmişdir. Bundan başqa 2018-ci ilin oktyabr ayında Aynurənin qollarının birində kölgə kimi iz olmuş, o, Aynurədən səbəbini soruşanda ki, o, ərilə zarafatlaşanda olduğunu demişdir. Aynurə heç vaxt mənə özünü öldürəcəyi ilə bağlı heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Şahid11 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 07.10.2019-cu il tarixli, 87 nömrəli rəyindən görünür ki, Aynurə Abdullayevanın meyitinin tibbi müayinəsi zamanı aşağıdakı xəsarətləri aşkar edilmişdir- daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin, qaraciyərin və dalağın cırılmaları; hər iki körpücük sümüklərinin, döş sümüyünün və sol tərəfli 5-10-cu qabırğaların qapalı, yerinidəyişən sınıqları, ağciyərlərin kökünə, bağırsaqların müsaqirəsinə, mədəaltı vəzin quyruq hissəsinə və böyrəkətrafı toxumalara qansızmalar, sağ baldırı yuxarı 1/3-nin arxa-bayır səthlərini əhatə edən əzilmiş-cırılmış yarsı, sol əlin ikinci barmağının dırnaq sədəfinin qansızması, sağ almacıq nahiyəsinin, sağ qulaqaltı çeynəmə nahiyəsinin, boyun nahiyəsinin ön səthinin, sol əlin arxa səthinin, sol saidin orta 1/3-nin bayır səthinin qançırları, çənəaltı nahiyəsinin, döş qəfəsinin sağ yarısının, sol dirsək oynağı nahiyəsinin, qarın nahiyəsinin sol yan səthini və bel nahiyəsinin sol yarısını əhatə edən sıyrıqları. Bu xəsarətlər ümumilikdə həyatidirlər, bədənin ağır küt travması nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 07.10.2019-cu il tarixdə hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Aynurə Abdullayevanın bədənində aşkar edilmiş digər xəsarətlərdən-başın təpəənsə nahiyələrinin yumşaq toxumalarının iç səthinə qansızmalar küt yaranma mexanizminə malik olduğundan həm hündürlükdən yıxılma zamanı, həm də ekspertizaya maddi sübut qismində təqdim edilmiş taxta parçasının zərblə vurulması nəticəsində əmələ gələ bilərdi. dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə səbəbli əlaqəsi yoxdur. Ölümə bilavasitə səbəb daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin, qaraciyərin və dalağın cırılmaları; hər iki körpücük sümüklərinin, döş sümüyünün və sol tərəfli qabırğaların çoxsaylı qapalı, yerinidəyişən sınıqları nəticəsində baş vermiş travmatik-hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Aynurə Allahverdiyevanın ölümü onun meyitxanada müyainəsi keçirilən vaxtdan 07.10.2019-cu il, saat 10:00) təxminən 6-8 saat əvvəl baş vermişdir. Aynurə Abdullayevanın meyitindən götürlümüş qandan etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 07.10.2019-cu il tarixli, 2258 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ əlin arxa səthinin, sol əlin 5-ci barmağının və qarın nahiyəsinin sağ yan səthinin sıyrıqları bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 07.10.2019-cu il tarixə dava-dalaş zamanı əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-bioloji ekspertizasının 05 oktyabr 2019-cu il tarixli, 792/2019-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş A.Abdullayevanın dırnaqları və hadisə yerindən götürülmüş maddi hissəcik üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olduqda yalnzı A antigeni alındı. A antingeni A beta (İİ) qan qrupunun əsasını təşkil edir və beləliklə, bu qan ləkələri A (İİ) qruplu şəxsə, o cümlədən Aynurə Abdullayevaya məxsus ola bilər. Hamam otağından, saç sancağından (“zakolkadan”) və qayçı üzərində aşakr olunmuş obyektlər insanın baş tükləridir, xarici təsir nəticəsində millərindən ayrılmışdır, bir ədədi isə (zakolkadan) yaşama qabiliyyətini itirməmiş və dartılma nəticəsində kökündən çıxarılmışdır, bəzi tüklərin milində zədəyə xarakterik əlamətlər qeyd olunur. Bu tüklər öz aralarında və X2 baş tükləri nümunələrilə morfoloji əlamətlər üzrə müqayisə olunduqda onların arasında oxşarlıq aşkar olundu. Beləliklə, göstərilən tüklər Aynurə Abdullayevaya məxsus ola bilər. Aynurə Abdullayevanın sağ və sol əl dırnaqlarının smtoloji tədqiqatı zamanı dəri toxumasına şübhəli hissəsciklər müəyyən olunmadı. Məhkəmə-psixoloji ekspertizasının 03 dekabr 2019-cu il tarixli, 28776 nömrəli rəyindən görünür ki, aparılmış psixoloji tədqiqata əsasən bu qənaətə gəlinir ki, mərhum A.Abdullayevanın ölümündən əvvəlki dövründə fərdi-psixi xüsusiyyətləri içərisində “həyatdan bezməsi, yaşamaq istəməməsi, ölmək istəməsi kimi” psixogen-depressiv reaksiya əlamətləri müşahidə olunmaqla qarşılaşdığı şəraitlə (əri Təqsirləndirilən şəxs tərəfindən ona amansız rəftar edilməsi, mütəmadi döyülməsi, təhqir olunması) əlaqədar onun emosional halında kəskin dəyişikliklər baş vermiş, Aynurə Abdullayeva davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halını keçirtmişdir. Belə bir emosional vəziyyətdə, yəni emosional gərginlik halında olan A.Abdullayevanın idrak proseslərinin struktrunda ilk növbədə qavrayışın mütəşəkkilliyində, təfəkkürün təhlil və tərkib proseslərində əhəmiyyətli dərəcədə dəyişikiliklər əmələ gəlmiş, o autoaqressiv (insanın aqressivliyinin özünə qarşı yönəlməsi) davranış aktını yerinə yetirməklə intihar etmişdir. “xxxx” MMC-də daxil olmuş 05.11.2019-cu il tarixli, 385 nömrəli məktubdan görünür ki, Aynurə Abdullayeva 17.02.2017-ci il tarixdə “xxxx” klinikasına müraciət etmiş, “Yuxarı ətraf arteriyalarının doppler müayinəsi”ndən keçmiş və heç bir patoloji dəyişikilik aşkarlanmamışdır. Abşeron RMX-nın 30.10.2019-cu il tarixli, 1683 və 1684 nömrəli məktublarından görünür ki, Aynurə Abdullayeva və Təqsirləndirilən şəxs həmin xəstəxanaya müraciət etməmişlər və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdurlar. “X9”dan rayon prokurorluğuna daxil olmuş 09 dekabr 2019-cu il tarixli, 876 nömrəli məktubdan görünür ki, Aynurə Abdullayeva 14.08.2019-cu il tarixdə xəstəxanaya hər iki gözə miopik astiqmatizm diaqnozu qoyulmuşdur. Abşeron RPİ-nin 24.10.2019-cu il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığı üzrə Aynurə Abdullayevanın ərilə arasında olan münasibət səbəbindən intihar etməsi, pul borcunun olmaması, hadisə baş verən gün əri tərəfindən döyülməsi, ərilə arasında ailədaxili narazılıqlar olması barədə məlumatlar daxil olmuş, əvvəllər A.Abdullayevain özünü öldürməyə cəhd etməsilə bağlı Abşeron RPİ-də araşdırma aparılmamışdır. Masallı RİHB-nın Təzə Alvadı inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 29.09.2013-cü il təvəllüdlü Şahid1 və 2015-ci il təvəllüdlü Yağmur Qurbanova adlı iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.10.2019-cu il tarixli tələbnamədən görünür ki, X21 əvvəllər məhkum olunmamışdır. 07.10.2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X21 07.10.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli qərarından görünür ki, X21 barəsində həbs etmənin əvvəli 07.10.2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd saç sancağı (zakolka), bir ədəd üzqırxan maşın, bir ədəd qayçı, bir ədəd üzərində Aynurə Abdullayevaya məxsus qan izləri olan hissəcik, dırnaq və sac nümunələri, tük nümunələri Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Məhkəmədə təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı onun ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs X21 məhkəmə istintaqı zamanı Aynurəni vurmamış və onu döymədiyini deyərək, ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varısinin, şahidlər ifadələrinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X21 ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf etməməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və X12 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, X13 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsinə əsasən onun himayəsində iki azyaşlı uşağın olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünün haqlı olduğunu nümayiş etdirərək, davranışı ilə hadisənin baş verməsindən peşman olmadığını hər vasitə ilə göstərməyə çalışmışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, X12 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, peşmançılıq çəkməməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, onun eyni xarakterli cinayəti yenidən törətməsinin qarşısını almaq məqsədilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzasının məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07.10.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs X21 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd saç sancağı (zakolka), bir ədəd üzqırxan maşın, bir ədəd qayçı, bir ədəd üzərində Aynurə Abdullayevaya məxsus qan izləri olan hissəcik, dırnaq və sac nümunələri, tük nümunələri Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X16 26 saat göstərdiyi hüquqi yardıma görə 156 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : X21 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X21 cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 07.10.2019-cu il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd saç sancağı (zakolka), bir ədəd üzqırxan maşın, bir ədəd qayçı, bir ədəd üzərində Aynurə Abdullayevaya məxsus qan izləri olan hissəcik, dırnaq və sac nümunələri, tük nümunələri Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X16 26 saat göstərdiyi hüquqi yardıma görə 156 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar