Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-24/2025 09.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ibtidai təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Abşeron rayonu Novxanı kəndində yerləşən fərdi evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən yarımçıq tikilmiş fərdi evin zirzəmisinə qapısını açmaqla qanunusuz daxil olaraq, həmin binanın zərzəmisində paltarını dəyişib asmış usta Zərərçəkmiş şəxs Etibar oğlunun şalvarının sağ cibindən 570 manat pulunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 570 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etmədiyini, polisin təkidi ilə ifadə verdiyini bildirib onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Son zamanlar pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, oğurluq etsin. Bu məqsədlə o, xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən evlərin yanından keçərək oğurluq etmək qərarına gəlmişdir. Bu zaman orada olan evlərdən birinin qapısının açıq olduğunu görmüşdür. Həmin vaxtı evdə ustaların işlədiyini görmüş və ustaların paltarlarının soyunub geyindikləri hamamın yanından zirzəmiyə daxil olmuşdur. Oradan paltarların cibinə baxmış və şalvarın sağ cibində 570 manat pulun olduğunu görüb həmin pulu şalvarın cibindən götürüb oradan bayıra çıxaraq getmişdir. Həmin pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Etibar oğlu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi Azadlıq küçəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, Rəsmi olaraq heç bir yerdə işləməsə də lakin fərdi ev ustası kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində 3 nömrəli məktəbin yaxınlığında Hüseyn adlı şəxsin evində usta kimi işləmişdir. Həmin günü təxminən saat 08 radələrində işə getmişdir. Paltarını həyətdə olan hamamın alt hissəsində zirzəmidə dəyişib işinə başlamışdır. Həmin vaxtı şalvarının sağ cibində 570 manat pulu olmuşdur. O, iş paltarını geyinib işə başlayarkən pulları özü ilə götürməmişdir. Həmin otağın qapısı açıq olmuşdur. O, evin arxasında işləmişdir. Təxminən 11 radələrində görmüşdür ki, bir nəfər şəxs evin zirzəmisindən çıxır. Həmin şəxsi tanımadığı üçün demişdir çıxıb birdən cibindən oğurluq edər. O, həmin şəxsin dalınca çıxarkən həmin şəxs qaçıb çıxıb getmişdir. Sonra o, zirzəmiyə düşüb cibinə baxdıqda görmüşdür ki, cibindən 570 manat pulunu oğurlamışdır. Sonradan həmin şəxsi gördüyü üçün axtarmağa başlamış lakin tapa bilmədiyi üçün xx.xx.2023-cü il tarixdə DİNin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonra Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər.Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ona ödənilmişdir.Notariat qaydada ərizəsini də məhkəməyə təqdim edib, təqsirləndirilən şəxsə qarşı şikayəti-tələbi yoxdur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2023-cü il tarixdə bölmədə xidmətdə olduğu zaman Yardımlı rayonu, Porsova kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən fərdi evdə yaşayan adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gəlib ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 08 radələrində usta işlədiyi Abşeron rayonu Saray qəsəbəsi, 3 nömrəli məktəbin yaxınlığında yerləşən fərdi evin zirzəmisində əynini dəyişərək saxladığı şalvarının cibindən 570 manat pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Bununla bağlı bölmə rəisi göstəriş vermişdir ki, həmin oğurluq cinayətini törədən şəxsin və ya şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı o, əməliyyataxtarış tədbirlərinin keçirməyə başlamışdır. Zərərçəkmiş şəxs müraciəti əsasında Abşeron rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmışdır. xx.xx.2023-cü il tarixdə tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs usta işlədiyi Abşeron rayonu Saray qəsəbəsi, 3 nömrəli məktəbin yaxınlığında yerləşən fərdi evin zirzəmisində əynini dəyişərək saxladığı şalvarının cibindən 570 manat pulunu oğurlayan şəxsin xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və Təqsirləndirilən şəxs tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən evlərin birində ustaların işlədiyini görmüş və ustaların paltarlarının soyunub geyindikləri zirzəmiyə daxil olmuşdur. Oradan paltarların cibinə baxmış və şalvarın sağ cibində 570 manat pulun olduğunu görüb həmin pulu şalvarın cibindən götürüb bayıra çıxaraq oradan getmiş və həmin pulları o, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bununla bağlı idarə rəhbərliyinə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin şöbəsinə təhvil vermişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerlərində bir daha əyani göstərərək təsdiq etmişdir. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə əməli özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla ona elan olunan ittiham tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmənin sonuncu iclasında təqsirləndirilən şəxsə oxşar şəxsin foto şəklini məhkəməyə təqdim edərək həmin şəxs təqsirləndirilən şəxs olaraq hazırkı çinayət işi ilə bağlı Pİ-də saxlanılarkən işgəncələrə məruz qaldığını bildirsə, foto şəklin nə zaman, harada və hansı şəraitdə çəkilməsi müəyyən edilmədiyindən onun hazırkı cinayət işinə aidiyyatı müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)- 71/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinib ona 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3 maddəsinə əsasən tutulduğu 01 gün çıxılmış, üzərində 08 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzasının əvvəli 02 dekabr 2023-cü il tarixdən hesablanmışdir. İşdə olan X4 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal dəyən ziyanın tam olaraq ödəniilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 09 ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşdən görünür ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 gün və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin olunmuş v. Çəkilmiş 09 ay azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından həmin müddət və cəmisi 09 ay 02 gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən boyun qaçırdığından barəsində axtarış elan edilmiş və “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan axtarışda olan şəxsin tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2025-ci il tarixdə tutulmuş və Abşeron rayon Pİ-nin MSY-ə təhvil verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 9 ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın, ona qəti olaraq 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 gün və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin olunmuş və çəkilmiş 09 ay azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından həmin müddət , cəmisi 09 ay 02 gün ona təyin olunmuş cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Ədülağa oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Ədülağa oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ədülağa oğluna məhkəmə iclası zamanı göstərdiyi hüquqi yardıma görə Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər saat üçün 11 manat olmaqla cəmi 330 manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-24/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-24/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver