Məhkəmə qərarları › İş №1(012)-241/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-241/2020

10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-241/2020 10.03.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Qəhrəman oğlu xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində ünvan 3 ünvandakı evlərində olan zaman Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun ondan xəbərsiz və icazəsiz olaraq özünə məxsus qızıl qolbağını müvəqqəti istifadə etməsi üçün bacısına verməsi səbəbindən, ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin sifət və baş nahiyələrinə bir neçə dəfə yumruq zərbələri vurmaqla ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol gicgah nahiyəsinin dərialtı hematoması, sol almacıq nahiyəsinin sıyrığı, boyun nahiyəsinin sağ yan səthinin qançırından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Qəhrəman oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2019-cu ildə ailə həyatı qurmuş, birgə nikahdan onların övladı olmamışdır. Əvvəllər münasibətləri yaxşı olsa da son zamanlarda Zəhra valideynlərinin sözü ilə oturub-durduğundan aralarında teztez mübahisələr yaranmağa başlamış və bu səbəbdən də münasibətləri tədricən korlanmışdır. xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində o, Zəhranı Xırdalan şəhərində yerləşən iş yerindən götürmüş və onlar birlikdə evə qayıtmışlar. Evdə olan zaman o, yataq otağında Zəhraya məxsus qızılların içərisində qolbağının olmadığını görmüş və həmin qolbağın harada olduğunu Zəhradan soruşmuşdur. Zəhra isə öz növbəsində həmin qolbağı ad gününə gedərkən müvəqqəti taxması üçün bacısı Təhminəyə verdiyini bildirmişdir. Buna görə də o, ondan icazəsiz və xəbəri olmadan qızıl əşyasını bacısına verdiyinə görə Zəhraya irad bildirmiş, sonuncu isə «əcəb edirəm» deyə ona cavab qaytardığından onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Zəhra onun ünvanına nalayiq ifadalər işlətdiyindən o, sonuncunun sifət nahiyəsinə bir dəfə sillə ilə zərbə vurmuşdur. Bundan sonra onun qayınatası Hüseynlə atası Qəhrəman da oraya gəlmiş və Hüseyn Zəhranı götürüb özü ilə aparmışdır. Arvadı Zəhra ilə aralarında yaranmış mübahisə ümumilikdə 5 dəqiqə davam etmiş, həmin vaxt evdə başqa şəxslər olmamış, həmçinin həmin vaxt Zəhranın ona hər hansı bir formada müqavimət göstərməmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını, hazırda birlikdə yaşadıqlarını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu onun əridir. Onlar 2019-cu ilin noyabr ayında ailə həyatı qurmuşlar. Əvvəllər münasibətləri yaxşı olsa da son zamanlarda Məhərrəm valideynlərinin sözü ilə oturub-durduğundan aralarında tez-tez mübahisələr yaranmağa başlamış və bu səbəbdən də münasibətləri tədricən korlanmışdır. Sadalanan səbəblərdən dolayı o, əşyalarını toplayaraq valideynlərinin yanına qayıtmağa qərar vermiş və xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində o, bu məqsədlə paltarlarını və qızıllarını yığmağa başlamışdır. Sözügedən əşyaları toplayan zaman Məhərrəm qızılların içərisində onun qolbağının olmadığını görmüş və ondan həmin qolbağın harada olduğunu soruşmuşdur. O isə öz növbəsində həmin qolbağı ad gününə gedərkən müvəqqəti taxması üçün bacısı Təhminəyə verdiyini bildirmişdir. Buna görə də Məhərrəm onun ünvanına nalayiq ifadələr səsləndirib onu söymüş və onunla mübahisə etməyə başlamışdır. Baş vermiş mübahisə zamanı Məhərrəm əli ilə onun boğazından tutmuş və onun sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbələri endirmişdir. Bundan sonra o, atası Şahid1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək baş vermiş hadisəni danışmış və həmin gün təxminən saat 22:30da atası onların yaşadığı ünvana gəlmişdir. Həmin vaxt Məhərrəm qapını açmamış və atasına xəbər verdiyi üçün bir daha üzərinə hücum çəkərək onun baş nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurmuşdur. Bir qədər sonra isə onun qayınatası Qəhrəman da oraya gəlmiş və onun atası Hüseynlə birlikdə evə daxil olmuşlar. Daha sonra atası Hüseyn onun döyüldüyünü görüb DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Əri Məhərrəmlə aralarında yaranmış münaqişə ümumilikdə 10- 15 dəqiqə davam etmişdir. Həmin vaxt evdə başqa şəxslər olmamış, həmçinin həmin vaxt Məhərrəmə hər hansı bir formada müqavimət göstərməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, onunla barışdığını, hazırda birlikdə yaşadıqlarını, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 21:15-də qızı Zərərçəkmiş şəxs ona zəng edərək əri Məhərrəm tərəfindən döyülməsi barədə məlumat verdiyi üçün o, dərhal onların yaşadığı ünvana getmiş, lakin Məhərrəm ona qapını açmamışdır. Bir qədər sonra Məhərrəmin atası Qəhrəman da oraya gəldiyindən Məhərrəm qapını açmış və onlar içəriyə daxil olmuşlar. Həmin vaxt o, qızı Zəhranın sifət nahiyəsində xəsarətlər olduğunu görüb DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, oğlu Məhərrəm və gəlini Zəhra onunla eyni evdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində oğlu Məhərrəm ona zəng edərək arvadı Zəhranın qızıl qolbağının zinyət əşyalarının içərisində olmaması səbəbindən sonuncu ilə aralarında mübahisə yarandığını bildirmişdir. O isə öz növbəsində qudası Hüseynə zəng edərək onların evlərinə getməsini xahiş etmişdir. Həmin gün saat 22 radələrində o, yaşadığı evə gedən zaman qudası Hüseynin qapının qarşısında gözlədiyini görmüş və onlar birlikdə evə daxil olmuşdur. Mübahisəyə aydınlıq gətirən zamanı məlum olmuşdur ki, Zəhra Məhərrəmdən xəbərsiz özünə məxsus qızıl qolbağını müvəqqəti taxması üçün bacısı Təhminəyə verdiyi üçün onlar arasında mübahisə yaranmışdır. Bundan sonra Hüseyn qızı Zəhranı da götürüb oradan çıxıb getmişdir. O, evə sonradan gəldiyi üçün Məhərrəmin Zəhranı döyübdöyməməsini görməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 313 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol gicgah nahiyəsinin dərialtı hematoması, sol almacıq nahiyəsininsıyrığı, boyun nahiyəsinin sağ yan səthinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Qəhrəman oğlu ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Qəhrəman oğlu da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənildiyini, onunla barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs Qəhrəman oğlu cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar