Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-240/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 29 A ünvanında yerləşən Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin balansında olan eni 6 metr, uzunluğu 8 metr ümumi 48 kvadrametr boş torpaq sahəsində meşə fonduna daxil olmayan yaş kök üstə bioloji inkişafda olan bir ədəd 1400 manat dəyərində 46 sm diametr ölçüdə sərv ağacını, bir ədəd 700 manat dəyərində 36 sm diametr ölçüdə 1 ədəd sərv ağacını və bir ədəd 160 manat dəyərində nar kolunu qanunsuz olaraq kəsib zərərçəkmiş şəxs Xırdalan Bələdiyyəsinə ümumilikdə 2260 matat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Ev alqı-satqısında makler kimi fəaliyyət göstərir. Şahid1 və Şahid2 tanıyır. Həmin şəxslərlə 2023-cü ildə tanış olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Şahid1 2023-cü ilin təxminən mart ayında ona müraciət edərək istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 29A saylı binanın və tələbə yataqxanasınm qarşısında yerləşən uzunluğu 12 metr, eni 6,50 metr olan torpaq sahəsini satmaq istədiyini bildirdikdə o, bununla bağlı alıcı tapıb Əfqanla əlaqə saxlayacağını demişdir. Şahid1a məxsus sorpaq sahəsi Xırdalan bələdiyyəsinin ərazisidir, həmin ərazidə sakinlərə məxsus qarajlar və fərdi tikilmiş evlər vardır. Növbəti günlərdə Şahid1 satmaq istədiyi əraziyə bitişik torpaq sahəsində fərdi ev tikmiş Şahid2 adlı şəxs ona müraciət edərək Əfqana məxsus torpaq sahəsini almaq istədiyini söyləmişdir. Bundan sonra o, vasitəçi kimi Əfqan və Zauru görüşdürmüşdür. Satıcı qismində Əfqan alıcı kimi Zaurla 6000 manat müqabilində razılışaq torpaq sahəsini sonuncuya satmış, həmin alqısatqıda vasitəçi kimi xidmətinə görə Əfqan 200 manat, Zaur isə 100 manat ona pul vermişdir. Bildirmişdir ki, sözügedən torpaq səhəsində iki ədəd sərv ağacı və bir ədəd nar kolu olmuş, alqı-satqı zamanı Əfqan Zaurdan ağacların necə olacağını maraqlandıqda, sonuncu bununla bağlı heç bir söz deməmişdir. Zaur torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsində olan 3 ədəd ağac olduğu üçün torpaq sahəsini geri qaytarmaq istədiyini ona bildirdikdə o da Zaura bu məsləni həll edəcəyini demişdir. Bundan sonra heç kimin xəbəri olmadığı vaxtda xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində həmin torpaq sahəsində olan ağacları özü kəsərək aparıb zibilliyə atmışdır. Həmin ağacları tək kəsmiş və bundan heç kimin xəbəri olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan qismən ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Əvvəllər Milli Məclisin Regional Məsələlər Komitəsində ekspert kimi işləmiş, 2020-ci ilin yanvar ayından etibarən Xırdalan Bələdiyyəsinin sədri kimi fəaliyyət göstərir. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 29A saylı bina 1 saylı MTTİTS-nin ərazisi hesab olunur. Binanın qarşısında yerləşən ərazi isə Xırdalan Bələdiyyəsinin ərazisidir, həmin ərazidə 29A saylı binanın sakinlərinə məxsus qarajlar vardır. 29A saylı bina ilə üzbəüz tələbə yataqxanası yerləşir, qarajlar yaşayış binası ilə yataqxananın ortasında tikilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 29A saylı binanın qarşısında yerləşən, Bələdiyyə ehtiyyat fondunun predmeti olan torpaq sahəsində bina sakini Şahid1 tərəfindən inşa olunmuş 24 kv m-lik qaraj Bələdiyyə sərəncamı ilə 2006-cı ildə onun Şahid1 adına rəsmiləşdirilmişdir. Həmin qarajın arxasında yerləşən təxminən eni 6 m, uzunluğu 8 m olan torpaq sahəsinin təmiz saxlanılması da Şahid1a tapşırılmışdır. Torpaq sahəsi hasarlanmış vəziyyətdədir. 2023-cü ilin mart ayında, novruz bayramı günlərində ona məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsində olan iki ədəd sərv ağacı və bir ədəd nar kolu kəsilmişdir. Ağacların kim tərəfindən, kimin göstərişi əsasında kəsildiyini bilməmiş, məlumatı olmamışdır. Ona məlum olmuşdur ki, ağacların kəsilməsi və ya götürülməsi ilə əlaqədar hər hansı dövlət qurumuna, o cümlədən Xırdalan Bələdiyyəsinə müraciət olunmamış və müvafiq icazə verilməmişdir. Ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Xırdalan Bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Xırdalan şəhəri, 28-ci məhəllə 2 saylı yataqxananın ön hissəsindəki kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsini Xırdalan Bələdiyyəsinin ərazisindədir. İki ədəd sərv ağacının və bir ədəd nar kolunun kəsilməsi nəticəsində Xırdalan Bələdiyyəsinə ümumilikdə 2260 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, 2017-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır. 2021-ci ilin aprel ayından 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi-müfəttişi vəzifəsində işləyir. Vəzifəsi təhkim olunmuş rayonlarda monitorinqlər və araşdırmalar aparmaq, ətraf mühitin qorunmasına, qanunvericiliyə əməl edilməsinə nəzarət etməkdən ibarətdir. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Humanitar kollecinin arxasında, 28-ci məhəllədə olan yataqxana ilə 29A saylı yaşayış binasının qarşısında yerləşən ərazidə ağacların kəsilməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır. 2023-cü ilin aprel ayından 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində araşdırma aparılmışdır. Həmin araşdırmada o, və 4 saylı RETSİ-nin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi Şahid4 iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Humanitar kollecinin arxasında olan yataqxana ilə 29 A saylı yaşayış binasının qarşısında yerləşən, dörd bir tərəfdən mişar daşı ilə hasara alınmış, qaraja və tikinti işləri aparılan fərdi evə bitişik torpaq sahəsinə Xırdalan Bələdiyyəsinin və 1 saylı MTTİTS-nin nümayəndəsinin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ağacların kəsildiyi torpaq sahəsi Xırdalan Bələdiyyəsinin ərazisidir, qaraj və qarajın arxasında olan ərazi sərəncamla 29 A saylı yaşayış binasında yaşayan Şahid1 adına rəsmiləşdirilmişdir, ərazidə mövcud olmuş köküstə yaş vəziyyətdə 36 və 46 sm diametrli 02 ədəd sərv və 01 ədəd nar kolu tikinti və abadlıq işlərinin aparılması məqsədilə 2023-cü ilin mart ayında qanunsuz olaraq kök boğazından kəsilmişdir, ağaclara aid gövdə, çətir hissələri ərazidən aparılmışdır, görünən kök hissələri isə tikinti materialları ilə örtülmüşdür. Ərazidə mövcud olmuş ağacların kəsilməsi ilə bağlı akt tərtib olunaraq fotoşəkillər çəkilmişdir. Həmin ağacların kəsilməsi və ya götürülməsi ilə bağlı hər hansı şəxs tərəfindən müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət olunmamış, bu barədə X5 Agentliyi tərəfindən rəy verilməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 02 ədəd sərv ağacının və 01 ədəd nar kolunun məhv edilməsinə görə təbiətə dəymiş ziyanın məbləği 2.260 min manat hesablanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov 61, Əlillər binası məznil 22 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, 2022-ci ilin sentyabr ayından etibarən Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı MTTİTS-nin rəisi kimi xidmət göstərir. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 29A saylı bina 1 saylı MTTİTS-nin ərazisi hesab olunur. Binanın qarşısında yerləşən ərazi isə Xırdalan Bələdiyyəsinin hesabındadır, həmin ərazidə 29 A saylı binanın sakinlərinə məxsus qarajlar vardır. 29A saylı bina ilə üzbəüz tələbə yataqxanası yerləşir, qarajlar yaşayış binası ilə yataqxananın ortasında tikilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 29A saylı binanın qarşısında yerləşən, Bələdiyyə ehtiyyat fondunun predmeti olan torpaq sahəsində bina sakini Şahid1 tərəfindən inşa olunmuş 24 kv m-lik qaraj Bələdiyyə sərəncamı ilə 2006-cı ildə onun adına rəsmiləşdirilmişdir. Həmin qarajın arxasında yerləşən təxminən eni 6 m, uzunluğu 8 m olan torpaq sahəsinin təmiz saxlanılması da Şahid1a tapşırılmışdır. Torpaq sahəsi hasarlanmış vəziyyətdədir, orada iki ədəd sərv ağacı və bir ədəd nar kolu olmuşdur. 2023-cü ilin mart «ayında, “Novruz bayramı” günlərində ona məlum olmuşdur ki, torpaq sahəsində olan iki ədəd sərv ağacı və bir ədəd nar kolu kəsilmişdir. Bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, torpaq sahəsi Şahid1 tərəfindən 2023-cü ilin mart ayında adını bilmədiyi, tanımadığı ev və torpaq alqı-satqısı ilə məşğul olan hansısa vasitəçiyə satılmışdır. Həmin alqı-satqı şifahi formada olmuşdur. Qeyd olunan torpaq sahəsinə aid hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Ağacların kim tərəfindən, kimin göstərişi əsasında kəsildiyini bilməmiş, məlumatı olmamışdır. Ona məlumdur ki, ağacların kəsilməsi və ya götürülməsi ilə əlaqədar hər hansı dövlət qurumuna müraciət olunmamış və müvafiq icazə verilməmişdir. Baş vermiş hadisə ilə bağlı tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, Abşeron RPİ- nə məlumat verilmişdir. Bundan başqa, torpaq sahəsində ağacların kəsilməsi və yan ərazidə həyata keçirilən tikinti işləri ilə əlaqədar Abşeron RİH-nin əməkdaşı Hicran adlı şəxsin də məlumatı vardır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 8 ünvanında yaşayır. Bakı şəhəri Nəsimi rayonunda yerləşən Şur restoranında aşbaz vəzifəsində işləyir. 2005-ci ildə yaşadığı binanının həyətində özünə Fuad adlı şəxsdən 1 avtomobillik qaraj almışdır. Həmin qarajın yanında boş torpaq sahəsi olmuşdur. O da həmin torpaq sahəsinin heç kimə məxsus olmamasını görüb həmin torpaq sahəsini özü götürmüşdür. Lakin bununla əlaqədar hər hansı bir sənədləşmə aparmamışdır. Sonradan 2023-cü ilin mart ayında o, həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, yaxınlıqda tikinti işlərinin aparıldığı yerə gedib onlara toprpaq sahəsinin lazım olub-olamadığılnı soruşmuşdur. Bu zaman Ceyhun adlı şəxs ona demişdir ki, “torpaq sahəsini satmaq istəyirsinizsə Zaur adlı tanışı var ala bilər”. O da Zaurla görüşmüş həmin vaxtı torpağı 6000 manata satdığını demişdir. Zaur da onunla razılaşmışdır. Sonra 23 mart 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 2 saylı yataqxanının qarşısında ona Zaur 6000 manat pul vermişdir. Həmin pulu verdikdən sonra bununla əlaqədar aralarında beh müqaviləsi bağlanmışdır. Çünki torpaq sahəsinin sənədləri olmamışdır. Bundan sonra həmin torpaq sahəsinin həyətində 2 şam və 1 nar ağacı olmuşdur. Həmin vaxtı Zaur demişdir ki, “əğər 3 ədəd ağacları kəsirsənsə sənə artıq pul verək”. Lakin o, razılaşmamışdır. Bundan sonra Ceyhun demişdir ki, “ağac məsələsini özü həllə edəcəkdir”. Sonradan o, Zaurgla Ceyhunu görməmişdir. Lakin sonradan Azərbaycan Respublikası Baş Prokrorluğundan ona zəng vurmuşlar, o da ora gedib izahatını vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2023-cü illin mart ayında tanışı Ceyhun ona demişdir ki, “Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 29 A saylı binanın qarşısında təxminən 1 sota yaxın torpaq sahəsini 9000 manata satırlar. 6000 manatını torpağın sahibi Əfqana verəcək 3000 manata isə həyətdə olan ağacları götürəcək”. O da Ceyhunla razılaşıb 23 mart 2023-cü il tarixdə Xırdalan şəhərində yerləşən 28-ci məhəllə 29 A ünvanının qarşısında torpaq sahəsinin yanında Ceyhuna 6000 manat pulu vermiş, Ceyhun da pulu Əfqana vermişdir. Bundan sonra isə Ceyhuna əlavə 3300 manat əlavə pul vermişdir ki, Ceyhun torpaq sahəsini ona təmiz şəkildə ağacsız versin. Sonradan ona məlum olmuşdur ki, ağaclar həmin torpaq sahəsinin həyətindən götürlmüşdsür. Həmin ağacları Ceyhun kəsmişdir. Onun bundan xəbəri olmamışdır. O, Ceyhuna pulu verərkən ağacları çıxarmaları ilə əlaqədar verməmişdir. Sadəcə olaraq demişdir ki, 6000 manat torpaq sahəsinin sahibinə 3000 manatı da həmin torpaq sahəsinin ona təmiz verilməsi üçün vermişdir. O, orada ağac kəsməmişdir. Məhkəmə iclasında şaid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş verdiyi yer Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 29 A ünvanında yerləşən Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin balansında olan eni 6 metr, uzunluğu 8 metr ümumi 48 kvadrametr boş torpaq sahəsidir. Hadisənin baş verməsi həmin sahədə əkilmiş köküstəyaş halda bir ədəd 46 sm diametr ölçüdə sərv ağacının, köküstəyaş halda bir ədəd 36 sm diametr ölçüdə 1 ədəd sərv ağacının və köküstəyaş halda bir ədəd nar kolunun qanunsuz olaraq kəsilməsindən ibarətdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 79144 saylı Aktından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 29 A ünvanında yerləşən Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin balansında olan eni 6 metr, uzunluğu 8 metr ümumi 48 kvadrametr boş torpaq sahəsində kəsilmiş köküstəyaş halda bir ədəd 46 sm diametr ölçüdə sərv ağacının qiyməti 1400 manat, köküstəyaş halda bir ədəd 36 sm diametr ölçüdə 1 ədəd sərv ağacının qiyməti 700 manat, köküstəyaş halda bir ədəd nar kolunun qiyməti 160 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü qərardan görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Adilə Mustafazadə, xx.xx.2010-cu il təvəllüdlü Gülay Mustafazadə və xx.xx.2017-ci il təvəllüdlü X1 şəxs himayəsindədir. Azərpoçt MMC-in xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Abşeron rayonu, Xırdalan Bələdiyyəsinə dəymiş ziyandan 200 manat ödənilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair» 29 noyabr 2022-ci il tarixli qərarında göstərilir ki, 1. Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz; 2. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər; 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir; 4. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9cu maddələrinin mənasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Həmin maddənin Qeyd hissəsinə əsasən; 1. Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.2. Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qərəzli xuliqanlıq əməlləri Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı cinayət nəticəsində dəymiş ziyandan qismən ödəməsini, o cümlədən himayəsində üç azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək həbsdə saxlanıldığı 01 ay 15 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək həbsdə saxlanıldığı 01 ay 15 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-240/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-240/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver