Məhkəmə qərarları › İş №1(012)-242/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-242/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-242/2024 03.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan,məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» daxil olan 0,739 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 10 manat müqabilində əldə edib əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə daşıyaraq saxlamış, 14 iyul 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin X10 əməkdaşları tərəfindən Abşeron rayonu Saray qəsəbəsi, «Duz gölü»-nün yaxınlığında saxlanılıb Abşeron RPİ-in Saray polis bölməsinə gətirilərək, bölmənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd bükümdə 0,739 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi,Göstərdi ki, narkotik vasitənin həcmi ittihamda şişirdilmişdir,daimi istifadə etmir, istintaqda verdiyi ifadəsini təsdiq edir. Bununla belə, təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaqda ona elan olunan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. 10 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 10 gün əvvəl Sumqayıt şəhərində tanımadığı şəxsdən 1 ədəd qara rəngli selofanda olan bükümün içərisində psixotrop hesab olunan metamfetamini (şüşəni) 10 manat pul müqabilində əldə edib, göy rəngli, cins şalvarının sağ yan cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsi, Masazır gölünün yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu deyib, şübhəli şəxs kimi saxlamışdır. Onlar özlərini ona təqdim etmiş, o da həmin vaxt özünü polis əməkdaşlarına təqdim etmişdir. Üzərində psixotrop maddə olduğunu bildirmiş və polislər onu Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirmişdir. X9 üzərində psixotrop maddə gəzdirdiyini və istifadə etdiyini bir daha etiraf etmişdir. Orada otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, axtarış aparılan zaman ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olubolmaması, varsa təqdim etməyi təklif edilmişdir. O da əynindəki göy rəngli, cins şalvarının sağ yan cibində olan 1 ədəd qara selofanda bükülmüş metamfetamin bükümünü təqdim etmiş, həmin vaxt ona məxsus olan 1 ədəd qara selofanda bükülmüş metamfetamin bükümü ağ kağız zərfə qoyulub, qablaşdırlaraq möhürlənib bağlanmışdır. O da həmin qablaşdırılmış zərfi və bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. O həmçinin ifadəsində saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilməməsini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin CAŞnin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə Saray PB-nin xidməti ərazisində Masazır gölünün yaxınlığında Abşeron RPİ-nin X10 polis sahə rəisi, polis kapitanı Şahid1 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını müşahidə etmişdir. Ona yaxınlaşıb özlərini təqdim etmiş, həmçinin, onunla söhbət zamanı həmin şəxsin özünü qeyri-adekvat aparmasından və onun xarici görünüşündən həmin şəxsin narkotik vasitə istifadəçisi olmasından şübhələnmişdir. O da üzərində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni isə əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığını bildirmişdir. Həmin səbəbdən də onu Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə dəvət etmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs də heç bir etiraz etməyib onlarla polis bölməsinə gəlmişdir. X10 inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmiş, ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra Təqsirləndirilən şəxs ilə onun vəkili arasında konfidensial görüş təmin edilmiş, sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmadığı suruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədədə qara rəgli selofan parçasının içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin kütlə götürülmüş, sorğu zamanı o, həmin psixitrop maddə olan metamfetamini 10 gün əvvəl Sumqayıt şəhərində tanımadığı şəxsdən 10 manat pul müqabilində almasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetamin olan, bir ədəd şəffaf selofan təhqiqatçı tərəfindən möhürlənib qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin X10 polis sahə inspektoru Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini bir daha tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış protokolundan və protokola əlavə edilmiş videoçəkilişin məhkəmə tərəfindən baxışından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqara sellofana bükülmüş içərisində kristal formalı psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/3844 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 56» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs üzərindən çıxan...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərsində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.739 ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 2-ci hissəsinə (Siyahı İİ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4521 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabiondlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-də barəsində Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmü ilə 03 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 05 il azadlıqdan məhrum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 ,221. 2. 2., 263. 3., 304.2, 315.1- ci maddələri ilə 05 il azadlıqdan məhrum edilmiş Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya Qəranın 1. 2-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər cinayət törətdiyinə gorə məsuliyyətə cəlb edilmiş və məhkumluğu Azərbaycan Respublikası CM-nın 83.3.4-cu maddəsinə əsasən ödənilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsinə özünümüdafiə kimi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halın olmamasını,cəzanı yüngülləşdirən halı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran halı, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməli və barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclası zalından həbs edilməli və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri qüvvəsində saxlnılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,689 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs”qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,689 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar